"Bir qış gününün xatirəsi"nə
sığındı könlüm...
Vətən, torpaq, yurd sevgisi doğma
ocaqdan, eldən
başlayır. Sən öz böyük Vətənini
də kiçik kəndinin
bir ovuc
torpağından, bir çiçəyin
ətrindən sevməyə başlayırsan. Arı güllərin
şirəsini çəkdiyi kimi, sən də bu sevgini içinə
çəkib güc alırsan
yaşamağa, yaratmağa.
Bir günsə o torpaq, o
doğma el-oba çağırır səni öz
borcundan çıxmağa...
Bu
qış həm isti keçdi, həm mülayim, həm də
gecikdi. ...Birdən-birə düşən soyuqsa təkcə
canımı yox, ruhumu, qəlbimi də üşütdü. Gecikmiş
qışın qəfil sazağından, soyuq küləyindən,
bomboz rəngə bürünmüş günlərindən
usanıb pənah gətirdi ruhum "Bir qış
gününün xatirəsi"nə. Könül evimdə
baş qaldırdı soyuq günlərin isti xatirəsi. O
qış gününün istisini hələ payızda
duymuşdum - Novruz Nəcəfoğlunun "Bir qış
gününün xatirəsi" kitabını əlimə
alarkən. Niyə istisini? Çünki bu kitabın hər sətri,
hər kəlməsi istiydi yay kimi, gözəl idi yaz kimi, pərişan
idi payız xəzəli kimi... Mənsə qəlbimi ovudacaq,
ruhumu oxşayacaq o sözü gəzirdim. Qışın
cansıxıcı əhval-ruhiyyəsindən qurtulub isinmək
istəyirdim bir qış gününün xatirəsində.
Gəzdiyim o isti kəlmə, o həlim söz, o həssas ruh
süzülüb gəlirdi misralardan:
Gedib
çata bilmədiyim,
O
dağ məni bağışlasın.
Meyvəsini
dadmadığım,
O
bağ məni bağışlasın.
Məni
də o kənd bağışlasın. O ev, o həyət, o
yol, o yamac, o cığır bağışlasın. İndi
küskün-küskün yuxularıma girən o yerlər
bağışlasın. Şəhərdə böyüsəm
də yay tətillərimiz baba yurdumda - Astaranın Pensər kəndində
keçirdi. Və mən o kəndi çox sevmişdim, ora
isti ocağım, qayğıkeş, bəxtəvər
uşaqlığımın yeganə məkanı idi.
Nəcəfoğlu
poeziyasında yurduna bağlılıq, daşına,
çınqılına, uçan quşlara, saralan yarpaqlara,
hər qarış torpağına məhəbbət onun
bütövlükdə Azərbaycana məhəbbətidir. Vətənə
məhəbbət doğma ocaqdan, ana laylasından, nənələrin
şirin nağıllarından, səs-küylü
uşaqlıqdan, şirin ləhcədən, ən əsası
isə bir tikə çörəkdən başlayır mənimçun.
O çörək halaldırsa harada olsan belə
çağıracaq səni, o ocaq da qucaq açacaq sənə.
Elə bu ehtiyacdan, bu istəkdən, bu böyük, həm də
mümkünsüz arzudan doğdu "Bükün məni
qundağıma" şeiri:
Büküb
məni bələyimə,
Apar,
o dünyama qaytar.
Qoy nənniyə, as ağacdan,
Ruhum orda qərar tutar.
Vərəqlər çevrildikcə, bir şeirin üzərində
ilişib qalıram. Bir ana qəlbindən qopub şair diliylə deyilən kəlmələr
məni öz ağuşuna alıb aparır. Yana-yana oxuyuram o ananın
bir şeirə sığan həyat dastanını. Nədənsə, qulaqlarıma Rübabə
Muradovanın yanıqlı
səsi gəlir -
"Qaragilə" mahnısı.
Sanki bu nəğmənin
sədaları altında
bir ana ağı
deyir özünə,
nalə çəkir
taleyinə:
Keçdiyim yol qar oldu,
Döngələri dar oldu.
Qismətim nəhs gətirdi,
Günüm ahu-zar oldu.
"Anam eyvandan baxırdı" şeiri
ömrü zəhmətlə
əzab-əziyyətdə keçən ananın oğlunun ən xoşbəxt günündə
toyuna kənardan - eyvandan baxması adamı kövrəldir. Kiçik
bir şeirdə həm böyük məna, həm də kövrək notlar öz əksini tapıb:
Tanrının bu işlərinə
karıxmışdım,
Sevincinin
ilk payına,
İlk oğlunun ilk toyuna
Anam, eyvandan
baxırdı.
Böyüyə hörmət, kiçiyə
mərhəmət, kimsəsizə
şəfqət, dosta
sədaqət, elinə-obasına
məhəbbət hissi
Novruz Nəcəfoğlunun
iç dünyasının,
mənəvi zənginliyinin
təzahürüdür. Və bu
amillər onun poeziyasında öz əksini tapmışdır.
