Zərdab: təşəbbüskarlıq
və icra intizamı inkişafı sürətləndirir
Zərdab Rayon İcra Hakimiyyətində
keçirilən geniş şura iclasında ötən ilin
yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr
barədə hesabat məruzəsi dinlənildi, işgüzar,
prinsipial müzakirə getdi. Cari ildə həyata keçiriləcək
tədbirlər planı müəyyənləşdirildi, məsul
şəxslərə konkret tapşırıqlar verildi.
Hesabat məruzəsi ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, 2010-cu ildə respublikamızda əldə olunmuş nailiyyətlər, uğurlu nəticələr Zərdab rayonunun da ictimai-siyasi və sosial-iqtisadi inkişafında özünü göstərmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq hesabat ilində rayonda xeyli iş görülmüş, geniş quruculuq və abadlıq işləri aparılmışdır. Əhalini narahat edən sosial məsələlərin həlli istiqamətində inamlı addımlar atılmışdır. Proqramda nəzərdə tutulan 13 maddədən 10-nun icrasına başlanılmışdır.
Əhalinin əksəriyyətinin məşğuliyyəti kənd təsərrüfatı ilə bağlı olduğu üçün əsas diqqət aqrar bölmənin inkişafına yönəldilmişdir. 2010-cu ildə 32240 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmiş, sahələrin 51,1 faizini payızlıq dənli, 44,5 faizini yem, 1,9 faizini texniki, qalanını isə bostan və tərəvəz bitkiləri təşkil etmişdir. 2010-cu ilin məhsulu üçün 17134 hektar sahədə taxıl, o cümlədən 4313 hektar arpa, 12821 hektar buğda əkilmişdir.
Mart, aprel və may aylarında Kür, Göyçay və Türyançay çaylarının həddindən artıq qalxması və aramsız yağan leysan yağışlar ilə bağlı baş verən təbii fəlakət nəticəsində 1195 hektar əkin, o cümlədən 670 hektar taxıl sahəsi məhv olmuşdur. Qalan 16464 hektar taxıl sahəsindən 34498 ton məhsul istehsal olunmuşdur. Təbii fəlakət nəticəsində 2009-cu ilə nisbətən hər hektardan məhsuldarlıq 6,4 sentner, məhsul istehsalı 17884 ton az olmuşdur.
2010-cu ildə toxumçuluq üzrə 4 kəndli fermer təsərrüfatı 188 hektar sahədə toxumluq taxıl əkmişdir. 530 ton fiziki, 462 ton kondisiyalı çəkidə toxum istehsal edilərək torpaq mülkiyyətçilərinə satılmışdır. 2009-cu ildə 14 toxumçuluq təsərrüfatı fəaliyyət göstərdiyi halda, ötən il maddi-texniki bazanın zəif olması səbəbindən cəmi 6 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmişdir.
Hesabat
ilində 3064 ton kartof, 10758 ton bostan, 3489 ton tərəvəz
məhsulları istehsal olunmuşdur. 2009-cu ilə
nisbətən 90 ton tərəvəz, 1732 ton bostan məhsulu
artmışdır. Ötən il
rayonda pambıqçılığın inkişaf etdirilməsi
üçün müəyyən işlər
görülmüşdür. Hava şəraitinin əlverişsiz
keçməsinə baxmayaraq 622 hektarda çiyid əkilmiş,
271 ton pambıq tədarük olunmuşdur ki, bu da əvvəlki
ildən 224 ton çoxdur.
Heyvandarlığın
inkişaf etdirilməsi istiqamətində də xeyli iş
görülmüşdür. Son bir ildə iri
malın baş sayı 583 baş artaraq 53110-a, qoyun- keçilərin
sayı 1579 baş artaraq 107690-a, quşların sayı 703
baş artaraq 195116-ya yüksəlmişdir.
Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi
üçün 2010-cu ildə 2283 hektar təzə yonca səpilərək,
ümumi yonca sahəsi 14353 hektara çatmışdır. Bu sahələrdən
103903 ton qaba yem tədarük edilmişdir ki, bu da əvvəlki
ildəkindən 307 ton çoxdur. Rayonda
göl balıqçılığının,
arıçılığın inkişaf etdirilməsi
üçün Allahqulubağı, Pərvanlı, Qaravəlli,
Yarməmmədbağı kəndlərində
balıqçılıq təsərrüfatı
yaradılmış, arı pətəklərinin sayı 351-dən
400-ə çatdırılmışdır.
"Aqrolizinq"
ASC-nin Zərdab Aqroservis filialı 2010-cu ildə kənd təsərrüfatı
ilə məşğul olan mülkiyyətçilərə
payızlıq və yazlıq əkinlərdə 1267 hektar
şum aparmış, 2067 hektar taxıl sahəsini
biçmiş, 232 hektarın otunu çalmış, 30640 ədəd
ot-küləş presləmiş, 636 hektarda toxum səpmişdir.
