İri Sığortaedənlərlə İş üzrə Departament ötən ili uğurla başa vurmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar və həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində 2010-cu ildə vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksəlmiş, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusilə diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm addımlar atılmışdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün uğurla davam etdirilən sosial-iqtisadi siyasət, strateji proqramların səmərəli gerçəkləşdirilməsi həyatımızın bütün sahələrində əsaslı inkişafa gətirib çıxarmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında qeyd etdiyi kimi: "Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü".

2010-cu ildə makroiqtisadi sabitləşmə və iqtisadiyyatın dinamik inkişafı ölkə vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsini təmin etmiş, sosialyönümlü bazar iqtisadiyyatına üstünlük verilməsi ilə bağlı əhalinin bütün təbəqələrinin rifahının yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər həyata keçirilmişdir. 2010-cu ildə ölkəmizdə əhalinin pul gəlirləri keçən ilə nisbətən 12,3 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,1 faiz, əmək pensiyasının orta aylıq məbləği isə 12 faiz artmışdır. 2010-cu ilin yekunlarına əsasən, yoxsulluğun səviyyəsi daha da aşağı düşərək 9,1 faiz təşkil etmişdir.

Ötən il Dövlət Sosial Müdafiə Fondu (DSMF) sığorta-pensiya sahəsində islahatları uğurla həyata keçirmişdir. Bu islahatların həyata keçirilməsi beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilmiş, ölkə ictimaiyyətinin rəğbətini və inamını qazanmışdır. Əsas olan budur ki, 2010-cu ildə pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsi təmin edilmiş, bu sahədə gecikmələrə yol verilməmişdir. Fond üzrə yığılan məcburi dövlət sosial sığorta haqlarının, (MDSS) böyük hissəsi İri Sığortaedənlərlə İş üzrə Departamentin (İSİD) üzərinə düşmüşdür.

Departamentin direktoru Mirnemət Məmmədovla görüşümüzdə bildirdi ki, 2010-cu ildə departamentin yığım hesabına 502.979,8 min manat vəsait daxil olmuşdur. Bu vəsaitin 45.618,9 min manatı büdcə, 453.421,2 min manatı qeyri-büdcə təşkilatından, 71,9 min manatı sanatoriya- kurort yollayışlarından, 3.546,3 min manatı pensiya və maliyyə sanksiyalarından və 321,5 min manatı səhvən daxil olmuş vəsaitlərdən ibarətdir.

Direktor qeyd etdi ki, 2010-cu ilin sonuna 1.217 sığortaedən qeydiyyatda olmuşdur ki, bunlardan 1.190 sığortaedən ötən ilin IV rübündə hesabat təqdim etmişdir. Hesabat təqdim etməyən 27 sığortaedəndən 19-u fəaliyyətini dayandırmışdır.

Mirnemət müəllim dedi ki, 2010-cu ildə ümumilikdə 1.907.926,3 min manat əməkhaqqı fondu hesablanmışdır. Onun 1.827.950,3 manatı ödənilmişdir. Hesablanmış əmək haqqına görə sığorta haqqı 476.981,6 manat ödənilmiş, əməkhaqqına görə hesablanmış sığorta haqqı 456.987,7 min manat təşkil etmişdir.

2009-cu illə müqayisədə 2010-cu ildə bu rəqəmlərdə xeyli artım olmuşdur. Məsələn, hesablanmış əməkhaqlarına görə artım 69.045,2, ödənilmiş əməkhaqlarına görə 55,096 manats. Bu rəqəmlər həm büdcə, həm də qeyri-büdcə ödəmələrində nəzərəçarpacaq dərəcədə çoxdur.

2010-cu ildə hesablanmış əməkhaqqına nisbətdə orta əməkhaqqı 498,3 manat təşkil etmişdir. Bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 33,3 manat çoxdur. Bu artım büdcə təşkilatlarında 458,4 manat, qeyri-büdcə təşkilatlarında isə 505,4 manat təşkil etmişdir.

Mirnemət müəllim dedi ki, fəaliyyətimizin mühüm sahələrindən biri məcburi dövlət sosial sığorta haqlarının toplanması ilə bağlıdır. Ümumiyyətlə, 2010-cu ildə əvvəlki illə müqayisədə 44 milyon manat çox vəsait toplanmışdır. Bu artım büdcə təşkilatları üzrə 2,4 milyon manat, qeyri-büdcə təşkilatları üzrə 41,6 milyon manat olmuşdur. 2010-cu ilin sonunda bütövlükdə sığortaolunanların faktiki sayında azalma müşahidə olunmuşdur. Belə ki, ötən ilin əvvəlində sığortaolunanlar 321.802 nəfər olmuşdursa, sonda bu 313.42 nəfərə enmişdir. Elə sığortaedənlərin sayında da azalmalar qeydə alınmışdır. Qeyd edək ki, büdcə təşkilatlarının sayında dəyişiklik olmamış, qeyri-büdcə təşkilatlarında isə 3 sığortaedən ləğv edilmişdir.

