Sosial-iqtisadi inkişafın Azərbaycan modeli region dövlətləri üçün nümunə ola bilər

 

Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan sürətlə inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik sosial proqramların reallaşdırılması nəticəsində ölkəmiz bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Qlobal maliyyə böhranı dünyada böyük fəsadlar törətsə də ötən illər ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, dövlət büdcəsinin həcmi durmadan artmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir. Beləliklə, beynəlxalq maliyyə qurumlarında, o cümlədən dünyanın aparıcı ölkələrində böyük marağa səbəb olan sosial-iqtisadi inkişafın Azərbaycan modeli yenidən ciddi müzakirələrin mövzusuna çevrilmişdir.

 

Ölkəmiz bu səviyyəyə çox çətin mərhələlərdən keçərək çatmışdır. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanda iqtisadi çətinliklərlə yanaşı xaos, anarxiya, hərc-mərclik də hökm sürürdü. İctimai-siyasi sabitliyin olmaması və naşı iqtidarın yarıtmaz siyasəti nəticəsində yeraltı və yerüstü sərvətlərlə zəngin olan ölkəmizdə dözülməz vəziyyət hökm sürürdü. Ərzaqla təminatda ciddi problemlərin olması insanları aclıq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir məqamda ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. Sabitlik bərpa olunmaqla yanaşı yeni və müasir tələblərə cavab verən iqtisadi siyasət həyata keçirilməyə başlanıldı. Ancaq vəziyyəti yaxşılaşdırmaq o qədər də asan deyildi. Çünki əvvəlki iqtidar ölkəni elə vəziyyətə salmışdı ki, ondan xilas olmaq üçün xeyli vaxt tələb olunurdu. 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayan Azərbaycan müstəqil dövlət kimi, özünün neft strategiyasını həyata keçirməyə başladı. Ulu öndərin əsasını qoyduğu bu strategiyanın məqsədi bir tərəfdən xarici investorları ölkəmizə cəlb etməklə iqtisadiyyatın zəruri maliyyə mənbələrini formalaşdırmaq, digər tərəfdən, enerji amilini davamlı iqtisadi inkişafın təməl daşına çevirmək idi. Bu mənada neft amili milli inkişaf modelinin vacib elementi kimi qiymətləndirilir.

Neft strategiyasının həyata keçirilməsi ilə yanaşı artıq sabitliyə qovuşmuş ölkədə iqtsadi-siyasi islahatların da reallaşdırılması vaxtı çatmışdı. Beləliklə, inkişafa aparan yolun növbəti mərhələsində, yəni 1996-2003-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində uğurlu islahatlar həyata keçirildi. Ölkədə bazar iqtisadiyyatına keçidi təmin edən bir sıra qanunlar qəbul olundu, özəlləşdirmə prosesi uğurla aparıldı, torpaq əsil sahiblərinə - kəndlilərə paylanıldı, orta sahibkarlar sinfinin formalaşması üçün şərait yaradıldı. 2003-cü ildən başlayaraq möhtəşəm iqtisadi siyasəti yeni dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyev ötən 7 ildə yeni inkişafyönümlü proqramlar, fərmanlar imzaladı. Bütövlükdə ölkə iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun xüsusi əhəmiyyətə malik sahələrinin yaradılması və ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün 2004-cü ilin fevralında çox mühüm əhəmiyyətə malik bir sənəd - "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi (2004-2008) inkişafı Dövlət Proqramı" qəbul edildi. Bu proqramın həyata keçirilməsi nəticəsində Azərbaycanın bütün rayonlarında infrastruktur müasir tələblər səviyyəsində yenidən quruldu, müxtəlif istehsalat sahələri yaradıldı, yeni iş yerləri açıldı və sahibkarlığın inkişafı istiqamətində əsaslı addımlar atıldı.

Ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerli sənaye sahələrinin və kənd təssərüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq məqsədi ilə 2009-cu il aprelin 14-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul olundu. Proqram regionların növbəti mərhələdə inkişafına təkan verdi, ölkəmizin dünyanın təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin yaxşılaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verdi.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı özünün real nəticələrini verməkdə davam edir. Məlumdur ki, bir sıra inkişaf etmiş Avropa ölkələrində qlobal maliyyə böhranının törətdiyi fəsadlar nəticəsində xeyli işsizlər ordusu meydana gəlmişdir. Azərbaycanda isə bunun tam əksini görürük. Keçən il ölkəmizdə 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər isə ölkəmizdə 900 mindən çox iş yeri açılmışdır. Təkcə ötən il ərzində regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilmişdir.

