Abşeron: sakinlər qışa yaxşı hazırlığın faydasını görürlər

 

Abşeron yarımadasında bu il qış hələ ki, mülayim keçir. Torpaq hələ lazımınca "qar yorğanını əyninə geyməyib". Bu, bəlkə də təəccüblü deyil. Axı Abşeronda qış adətən "yumşaq" olur. Amma təbiətin sürprizlərinə daim hazır olmaq lazımdır. Ola bilər ki, bu il qış özünü geri atıb, belə ki, havalar hər an soyuya, şaxtalı, sazaqlı qış başlaya bilər.

 

Abşeron rayonunda builki qışın mülayim və ya sərt keçəcəyinin fərqinə varmadan mövsümə hələ yay aylarından ciddi hazırlıq işləri görülüb. Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə su, işıq, təbii qaz ilə təchizat üzrə aidiyyatı qurumlar nəzərdə tutulan bütün tədbirləri vaxtında həyata keçirməyə çalışıblar. Qışa yaxşı hazırlığın nəticəsidir ki, hələ ciddi mövsümi problemlər üzə çıxmayıb. Sakinlər bunu öz gündəlik həyatlarında hiss edir, bu sahəyə cavabdeh olan şəxslərin işə məsuliyyətlə yanaşmalarından razı qalırlar.

Abşeronluları xüsusilə çox razı salan məsələ son illər əhalinin təbii qazla təchizatının nəzərəçarpan dərəcədə yaxşılaşmasıdır. Son aylar Xırdalan şəhərində polietilen və metal borularla 717 kilometr yeni qaz xətləri çəkilmişdir. İndi rayonun Mehdiabad, Saray, Novxanı, Masazır və başqa yaşayış məntəqələrinin sakinlərinin təbii qazla bağlı heç bir problemi yoxdur. Həyata keçirilmiş tədbirlər və nəzərdə tutulmuş planlar bu cür düşünməyə əsas verir ki, bu sahədə işlər daha da yaxşı olacaq.

Bu günlərdə rayonun bir sıra idarə və müəssisə rəhbərləri ilə görüşüb qış aylarında sakinlərin rahatlığını təmin etmək üçün gördükləri işlər barədə məlumat aldıq. Bu məlumatları oxucularla da bölüşmək yerinə düşər.

 

Faiq Həmzəyev, Xırdalan Elektrik Şəbəkəsinin rəisi:

- Rayon əhalisinin, eləcə də idarə və müəssisələrin elektirk enerjisi ilə fasiləsiz təminatını təşkil etmək bizim əsas vəzifəmizdir. Qış aylarında, təbii ki, bu sahədə məsuliyyətimiz daha da artır.

2010-2011-ci illərin qış mövsümünə hazırlıq işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırıldığı üçün bütün abonentlərin - istər əhali, istərsə də sənaye müəssisələrinin, özəl sahibkarlıq subyektlərinin elektrik enerjisi ilə təchizatında problemlər yaranmayıb. Rayon ərazisindəki Ə. Vahid adına 110 kilovotluq yarımstansiyada cari təmir işləri aparılmış, buradakı yağ açarları vakuum açarları ilə dəyişdirilmişdir. Bu stansiyadan qidalanan yarımstansiyalara aparan hava naqillərinin köhnəlmiş hissələri dəyişdirilmiş, 24 ədəd istismara yararsız dayaqların əvəzində yeniləri quraşdırılmışdır.

Son aylar Masazır qəsəbəsinin fasiləsiz enerji təminatı əsaslı surətdə yaxşılaşdırılmışdır. İki köhnə transformator daha güclüləri ilə əvəz edilmiş, 9 ədəd yeni dayaq və 250 metr SİP kabel istifadəyə verilmişdir. Qəsəbədə abadlıq işlərinin genişləndirilməsi ilə əlaqədar 90 ədəd küçə işığı, onlarla kabel dayaqları rənglənmişdir. "Salı" yaşayış sahəsində də yeni SİP tipli kabellər çəkilmiş, onlarla dayaq dəyişdirilmişdir.

Rayonun Güzdək , Qobu qəsəbələrində də köhnə transformatorlar yeniləri ilə əvəz olunmuş, buradakı elektrik naqillərinin və dayaqların xeyli hissəsi dəyişdirilmişdir. Bundan başqa, Aşağı Güzdək, Atyalı və Nübar qəsəbələrində hava xətlərinin və dayaqların bir hissəsi yeniləri ilə əvəz olunmuşdur.

 

Qorxmaz Abbasov, Abşeron Rayon Su-Kanalizasiya İstismarı İdarəsinin rəisi:

- Biz 2010-2011-ci illər payız-qış mövsümündə rayondakı su-kanalizasiya xətlərinin, qurğu və avadanlıqların fasiləsiz işini həyata keçirmək üçün tədbirlər planı hazırlayaraq onun icrasını təmin etməyə çalışmışıq.

