Qəbələ:
yeni tarix yazılır
Qəbələ haqqında bu qeydləri
yazmağa başlayanda yadıma bu yaxınlarda
görüşdüyüm ağsaqqal, nurani bir kişinin
dediyi sözlər düşdü. "Oğul, sevinirəm.
Sevinirəm ki, bu gün Qəbələnin yeni tarixi
yazılır". Bu həqiqətən belədir. Hər dəfə
bu qədim diyara gələndə ürəyim qürur hissi
ilə döyünür. Yeni, böyük dəyişikliklərin
şahidi oluram. Ağsaqqal düz deyir. Qəbələnin
tarixi bizim gözümüzün qarşısında
yazılır. Özü də hər gün yox, hər saat,
hər dəqiqə.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2010-cu ildə görülən işlərə dair etdiyi hesabat məruzəsində bu barədə ətraflı məlumat verdi. Bildirdi ki, "Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın reallaşması istiqamətində bütün sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə edilib.
Keçən il rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ümumi məhsul buraxılışının həcmi sənayedə 20.103 min, kənd təsərrüfatında 47.427 min, tikintidə 46.963 min, nəqliyyatda 2.586 imn , rabitədə 671 min, ticarətdə isə 20.232 min min manat olub. Adambaşına düşən ümumi məhsul buraxılışı 329 manat artaraq 1.450 manata çatıb.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda yerlərdə qeyri-neft sektoruna daxil olan sənaye sahələrinin yaradılması əsas vəzifə kimi qarşıya qoyulur. Bu sahədə Qəbələ rayonunda xeyli iş görülüb və bu proses bu gün də davam edir. Görülən işlərin nəticəsidir ki, 2010-cu ildə rayonda sənaye sahəsində istehsal olunan ümumi məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisi 90 faiz təşkil edib. Rayonda azad sahibkarlıq mühitinin formalaşmasına böyük diqqət yetirilir. Keçən ilin sonuna hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti ilə məşğul olan vətəndaşların sayı 75 nəfər olub.
2010-cu il ərzində fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 1.875,5 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
2010-cu il ərzində Qəbələ rayon sənayesində fəaliyyət göstərən müəssisələrin uğurlu işi sayəsində, habelə ev təsərrüfatlarında hüquqi şəxs yaratmadan sənaye sahəsində fərdi sahibkarlığın işi də nəzərə alınmaqla 20.103 min manatlıq və ya əvvəlki illə müqayisədə 47 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
Ölkə Prezidenti cənab İlham Əliyev sənaye və digər sahələrdə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verərək Nazirlər Kabinetinin iclasında demişdir: "Biz çalışmalıyıq ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı daha sürətlə getsin. Dövlət qurumları - həm mərkəzi qurumlar, həm də bölgələrdə yerləşən qurumlar sahibkarlığın inkişafına kömək göstərməlidir. Onlara maneçilik törədilməməlidir, süni əngəllər də yığışdırılmalıdır".
Qəbələ rayonunda 2010-cu ildə əsas kapitala yönəldilən investisiyanın həcmi 46.963, tikinti quraşdırma işlərinin həcmi 43.056 min manat təşkil edib. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilən investisiyanın həcmi 23.619 min manat, yaxud 101 faiz artıb.
Keçən il rayonda qaçqın və məcburi köçkünlər üçün 3 ədəd 5 mərtəbəli 192 mənzilli yaşayış evi, 180 yerlik məktəb binası, şəhərdə iki ədəd çox mərtəbəli yaşayış kompleksi, uşaq bağçası, bank binası, daşınmaz əmlakın dövlət reyestri xidməti, sosial müdafiə fondu, Qəbələ baytarlıq idarəsi üçün inzibati bina, "Qafqaz Riversayt Otel" kompleksi, Fitnes sağlamlıq mərkəzi, Qafqaz gənclik mərkəzi, "Beltman" piano fabriki, avtovağzal, meyvə və tərəvəz saxlanması üçün 5 min tonluq soyuducu anbar, 110/10 kilovoltluq Laza yarımstasiyası, Tikanlı sərhəd zastavası kompleksi tikilib istifadəyə verilib.