Şum aparılmış sahələrin 364
hektarına mala çəkmişdir.
Torpaq
mülkiyyətçilərinə il ərzində güzəştli
qiymətlərlə 187 ton azot, 1,5 ton superfosfat gübrələri,
600 kiloqram ammonium nitrat, 50 litr vələmir otuna qarşı və
27,5 litr B-58 preparatı satılmışdır. Ötən il filial 4 taxılyığan kombayn, 1 şum
traktoru almışdır.
Aqrar sahənin
inkişafını təmin etmək üçün 2010-cu
ildə suvarma işlərinin təşkilinə diqqət daha
da artırılmış, 36010 hektara 71 nasos stansiyanın 165
aqreqatı vasitəsilə xidmət göstərilmişdir. 726 kilometrlik suvarma kanalları lildən təmizlənmişdir.
18 sudan istifadəedənlər birliyi
yaradılmışdır. Nəzəralılı
və Xanməmmədli kəndləri ərazisində yerləşən
nasos stansiyalarında daha məhsuldar nasoslar
quraşdırılmaqla, həmin ərazidə suvarmada olan
çətinliklər aradan qaldırılmışdır.
Rayon Meşəsalma Müəssisəsi 90 hektarda 297 min
palıd, çinar, akasiya, qovaq, şam və sərv
ağacları əkmişdir. 30 hektar yeni meşəliklər
meşə fonduna daxil edilmişdir. Rayon ərazisində,
o cümlədən magistral yolların kənarlarında iməciliklər
yolu ilə 80 min ağac əkilməsi təmin edilmişdir.
Hesabat
ilində rayonun iqtisadiyyatının əsas sahələrində
51,1 milyon manatlıq məhsul və xidmətlər
istehsal olunmuş, əvvəlki ilə nisbətən artım
2,6 faiz olmuşdur. Ümumi daxili məhsul
buraxılışında qeyri-dövlət sektorunun xüsusi
çəkisi 85 faizdən çox olmuşdur.
İstehsal olunmuş məhsul və xidmətlərin 60,4 faizi
kənd təsərrüfatı, 21,4 faizi ticarət və xidmət,
14,0 faizi tikinti, 2,1 faizi sənaye, 1,5 faizi nəqliyyat, 0,5 faizi
poçt və rabitə sahələrinin payına
düşmüşdür.
Məruzəçi bu yerdə qeyd etdi ki, Prezident
İlham Əliyevin ölkəmizdə sahibkarlığın
inkişaf etdirilməsi ilə bağlı həyata
keçirdiyi iqtisadi siyasətə uyğun olaraq 2010-cu ildə
rayonda bu sahənin inkişafına diqqət və
qayğı daha da artmışdır. Vaxtaşırı
olaraq rayon icra hakimiyyətində sahibkarlarla görüşlər
keçirilmiş, onları narahat edən məsələlər
öyrənilmiş və həlli istiqamətində müəyyən
tədbirlər görülmüşdür. İl ərzində 316 fiziki, 7 hüquqi şəxs
vergi orqanlarında qeydiyyatdan keçmişdir.
2010-cu ildə
316 daimi, son 7 ildə isə 5844 yeni iş yeri
yaradılmışdır. Rayon Məşğulluq
Mərkəzində 191 nəfər işaxtaran kimi qeydiyyata
alınmış, onlardan 175 nəfər mərkəzin
göndərişi ilə rayonun müxtəlif idarə və
təşkilatlarında işlə təmin olunmuşlar.
2010-cu ildə rayonda hər işçiyə hesablanan orta
aylıq əmək haqqı 2009-cu ilə nisbətən 3,7 faiz artaraq 163,4 manat təşkil etmişdir. 2010-cu ildə əhalinin aztəminatlı hissəsinə
ünvanlı sosial yardımın verilməsi davam
etdirilmiş, 653 ailəyə 610 min manat məbləğində
ünvanlı sosial yardım verilmişdir. 2009-cu ildə
bu göstərici 569,2 min manat olmuşdu.
Ötən ildə əhalinin elektrik enerjisi, təbii qaz
və içməli su ilə təchizatının
yaxşılaşdırılması üçün müəyyən
işlər görülmüşdür. 39 transformator
yarımstansiyasında, 46,1 kilometr elektrik
verilişi xəttində cari təmir işləri
aparılmışdır. Dəyəri 2,28
milyon manat olmaqla, 38 milyon kilovat/saat elektrik enerjisi istehlak
olunmuş, ödəmə 99,3 faiz təşkil etmişdir. Şəhərin 15-ci məhəlləsində və
Təzəkənd yaşayış sahəsində
ümumilikdə 21756 metr uzunluqda qaz xətti çəkilmişdir.