Bu istiqamətdə görülən bir sıra konkret işlər barədə məlumat vermək istərdim. Hələ qış mövsümü başlayanadək Xırdalan şəhərindəki və kənd Xırdalandakı bütün məhəllələrin su nasosxanalarının və elektrik avadanlıqlarının yerləşdiyi binaların dam örtüklərinin, qapı və pəncərələrinin təmirini başa çatdırmışdıq.

Xırdalan şəhərdaxili su xətlərinin istismar üçün yararsız vəziyyətə düşmüş hissələrini imkan daxilində öz gücümüzlə dəyişmişik. Şəhərdəki kanalizasiya xətləri də vaxtaşırı təmir edilir.

Bundan əlavə, Masazır, Mehdiabad, Ceyranbatan, Saray, Digah, Məmmədli, Görədil, Fatmayı və başqa qəsəbə və kəndlərindəki su nasosxanalarının dam örtükləri cari təmir edilmiş, buradakı gərginlik transformatorlarının, elektrik mühərriklərinin, su nasos aqreqatlarının , siyirtmələrin, elektrik xətlərinin texniki vəziyyəti vaxtaşırı yoxlanılır, nasazlıqlar dərhal aradan qaldırılır. Payız-qış mövsümündə donma təhlükəsinin qarşısını almaq üçün su xətlərinin açıq hissələrinin və siyirtmələrin üstünün örtülməsini təmin edirik.

 

Nadir Ağayev, rayon təhsil şöbəsinin müdiri:

- Məlum olduğu kimi, rayondakı orta və əsas məktəb binalarının qış mövsümünə hazırlanmasına nail olunması rayon təhsil şöbəsinin rəhbərliyi qarşısında duran məsuliyyətli vəzifələrdən biridir. Tam səmimi qeyd etmək istəyirəm ki, bu mühüm vəzifənin öhdəsindən layiqincə gəlmək üçün Təhsil Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi bizə böyük qayğı göstərir. Yoxsa bu sahədə kifayət qədər genişhəcmli işləri vaxtında yerinə yetirə bilməzdik.

Qış mövsümü ərəfəsində rayonun əksər məktəblərində istilik sistemləri qaydaya salınmış, buradakı qazanxanalar təmir edilmiş, bir sıra hallarda əsaslı surətdə yenidən qurulmuşdur. Xırdalan şəhərindəki bütün məktəblərin qazanxanaları normal işləyir. Saray və Novxanı, Masazır, Mehdiabad, Fatmayı, Məmmədli qəsəbə və kəndlərindəki orta məktəblərin istilik sistemləri də yaxşı vəziyyətdədir. Rayonun şəhər, qəsəbə və kəndlərindəki əksər bağçaların da istilik sistemləri normal fəaliyyət göstərir.

Lakin bir sıra problemlərimiz də var. Xırdalan şəhərindəki 9 saylı məktəbin akt zalının hələlik qızdırılmasına nail ola bilməmişik, Ceyranbatandakı 1 və 2 saylı orta məktəblərin qaz təchizatında müəyyən problemlər var, Qobu qəsəbəsindəki orta məktəblərin qaz və yanacaq təchizatını qaydaya sala bilməmişik. Bütövlükdə isə bu il orta məktəblərin istilik sistemlərinin təchizatı əvvəlki illərlə müqayisədə əsaslı surətdə yaxşılaşdırılıb. Mən bu sözləri eynilə digər təhsil müəssisələri haqda da söyləyə bilərəm. Atalar demişkən, görünən kəndə bələdçi lazım deyil. Son illər Abşeron təhsilinin hərtərəfli və dinamik inkişafı hamının gözü qarşısındadır.

 

Bilman Vəliyev, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru:

- Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci kifayət qədər yüksək maddi-texniki bazası və təcrübəli pedaqoji kollektivi olan tədris ocaqlarından hesab olunur. Məlumat üçün qeyd edim ki, kollec Xırdalan şəhərindəki 28-ci məhəllədə yerləşir. 2002-ci liədək bu təhsil ocağı Bakı Plan-Uçot Texnikumu adlandırılırdı. Həmin ilin sentyabr ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə kollec hazırkı adı ilə adlandırılır.

Hazırda kollecdə 600-ə yaxın tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 62 müəllim məşğuldur. Kollecin dördmərtəbəli tədris binasından əlavə iki beşmərtəbəli yataqxanası da var. 1992-ci ildən burada məcburi köçkün ailələri məskunlaşmışdır. Hər iki yataqxana Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəhbərliyinin köməyi ilə təmir olunmuşdur. Kollec kollektivinin fəal iştirakı ilə məcburi köçkünlər yaşayan yataqxanalara içməli su xətləri çəkilmişdr.

