Sahibkarların maraqlarının müdafiəsi iqtisadiyyatın daha sürətli inkişafına təkan verəcəkdir

 

Bu gün Azərbaycanda tutduğu mövqeyindən siyasi əqidəsindən asılı olmayaraq heç kəs ölkədə müstəqilliyin ilk illərində mövcud olmuş vəziyyətin təkrarlanmasını istəməz. Bu, bir tərəfdən vətəndaş məsuliyyətinin, digər tərəfdən də hər bir insanın fərdi hisslərinin diktəsindən yaranan hisslərdir. Hamı inkişaf etmiş Azərbaycanla fəxr edir sabahın daha firavan olması üçün öz töhfəsini verməyə çalışır. Televiziya ekranında görünən iqtidarlı-müxalifətli bütün düşərgələrin təmsilçiləri dövlətimizin daha qüdrətli olması üçün müxtəlif tezislərlə çıxış edirlər. Bu da təbiidir.

 

Çünki xalq görür ki, ölkə inkişaf etdikcə insanların arzu etdiyi, beş-on il əvvəl xəyal kimi görünən bütün məsələlər öz müsbət həllini tapır. Məsələn, dövlət başçısının bu il fevralın 15-də imzaladığı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə"nin təsdiq edilməsi haqqında fərmanı, demək olar ki, ölkə əhalisinin böyük əksəriyyəti gözləyirdi və insanlar inanırdılar ki, belə bir sənəd imzalanacaq.

Xalq, daha doğrusu, ölkə əhalisinin orta təbəqəsini təşkil edən sahibkarlar nə üçün bu fərmanı gözləyirdilər? Çünki bu gün Azərbaycan iqtisadiyyatının təxminən 90 faizi özəl bölmənin əlində cəmləşib. Həm dövlət, həm də dövlət başçısı bu tendensiyanın daha da genişləndirilməsi üçün yeni addımlar atır, növbəti layihələr həyata keçirir. Elə bir il olmur ki, sahibkarlığın daha da inkişaf etdirilməsi üçün xüsusi addımlar atılmasın. Yəni dövlət bu sahədə öz üzərinə düşən vəzifələri kifayət qədər yerinə yetirir. Ancaq orta təbəqə təmsilçisi olan sahibkarları ciddi şəkildə narahat edən bir çox məsələlər var idi ki, onları da məhz dövlət həll edə bilərdi. Necə ki, bu çətin prosesin reallaşdırılmasına start verildi.

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitq söyləyən Prezident İlham Əliyev məhz sahibkarları narahat edən problemləri dilə gətirərək insanlara yeni ümid verən bir prosesin təməlini qoydu: "Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyllərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə, hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək".

Dövlət başçısının həmin fikirləri, sözün həqiqi mənasında, sahibkarların çox böyük sevincinə səbəb olmuşdu. Çünki orada söylənilən qiymətlərin süni şəkildə şişirdilməsi, idxal-ixrac prosesində inhisarçılıq meyillərinin artması, azad rəqabətə, törədilən maneələr, lazımsız yoxlamalar həqiqətən günümüzün həqiqətləri idi bu amillər sahibkarlığın inkişaf sürətini azaldırdı. Prezident sanki xalqın nümayəndələri ilə söhbət etdikdən sonra bu tövsiyələri verirdi.

Həmin iclasdan təxminən bir ay sonra ölkənin qərb bölgəsinə səfər edən Prezident İlham Əliyev Qazax rayonunun ictimaiyyəti ilə görüşdə bir daha orta təbəqə təmsilçisi olan sahibkarları müdafiə etdi: "Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, sərəncamlar imzalanıb". Tamamilə haqlı fikirdir. Çünki "rüşvətxorlar iqtisadiyyat zəmisini talayan çəyirtkələrdir". Bizim Qazaxda eşitdiyimiz fikirlər arasında daha bir neçə cümlə var idi ki, onlar haqqında bir qədər də geniş söz açmağa ehtiyac hiss edirəm. Məsələn, Prezident dedi: "Vətəndaşlar bütün xoşagəlməz hallar, ədalətsizlik, əsassız tələblər haqqında Prezident Administrasiyasına müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidirlər ki, nöqsanlar tezliklə aradan qaldırılsın".

Dövlət Azərbaycan gənclərini daha mükəmməl, daha intellektual şəkildə tərbiyə etməyi əsas vəzifə kimi qarşıya qoyub. Bəs gözünü açandan rüşvət, korrupsiya halları ilə üzləşən gənc bizim gələcəyimizi necə təmin edə bilər. Axı bugünkü gənclər sabah ölkəni idarə edəcəklər.

