Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü ordudur

 

Ermənistan ordusu isə çökür

 

Azərbaycan iqtisadiyyatının ildən-ilə inkişafı ordu quruculuğu sahəsində də özünü qabarıq göstərir və ciddi irəliləyişlərlə müşahidə olunur. Təsadüfi deyil ki, fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Azərbaycan Prezidenti son illər ölkənin həm iqtisadi, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçdiyini diqqətə çatdırmış, Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığına malik olduğunu bildirmişdir.

 

Yeri gəlmişkən, bu günlərdə ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edərkən müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ermənistanın işğalçılıq siyasətini kəskin tənqid etmiş, torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü diqqətə çatdırmışdır. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan ordusu bu gün nəinki Cənubi Qafqaz regionunda, xüsusilə beynəlxalq aləmdə öz imici ilə seçilir.

Azərbaycan ordusundan fərqli olaraq bu gün Ermənistanda Silahlı Qüvvələr quruculuğunda çox ciddi problemlər hökm sürür. Əhalinin kəskin şəkildə sosial təbəqələşməsi, Yerevan erməniləri ilə Qarabağ erməniləri arasında daim qeydə alınan konfliktlər, ümumiyyətlə, əhalinin ehtiyac ucbatından ölkəni tərk etməsi Ermənistanın müdafiə sistemində ciddi uçurumlar yaratmışdır. Erməni gəncləri Qarabağda xidməti, yəni Qarabağ torpaqlarını müdafiə etməyə yollanmağı özlərinə artıq yük sayır və xidmətdən kütləvi şəkildə yayınırlar. Silahlı Qüvvələrdə ciddi qanun pozuntuları hökm sürür. Ayrı-ayrı hərbi hissə və birləşmələrdə intizam pozuntuları, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və rüşvətxorluq kimi neqativ hallar adi hal alıb. Ermənistan ordusunun ən böyük problemlərindən biri də "dedovşina"dır. Yerevan erməniləri bir qayda olaraq Qarabağ ermənilərinə yuxarıdan aşağı baxır, onları mənəvi və psixi təhdidlərlə daim təzyiq altında saxlayırlar. Yeri gəlmişkən, bütün bunlar Ermənistanın mövcud ictimai, siyasi durumundan irəli gəlir. Xalqla iqtidar arasında mənəvi ruhi bağlılığın olmaması, dövlət hakimiyyətində oturanların ancaq öz şəxsi mənafeləri üçün çalışması, Qarabağ kartından xalqa təzyiq vasitəsi kimi istifadə etməsi kimi hallar ölkənin iqtisadi -siyasi həyatını iflic vəziyyətinə salmışdır. "Jamanak" qəzetinin yazdığına görə, xalqla dövlət arasında uçurum o həddə çatıb ki, hətta Ermənistan prezidenti Serj Sarkisyan şəxsi mühafizəsini xeyli gücləndirib.

"Serj Sarkisyanın belə xoflanmasının səbəbləri aydın deyil. Doğrudanmı bu insan düşünür ki, zirehli avtomobillərin sayını artırmaq və məmurlara zirehli jiletlər geyindirməklə hakimiyyətini qoruya biləcək?! Sarkisyanın nəzərinə çatdırmaq istərdim ki, Norveç kralı tez-tez metroya düşür, elektrik qatarlarından istifadə edir və təbəələri ilə bir yerdə olur. Kimsə ona sui-qəsd etmək haqqında fikirləşmir. Çünki kral vətəndaşlarını düşünür", - deyə Ermənistanın sabiq prezidenti, ölkə müxalifətinin faktiki lideri Levon Ter-Petrosyan söyləyib.

Vaxtilə Sarkisyanın hakimiyyətə gəlişində müstəsna rol oynayan, iqtidar koalisiyasında təmsil olunan, sonra isə hakim rejimlə yollarını ayıran daşnaklar da son qərarı "qorxaqlıq nümunəsi" sayırlar. Ermənistan İnqilabi Federasiyası - "Daşnaksütyun"un İrəvan bürosunun rəhbəri Karo Manoyanın dediyinə görə, bu, çox qəribə və absurd işdir: "Əgər "Jamanak"ın yazdıqları doğrudursa, - mən isə buna şübhə etmirəm - deməli, Sarkisyanın vəziyyəti ürəkaçan deyil. Bu qərar Ermənistanı idarə edən dəstənin zəifliyini, xalqdan dəstək almadığını və əslində xalqın ona qarşı olduğunu anlamasının timsalıdır". Belə bir vəziyyətdə Ermənistanın bütün sahələrdə yüksək tərəqqiyə nail olmuş Azərbaycanla siyasi və hərbi konfliktə girməsi qarşı tərəf üçün arzuolunmazdır. Bunu yerli ermənilər də yaxşı başa düşürlər. Düşmən dövlətin uzun müddət qeyri-konstruktiv mövqe sərgiləməsi bu ölkənin tam iflası ilə nəticələnə bilər. Son zamanlar baş verən proseslər bunu deməyə əsas verir.

 

 

İsa İSMAYILOV

 

Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 11.