Azərbaycanda siyasi və iqtisadi inkişaf sahəsində uğurlar
ildən-ilə artır
Prezident İlham Əliyevin
"Mir" Dövlətlərarası Teleradio Şirkətinə
verdiyi müsahibədə bu məqam diqqəti daha çox cəlb
edir
Biz
kosmik sənaye yaradırıq. Gələn il Azərbaycanın
ilk süni peyki orbitə çıxarılacaqdır. Yəni,
biz daim irəliyə baxırıq, ola bilsin ki, bir neçə
addım irəliyə baxırıq. Bizim külli miqdarda neft
və qaz ehtiyatlarımızın olmasına baxmayaraq,
çoxlu gəlirimizin olmasına baxmayaraq istəyirik ki, Azərbaycanın
davamlı inkişafı neftin qiymətindən və yaxud
hasilatımızın həcmindən asılı olmasın. "Qara
qızıl"ın insan kapitalına çevrilməsi bizim
təcrübəmizdə, sadəcə, şüar deyil, real
vəziyyətdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Prezident İlham Əliyevin "Mir"
Dövlətlərarası Teleradio Şirkətinə verdiyi
müsahibədə bu məqam diqqəti daha çox cəlb
edir
Azərbaycanın
siyasi, iqtisadi və mədəni sahələrdəki
inkişafı getdikcə sürətlənir. Ötən illərlə
müqayisədə bir daha aydın olur ki, ölkəmizin beynəlxalq
aləmdəki mövqeləri ildən-ilə möhkəmlənir,
əlaqələri genişlənir. Artıq Azərbaycanla əməkdaşlıq
etmək istəyən dövlətlərin və iri şirkətlərin
sayı getdikcə artmaqdadır. Son illər bir sıra iri
infrastruktur layihələrin reallaşdırılması
ölkəmizin iqtisadi qüdrətini daha da
artırmış, beynəlxalq aləmdəki nüfuzunu xeyli
yüksəltmişdir. Azərbaycanın daha da modernləşdirilməsi,
siyasi islahatların aparılması və iqtisadiyyatın
inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya
qoyulmuşdur. Bu vəzifələrin layiqincə yerinə
yetirilməsinin nəticəsidir ki, 2009-2010-cu illərdə
qlobal maliyyə və iqtisadi böhran dünyanı
ağuşuna aldığı bir vaxtda Azərbaycanda iqtisadi
artım müşahidə olunmuş, yeni iş yerləri
yaradılmış, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində qətiyyətli
addımlar atılmışdır.
Prezident
İlham Əliyev bu günlərdə "Mir" Dövlətlərarası
Teleradio Şirkətinə verdiyi müsahibədə də bu
məsələləri, xüsusi olaraq diqqətə
çatdırmış, qlobal maliyyə və iqtisadi
böhranın Azərbaycana ciddi ziyan vurmadığını
qeyd etmişdir. Dövlət başçısı bunu
iqtisadi və siyasi strategiyanın düzgün müəyyənləşdirilməsi
ilə əlaqələndirmişdir. Teleradio Şirkətinin əməkdaşı
da Azərbaycanın neçə illərdir ki, inamlı
iqtisadi artım nümayiş etdirdiyini diqqətə
çatdırmış, müstəqil dövlətimizin MDB
ölkələri arasında şəksiz lider olduğunu
etiraf etmişdir. O demişdir ki, dünya iqtisadi
böhranına baxmayaraq, Azərbaycanda artım nümayişi
davam etdirilmişdir. Hətta böhran dövründə neftin
ucuzlaşmasına baxmayaraq, ölkə iqtisadiyyatında 9,3
faizlik artım olmuşdur. Bu uğurların sirri ilə
bağlı müxbirin verdiyi sualın cavabında Prezident
İlham Əliyev demişdir: "...Sizin dediyiniz 2009-cu ildəki
9,3 faizlik iqtisadi artım mənim üçün əvvəlki
illərdəki 25-30 faizdən qat-qat əhəmiyyətlidir,
çünki bu artım böhranın ən şiddətli
ilində, neftin qiymətinin 4 dəfə aşağı
düşdüyü vaxt olmuşdur, bizim
iqtisadiyyatımız isə, hər halda, daha çox məhz
enerji sektoruna istiqamətlənmişdir. Bu nəticə onu
göstərdi ki, bizim apardığımız islahatlar sayəsində
iqtisadiyyatın digər sektorlarında inkişaf
başlanmışdır".
