Xocalı
soyqırımına aparan yol
Bəşər
tarixində kütləvi insan qırğınları
çox olub. Təbii fəlakətlər nəticəsində
həyatını itirənlərin müsibəti başa düşüləndir. Hansısa qəbahət
işə görə Allahın qəzəbinə düçar olaraq
dünyasını dəyişənlərə adam bir o
qədər də heyfsilənmir. Uzaqbaşı, "öz cəzasıdır" - deyə təskinlik
tapır. Ancaq insanın insan
tərəfindən xüsusi
amansızlıqla öldürülməsi başa
düşülən deyil. Belə hərəkət
heç kim tərəfindən
məqbul sayıla bilməz, həyat qanunları da bunun əleyhinədir. Lakin bütün qadağalara baxmayaraq, insanlar qətlə
yetirilir, evlər-eşiklər
dağıdılır, bütöv bir yaşayış məntəqəsi viranəyə
çevrilir. Ən dəhşətli hal burasıdır ki, cani məlum olsa da, tədbir görən tapılmır.
Cinayətkar, quldur isə öz
qanlı əməllərini davam etdirməklə,
bir növ, dünyaya meydan oxuyur, cəzasızlıq şəraitindən
"ruhlanaraq" daha
da azğınlaşır, vəhşiləşir.
XX əsrdə aparılan müharibələr zamanı sakinləri məhv edilərək yer üzündən silinən yaşayış məntəqələrini xatırlayaq: Xatın, Lidise, Sonqmi... və Xocalı. 19 il bundan əvvəl, qədim tarixə malik bu Azərbaycan şəhərinin erməni faşistləri tərəfindən yerlə-yeksan edilməsinə, yüzlərlə günahsız insanın təkcə milliyyətcə türk olduğuna görə, xüsusi qəddarlıqla öldürülməsinə dünya ictimaiyyətinin biganəlik göstərməsi adamı dəhşətə gətirir. Xocalı soyqırımına gedən yol uzundur, müəmmalarla doludur. Sivilizasiyanın tərəqqi etdiyi XXI əsrin astanasında insanlığa qarşı törədilən bu tarixi cinayəti ört-basdır etmək mümkün deyil. Ona görə ki, bu ağlasığmaz qanlı cinayəti törədənlər bəllidir, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı və ona bitişik əraziləri işğal altında saxlayanlar əvvəl-axır öz əməllərinin layiqli cavabını alacaqlar.
Vaxtilə Rusiya imperiyasının himayəsi və köməyi ilə İrandan, başqa yerlərdən Azərbaycana köçürülən ermənilər indi bu cənnətməkan diyarın qəniminə çevriliblər. Daha çox məskunlaşdıqları tarixi Azərbaycan torpağı olan Qarabağın dağlıq hissəsini ayırıb, yenə də rusların apardığı məkrli siyasət nəticəsində qədim türk torpaqları üzərində yaradılan Ermənistana birləşdirmək xülyasına düşüblər. Əslində, bu istək və arzu erməniləri heç vaxt rahat buraxmayıb. Onlar vaxtaşırı bu məsələni ortaya atmaqla məqsədlərinin ciddi olduğunu büruzə verməkdən çəkinmirlər.
Ötən əsrin 80-ci illərində Sovet İttifaqında yenidənqurma prosesi başlayanda ermənilər sanki bunu gözləyirmiş kimi bütün dünyada fəallıqlarını artırdılar. 1985-ci ildə "Daşnaksütyun" Partiyasının Afinada keçirilmiş XXIII qurultayı erməniləri "Böyük Ermənistan" uğrunda mübarizəni yenidən genişləndirmək üçün yaranmış əlverişli şəraitdən istifadə etməyə, qüvvələri birləşdirməyə çağırdı. Antitürk təbliğatı və terrora səfərbərlik daha da gücləndirildi. 1986-cı ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni milli separatçılıq təbliğatı açıq və geniş xarakter aldı. Moskva rəsmilərində antitürk əhval-ruhiyyənin formalaşmasına Qorbaçovun yaxın əhatəsində olan şahnazaryanlar, aqanbekyanlar mühüm təsir göstərdi.
Ölkənin aparıcı mətbuat orqanlarında açıq-aşkar eyhamlar vurulurdu ki, Qorbaçovun xanımı Parisdə əntiq əşyalar satan imkanlı ermənilərlə əlaqə saxlayır və onların diqqətindən məmnun qalmışdı. Lakin Raisa xanımın onlara verdiyi vədin yerinə yetirilməsi müşkül iş olduğu üçün, az sonra Yerevanda bəxşişlərin geri qaytarılması tələbi ilə mitinqlər keçirilməyə başlandı. İş o dərəcəyə çatdı ki, SSRİ Ali Sovetinin sessiyasında deputat Henrix İgityan Qorbaçova müraciətlə "Axı siz söz vermişdiniz..." - deyə vədə əməl olunmasını təkidlə tələb edirdi.