Otmanoba kəndi istiqamətində 10 min metr
daşıyıcı, Qaravəlli kəndinin ərazisində
13 min metr paylayıcı qaz xətti çəkilmiş, cari
ildə bu işlər davam etdiriləcəkdir. Dəyəri
371,5 min manat olmaqla 3,7 milyon kubmetr qaz
istehlak olunmuş, ödəmə 105,1 faiz təşkil
etmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu
ildə Alıcanlı kəndində modul tipli sutəmizləyici
qurğunun tikintisinə başlamışdır. Hazırda 12 kənddə 16
min nəfərə qədər əhali ekoloji cəhətdən
təmiz sudan istifadə edir. "Milli su təchizatı
və kanalizasiya xidmətləri üzrə ikinci layihə"nin həyata keçirilməsi çərçivəsində
almaniyalı və türkiyəli mütəxəssislər 4
dəfə rayonda olmuş, artıq hazırlıq işlərinə
başlanılmışdır.
2010-cu ildə rayon ərazisində geniş tikinti
quruculuq, abadlıq işləri həyata keçirilmişdir. Dövlət Proqramına
uyğun olaraq Zərdab-Mollakənd yolunun Zərdab rayonu ərazisindən
keçən 20,8 kilometr hissəsi tikilib
istifadəyə verilmişdir. Heydər Əliyev adına parkda daxili imkanlar hesabına Heydər
Əliyev Mərkəzinin tikintisinə, parkın giriş
qapısının yenidən qurulmasına
başlanılmışdır. 455 min
manatlıq tikinti quraşdırma işləri yerinə
yetirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin
rayon şöbəsinin binasında tikinti işləri davam
etdirilmiş, il ərzində 130 min
manatlıq tikinti quraşdırma işləri
görülmüşdür.
Çallı kəndi ərazisində smeta dəyəri
165 min manat olan Telemetrik Seysmik Stansiyanın tikintisi davam
etdirilir. Şəhər ərazisində Dövlət
Bayrağı Meydanının, rayonun müasir tipli giriş
qapısının tikintisinə
başlanılmışdır. Şəhərin 11-ci məhəlləsində
köhnə, qeyri-qanuni tikililər sökülmüş və
əhalinin istirahəti üçün nəzərdə
tutulmuş nümunəvi məhəllənin
salınmasına başlanılmış, 42,4
min manatlıq tikinti-quraşdırma işləri yerinə
yetirilmişdir.
L.Babayev
daha sonra bildirdi ki, ölkə Prezidentinin diqqət və
qayğısı sayəsində rayon rəhbərliyinin
müraciətinə əsasən, Dövlət Neft Şirkəti
rayonda tikinti-quruculuq işlərinin daha da sürətləndirilməsi
məqsədilə əlavə olaraq 1 milyon manat vəsait
ayırmışdır. Bunun 700 min manatı
şəhərin abadlaşdırılmasına, 300 min
manatı isə yol tikintisinə, şəhərin
küçələrinin asfaltlaşdırılmasına
istiqamətləndirilmişdir.
Rayon
üzrə abadlıq işlərinə 966 min manat,
yolların təmirinə 759 min manat, ümumilikdə, 1 milyon
725 min manatlıq vəsait sərf olunmuşdur. İl ərzində
rayonda 7,2 milyon manatlıq əsaslı
tikinti, təmir və abadlıq işləri
görülmüşdür.
Hesabat ilində Kür, Göyçay və
Türyançay çaylarında suyun səviyyəsinin həddən
artıq qalxması nəticəsində baş vermiş təbii
fəlakət rayonun su altında qalma təhlükəsini
yaratmışdır. Prezident İlham Əliyevin rayona göstərdiyi
yüksək diqqət və qayğı, rayon rəhbərliyinin
əzmkarlığı və təşkilatçılığı,
eləcə də əhalinin təbii fəlakətin
qarşısının alınması üçün səfərbər
olunması sayəsində rayonun 1 kəndini də su
basmamış, insan tələfatı olmamışdır.
Təbii fəlakətin qarşısı qətiyyətlə
alınmışdır. Respublikadan gəlmiş
və rayondan səfərbər olunmuş çoxsaylı
ağır texnikanın, eləcə də əhalinin
gücü ilə 67 kilometrdə bəndbərkitmə işləri
aparılmışdır.
Prezident
İlham Əliyevin tapşırığına əsasən,
şəhərin daha təhlükəsiz olan 32 hektar adlanan ərazisində
yeni qəsəbə salınmış, evləri
uçmuş ailələr üçün 51 ev tikilib istifadəyə
verilmişdir, hazırda həmin qəsəbə ərazisində
əlavə olaraq 20 evin tikintisi aparılır. Rayon üzrə
85 evdə bərpa-gücləndirmə işləri
görülür, 1500-dən çox ailəyə evlərinin
cari təmiri üçün 1 milyon 400 min manata qədər
yardım verilmişdir.