"Gətirəydin" adlı
şeir Novruz müəllimin ömrünün
müdrik çağında
ahıl qocanın gəlişindən doğan
oğul sevincini, məsum fərəhini ifadə edir:
Doğma
eldən gələn,
ixtiyar qoca,
Bu payız ömrümə
yaz gətirmisən.
Kövrək xatirələr, həzin
nəğmələr,
Ruhumu oxşayan
saz gətirmisən.
Birdən-birə elə bil şair
qəlbi yorulur əzablardan, yorğun cismi də köklənir
ovqatına. Üzünü dünyaya tutub
gileylənir - taleyindən,
qismətindən, çıxa
bilmədiyi dar qəfəsdən. Ömrünün
sürüşkən yollarında
yıxılıb durmaqdan,
ilişib qaldığı
dar döngələrdən
yorulub deyir:
Güzar
quzeyədir, güneylər
çəndi,
Atım qaranaldı, yol sürüşkəndi.
Aşinam
ələmdi, həmdəmim
qəmdi,
Bəlkə tuş gəlmişəm qarğışa, dünya?!
Bəzən isə "bir qucaq küləyəm, bir əlçim bulud" deyən şair qoşulub getmək istəyir əsən rüzgara. Yağışa qovuşa bilmədiyindən
gileylənir. Axı, bu,
necə dünyadı?
Yaxamdan əlin çək, qoy çıxıb gedim,
Dirəmə yolumu yoxuşa, dünya.
Bu dünyayla savaşmı,
yoxsa öz-özüylə? Bəzən
çaşqınlıq içində
o, özünü gəzdi,
özündən uzaq
düşən özünü:
Öz borcumu anlamışam,
Bilirəm ki, düz əyrini
kəsəcəkdir.
Mərd namərdi əzəcəkdir.
Dünya
hələ dözəcəkdir,
Mən Tanrıya
tapınmışam.
Mən Novruz Nəcəfoğlunu dağ
vüqarlı, qürurlu
insan kimi tanımışam həyatda. Uca boyu,
əzəmətli yerişiylə
qoynunda boya-başa çatdığı başı
ənginliklərə söykənən
dağları xatırladır.
"Dəfn elə"
şeirində o, dağ
vüqarıyla ilk və
son mənzilini də elə dağlar qoynunda görür. Halallıq istəyir elindən-obasından, tikan
olub yurdunda bitməyə hazırdır,
nəinki qürbətlərdə
qalmağa:
O yerdə ki, iməklədim, yeridim,
O yerdə ki, ayaq tutdum, yürüdüm.
O yerdə ki, əzizləndim, böyüdüm,
Uşaqlığım itən yerdə dəfn elə.
Novruz Nəcəfoğlu
yaşantılarında öz
sözünü tapdı,
ona söykəndi ömür payında, son mənzil yerini də doğma elində arzuladı. Söz və
yurd. Bu iki
əsas amil onun həyat kredosudur. Və o, əlinə qələm
aldığı gündən
sözə sadiq qaldı.
"Bircə sətir
yaz" şeirində
sözün onun üçün necə müqəddəs olduğunu
anlayırsan. O, sözü ilahi bir duyğu
sanir və ehtiyacı var bu sözə. Söz onu həm öldürə
bilər, həm də yaşada. Nə var-dövlət, nə uca saraylar istəmədi
Tanrıdan. Yalnız
ürəyini ovuda biləcək, ruhuna sarılıb onu yaşada biləcək sözü gəzdi:
Duyğunsa söz mümkündür,
Havasında üzürsən.
Üzdüyün o havadan,
Bir udum ver, udum mən.
Bircə
kəlmə söz olsun,
Dolum, qürrələnim
mən.
Daha bir xahişim var,
Ölümümə bir sətir,
Bircə
bənd yaz, sən Allah!
Qoy ədəbi yaşayım,
Daha heç ölməyim mən!
...Nə vaxtdır mən də gəzirdim o sözü. İçimi söküb-tikən, məni tənhalığın
soyuq əlindən alıb öz isti ocağında isidə biləcək sözü. Etiraf edim
ki, Nəcəfoğlu
poeziyasında məhz
o sözü tapdım.
İnsanın özündən qaçmaq istərkən onu özünə qaytara biləcək sözü.
Könlüm zirvələrlə görüşmək
istər,
Yol tapa bilmirəm duman əlindən.
Hansısa şairin şeirindəndir. Mən də
yol tapa bilmirdim söz mülkünə. Şairin söz
yolu mənim də bələdçim
oldu, apardı məni özüylə.
Çoxdandır məni tərk
etmiş ruhum da qayıtdı sanki, isindim bir qış gününün xatirələrində.
Aida ŞÜKÜRLÜ
Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 11.