Həmin dövrdə ermənilərin dırnaqarası ziyalıları sayılan Paruyr Qazaryanın, Zori Balayanın, Sero Xanzadyanın, Silva Kaputikyanın və başqalarının tarixi saxtalaşdıran, azərbaycanlıları təhqir edən qızışdırıcı "əsərləri" erməni millətçiliyinin daha davakar xarakter almasında, milli münaqişənin alovlanmasında müstəsna rol oynayırdı. Zori Balayanın "İki od arasında", "Qəza" , "Ocaq" kitabları "əzabkeş xalqa" daha emosional təsir göstərmişdi. "Qarabağ" komitəsinin fəaliyyəti genişlənmişdi. Ermənistandan Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsinin vacibliyini sübut etmək niyyəti ilə dünyanın 30-dan çox dövlətinə müraciətnamələr göndərildi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılması ermənilərin əzəli istəklərinin reallaşdırılması üçün ümidləri artırdı. Elə oktyabr ayında bu münasibətlə Yerevanın Puşkin meydanında "Qarabağ" komitəsinin ilk açıq mitinqi keçirildi. Bundan bir ay sonra isə Qorbaçovun ən yaxın əshabələrindən biri, akademik Abel Aqanbekyan Fransanın paytaxtı Parisdə "Humanites" qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin məqsədəuyğun olduğunu və bu barədə dövlət başçısına təklif göndərdiyini bütün dünyaya bəyan etdi.
"Qarabağ" komitəsinin Azərbaycanda, xüsusən Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı "Krunk" açıq fəal mübarizəyə başladı. "Miatsum" (birləşmə) şüarı altında fəaliyyətini genişləndirən "Krunk" 1988-ci il martın 2-də "DQMV-nin Ermənistana birləşdirilməsi uğrunda mübarizə komitəsi", "İri müəssisə rəhbərlərini birləşdirən 55-lər komitəsi" yaratdı. Qeyd etmək lazımdır ki, dünyada baş verən dəyişiklikləri vaxtında görmək və düzgün qiymətləndirmək, Azərbaycan xalqını gözləyən təhlükələrə qarşı qabaqlayıcı tədbirlər həyata keçirmək, vahid milli platforma yaratmaq əvəzinə respublika rəhbərliyi bağışlanılmaz bir passivlik, laqeydlik nümayiş etdirirdi. Başsız qalmış xalqın kortəbii etiraz hərəkətləri səmərəli nəticə vermirdi.
Ermənilər isə gündən-günə azğınlaşırdılar. Azərbaycanlıların ata-baba torpaqlarında 1920-ci ildə yenə də rusların köməyi ilə özlərinə dövlət yaradan ermənilər 1988-ci ildə Ermənistan Respublikası ərazisindəki 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlını qovdu, onlara məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər qəddarcasına öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, qız-gəlinlərin namusu təhqir olundu. 15 min nəfərdən çox kürd, bir neçə min rus və başqa millətlərin nümayəndələri Ermənistandan çıxarıldı. Bununla da Ermənistan, demək olar ki, monoetnik bir ölkəyə çevrildi.
1988-ci il fevralın 12-də Yerevanda izdihamlı antitürk mitinqi keçirildi. "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistanda ermənilər yaşamalıdır!" və başqa millətçi şüarlar səsləndirən mitinqçilər fevralın 21-də Yerevandakı müsəlman məscidinə hücum edərək, onu yandırıb dağıtdılar. Aşıq Ələsgərin qəbri təhqir edildi, böyük şairimiz Səməd Vurğunun abidəsi uçurduldu. İlboyu davam edən bu vandalizm hərəkətləri Dağlıq Qarabağda yaşayan erməniləri də ruhlandırdı, onlar daha fəal aksiyalar keçirməyə başladılar. 1988-ci ilin əvvəllərindən etibarən burada ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirildi. Fevral ayının 15-18-də Dağlıq Qarabağ Muxtar Vilayətinin, Şuşadan başqa, bütün rayon sovetlərində sessiyalar keçirilərək, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında qərar qəbul edildi. Mitinqçilərin tələbi ilə analoji qərar fevralın 20-də Vilayət Sovetinin sessiyasında da qəbul edildi. Belə bir gərgin vəziyyətdə Moskva münaqişəni daha da qızışdırdı. Sov.İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş üzvü sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışdı, Yerevana gedən üzvü isə DQMV-dəki separatçılığa haqq qazandırdı.
Azərbaycan Respublikasının suveren hüquqlarının tapdalanmasına Moskva ilə yanaşı, Bakıda da rəhbərliyin biganəliyini görən xalq böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri keçirilirdi. Ermənistandan azərbaycanlıların döyülüb, alçaldılıb qovulmasına, Dağlıq Qarabağda isə ermənilərin həyasız separatçı tələblərinə qarşı münaqişə zonasında yaşayan azərbaycanlılar xüsusən qəti etirazlarını bildirirdilər. Aran Qarabağ bölgəsində toplanaraq Dağlıq Qarabağda münaqişəni başlanğıcda həll etmək, onun böyüyüb qanlı müharibəyə çevrilməsinin qarşısını almaq üçün əliyalın olsa da yürüşə hazırlaşan azərbaycanlıları rəsmi Bakının göstərişi ilə dayandırdılar. Hətta Ermənistandan qovulmuş azərbaycanlıların Dağlıq Qarabağda yerləşdirilməsinə yasaq qoyuldu. Fevralın 21-də vilayətin Əsgəran rayonunda ermənilərin iki nəfər azərbaycanlını öldürməsi, 19 nəfərin yaralanması vəziyyəti daha da gərginləşdirdi. Fəndgirlikdə tayı-bərabəri olmayan ermənilər dünya ictimaiyyətinin gözündə öz əməllərini gizlətmək, azərbaycanlıların "vəhşi" obrazını yaratmaq üçün 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində Eduard Qriqoryanın fəal iştirakı ilə fitnəkarlıq hadisələri törətdilər.