Sosial müavinətlərin ödənilməsi vəziyyətinə gəldikdə isə direktor onu bildirdi ki, 2010-cu ildə 13.555,7 min manat belə ödəniş həyata keçirilmişdir. Həmin məbləğ 2009-cu ilin eyni dövrü ilə müqayisədə 379,7 manat azdır.

Debitor borcların toplanması istiqamətində də departamentdə ciddi aparılmışdır. Direktorun sözlərinə görə, 2010-cu ildə debitor borcların məbləği 111.943 min manat olmuşdur ki, bunlardan 36.466,2 min manatı hesablanmış pensiya və maliyyə sanksiyalarından ibarət olmuşdur. 2010-cu ildə 3.587 min manat məbləğində pensiya və maliyyə sanksiyası tətbiq olunmuşdur.

Ötən il təşkilat tərəfindən 24 milyon manat həcmində debitor borc alınmışdır. Bu borcların alınması və hesablanmış məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi məqsədilə departament tərəfindən 6.891 inkasso sərəncamı qoyulmuş və 5,6 milyon manata yaxın vəsaitin tutulması təmin olunmuşdur.

Lakin debitor borcların alınmasına nə qədər səy göstərilsə də bəzi nazirlik və şirkətlər bu borcları vaxtında ödəməmişlər. Məsələn, Müdafiə Sənayesi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, eyni zamanda, özəlləşdirməyə verilmiş bəzi təşkilatlar tərəfindən borcların artımı baş vermişdir.

2010-cu ildə "Sosial sığorta" haqqında qanuna müvafiq olaraq sığortaedənlərdə səyyar yoxlamalar aparılmış, nəticədə 575.394,2 min manat gizlədilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilmiş, həmin təşkilatlara maliyyə sanksiyaları tətbiq olunmuşdur. Eyni zamanda, vəzifəli şəxsləri də cərimələmişik.

Fərdi uçot məsələsi ilə bağlı görülmüş işlər də diqqət mərkəzində olmuşdur. Direktor bu barədə geniş məlumat verərək bildirdi ki, ölkədə fəaliyyət göstərən sığortaolunanların fərdi uçot sistemində qeydiyyat aparılır. Hər bir sığortaolunan üçün fərdi hesabların açılması, həmin hesabların fərdi nömrəsi və vətəndaşın şəxsi məlumatları əks olunan SSŞ-nin rəsmləşdirilməsi, sonda isə sığortaolunanlara təhvil verilməsi prosesi gəlir. Sığortaolunanların hər birinə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə fondunda sığortaolunanın qeydiyyatına dair ərizə" (Q3) formasında onunla bağlı şəxsi məlumatlar yer aldıqdan sonra fondun yerli şöbələrinə təhvil verilir. Sonra bu formalar avtomatlaşdırılmış qaydada Fondun mərkəzi aparatında yaradılmış xüsusi skaner mərkəzində emaldan keçirilir. Avtomatlaşdırılmış yolla oxumaq üçün skanerlərdən çıxmış Q3 forması üzrə sığortaolunanlara dair məlumatların tamlığı, düzgünlüyü yerifikatorlar tərəfindən bütövlükdə yoxlanıldıqdan və təsdiq edildikdən sonra mərkəzi yaddaş bazasına ötürülür. Mərkəzi yaddaş bazasında sığortaolunanlara unikal sosial sığorta nömrəsi generasiya etməklə fərdi hesab açılır və bununla da SSŞ çap olunur.

2010-cu ilin sonuna olan məlumata görə, 396.572 nəfərdən yuxarı sığortaolunan qeydiyyatdan keçərək sosial sığorta kartı almışdır. 2006-cı il üzrə 1.291, 2007-ci il üzrə 1.338 və 2008-ci il üzrə isə 1.344 sığortaedən B3 hesabatı təqdim etmişdir. Təqdim olunan hesabatlar yoxlanıldıqdan sonra RPA proqramına salınmışdır. 2009-cu ilin B3 hesabatlarının qəbulu isə yekunlaşmaq üzrədir. Bu istiqamətdə işlər davam etməkdədir.

Ölkə başçısının bu yaxınlarda imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncam qarşımıza çox mühüm vəzifələr qoymuşdur. Departamentin kollektivi möhtərəm Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün səyləri birləşdirəcək. Cənab Prezidentin: "Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik ki, ölkəmizi daha da gücləndirək" tapşırığını əldə rəhbər tutaraq, 2011-ci il ərzində də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və Sosial Müdafiə Fondunun həyata keçirdiyi islahatların təmin edilməsi üçün kollektivimiz böyük uğurlar əldə etmək əzmindədir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2011.- 20 fevral.- S. 9.