Bu
inkişafı faktlarla əsalandıran dövlət
başçımız Teleradio Şirkətinin əməkdaşının
diqqətinə çatdırmışdır ki, son 7 ildə
ölkəmizdə 900 mindən çox yeni iş yeri
yaradılmış, yoxsulluğun səviyyəsi demək olar
ki, 50 faizdən 9 faizə endirilmişdir. Nəzərdə
tutulan bütün sosial proqramlar uğurla yerinə
yetirilmişdir. Azərbaycanda aztəminatlı ailələrin
həyat səviyyəsinin daim dövlətin diqqət mərkəzində
saxlanıldığı faktı da maraq doğurmuşdur. Çünki
yarım milyondan artıq vətəndaşın hər ay
dövlətdən sosial yardım alması hər ölkəyə
nəsib olmur. Bu xeyirxah missiya iqtisadi cəhətdən
inkişaf etmiş dövlətlərdə həyata
keçirilə bilər. Bu da Azərbaycanda yaşayan aztəminatlı
ailələrə nəsib olub. Ölkəmizdə
qarşıya qoyulan vəzifələrin, xüsusilə regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
uğurlu icrası əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşacağından xəbər verir.
Dövlətimizin
başçısı müsahibəsində bir faktı da
xüsusi olaraq vurğulayaraq demişdir ki, artıq Azərbaycanda
kosmik sənaye yaradılır. Ölkəmizin modernləşdirilməsi,
iqtisadiyyatın daha böyük artım verəcəyi
sektorlara, xüsusilə informasiya-kommunikasiya texnologiyaları
sahələrinə sərmayələr qoyulması
üçün çox iş görülmüşdür. Məhz
bunun nəticəsidir ki, artıq kosmik sənaye yaradılması
reallaşmaq üzrədir. Gələn il Azərbaycanın
ilk süni peykinin orbitə çıxarılması
möcüzə kimi qarşılansa da, bu, artıq
faktdır. Süni peykin orbitə çıxarılması hər
ölkəyə nəsib olmur. Bu tarixi hadisə yalnız
iqtisadi qüdrətə, gücə malik olan, elmin, texnikanın,
informasiya-kommunikasiya sahələrinin sürətlə
inkişaf etdiyi ölkələrdə qeydə alına bilər.
Azərbaycan belə bir inkişaf yoluna qədəm qoymuş
dövlətdir. Bütün bu işləri həyata
keçirə və gələcəkdə də davam etdirə
biləcək mütəxəssislərin yetişdirilməsi
qarşıya qoyulan prioritet vəzifələrdəndir. Möhtərəm
Prezidentimiz bu faktı da diqqətə çatdıraraq
bildirdi: "Biz gənclərimizin xaricdə təhsil
alması proqramını həyata keçiririk. Artıq bir
neçə ildir ki, dövlət bu proqramı tam maliyyələşdirir,
minlərlə gəncimiz təhsil almışdır və
artıq Azərbaycana qayıdır, burada işləyir,
öz təcrübəsini tətbiq edir".
Hazırda
ölkəmizdə elə bir şərait yaradılıb ki,
hətta xarici dövlətlərdə yaşayanlar da Azərbaycana
işləməyə gəlirlər. Çünki son illər
ölkəmizdə yaradılmış yeni iş yerləri
beynəlxalq standartlara tam
uyğunlaşdırılmış, əmək haqları
artırılmışdır. İndi Azərbaycanda orta
aylıq əməkhaqqı 400 dollardan çoxdur. Təbii ki,
bu son hədd olmayacaq. Bunu ölkəmizin sürətli
inkişaf yoluna qədəm qoyması da təsdiqləyir.
Azərbaycan
Prezidentinin xarici siyasətinin prioritetini təşkil edən
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi
"Mir" Dövlətlərarası Teleradio Şirkətinə
verdiyi müsahibəsində də diqqətçəkən
məqamlardan oldu.
Dövlətimizin
başçısı həmişə olduğu kimi, bu dəfə
də öz qətiyyətli mövqeyini bəyan edərək
dedi ki, "biz BMT-yə üzv qəbul ediləndə sərhədlərimiz
məhz mövcud çərçivədə
tanınmışdır. Dağlıq Qarabağ praktik olaraq
bizim ölkənin ortasında yerləşir və təbii
ki, Azərbaycanın ərazi bütövlüyü bərpa
edilməlidir. Artıq Dövlətlərarası Teleradionun
çoxmilyonlu dinləyicilərinə və
tamaşaçılarına da Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında dünyanın
nüfuzlu beynəlxalq qurumlarının mövqeyi bəlli
oldu. Prezident İlham Əliyev dedi: "BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi də bu tezisi təsdiq
edir. Eləcə də digər beynəlxalq təşkilatların
qətnamə və qərarları. Ona görə də erməni
tərəfi məsələyə konstruktiv yanaşarsa və
Dağlıq Qarabağın müstəqilliyinin
mümkünsüzlüyü barədə tezisi tamamilə
başa düşər və qəbul edərsə, biz irəliləyişə
nail olacağıq. Lakin əgər bizim qarşımıza məqbul
olmayan şərtlər qoyularsa, sesessiya haqqında, separatizm
haqqında, Dağlıq Qarabağın müstəqilliyinin
hüquqi cəhətdən rəsmiləşdirilməsinə
Azərbaycanın razılaşması haqqında məsələlər
qoyularsa, onda təbii ki, danışıqların perspektivləri
olmayacaqdır".
