2010-cu ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, tədbiri giriş sözü ilə cəmiyyətin sədri Arif Əsgərov açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ötən ildə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, ölkəmizin həyatında mühüm yer tutan nəqliyyat sektorunda genişmiqyaslı islahatlar həyata keçirilmiş, böyük nailiyyətlər əldə edilmişdir. 6 iyul 2010-cu il tarixdə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanmışdır. Bu tarixi bir sənəddir və proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb.

Natiq sonra bildirdi ki, 2010-cu il ərzində dəmir yolu stansiyalarından 14,9 milyon ton yük göndərilmiş, 2009-cu ildə bu rəqəm 13,2 milyon ton təşkil etmişdir. Yəni 1 milyon 655 min ton çox yük göndərilmiş və yaxud 12,5 faiz artım olmuşdur. Ümumi yük daşımaları ötən il ərzində 22,3 milyon ton təşkil etmiş, əvvəlki ilə nisbətən bu daşımalar 1milyon 551 min tonyaxud 7,5 faiz artmışdır. Sərnişin daşımaları 4 milyon 802,4 min nəfər təşkil etmişdir. O cümlədən, birbaşa əlaqə 316,8 min nəfər, yerli əlaqə 1milyon 946,8 min nəfər təşkil etmişdir. Ümumi sərnişin dövriyyəsi 917,1 milyon sərnişin-kilometr təşkil etmişdir.

A. Əsgərov xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş geniş iclasında qarşımızda mühüm vəzifələr qoyulmuşdur. Şəffaflığın daha da artırılması, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə sahəsində tədbirlər bundan sonra da intensiv şəkildə davam etdirilməli, həmçinin dəmir yolunda təhlükəsizlik məsələlərinə diqqət artırılmalıdır.

 

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2011.- 20 fevral.- S. 7.