Siz bir görülən işlərin həcminə baxın. İnanın, saymaqla qurtaran deyil. Bu hələ harasıdır. Beynəlxalq hava limanının, rayon icra hakimiyyəti üçün inzibati binanın, atçılıq mərkəzinin, Yengicə kəndində istisu sağlamlıq mərkəzinin ikinci mərhələsinin, olimpiya kompleksinin, mədəniyyət mərkəzinin, FHN hərbi hissəsi üçün binaların, Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış evinin, Nic qəsəbəsində 360 yerlik məktəb binasının, çoxsaylı idman-sağlamlıq obyektlərinin tikinti işləri davam edir.
Yol tikintisi sahəsində də xeyli iş görülüb. Qaraməryəm-İsmayıllı-Şəki yolunun rayon ərazisindəki 22 kilometrlik sahəsi əsaslı təmir olunub.
Daha sonra natiq göstərdi ki, Qəbələ şəhərində, qəsəbə və kəndlərdə abadlıq, quruculuq işləri davam edib. Şəhərin Heydər Əliyev, 28 May, İsmayıl Bəy Qutqaşınlı və Xalid Qasımov küçələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Həmin küçələrin hərəkət hissəsi 6 metrdən 13 metrədək, İsmayıl Bəy Qutqaşınlı küçəsində isə 10 metrdən 16 metrədək genişləndirilib, 7200 metr uzunluğunuda, 2,5 metr enində piyada üçün səkilər salınıb, milli memarlıq üslubunda 3250 metr küçəətrafı həyətlərə yerli tikinti materiallarından istifadə etməklə hasarlar çəkilib, həyətlərə 24 ədəd giriş darvazası qoyulub, yağış sularının axıdılması üçün 420 metr uzunluqda kanal çay daşı ilə hörülüb, təmir işləri ilə əlaqədar küçələrə 126.100 kvadratmetr asfalt örtük vurulub, 1,70 hektar ərazidə yaşıllıqlar və xiyabanlar salınıb. Yolların işıqlandırılması üçün 620 ədəd küçə, 265 ədəd divar, 260 ədəd park işığı quraşdırılıb.
Abadlıq işlərinin davam etdirilməsi üçün primitiv və istismar müddəti başa çatmış tikililər sökülərək götürülüb, sökülən fərdi yaşayış evlərinin sakinləri üçün 1 ədəd bir otaqlı, 1 ədəd iki otaqlı və 1 ədəd dörd otaqlı müasir mənzillər tikilib.
Bundan başqa, 3400 metr elektrik hava xətləri, 4 ədəd transformator yarımstansiyası, 32 ədəd elektrik dirəyi, 560 metr orta təzyiqli, 300 metr aşağı təzyiqli qaz xətləri, 1200 metr rabitə, 1100 metr su xətti demontaj edilib. Həmçinin 28 ədəd elektrik dirəyi və 2800 metr 0,4 kilovotluq elektrik kabelləri montaj edilib. Demontaj edilən 860 metr qaz xətləri, 1200 metr rabitə xətti 100 millimetrlik borularla yer altına keçirilib, 500 metr yeni içməli su xətti çəkilib.
