Ana dili milli varlığımızın etibarlı
qarantıdır
21
Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Təhsil
Nazirliyi və "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin Gənc Tamaşaçılar Teatrında
keçirdiyi ədəbi-bədii tədbirdə Azərbaycan
dilinin gözəlliyi, zənginliyi, xalqımızın öz
ana dilinə sevgi-sayğıları respublika məktəblilərinin
hərarətli çıxışlarında bir daha parlaq
ifadəsini tapdı. Mərasimdə VIII ənənəvi
"Ana dilimizi sevək,
sevdirək" respublika məktəbli
müsabiqəsinə də yekun vuruldu, qaliblər
mükafatlandırıldı.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov "Çağ" Öyrətim Şirkətinin təşəbbüsü və fəal iştirakı ilə start götürmüş bu müsabiqəyə sonrakı illərdə ölkənin daha çox məktəblisinin qoşulduğunu, bu yarışmanın artıq möhtəşəm ana dili bayramına çevrildiyini vurğuladı. O bildirdi ki, yeni nəslin ata-babalarımızın bizə əmanət qoyub getdiyi, mənəvi Vətənimiz olan Azərbaycan dilinə bu sevgisi dilimizin təntənəsidir. Builki müsabiqədə 2 mindən çox şagird iştirak edib. Onlar ulu öndər Heydər Əliyevin cəmiyyət və dövlət həyatında ali mövqeyə qaldırdığı Azərbaycan dilinin incəliklərini məhəbbətlə öyrəndiklərini, ana dilinin imkanlarından məharətlə istifadə edə bildiklərini bu müsabiqədə məzmunlu materialları, əlvan çıxışlarla ilə sübuta yetirirlər.
Qrammatika və inşa yazıları nominasiyaları üzrə hazırlanmış internet səhifələrinin qalibləri artıq müəyyənləşdirilmişdi. Münsiflər bu axşam paytaxt ziyalılarının və valideynlərin iştirakı ilə ana dilində şeir və mahnı nominasiyalarında şagirdlərin canlı çıxışlarını qiymətləndirəcəkdilər. Elə buna görə də müsabiqə iştirakçılarının Gənc Tamaşaçılar Teatrı səhnəsində yarışması başlandı. Ölkənin müxtəlif bölgələrini və tanınmış təhsil ocaqlarını təmsil edən şagirdlərin coşqu və sevgi ilə səsləndirdikləri şeirlər, nəğmələr salondakıları da duyğulandırdı, ana dilimizin doğmalığı, şirinliyi, hikməti hamını əfsunladı.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi Bakı gimnaziyasının şagirdi Gültəkin Qaradağlı "Cənab leytenant" mahnısının ifasına görə birinci, Bülbül adına musiqi məktəbinin yetirməsi Nigar İbadlı "Arşın mal alan"dan Asiyanın ariyasına görə ikinci, Şirvan şəhər 9 saylı məktəbinin şagirdi İlahə Sadıqova "Şəhid adın mübarək" şerinin səsləndirilməsinə görə üçüncü yeri qazandılar. Müsabiqə qaliblərinə diplom və pul mükafatlarını respublikamızın nüfuzlu ziyalıları, rəhbər şəxsləri təqdim etdilər.
Mərasimin davamında "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olmasında gördüyü tarixi işlərin əhəmiyyətindən, Prezident İlham Əliyevin ana dilinin inkişafına və zənginləşməsinə göstərdiyi himayədarlıqdan danışdılar. Natiqlər yeni nəslin ana dilinə sonsuz sevgisini nümayiş etdirən bu müsabiqənin böyüklər üçün də təsirli və faydalı olduğunu qeyd etdilər.
Böyük məfkurə şairi Bəxtiyar Vahabzadənin "Dilimiz bizim kimliyimizdir, pasportumuzdur, dil yoxdursa, ölkə də yoxdur" kəlamı müsabiqənin devizi kimi milli-mənəvi dəyərlər sistemində ana dilinin ali mövqeyini bir daha təsdiqlədi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 7.