Çallı kənd xəstəxanası, Kəndəbil
kənd tibb məntəqəsi, Böyük Dəkkə kənd
uşaq bağçası, Məmmədqasımlı kənd
orta məktəbi və kənd mədəniyyət evi təmir
olunmuşdur.
Ağabağı kənd ibtidai məktəbi,
Qoruqbağı kənd uşaq bağçası,
Çallı kənd doğum palatası, Şəftəhal kənd
tibb məntəqəsi üçün yeni binalar 2011-ci ildə
istifadəyə veriləcəkdir. Hazırda
Respublika Fövqəladə Hallar Nazirliyində
çayların mühafizə zonasında yerləşən
və təbii fəlakətdən ziyan çəkən digər
ailələr üçün də yeni evlərin tikilməsi
məqsədilə araşdırmalar aparılır.
Hesabat
ilində orta məktəbi bitirmiş 576 nəfərdən
respublikanın ali məktəblərinə qəbul olunmaq
üçün 254 nəfər məzun Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasına ərizə vermiş,
onlardan 90 nəfər (23,6 faiz) ali məktəblərə qəbul
olmuşdur. 3 nəfər məzun 600-dən çox bal
toplamış, şəhər 1 saylı məktəb-liseyin
məzunu İbrahimli Nihad 685 bal toplayaraq Prezident təqaüdünə
layiq görülmüşdür. Gəlmə kənd orta məktəbin
müəllimi Şəmsiyyə Həsənova "Əməkdar
müəllim" fəxri adına layiq
görülmüşdür.
Keçən
il 180 yerlik Şıxbağı kənd
orta məktəbi üçün yeni bina tikilib istifadəyə
verilmişdir. Cilovxanlı kəndində 80
yerlik ibtidai məktəb fəaliyyətə
başlamışdır. Şəhər
1 və 2 saylı uşaq bağçaları əsaslı təmir
edilmişdir. 272 min 703 manatlıq inventar və
avadanlıqlar alınıb təhsil müəssisələrinə
verilmişdir. Son illərə qədər hər 70-80 nəfərə
1 kompyuter düşdüyü halda, hazırda 192 ədəd
müasir tipli kompyuter vardır ki, bu da hər 29 şagirdə
1 kompyuter deməkdir.
2010-cu ildə
rayon əhalisinə 105 çarpayılıq Mərkəzi Xəstəxana,
45 çarpayılıq 3 kənd sahə xəstəxanası,
11 kənd həkim və 12 tibb məntəqəsi, 1 növbədə
200 nəfər xəstə qəbul edən poliklinika və
Gigiyena və Epidemiologiya Mərkəzi tibbi xidmət göstərmişdir.
İl ərzində 88,5 min manatlıq bərk
və yumşaq inventar, 176,9 min manatlıq dərman və
sarğı materialları alınmışdır. Mərkəzi xəstəxananın reanimasiya
şöbəsində 30 min, Məmmədqasımlı kənd
həkim məntəqəsində 26 min manatlıq əsaslı
və cari təmir işləri aparılmışdır.
Mərkəzi Rayon Xəstəxanasına dəyəri
150 min manat olan "Mercedes" markalı təcili tibbi
yardım maşını alınmışdır.
Məruzəçi ayrı-ayrı sahələrdə
görüləsi təxirəsalınmaz işlərə də
toxundu, mövcud nöqsanları ciddi tənqid etdi, məsul
şəxslər qarşısında konkret vəzifələr
qoydu. Sonda L.Babayev bildirdi ki, Prezident İlham Əliyevin
regionlar, eləcə də Zərdab qarşısında
qoyduğu yeni məsul vəzifələr, tövsiyə və
tapşırıqlar 2011-ci ildə də dəqiq,
ardıcıl həyata keçiriləcəkdir.
Müşavirədə
çıxış edən Suvarma Sistemləri İdarəsinin
rəisi Soltan Sadıqov, maliyyə şöbəsinin rəisi
Cərulla Cərullayev, polis şöbəsinin rəisi Elnur Həsənzadə,
Veteranlar Şurasının sədri Hüseyn Həsənov,
YAP gənclər təşkilatı rayon şöbəsinin sədri
Ramin Əliyev və başqaları uğurları artırmaq,
problemlərin həllini sürətləndirmək
yollarından söz açdılar.
Azərbaycan Prezidenti Administrasiyasının məsul
işçisi Rəhim Məmmədov, Milli Məclisin
deputatı Jalə Əliyeva yığıncaqda
çıxış etdilər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 10.