Qutqaşınlı küçəsində 4,6 kilometr uzunluqda 300 millimetrlik azbest borulardan drenaj sistemi quraşdırılıb, küçədəki ticarət və xidmət obyektlərinin fasadları yenidən işlənilib, kiçik bağçalar salınıb.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan "Ana" və İsmayıl Bəy Qutqaşınlının abidə komplekslərində əsaslı təmir işləri aparılıb, Heydər Əliyev bağında yenidənqurma işləri görülüb, bağda müasir fontan və kommunikasiya sistemləri quraşdırılıb. Şəhidlər xiyabanı və şəhidlər muzeyinin binası da əsaslı təmir olunub, məzarların mərmərləri, mühafizə hasarlarının üzlükləri yeniləşdirilib, məhəccərlər quraşdırılıb. Xiyabandakı hərəkət zolaqları yeni daş üzlüklərlə işlənilib, müasir işıqlandırma sistemi ilə təchiz edilib, xeyli gül kolları və dekorativ ağaclar əkilib.
Zərifə Əliyeva parkının girişində və Nizami parkında yenidənqurma işləri aparılıb, gəzinti meydançalarına və yollara daş üzlüklər döşənilib, mühafizə hasarı yenidən işlənilib, müasir işıqlanma sistemi quraşdırılıb. Heydər Əliyev və Zərifə Əliyeva küçələrinin Qutqaşınlı küçəsi ilə kəsişmələrində hərəkət dairəsi və yol keçidləri tikilib. Vəndam qəsəbəsindən keçən magistral yolun kənarında, köhnə yöndəmsiz tikililər sökülərək yol genişləndirilib, yeni müasir obyektlər tikilib. Qəsəbədə Böyük Vətən müharibəsi iştirakçıları və Qarabağ şəhidlərinin xatirəsinə abidə kompleksi yaradılıb, istirahət parkı, mərkəzi magistral yol və kənarları yenidən qurulub, səkilər salınıb, işıq dirəkləri yenilənib.
Səbuhi Abdullayev bildirdi ki, rayonda abadlıq işləri bu gün də sürətlə davam etdirilir.
Daha sonra o, kənd təsərrüfatında qazanılan uğurlardan danışdı. Qeyd etdi ki, rayonda kənd təsərrüfatı sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Xüsusilə, qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanan "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007 -ci il 23 yanvar tarixli sərəncam kəndli sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanıb.
Rayon komissiyası tərəfindən sərəncamın icrası ilə alaqadar olaraq 2010-cu ilin iyun ayında rayonun 2778 torpaq sahibkarına əkin sahələrinin becərilməsinə görə 1.039.821 manat yardım plastik kartlar vasitəsi ilə sahiblərinə çatdrılıb. Bundan əlavə, 2010-cu ilin dekabr ayında daha 1.542 nəfər sahibkara 20.304 hektar sahədə buğda əkininə görə 812.170 manat yardım hesablanıb. Doğrudan da, rayonun kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıqda, ekstensiv amillərdən intensiv amillərə keçidlə əlaqədar olaraq xeyli irəliləyiş nəzərə çarpır. 2010-cu ilin məhsulu üçün 25.805 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Onun 20.661 hektarını buğda, 5.144 hektarının isə arpa sahələri təşkil edir. Əkilən sahələrdən 57.492 ton taxıl toplanıb. Hər hektardan məhsuldarlıq 22,3 sentner olub.
Torpaq sahibləri tərəfindən 5.609 hektar sahədə yazlıq bitkilər əkilib ki, bunun da 1316 hektarını dən üçün qarğıdalı, 1. 060 hektarını kartof, 2. 033 hektarını tərəvəz, 198 hektarını çoxillik ot, 874 hektarını birillik ot və 128 hektarını bostan bitkiləri təşkil edib. Həmin sahələrdən 9.108 ton tərəvəz, 6.894 ton kartof, 128 ton bostan məhsulu, 3.079 ton dən qarğıdalı məhsulu toplanıb. Məhsul istehsalçılarının mineral gübrələrlə və texnika ilə təchizatı işi qənaətbəxş səviyyədə təşkil edilib. Bu sahədə "Aqrolizinq" ASC-nin Qəbələ rayon "Aqroservis" filialı mühüm rol oynayır.Filial tərəfindən il ərzində 550 ton azot gübrəsi gətirilib və güzəştli qiymətlərlə məhsul istehsalçılarına satılıb. Həmçinin əlavə olaraq "Aqrokimya" MMC xətti ilə də rayona 364 ton mineral gübrə gətirilib və sahələrə səpilib.