Biz qış mövsümü ərəfəsində tədris binasındakı 17 kabinə, 7 laboratoriya və 12 auditoriyanın hər birini təmir etmişik. İdman zalı və klubun əsaslı təmiri üçün vəsait ayrılması barədə Təhsil Nazirliyinin rəhbərliyinə müraciət olunmuşdur. Yeri gəlmişkən, bu məsələnin müsbət həlli gözlənilir.

Qış mövsümü ilə əlaqədar texnikumun əsas tədris binasında istilik sistemi quraşdırılmışdır. Binanın elektrik şəbəkəsindəki nasazlıqlar aradan qaldırılmış, texniki cəhətdən təhlükəsiz istismarı təmin edilmişdir. Binanın su-kanalizasiya xətləri də normal vəziyyətdədir.

 

Eynulla Qasımov, Ceyranbatan Peşə Liseyinin direktoru:

-Liseyimiz 1977-1978-ci tədris ilində fəaliyyətə başlayıb. Mən direktor kimi burada 2009-cu ilin aprel ayından çalışıram. Lisey əsasən kənd təsərrüfatı müəssisələri və meliorasiya təsərrüfatları üçün mexanizator kadrları hazırlayır.

Son bir ildə liseyin sınıq-sökük hala düşmüş sinif otaqları, dəhlizləri əsaslı təmir edilmiş, qapı və pəncərələr müasir tipli plastik qapı və pəncərələrlə əvəz edilmişdir. Tədris emalatxanaları, yararsız hala düşmüş yeməkxana təmir edilmiş, liseyin əsas binasının dam örtüyü tam dəyişdirilmişdir. Yardımçı binaların dam örtüyünün təmiri isə liseyin daxili imkanları hesabına həyata keçirilmişdir.

Builki qış mövsümü ərəfəsində məktəbin su və kanalizasiya sistemi tam dəyişdirilmiş, 100 metr məsafədən su xətti çəkilmiş, su hovuzu düzəldilmiş, su nasosu vasitəsi ilə 5-ci mərtəbədə qoyulmuş su çəni ilə bütün tədris korpusu və köməkçi korpuslar su ilə təmin edilmişdir. Liseyin ərazisində 150 ədəd dekorativ və təbii ağaclar əkilmişdir.

Ötən il liseyin elektrik təsərrüfatı acınacaqlı halda idi. Bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün liseyi elektrik enerjisi ilə təmin edən, lakin baxımsızlıq ucbatından yararsız hala düşən elektrik yarımstansiyası yararlı hala gətirilmişdir. Ötən ilin fevral ayının sonlarına yaxın yerləşdiyimiz ərazidə baş verən güclü külək və ardıcıl yağan aramsız yağışlar liseyin əsas binasının yuxarı mərtəbəsində yerləşən yeni təmir olunmuş sinif otaqlarını yenidən yararsız hala salmışdı. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən bizə yardımçı olmasını xahiş etdik. Nazirliyin yaxından köməyi ilə hazırda liseyin tədris və yardımçı binalarının dam örtüyü müasir standartlara uyğun keramik materiallarla örtülür.

 

Mehriban Qaralova, rayon mərkəzi xəstəxanasının baş həkimi:

- Builki qış mövsümünə bizim kollektiv də ciddi hazırlaşıb. Hələ ötən ilin payızında rayon mərkəzi xəstəxanasının əsas binasında yerləşən burun-boğaz şöbəsində əsaslı təmir işləri başa çatdırılıb. Xəstəxananın cərrahiyyə, ginekoloji və digər otaqları təmir edilib.

Bundan başqa, rayon poliklinikasının stomatoloji şöbəsi, ginekoloji kabinet, rentgen, flüoroqrafiya, diş protezi və rentgen laboratoriyaları, dəri-zöhrəvi, vərəm, uroloji kabinetlərində təmir işləri aparılmışdır. Qeyd edim ki, stomatoloji şöbə 6 müasir stomatoloji qurğu ilə iəchiz edilmişdir. Su, işıq, qızdırıcı sistemlərində olan nasazlıqlar aradan qaldırılmışdır. Rayon uşaq poliklinikasının da istilik sistemi yenilənib.

Bu il rayonun kənd və qəsəbələrindəki səhiyyə obyektləri də qışa əvvəlkindən daha yaxşı hazırlanıb. Məsələn, ötən ilin sonunda Saray qəsəbə xəstəxanasında su, qaz, işıq xətləri nizamlanıb. Görədil kəndindəki yeni istifadəyə verilmiş feldşer-mama məntəqəsində istilik, su, kanalizasiya sistemi normal vəziyyətdədir. Mehdiabad, Novxanı, Məmmədli kənd xəstəxanalarının işıq, qaz sarıdan problemləri yoxdur.

