Üçüncü muğam televiziya müsabiqəsinə start verildi

 

2005-ci və 2007-ci illərdə keçirilmiş "Muğam" televiziya müsabiqələrindən aldığımız xoş təəssürat, yəqin ki, bundan sonra da uzun müddət yaddan çıxmayacaq. Öz gözəl ifalarıyla muğam sənətini dünyaya tanıdan gənc istedadların hər bir çıxışını necə səbirsizliklə gözlədiyimiz günlər bir o qədər də uzaq keçmişdə deyil. Bu gün adlarını iftixarla çəkdiyimiz müsabiqə iştirakçılarından İlkin Əhmədov, Təyyar Bayramov, Babək Niftəliyev, Vəfa Orucova, Abgül Mirzəliyev, Güllü Muradova, Rəvanə Ərəbova, Nişanə Baxışova, Könül Tağıyeva, Aytən Məhərrəmova, Qoçaq Əsgərov, Ehtiram Hüseynov, ən azyaşlı Elməddin İbrahimov və digər istedadlar artıq xanəndə kimi tanınır və xalq tərəfindən sevilirlər.

 

Ölkənin mədəni həyatında fəal iştirak edən, gənc ikən beynəlxalq aləmdə muğamatımızı təmsil edib Vətənin yüksək fəxri adlarına layiq görülən istedadlı gənclər bütün bu nailiyyətləri ilk növbədə ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ulu muğam sənətimizə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində əldə etmişlər. Təbii ki, Mədəniyyət və Turizm Nazirliyi , Azərbaycan Dövlət Televiziyası,Azərbaycan Mədəniyyəti Dostları Fondunun muğam sənətinin təbliği və tərəqqisindəki mənəvi dəstəyi də az rol oynamayıb.

Xəbər verdiyimiz kimi, fevralın 14-də Beynəlxalq Muğam Mərkəzində 3-cü Muğam televiziya müsabiqəsinə start verilmişdir. Həmin gün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında fəaliyyət göstərəcək yeni "Mədəniyyət" telekanalının da açılışı, sözün əsl mənasında bayrama bayram qatdı. Dövlət və hökumət rəsmilərinin, ictimaiyyətin nümayəndələrinin və respublikanın tanınmış incəsənət ustalarının iştirak etdiyi mərasim Azərbaycan Dövlət himninin səslənməsilə başladı.

Azərbaycanın müxtəlif bölgələrindən müsabiqəyə qatılmış gənc xanəndələrin yanvarın 5-də başa çatmış seçim turundan yalnız 20 iştirakçı müsabiqədə iştirak etmək hüququ qazanmışdı. Tərkibində elə bir dəyişiklik olmayan münsiflər heyətinə yenə də respublikanın xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov və əməkdar incəsənət xadimi Nadir Axundov daxil edilmişdilər. Ötən müsabiqədən fərqli olaraq gənc xanəndələri artıq üçlük deyil, istedadlı tarzən Sahib Paşayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı müşayiət edir.Muğam-2007 televiziya müsabiqəsindən yaxşı tanıdığımız və öz aparıcılıq mədəniyyəti ilə seçilən Natəvan Osmanlı və Səxavət Nur da bu müsabiqədə yenə eyni şövq və istəklə hər bir iştirakçını təqdim edir, onlara mənəvi dəstək olmağa çalışırlar. Bu sözləri televiziya çəkiliş qrupunun quruluşçu rejissoru Rövnəq Həsənzadə və qrupa daxil olan təcrübəli operatorlar haqqında da demək olar.

Bundan sonra bütün muğam yarışmalarının, müsabiqə və festivalların bu sənət məbədgahında keçiriləcəyini qeyd edən Nadir Axundov, ansambl və müsabiqə iştirakçılarının hər birinin milli geyiminin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hədiyyəsi olduğunu da diqqətə çatdırdı.

