Şəki: uğurlar inkişafı stimullaşdırır

 

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələr hər yerdə olduğu kimi, Şəkidə də inkişafa təkan verib. Həmişə geniş iqtisadi imkanları və bu imkanlardan səmərəli istifadə təcrübəsi ilə fərqlənən rayonda ənənə keçən il də uğurla davam etdirilib. Belə ki, indi Şəkidə yeni istehsal sahələrinin yaradılması, o cümlədən, mövcud müəssisələrin şəbəkələrinin genişləndirilməsi, onların imkanlarından maksimum istifadə edilməsi hesabına iqtisadiyyatda sənayenin payının artırılması prioritet vəzifə hesab olunur.

 

2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bu barədə ətraflı danışan şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı konkret faktlara daha çox üstünlük verdi. Bildirdi ki, keçən il rayonda istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 233 milyon manatdan çox məhsul istehsal edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 6,2 faiz çoxdur. Buraxılan məhsulun 19 faizi dövlət, 81 faizi isə qeyri-dövlət bölməsinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1345 manatlıq məhsul buraxılmışdır ki, bu da əvvəlki illə müqayisədə 5,1 faiz çoxdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yeni iş yerlərinin yaradılması istiqamətində də əsaslı işlər görülüb. Belə ki, keçən il 699 yeni iş yeri açılıb ki, onların da hamısı daimidir. Yeni iş yerlərinin 13,7 faizi yeni yaradılan, 23,1 faizi mövcud müəssisə və təşkilatların, 63,2 faizi isə fiziki şəxslərin payına düşür. Ümumiyyətlə, rayonda 2003-cü ildən bəri 8111 yeni iş yeri açılıb ki, onun da 94 faizi daimidir.

Yaxşı məlumdur ki, Şəki kənd təsərrüfatı rayonudur. Bununla əlaqədar natiq bildirdi ki, 2010-cu ildə də kənd təsərrüfatının mövcud sahələrinin müasir elmi nailiyyətlər əsasında inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, ərzaq təhlükəsizliyi məsələlərinin prioritet əhəmiyyətə malik olduğu nəzərə alınaraq aqrar sahənin inkişafı üçün bütün zəruri tədbirlər görülüb. Belə ki, taxılçılığın, üzümçülüyün, meyvəçiliyin inkişafına diqqət artırılıb. Bu il yanvar ayının 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev demişdir: "2011-ci ildə kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görülməli, subsidiyaların verilməsi davam etdirilməlidir. Əvvəlki illərdə görülmüş işlər öz bəhrəsini verir".

2010-cu ildə respublikanın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 134 min 515 ton məhsul istehsal olunub.

Rayonda quşçuluğun, balıqçılığın, arıçılığın da inkişafı diqqət mərkəzindədir. Bu gün Aydınbulaq, Aşağı Küncüt və Qırxbulaq kəndləri ərazisində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində yenidən bərpa olunan və gündəlik istehsal gücü 12-15 ton olan balıq yemi dəyirmanının açılışı regionda bu sahənin inkişafında mühüm rol oynayacaqdır.

Əvvəlki illərdə olduğu kimi, keçən il də Şəkidə yenidənqurma, tikinti-quruculuq işləri davam etdirilib. Respublika Dövlət Arxivinin Şəki filialı üçün inşa olunan yeni inzibati binanın, 1941-1945-ci illər müharibəsində həlak olan həmyerlilərin xatirəsinə ucaldılan abidə və muzeyin açılışı olmuşdur. Keçən il həmçinin Qarabağ müharibəsində həlak olan şəkililərin xatirəsinə ucaldılan abidə kompleksi də əsaslı şəkildə təmir və bərpa olunub. Hamıya yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yol nəqliyyat infrastrukturun inkişafına böyük diqqət və qayğı göstərir. Son illər nəinki Bakı şəhərində, eləcə də ölkəmizin bütün regionlarında magistral yolların yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Dekabr ayının 8-də Şin çayının Şəkinin İncə kəndindən keçən hissəsində inşa olunan Azərbaycanın ən uzun körpüsünün - uzunluğu 1300 metr olan yeni nəqliyyat qovşağının açılışını şəkililər minnətdarlıqla xatırlayırlar.

Keçən il rayon əhalisinin qaza, işığa və digər xidmətlərə olan tələbatını ödəmək üçün işlər görülmüş, mühüm layihələr həyata keçirilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramına əsasən Şəki şəhəri keçən il Azərbaycanın Sənətkarlıq paytaxtı elan olunmuşdur. Proqramın həyata keçirilməsinin əsas məqsədi Azərbaycanın qeyri-mədəni irsinin qorunması və təbliğ olunması, xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, eyni zamanda, paytaxt şəhərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafa nail olmaqdan ibarətdir. Proqrama uyğun olaraq Şəkidə "Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması" mövzusunda III beynəlxalq seminar, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin təşkilatçılığı ilə "Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilmiş, məşhur el sənətkarı Ələsgər Şəkilinin anadan olmasının 80 illiyinə həsr olunan "Qədim milli nəfəs alətləri bayramı" təşkil olunmuşdur.

Məlum olduğu kimi, 2011-ci il "Turizm ili" elan olunub. Nazirlər Kabinetindəki iclasda çıxış edən Prezident İlham Əliyev demişdir: "Bizim gözəl təbiətimiz var. Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin".

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı bu məsələ barədə ətraflı danışdı. Rayonun turizm imkanlarından söhbət açdı. Bildirdi ki, Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Son illərdə Şəkidə turizm infrastrukturunun genişlənməsi turizm xidmətinin səviyyəsinin yüksəldilməsi buraya gələn qonaqların sayının artmasına səbəb olur. Bəli, indi istər Respublikamızın ayrı-ayrı bölgələrindən, istərsə yaxın uzaq xaricdən Şəkiyə gələn turistlərin sayı ildən-ilə artır. Əgər 2004-cü ildə Şəkiyə 2800 nəfər turist gəlmişdirsə, 2010-cu ildə bu göstərici 13 min nəfərdən çox olub. 2014-cü ildə isə bu rəqəmin 30 mindən çox olacağı gözlənilir.

Daha sonra icra hakimiyyətinin başçısı təhsil, səhiyyə sahəsində olan uğurları qeyd etməklə yanaşı, həllivacib məsələləri sadalamağı unutmadı. Sonda bildirdi ki, qazanılan bütün bu uğurlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqli nəticəsidir. Şəkililər 2011-ci ildə daha böyük uğurlar əldə edəcəklər.

Məruzə ətrafında çıxış edənlər keçən il Şəkidə görülmüş möhtəşəm işlərdən, uğurlu nəticələrdən danışdılar. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Quliyev Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış etdilər.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 19 fevral.- S. 5.