Lakin Ceyranbatan, Hökməli, Qobu, Yuxarı Güzdək, Aşağı Güzdək, Pirəküşkül kənd və qəsəbələrindəki səhiyyə ocaqlarının su təchizatında problemlər var. Bu sahədəki çatışmazlıqların aradan qaldırılması üçün təcili işlər görülür.

 

İlham Manafov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri:

- Abşeron rayonunun mədəniyyət müəssisələri də əhalinin asudə vaxtının səmərəli təşkili üçün payız-qış mövsümünə vaxtında hazırlıq işləri görmüşlər. Belə ki, rayon mədəniyyət evinin binasında istilik sistemində olan problemlər aradan qaldırılmış, müasir tipli qazanxana quraşdırılmışdır. Qış mövsümü ərzində binaya elektrik enerjisinin verilməsində yarana biləcək fasilələrin aradan qaldırılması məqsədilə elektrik generatorunun avtomatik rejimə qoşulması təmin edilmişdir. Buradakı kanalizasiya xəttinin 100 metrlik nasaz hissəsi yenisi ilə əvəz olunmuş, bina daimi su ilə təmin edilmişdir.

Xırdalan şəhərindəki kinoteatr binasının fasadının üzlük daşları cilalanmış, dam örtüyü tamamilə yenidən qurulmuş, həyətyanı sahəsində səliqə-səhman yaradılmışdır. Mərkəzi Kitabxana və Tarix-Diyarşünaslıq muzeyində də cari təmir işləri aparılmışdır. Kitabxananın elektrik xətlərinin nasaz hissələri dəyişdirilmiş, sınmış şüşələri yeniləri ilə əvəz olunmuşdur. Tarix-Diyarşünaslıq muzeyində ekspozisiya zalı yenidən qurulmuşdur.

Mehdiabad Uşaq Musiqi Məktəbində də əsaslı təmir işləri görülmüş, məktəbdə normal dərs prosesi üçün bütün şərait yaradılmışdır. Fatmayı kəndində yeni kitabxana binasının tikintisi başa çatmış, bina işıq, qaz və su ilə tam təchiz edilmişdir. Ceyranbatan və Qobu qəsəbələrindəki mədəniyyət mərkəzlərinin inşası davam etdirilir və tikinti işlərinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Bu mədəniyyət mərkəzlərinin istifadəyə verilməsi həmin qəsəbələrdə musiqi və incəsənət məktəblərinin, klub və kitabxanaların əhaliyə yüksək səviyyədə xidmət göstərməsinə şərait yaradacaqdır.

Qeyd edim ki, yuxarıda sadaladığım işlərin bir hissəsi dövlət vəsaiti xərcləmədən, daxili imkanlar hesabına həyata keçirilmişdir.

 

Nurəddin Abdullayev, rayon MKTİİTB-nin rəisi:

- Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İdarəsinin Təmir Birliyi builki qış mövsümünə ciddi hazırlaşdığı üçün qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlməkdədir.

Xırdalan şəhərində küçə və parkların, meydan və yaşayış məhəllələrinin abadlaşdırılması işləri həyata keçirilmişdir. Şəhər ərazisində 75 kvadratmetr sahədə ot örtüyü əkilmiş, səki və meydanlara 2319 kvadratmetr bəzəkli daş (tamet) döşənmiş, 660 metr uzunluqda səki daşı düzülmüş, 828 kvadratmetr divar təbii qaya daşı ilə bəzədilmiş, yol kənarı və meydanlara 2826 ədəd xan çinarı, 35 min ədəd dekorativ ağac, 90 min kvadratmetr sahədə yeni asfalt salınmışdır.

Ceyranbatan və Aşağı Güzdək qəsəbələri ərazisində 11 bina əsaslı təmir edilərək dam örtükləri, su, kanalizasiya sistemləri, giriş qapıları dəyişdirilmişdir. Bundan başqa, 6 binanın su və kanalizasiya sistemləri yenidən qurulmuş, 8 binanın fasad hissəsi rənglənmişir.

 

P.S. Qeyd etmək istərdik ki, Abşeron rayonunda qışa hazırlıq ərəfəsində, sonrakı aylarda görülən genişmiqyaslı təmir-tikinti, abadlıq işləri əhalidə razılıq hisləri doğurur. Burada, təbii ki, öz həllini gözləyən problemlər də az deyil, amma görünən odur ki, rayon rəhbərliyi, aidiyyatı qurumların rəhbərləri bu problemləri mümkün qədər tez həll etmək əzmindədirlər.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.-2011.- 19 fevral.- S. 5.