2010-cu ildə ümumi daxili məhsul (ÜDM) 5 faiz artaraq 41, 6 milyard manata çatmışdır. Qeyri-neft sektorunun artım tempi isə 7, 9 faiz olmuşdur ki, bu cür artım hətta dünyanın bəzi qabaqcıl ölkələrində belə qeydə alınmamışdır. Qeyri-neft sektorunun inkişafını göstərən digər əhəmiyyətli bir fakta diqqət yetirək: Son 15 il ərzində Azərbaycana 95 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. 2010-cu ildə yatırılan 15, 5 milyard dollar həcmində sərmayənin 9,3 milyard dolları məhz qeyri-neft sektorunun payına düşür. Digər bir fakta diqqət yetirək: 2009-cu ildə dünyada neftin qiyməti 4 dəfəyədək düşsə də həmin il Azərbaycan iqtisadiyyatı 9,3 faiz artmışdır. Bu da sübut edir ki, Azərbaycan iqtsadiyyatının neftdən asılılığının azaldılması istiqamətində əsaslı işlər görülmüş və qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atılmışdır.

Bu heç də o demək deyil ki, neft-qaz ixracatının artması iqtisadiyyatımızın inkişafında öz rolunu itirir. Keçən il bu sektorda 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Bu il qazın hasilatı və ixracının daha da artacağı gözlənilir. Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkar edilən "Ümid" qaz yatağı bizim qaz ixracı potensialımızı dəfələrlə artırır. Bu nəhəng qaz yatağı ilə birlikdə ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Yəni ölkəmizin təbii sərvətlərinin bol olması və bu amildən düşünülmüş şəkildə istifadə edilməsi Azərbaycanın hələ uzun illər iqtisadi yüksəlişini təmin edəcəkdir.

2011-ci ilin dövlət büdcəsinin 16 milyard, ümumilikdə strateji valyuta ehtiyatlarının 29,1 milyard dollar olması da buna əyani sübutdur. Son 10 ilin iqtisadi göstəricilərinə nəzər salanda isə görürük ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. 2003-2010-cu illərdə iqtisadi artım tempi 17 faiz olmuş, bununla da ölkəmiz dünyada lider dövlətə çevrilmiş, iqtisadi inkişafın Azərbaycan modeli özünün uğurlu nəticələrini bir daha göstərmişdir.

İqtisadi inkişafın digər bir göstəricisi isə turizm sahəsidir. Beynəlxalq ekspertlərin qənaətinə görə, hər hansı bir ölkədə turizmin inkişaf etməsi üçün həmin ölkənin infrastrukturunun - yollarının, otellərinin və digər əlaqədar sahələrin yüksək səviyyədə olması vacibdir. Reallıqda da görürük ki, quruculuq-abadlıq işləri həyata keçirilmədən turizm inkişaf edə bilməz. Sevindirici haldır ki, bu gün turizm üçün çox cəlbedici ölkə kimi qiymətləndirilən Azərbaycanın istər paytaxtı, istərsə də regionları tələb olunan inkişaf səviyyəsinə yüksəlib. Bu mənada möhtərəm Prezidentimiz İlham Əliyevin bu il fevralın 15-də "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili"elan edilməsi haqqında" sərəncam imzalaması təsadüfi deyil. Bu sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin edəcək. Bu il Bakıda 5 beşulduzlu mehmanxananın açılışı olacaq. Bu, dünyada analoqu olmayan bir hadisədir. 2009-cu ildə tikintisinə başlanılan və 2 milyard avroyadək sərmayə yatırılması nəzərdə tutulan "Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcək. Bir sözlə Azərbaycanda turizmin inkişafı üçün kifayət qədər potensial var.