Problemin məhz dövlət başçısı səviyyəsində həlli gündəliyə gətirilibsə, bu, çox ciddi məsələdir və mütləq həll olunacaq. Ancaq dövlət başçısının özünün dediyi kimi, məsələ bilavasitə xalqın, ölkə vətəndaşlarının köməyi ilə həll oluna bilər. Çünki hamı öz dərdini Prezident Administrasiyasına söyləyərsə, orada çox mürəkkəb bir vəziyyət yaranar. Problemlə üzləşmiş adam öz dərd-sərini yerli qurumlara söyləyərsə - həmin problemi yaratmış qurumların məsələni hansı səviyyədə həll edəcəyi məlumdur. Nöqsanlarla daha ciddi mübarizə aparmağı tövsiyə edən dövlət başçısının tapşırıqlarını yerinə yetirmək üçün xalqın inanıb etibar etdiyi şəxslərdən ibarət - orada iqtisadçılar, hüquqşünaslar, tanınmış ziyalılar, hörmətli ağsaqqallar, vətənpərvərliyi ilə seçilən gənclər ola bilər - xüsusi qruplar yaradıla bilər. Fikrimcə, bu, çox əhəmiyyətli ola bilər. Biz bəzən xalq nəzarəti komitəsini SSRİ-nin qalığı kimi qeyd edib lənətləyirik. Ancaq bu gün böyük sürətlə inteqrasiya etdiyimiz Avropanın əksər ölkələrində xalq nəzarəti (təbii ki, müxtəlif adlarla) cəmiyyət həyatının bütün sahələrinə nəzarət edir. Bir ki, Heydər Əliyev 70-80-ci illərdə cəmiyyətdə mənfi olan bütün halların qarşısını almış bütün gərəksiz qurumlar ləğv edilmişdi. Ancaq xalq nəzarətini mənfi bir hal kimi qəbul etmişdi.

Bu, bir həqiqətdir ki, yeni əsrin ilk onilliyini geridə qoymuş azərbaycanlılar artıq 88-93-cü illərin azərbaycanlıları deyil. Çünki biz artıq çox mükəmməl bir məktəb keçmişik. Bu gün ölkə iqtisadiyyatının daxili potensial üzərində qurulması, vahid xalqın formalaşdırılması, ordumuzun qüdrətləndirilməsi, dövlətimizin işğalçı Ermənistandan qat-qat artıq gücləndirilməsi, insanların sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. İndi çörəyə möhtaclıq, işsizlik, xaos, anarxiya, ordunun ayrı-ayrı şəxslərin tabeçiliyində olması kimi məşəqqətli günlər çoxdan geridə qalıb. Biz bu qazancı göz bəbəyi kimi qorumalıyıq. Əldə edilən nailiyyət və uğurları qorumaq üçün isə korrupsiya rüşvətxorluğa qarşı amansız olmalı, azad sahibkarlığın inkişafına mane olan halların tamamilə aradan qaldırılması üçün qətiyyətli addımlar atılmalıdır. Başlanılan mübarizənin uğur qazanması üçün mövcud qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır.

Yeri gəlmişkən, Prezidentin qeyd edilən fərmanında göstərilir ki, Nazirlər Kabineti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanun layihəsi hazırlasın. Bu, çox yaxşı haldır. Ancaq arzu edərdik ki, yeni qanunda sahibkarların maraqlarının müdafiəsi baxımından yeni addımlar atılsın. Məsələn, müəyyən xətalar üzündən sahibkara elə cərimələr təyin edilir ki, həmin sahibkar qeyd olunan cəriməni ödəmək üçün ən azı 5-6 il durmadan çalışmalı, başqa bir sahəyə 5-6 manat belə xərcləməməlidir. Əminik ki, bu sahədə ədalətli qərarlar verən dövlət həmin məsələni də sahibkarların maraqları baxımından tənzimləyəcək. Bundan başqa, vergitutmanın sadələşdirilməsi üçün atılacaq addımlar da gündən-günə inkişaf edən ölkəmiz üçün zəruri hala çevrilər.

Zamanın bu haqlı çağırışına cavab verərkən "Kəlamlar" kitabından bir məqamı yada salmaq istəyirəm: "Rüşvətxorluq vərəm xəstəliyinə bənzər. Onun daşıyıcıları özlərini özlərinin qulu edər, cəmiyyəti sarsıdar, yoxsul edər həmin cəmiyyət mənəviyyatdan, iqtisadiyyatdan, vətənpərvərlikdən məhrum olar. Bu da dövlətin parçalanmasına və dağılmasına zəmin deməkdir". Biz isə dövlətimizi daha da qüdrətləndirmək, xalqımızın həyat səviyyəsini daha da yaxşılaşdırmaq əzmindəyik. İnanırıq ki, dövlətin qətiyyəti və xalqın iradəsi nəticəsində bütün azərbaycanlıların bu əzmi, istəyi də günün reallığına çevriləcək.

 

 

Hacı Fərhad MİRZƏ,

yazıçı-filosof

 

Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 6.