Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir

 

Millətlərin qorunması və ana dilinə münasibət məsələsini daim diqqət mərkəzində saxlayan YUNESKO-nun qərarı ilə hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

 

Ana dili hər bir xalqın müstəqilliyinin göstəricisi, mənəviyyatının güzgüsüdür. Xalqların öz müqəddəratını ələ alıb, müstəqil dövlətlərini yaratmağa başlaması dövründə ana dili sosioloji hadisə kimi zamanın ən aktual və əhəmiyyətli problemlərindən birinə çevrilmişdir. Müstəqillik əldə etmiş çoxmillətli ölkələrdə dövlət dilinin müəyyənləşdirilməsi prosesi də dil quruculuğu, xüsusən ana dili və dövlət dili probleminin nə qədər çətin olduğunu meydana çıxarmışdır.

Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq ümummilli liderimiz Azərbaycan dilinin qorunması, inkişafı və tədqiqi məsələlərinə daim ciddi diqqət yetirmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyinə həsr olunmuş toplantıda İttifaq mərkəzindən, bütün müttəfiq respublikalardan, xarici ölkələrdən gəlmiş nümayəndə heyətlərinin qarşısında ilk dəfə doğma dilimizdə nitq söyləməsi hamını heyrətə salmışdı. Məsələ burasındadır ki, həmin dövrdə Sovet İttifaqında qəbul olunmuş qaydaya görə, bu cür yüksək tədbirlər yalnız rus dilində aparıla bilərdi.

Buna baxmayaraq, Azərbaycanda milli yaddaşın bərpasına və milli dilin işlənməsinə xüsusi diqqət yetirilir, görkəmli yazıçılarımızın, şairlərimizin, elm xadimlərimizin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. Ümummilli liderimizin səyi nəticəsində 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndərimizin öz xalqı qarşısındakı ən böyük tarixi xidmətlərindən biridir. 1974-cü ildə respublikamızın bir qrup dilçi aliminin Dövlət Mükafatına layiq görülməsi ana dilimizin statusunu daha da möhkəmləndirdi.

Ulu öndərin diqqət və qayğısı, qətiyyəti nəticəsində ötən əsrin 70-80-ci illərində ana dilimizin inkişafı və qorunması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Hələ kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ümummilli liderimiz deyirdi: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir".

1970-80-ci illərdə Azərbaycan dilinin işlənməsinin yeganə bir qarantı vardı, o da ulu öndər Heydər Əliyev idi. 1972-ci ilin ortalarında yazıçıların biri "Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız",-deyəndə, ulu öndər gülümsəyərək belə cavab vermişdi: "Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız". Əlbəttə, dəmir pərdələr arxasında yaşadığımız o dövrdə bunlar adi sözlər deyildi. Məhz bu müdrik sözlər öz dilinə xor baxan Azərbaycan ziyalılarının milli tərbiyəsinə təsir edərək ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoya bildi.

Əslində, təxminən 40 il əvvəl həyata keçirdiyi bu tədbirlərlə Heydər Əliyev milli lider kimi öz gələcək rəhbərlik fəaliyyətində qırmızı bir xətt kimi nəzərəçarpacaq böyük bir missiyanın - Azərbaycan dilinə məhəbbət, milli-mənəvi dəyərləri yaşatmaq və milli mədəniyyəti çiçəkləndirmək strategiyasının əsasını qoymuşdu. Tarix bu strategiyanın həyatiliyini, önəmini, gücünü və həmişəyaşarılığını dönə-dönə sübut etmişdir.

Ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra da ana dilinin qorunmasına, inkişafına xüsusi qayğı göstərilmişdir. Ümummilli liderimizin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli fərmanı dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. Ulu öndərin 2001-ci il 9 avqust tarixli "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" fərman isə dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidini sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələrin heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmasına başlandı.

2003-cü ilin yanvar ayının 2-də isə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq göstərilir. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasını və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlətimizin başçısının "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamları da bunun bariz ifadəsidir. Bu sənədlərə uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir.

Prezident İlham Əliyev müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə 2007-ci il avqustun 24-də daha bir sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı"nın nəfis şəkildə nəşri nəzərdə tutulmuşdur.

Hazırda bu siyasət Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikadakı kitabxanalara 300 minə yaxın latın qrafikalı əlifba ilə çap olunmuş kitablar verilmişdir ki, bu da dövlətimizin bu sahəyə diqqət və qayğısının ifadəsidir. Bundan başqa, Naxçıvan şəhərində "Ana dili" abidəsinin ucaldılması da ana dilimizə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyev üçün ana dili azərbaycançılığın başlanğıc məqamı, təməl prinsipi idi. Məhz bu baxımdan o, tam aydınlığı ilə bildirirdi ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ilk növbədə, ona dilini qaytarmaq və sevdirmək lazımdır. Böyük dövlət xadimimiz Azərbaycan dilini, eyni zamanda, milli-mənəvi dəyərləri dünya azərbaycanlıları üçün birləşdirici faktor kimi qiymətləndirərək deyirdi: "Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir".

 

 

Rabil KƏTANOV

 

Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 7.