Turizm ili:
perspektivlər və yeni vəzifələr
Turizm bir sıra xüsusiyyətlərinə
görə mədəniyyətlərarası dialoqun, regional
inkişafın və asudə vaxtın düzgün təşkilinin
ən müvəffəqiyyətli vasitələrindən biri
hesab olunur. Artıq turizm deyəndə, hansısa bir ölkənin
və yə onun regionunun konkret inkişaf indeksi başa
düşülür. Bu maraqlı və
mühüm sahənin davamlı inkişafı müasir
dünya ilə hərtərəfli iqtisadi inteqrasiyaya
maraqlı olan ölkələrdə yeridilən sosial-iqtisadi
inkişaf siyasətində də özünə möhkəm
yer tutmaqdadır. 2011-ci ilin ölkəmizdə turizm ili elan
olunması da bu zərurətdən irəli gəlir.
Asudə vaxt və daxili
turizm.
İlk olaraq ölkəmizin müasir iqtisadi inkişaf mərhələsində
turizmin tipləri arasındakı inkişaf nisbətinə nəzər
saldıqda xaricə getmə turizmin digərlərinə (gəlmə
və daxili) görə daha üstün tempini görərik. Əsasən, Qərbi
Avropa, Skandinaviya, ABŞ və Yaponiya kimi ölkələrin vətəndaşları
üçün xas olan xaricə getmə turizmə yüksək
meyl gəlirlərin yüksəkliyi, haqqı ödənilən
məzuniyyətlərin ilin müxtəlif dövrlərinə
görə bölünməsi, düzgün tənzimləmə
və insanların fəal istirahətə olan tələbatı
ilə əlaqədardır. Azərbaycanda
turizmi inkişaf etdirmək zərurətini isə tarix boyu
sahib olduğumuz mədəni potensialımız, zəngin təbii
və tarixi ehtiyatlarımız və əldə etdiyimiz
iqtisadi inkişafımızın tam məntiqi bir nəticəsi
kimi qiymətləndirmək olar.
Artıq azərbaycanlıları bizimlə düşmən
ölkədən başqa dünyanın çox yerində, hər
cür mədəni istirahət elementlərini özündə
birləşdirən turizm səfərlərində görmək
olar. Bu, dövlət müstəqilliymizin bizə verdiyi ən
gözəl nemətlərdəndir. Dünyanın ən
gözəl istirahət mərkəzlərində mənalı
vaxt keçirib, öz Vətəninə, ailəsinə və
iş yerinə zəngin rekreasiya təəssüratı ilə
dönən hər bir insanın daha yaradıcı əməklə
məşğul olması imkanlarına görə turizm
çox əlverişli bir sosial siyasət aləti kimi
özünü göstərməkdədir.
Xaricə
getmə turizmi hər bir azad vətəndaş
üçün nə qədər cazibədardırsa, gəlmə
turizm, onun gəlirləri, yeni iş yerləri yaratmaq və
ölkəni dünyaya tanıtmaq kimi xüsusiyyətləri
də dövlət, onun işgüzar kəsimi
üçün də bir o qədər maraq kəsb edir. Bu həm də ona görə vacibdir ki, ölkənin
gəlmə turizm potensialı ilə onun beynəlxalq aləmdəki
imici, təbii, tarixi, mədəni zənginlikləri,
buradakı sabitliyin, müasir infrastrukturun vəziyyəti və
nəhayət milli qonaqpərvərlik haqqında təsəvvür
formalaşdırmaq mümkündür. Azərbaycanın
təkcə karbohidrogen ehtiyatlar deyil, həm də məhz
qonaqpərvərlik və tolerantlıq elementlərindən
ibarət çox güclü ixrac potensialını nəzərə
alsaq, bu turizm ilində dövlətin də dəstəyi ilə
ölkəmizin turizm sənayesi önündə geniş
meydan açılmış olur.