Ölkəmizdə əhalinin sosial müdafiəsinə də xüsusi əhəmiyyət verilir və bu, dövlət siyasətinin əsasını təşkil edir. Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konistitusiyasında da milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdən göstərilmiş, insanların həyat şəraitinin yaxşılaşdırılması, onların rahat yaşayışının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Əsas Qanunun 16-cı maddəsinin I hissəsində deyilir: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır". 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konistitusiyasının 12-ci maddəsinə ümumxalq səsverməsi - referendum yolu ilə edilmiş bir sıra mütərəqqi əlavələr də Azərbaycanda hər bir vətəndaşın yaşayış şəraitinin yaxşılaşdırılması, sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlirdi. Həmin maddədə edilmiş dəyişikliyə görə, insan və vətəndaş azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilmişdir.

Azərbaycan iqtidarı Əsas Qanunla müəyyənləşdirilən sosialyönümlü bazar iqtisadiyyatı modelini uğurla formalaşdırmış və yeni proqramlar həyata keçirmişdir. Həmin proqramlar sırasında Azərbaycan Prezidenti tərəfindən imzalanan "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması haqqında" 21 iyun 2005-ci il tarixli, "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" 18 aprel 2006-cı il tarixli, "Azərbaycan Respublikasının məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın (2007-2010-cu illər) təsdiq edilməsi barədə" 16 may 2007-ci il tarixli sərəncamları vətəndaşların sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verildiyinin göstəricisidir. Eyni zamanda, aztəminatlı ailələrin sosial müdafiəsinin təmin olunması məqsədilə Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qəbul edilmişdir ki, bu da hazırda 550 minədək aztəminatlı ailənin ünvanlı sosial yardım almasına şərait yaratmışdır.

Digər tərəfdən, keçən il Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla 1, 3 milyon nəfərdən artıq insanın pensiyasının baza hissəsinin 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərədək elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə işləyən insanların vəzifə maaşları artırılmışdır. Dövlət başçısının 2011-ci il fevralın 15-də imzaladağı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncamı da bütün növ əmək pensiyalarının sığorta hissəsinin istehlak qiymətləri indeksinə uyğun olaraq artırılmasını təmin etmişdir. Bu artımlar dünyada baş verən proseslər fonunda ölkəmizin möhtəşəm uğuru hesab edilə bilər. Çünki qeyd etdiyimiz kimi, qlobal maliyyə böhranı səbəbi ilə hətta iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş ölkələrdə belə maliyyə resurslarının azalmasına paralel olaraq əhalinin bütün növ gəlirləri azalır.

Dünyada yoxsulluğun sürətlə artdığı bir vaxtda Azərbaycanda onun səviyyəsinin xeyli aşağı düşməsi, ən əsası isə bu müsbət prosesin davamlı xarakter alması da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar əhalinin demək olar ki, tən yarısını, yəni 49 faizini təşkil edirdisə, bu rəqəm 2010-cu ildə 9, 1 faizədək aşağı düşmüşdür. Bu o deməkdir ki, son yeddi il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 5 dəfə azalmışdır. Məhz bütün bunlara görə, hazırda sosial-iqtisadi inkişafın Azərbaycan modelinin uğurlu nəticələri bir sıra region və dünya dövlətləri tərəfindən araşdırılır və nümunə kimi qəbul olunur.

Azərbaycan iqtidarı isə daha yüksək nailiyyətlər əldə etmək və inkişafın qarşısındakı maneələri tam aradan qaldırmaq üçün bütün sahələrdə korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında xüsusilə vurğulamışdır ki, ölkəmiz daxili və xarici siyasətdə böyük uğurlara imza atsa da bəzi məsələlərdə hələ də çatışmazlıqlar vardır. Onlar arasında Dağlıq Qarabağ problemini, sahibkarlığın inkişafına maneəçilik törədilməsi, ölkənin işgüzar imicinə mənfi təsir göstərən korrupsiya və rüşvət hallarını qeyd etmiş, buna qarşı ciddi mübarizə aparmağa çağırmışdır. 2011-ci il yanvarın 27-də Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş, görülən işlər və qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılmışdır. Tədbirdə bildirilmişdir ki, dövlət başçısı iqtisadiyyatdakı inhisarçılıq meyllərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir. Qarşıya qoyulan vəzifələr uğurla həyata keçirildikdən sonra dünya Cənubi Qafqazda növbəti Azərbaycan möcüzəsinin şahidi olacaq.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.-20 fevral.- S. 6.