Həmin hadisələrin əvvəlcədən planlı şəkildə hazırlandığını sübuta yetirən danılmaz faktlar vardı. Belə ki, hadisədən bir neçə gün əvvəl şəhərdə yaşayan varlı ermənilər əmanət kassalarındakı pullarını götürərək aradan çıxmışdılar. Fitnəkarlığı lentə almaq, elə səhəri gün hay-küylə bütün dünyaya çatdırmaq məqsədilə cinayətlər baş verəcəyi ərazilərdə əvvəlcədən planlaşdırılmış yerlərdə tele-fotooperatorlar yerləşdirilmişdir. Qanlı cinayətlərin əsas icraçısı olan E.Qriqoryan özü şəxsən 9 ermənini qətlə yetirmişdi. Sonradan istintaq nəticəsində sübuta yetirilmişdi ki, öldürülən ermənilər "Krunk" təşkilatına pul verməkdən imtina edən adamlar olmuşlar.
Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk vaxtlardan azərbaycanlıları ermənilərlə "dialoqa çağıran" Qorbaçov özü erməni separatizminin ideoloqlarını birtərəfli qaydada Kremldə söhbətə dəvət etdi. Sonralar həmin görüşü xatırlayan Qorbaçov etiraf etdi ki, "mən onlara məsələnin tarixini ətraflı izah etməyə imkan verdim... səylə toplanmış sənədləri, coğrafi xəritələri, tarixi arayışları mənə göstərdilər. Sonra isə ermənilərin necə sıxışdırılmasından, Ermənistandan təcrid edilmələrindən, qədim abidələrinin dağıdılmasından söhbət açdılar... İslamın xristianlıq üzərinə hücumu davam edir! Qonaqlarımdan biri bunları belə səciyyələndirdi. "Lakin əlində tarixi həqiqətləri öyrənmək üçün bütün imkanları olsa da erməni saxtakarlığına uyan, bəlkə də uymaq istəyən Sov.İKP MK-nın Baş katibi azərbaycanlıların fikri ilə maraqlanmadı. Həmin münaqişə ilə bağlı Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovu qəbul etməkdən boyun qaçırdı. Bununla da açıqca bildirdi ki, Dağlıq Qarabağ məsələsində dövlət başçısı ermənilərin tərəfindədir. Ölkənin rəhbəri bildirirdi ki, bu məsələ Stalinin dövründə düzgün həll edilməyib, onu indi demokratizm və yenidənqurma çərçivəsində həll etmək lazımdır.
Münaqişəni sivil yolla, beynəlxalq hüquq normalarına uyğun həll etmək əvəzinə Moskva bir-birini təkzib edən qanunsuz qərarlar çıxarmaqla millətlərarası münasibətləri daha da kəskinləşdirdi. Azərbaycandakı rəhbərliyin fərasətsizliyi üzündən Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibindən çıxarılaraq birbaşa Moskvaya tabe edildi. Bunu görən digər müttəfiq respublikalardakı muxtar qurumlar da baş qaldırdılar. Ermənistan SSRİ qanunlarını kobud şəkildə pozaraq Azərbaycanın daxili işlərinə qarışan qərarlar qəbul etdi. Buna kəskin etiraz əlaməti olaraq Azərbaycanda ümumxalq hərəkatı başladı. Moskva bu dəfə də ermənipərəst siyasət yürüdərək azərbaycanlılara "dərs vermək" qərarına gəldi. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Moskvanın qərarı ilə Bakıya hərbi müdaxilə edildi, yüzlərlə günahsız, əliyalın insan vəhşicəsinə öldürüldü, yaralandı, şikəst qaldı. Lakin bu da yenidənqurma ideyasının müəllifi Qorbaçovun hakimiyyətdə qalmasına kömək etmədi. Əksinə, öz xalqına qarşı silah işlədən ölkənin nüfuzu heçə endi, 70 il dünyaya meydan oxuyan SSRİ dağıldı. Başqa respublikalar kimi müstəqillik əldə edən Ermənistan suveren Azərbaycanın ərazisində öz çirkin əməllərini tarixi havadarları olan rusların bilavasitə köməyi ilə davam etdirdi. Artıq iki qonşu respublika arasında açıq-aşkar müharibə gedirdi. Azərbaycanın başqa əraziləri də işğal olunurdu. Hadisələrin gedişi Xocalı soyqırımını günbəgün yaxınlaşdırırdı.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 10.