Ölkəmizdə yaxın illər ərzində
turizmin inkişaf rəqəmlərini arzuolunan səviyyəyə
yüksəltmək üçün nə vacibdir? Gəlmə və
getmə turizm arasındakı bu rəqabət mühitində
ilk baxışda nəzərə çarpmayan daxili turizmin
rolu nədən ibarətdir? Bu sahə
üzrə aparılan araşdırmaların və turizmin
inkişaf etdiyi dünya ölkələrinin təcrübələrinə
baxsaq görərik ki, bizim də arzu etdiyimiz gəlmə
turizmin inkişafına yol məhz daxili turizmdən keçir.
Ölkəmizin istifadə olunmamış turizm
ehtiyatlarının xarici turistlərin tələbatları
baxımından mövcud tələblərə
uyğunluğunu, burada yaranan təşkilati məsələlərin
həlli, turların qiyməti, mövsümilik və s. kimi
suallara daxili turizmdə daha tez cavab tapmaq mümkündür.
Daha vacib cəhət isə daxili turizmin kənar konyunkturdan az asılı olmasıdır. Belə
ki, gəlmə turizm valyuta tərəddüdlərinə daha
həssasdırsa, daxili turizmdə bu problem yoxdur və qiymət
tənzimlənməsi kimi məsələlər də bu
zaman nisbətən asan həll olunur.
Digər vacib cəhət bu turizm vasitəsilə
bahalı getmə turizm tipindən istifadə edə bilməyən
insanları da kütləvi turizmə cəlb etməkdir. Əhalinin azgəlirli
hissəsini turistlərin azaldığı vaxtda güzəştli
qiymətlərlə sosial və insentiv turizm formasında daxili
turizmə yönəltməklə onun böyük problemlərindən
biri olan mövsümiliyi müvəffəqiyyətlə həll
etmək mümkündür. Bununla
müasir turizm destinaysiyası yaradılması ilə
yanaşı, həm də vaxtında özü-özünə
yeniləşə bilən geniş infrastruktur, idman və
sağlamlıq şəraiti kimi məsələlərin həll
olunması da mümkündür. Məsələn
qardaş ölkə təcrübəsində olduğu kimi,
Antalyada ilin üç fəslində ənənəvi
üç - dəniz, qum, Günəş turizmi təşkil
olunduğu halda, qışda buradakı otelləri, əsasən,
yerli futbolçuların hesabına doldurmaq və daha
bahalı xidmətlər təklif etmək mümkün olur.
Nəhayət,
daxili turizmdən gözlənilən ən mühüm səmərə
yaradılan qeyri-mövsümi daimi iş yerləri hesabına
ölkənin ucqarları ilə mərkəz arasındakı
gəlir fərqinin aradan qaldırılması və xidmət
keyfiyyətinin yüksək olduğu regionların, buradakı
turizm firmalarının müsbət təcrübəsinin digər
regionlarda da tətbiqi ola bilər. Nəticədə isə ölkəmizin neft gəlirlərini
insan kapitalının inkişafına, müasir infrastruktur
yaradılmasına yönəltmək olar. Çünki
turizm iqtisadiyyatın 30-a yaxın sahəsi ilə (məs. hədiyyə
istehsalı, sərnişin nəqliyyatı, kənd təsərrüfatı,
tikinti və s.) birbaşa, 100-ə qədər yönü ilə
(məs. sement istehsalı, maşınqayırma, bank və s.)
inteqral əlaqəyə girdiyindən buradan gələn gəlirlər
həmin sferaların işinin genişləndirilməsi
üçün birbaşa investisiya rolunu oynaya bilir.
Etnik turizm və milli diaspor.
Etnik turizm tanışlıq turizmi növünün
dünyada geniş yayılmış
yarımnövüdür. Çoxları
üçün qeyri-adi səslənsə də etnik turizmin
inkişafı ilə ölkəmiz üçün də
çox ümidverici nəticələr əldə etmək
mümkündür. Artıq elə bir
zaman gəlib çatmışdır ki, dünyada yaşayan
azərbaycanlıların öz doğma Vətəninə səfər
etməsi üçün bütün imkanlar vardır. Yaxın onilliklər ərzində ölkəmizdən
kənarda, dünyanın elm, mədəniyyət və biznes
mərkəzlərində yaşayıb, fəaliyyət
göstərən imkanlı fəal həmvətənlərimizi
öz ata-baba yurdlarına səyahətlərə cəlb etmək,
ölkəmizin turizm potensialını artırmaqla
yanaşı, digər mənəvi nəticələr də əldə
etmək mümkündür. Bunu azərbaycanlıların
yurd, Vətən, ailə sevgisini hər şeydən
üstün tutmaları ilə əsaslandırmaq
lazımdır.