Müsabiqənin ilk həftəsi Azərbaycan xalq mahnılarrına həsr edildi. Birinci onluğa daxil olan Mirələm Mirələmov "Şuşanın dağları"nı, Səadət Cavadova "Qaragilə"ni, Səfər İdrisov "Kimə yalvarım"ı, Nigar Şabanova "Üç telli durna"nı, "Sona bülbüllər"i ifa etdilər. Yeri gəlmişkən onu da qeyd edim ki, Mustafa Mustafayevin Qədir Rüstəmovun səsi və ifaçılıq manerasını olduğu kimi tamaşaçılara çatdırmaq istəyi müəyyən mənada baş tutsa da, tamaşaçıların , hətta zaldan müsabiqənin gedişini izləyən Qədir Rüstəmovun özünün belə alqışını qazansa da, dəyərli münsiflərin qiyməti heç də birmənalı olmadı. Əlibaba Məmmədov ifanı bəyənsə də, gənc xanəndəyə öz yolunu tapmağı tövsiyə edərək "İzlə gedənin izi qalmaz" - dedi. Zabitə Alıyevanın "Sarı gəlin", Sovqat Cavadovun "Qara tellər", Günay İmamverdiyevanın "Gəl bizə yar", Alış Həmzəyevin "Küçələrə su səpmişəm", Nigar Rəhimovanın "Dağlardan aşdım" xalq mahnılarına diqqətlə qulaq asan münsiflər heyəti, gənc xanəndələrin belə mötəbər müsabiqədə ilk dəfə çıxış etdiklərindən bərk həyəcan keçirdiklərini, bəzi xanəndələrin səsinin yerində olmadığını, oxuduğu qəzəllərin sözlərini düzgün tələffüz etmədiklərini, bəzən də xaric oxuduqlarını dilə gətirsələr də qiymət verərkən çox iştirakçılara güzəştə getməli oldular. İnsafən, fevralın 17-də keçirilən ikinci onluğun çıxışları daha yaddaqalan oldu.

Münsiflər heyəti nəzərə almalıdır ki, hər bir ifaçının kimin tələbəsi olduğu və respublikanın hansı bölgəsini təmsil etməsi əsl tamaşaçı üçün elə bir əhəmiyyət kəsb edə bilməz.Ona görə də iştirakçını qiymətləndirərkən onun kimin tələbəsi olmasının elan olunması, istər-istəməz tamaşaçıda belə bir fikir formalaşdırır ki, müəyyən mənada xanəndənin sənətindən daha çox onun müəlliminin şəxsiyyətinə qiymət verilir. Bu mənada elə bilirəm obyektivlik naminə gələcəkdə bu kimi nüanslar nəzərə alınsa daha yaxşı olardı.

İkinci onluğun ən yaddaqalan, ən çox tamaşaçı alqışını qazanan iştirakçı Kamilə Nəbiyeva oldu. Onun Segah üstündə oxuduğu "Aşiqəm, kimə yalvarım" xalq mahnısını tamaşaçıların hərarətlə qarşıladıqlarını yəqin ki, çoxmilyonlu tamaşaçılar da unutmayıblar. Elə bu səbəbdən də münsiflərin hər biri onu fikirləşmədən belə ən yüksək balla qiymətləndirdi. Yadda qalan çıxışlardan biri də Məmməd Nəcəfovun Zəminxarə üstündə oxuduğu "Getdi yar", Anar Abbasovun "Süsən sünbül", Könül Məmmədlinin "Evləri var xana-xana", 17 yaşlı Pərvin Məmmədlinin Zil Qatar üstündə "Bulud zülflüm", 16 yaşlı Zeynəb Quliyevanın "Qara tellər", Fizzə Mirzəyevanın "Ahu kimi", Səbinə Ərəblinin "Könül açdım", Ariz Hüseynovun Qatar üstündə "Meyvələrdən üç meyvə var" və Elsevər Muradovun Segah üstündə oxuduğu "Yaşılbaş sona" mahnıları oldu. Mahnılar o qədər şirin və ustalıqla ifa olundu ki, münsiflər iştirakçılara fərq qoymaga belə çətinlik çəkdilər.

Müsabiqənin şərtlərinə görə, ən az bal toplamış iştirakçı həmin gün müsabiqəni tərk etməliydi. Son söz sahibi olan Nadir Axundov tamaşaçıları və iştirakçıları çox intizarda saxlamadı. Onun müsabiqənin ilk həftəsinin sınaq olduğunu və bu səbəbdən heç kimin müsabiqəni tərk etməyəcəyini elan etməsi isə əslində hamının ürəyincə oldu.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 11.