Əvvəlki illə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artıb. Belə ki, ət istehsalı 5.384 tona, süd istehsalı 25.781 tona, yumurta istehsalı 8063 min ədədə, yun istehsalı isə 443 tona çatıb.
"Ekologiya ili" çərçivəsində rayonda meşə fondu torpaqlarında 106 hektar meşə əkilmişdir ki, bunun da 34 hektarı palıd, 60 hektarı isə qiymətli meşə cinsləri olan qoz, şabalıd, göyrüç, ağcaqayın və s. ağaclar təşkil edir. Yaşıllaşdırma məqsədilə rayon ərazisində 152 mindən artıq ağac əkilib. Ağac əkini bu il də davam etdirilir.
Daha sonra natiq təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurlardan danışdı.
Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi üçün hazırlanmış konsepsiyaya uyğun olaraq "Heydər Əliyev irsini öyrənirik" adlı silsilə tədbirlər keçirildiyini xüsusi vurğuladı. Bildirdi ki, bu məqsədlə yaradılan komissiya 50-dən çox eksponat toplayıb. Mərkəzdə Heydər Əliyevin həyatına və fəaliyyətinə dair 30-dan artıq mühazirə oxunub. 2010-cu ildə mərkəzə 3500-dən çox ziyarətçi gəlib. Qəbələdən danışırıqsa onun turizm imkanlarını xüsusi qeyd etmək lazımdır. Təkcə bir faktı qeyd edim ki, son 5 ildə Qəbələdə müasir turizm obyektlərinin sayı 4 dəfə artaraq 13-ə çatıb. Həmin turizm obyektlərində meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, görməli yerlərə, tarixi abidələrə səyahət və digər xidmətlərin göstərilməsi üçün şərait yaradılıb.
2010-cu ildə isə Qəbələyə 30 min nəfərdən çox turist gəlib. Onların içərisində xarici turistlərin sayı da ildən-ilə artır.
Qəbələdəki ən müasir tələblərə cavab verən otel-turist kompleksləri, təbii gözəllik artıq nəinki ölkə, hətta dünya miqyaslı tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradıb.
Keçən ilin iyul-avqust aylarında II beynəlxalq musiqi festivalı keçirilib. Bu tədbir ölkənin və rayonun mədəni həyatında çox böyük hadisə kimi yadda qalıb.
Musiqi festivalında dünyanın ən məşhur musiqi kollektivləri və musiqiçiləri iştirak ediblər. Bu kollektivlərin və musiqiçilərin, o cümlədən İngiltərə Kral Orkestrinin ifaları çox böyük maraqla izlənirdi. Festivalın keçdiyi günlərin hamısında dinləyicilər böyük izdiham təşkil edirdi. Festivala təkcə Qəbələ camaatının yox, bütün ölkənin və xeyli sayda xarici ölkə tamaşaçısının marağı hədsiz dərəcədə idi.
Bu möhtəşəm tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirak etməsi tədbirin xüsusi əhəmiyyətini sübut edir.
Tədbirin açılışında eyni zamanda YUNESKO-nun baş katibi İrina Bakova da iştirak edib. Sözün həqiqi mənasında fəxr etməliyik. Fəxr etməliyik ki, bu gün Qəbələnin adı ən mötəbər məclislərdə çəkilir.
Hesabat yığıncağında çıxış edənlər bu barədə qürur hissi ilə danışdılar. Bildirdilər ki, bu il daha böyük uğurlara imza atılacaq.
Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Quliyev və Milli Məclisin deputatları Fəttah Heydərov və Aqiyə Naxçıvanlı iştirak etdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 22 fevral.- S. 6.