Etnik
turizmi ilin müxtəlif dövrlərində, xüsusən də,
Novruz Bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü, Milli Qurtuluş Günü, Respublika Günü,
Bayraq Günü və s. ərəfələrdə təşkil
etməklə dünyanın müxtəlif guşələrində
yaşayan həmvətənlərimizi ölkəmizə daha
çox gətirmək olar. Bu turizm
növünün bütün dünyada yaşayan azərbaycanlılar
timsalında on milyonlarla turist potensialı seqmenti haqda isə
danışmağa heç lüzum yoxdur. Əsas məsələ
bu turizmin təşkili zamanı öz millətimizdən olan
imkanlı turistləri ölkəmizə cəlb etməklə,
əlavə təşkilati problemlərdən (dil, adət,
davranış, milli təhlükəsizlik və s.) yaxa
qurtarmaq, əldə edə biləcəyimiz iqtisadi, sosial səmərə
ilə yanaşı, bizim üçün hər şeydən
vacib olan milli diasporu daha da möhkəmləndirmək
mümkündür.
Bu turizm növünün inkişafı ilə ölkəmizin
turizm sənayesinə elə həmin həmvətənlərimiz
tərəfindən sərmayə qoymağa hazır olan
potensial investorları cəlb etmək olar. Doğrudan da,
hər bir insan üçün ona uşaqlıq və gənclik
xatirələrini yaşadan, ata-babalarının məzarlarını
qoruyub saxlayan doğma torpağa sərmayədar kimi geri
dönmək çox qürurlu bir hissdir.
Turizm gəlirlərimiz və düşmənə
qarşı təzminat faktı.
Müasir
elmi-texniki imkanlarla regiona xas olan ehtiyatların istifadə
olunması ilə turizmin bir sıra növlərinin
inkişafına nail olmaq mümkündür. Hər
şeydən əvvəl, bu, nadir təbiət, tarix abidələri,
landşaft və milli qonaqpərvərlik nümunələri
ilə müasir servis xidmətləri təklif edən mükəmməl
infrastruktur şəraitinin məharətli sintezi ilə
mümkündür. Azərbaycanda
bunların hamısının olması ölkəmizin
bütün ərazisində daxili və gəlmə turizmin
inkişafı üçün hər şəraitin
mövcudluğunu göstərir.
Ölkəmizin hələ sovet dövründən
İttifaq və dünya əhəmiyyətli məşhur
turizm incisinin - Qarabağın düşmən
işğalında olması isə bizim itirdiymiz turizm gəlirləri
ilə yanaşı işğalçı Ermənistana
qarşı da tutarlı təzminat faktıdır. İndi biz təkcə
Bakıda və Gəncədə deyil, Şahdağ və
Batabatda, Nabran və Naftalanda, Lerik və Qubada, Şəki və
Şamaxıda, bir sözlə, ölkəmizin hər guşəsində
turizm gəliri qazanırıq. Bundan dəfələrlə
artığını isə Şuşanın, Kəlbəcərin,
Turşsunun, Xudafərinin, Azıx mağarasının, Kərkinin,
Nüvədinin ... işğalına görə düşmənə
və onların havadarlarına qarşı təzminatla əldə
etmək olar. Qarşımızda Azərbaycanı
təkcə neft ixrac edən ölkə kimi deyil, eyni zamanda,
idman, mədəniyyət, tolerantlıq və turizm ölkəsi
kimi də tanıtmaq vəzifəsi durur.
Əli CABBAROV,
Naxçıvan Dövlət
Universitetinin
müəllimi, Sankt-Peterburq Beynəlxalq
Turizm Akademiyasının
üzvü, iqtisad
elmləri namizədi
Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 8.