Artıq
dünyanın tanınmış kütləvi informasiya vasitələri
də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında vasitəçilik
missiyasını üzərinə götürmüş ATƏT-in
Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyi
qənaətinə gəlib. Çünki təqribən 19
ildir ki, danışıqlar prosesinə vasitəçilik edən
Minsk qrupu qarşıya qoyduğu vəzifəni icra edə
bilmir. Söz yox ki, vasitəçilər vəziyyətdən
çıxış yolu tapmaq üçün müxtəlif
tədbirlər həyata keçirir, Azərbaycan-Ermənistan
prezidentlərinin təkbətək görüşlərini təşkil
edir, müxtəlif təkliflər modeli hazırlayırlar. Lakin
hər dəfə Ermənistan tərəfi heç bir əsası
olmayan bəhanələr gətirir, qeyri-konstruktiv mövqe
nümayiş etdirərək öz
işğalçılıq missiyasından əl çəkmək
istəmir, beynəlxalq hüququn norma və prinsiplərinə
hörmətsiz münasibət bəsləyir. Teleradio Şirkətinin
çoxmilyonlu tamaşaçılarına bəlli oldu ki, son
19 ildə ATƏT-in Minsk qrupunun fəaliyyətində
heç bir uğurlu nəticə olmamışdır. Məlumdur
ki, nəticə olmadan vasitəçilərin rolunu müsbət
qiymətləndirmək olmaz. Dövlətimizin
başçısı demişdir ki, BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olan həmsədr ölkələr
işğalçı ölkəni zəbt olunmuş əraziləri
azad etməyin zəruriliyinə inandırmaq üçün
özlərinin nüfuzundan və siyasi resurslarından daha
çox istifadə etməlidir.
Münaqişənin
nizamlanmasında son vəziyyət barədə məlumat verən
Prezident İlham Əliyev dedi: "Danışıqlar
prosesinin indiki raundu və ya indiki mərhələsi Madrid
prinsipləri deyilən prinsiplər, onların yeniləşmiş
variantı əsasında aparılır. Bu varianta görə,
hazırda Dağlıq Qarabağda yaşayan və oraya
qayıdacaq insanların özünüidarə
hüquqları təmin edilir, Azərbaycanın işğal
altındakı bütün ərazilərinin azad olunması,
azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə,
o cümlədən Dağlıq Qarabağa qayıtması,
Ermənsitan ilə Azərbaycan arasında münasibətlərin
qaydaya salınması, eləcə də təhlükəsizliyə
zəmanət təmin edilir".
Azərbaycan
Prezidenti ölkəmizdə, xüsusilə Bakıda
aparılan tikinti-abadlıq, yenidənqurma işləri, həmçinin
idmanın inkişafı ilə əlaqədar verilmiş
sualları da cavablandırdı. Məlum oldu ki, son illər
ölkəmizdə idmanın inkişafına dövlət
qayğısı xeyli artırılmışdır. Bunun nəticəsidir
ki, Azərbaycan idmançıları müxtəlif növlər
üzrə keçirilən beynəlxalq turnirlərdə uğurla
iştirak etmiş, Avropa, dünya və Olimpiya birinciliklərində
inamla mübarizə apararaq fəxri kürsünün ən
yüksək pilləsinə qalxmış, dəfələrlə
Azərbaycanın dövlət himni səsləndirilmiş,
üçrəngli bayrağımız digər dövlətlərin
bayraqları arasında birinci olmuşdur. Hazırda Azərbaycan
idman sahəsində dünyanın aparıcı ölkələrinin
çoxunu geridə qoyub. Dövlətimizin
başçısı 1997-ci ildən həm də Azərbaycan
Milli Olimpiya Komitəsinin prezidenti olduğunu diqqətə
çatdıraraq demişdir ki, gərgin iş qrafikinə
baxmayaraq, bu vəzifəni özümdə saxlayıram. Möhtərəm
Prezidentimiz qeyd etmişdir ki, idman gənclər arasında vətənpərvərlik
ruhunu gücləndirir - xüsusən də idmançı
qalib gələndə, ölkənin bayrağı
qaldırılanda, onun himni səsləndiriləndə. Bunlar
çox təsirləndirici anlardır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 19 fevral.- S. 1.