Yardımlının
gədiyinə varanda
Qəribədir ki, dağlara qalxdıqca bu yerləri
bürümüş duman toranlığında uşaqlıq
xatirələrimin "əlvan mənzərələri"
daha aydın görünürdü. Ətəklərdə,
yaxalarda ağaran qar da bu izləri gizlədə bilmirdi. Elə
hey sağdan-soldan kövrək yaddaş "bənövşələri"
boy göstərirdi. Yolboyu qələm dostum İlqar
Musaoğlunun "nərdivan" söhbətlərini dinləyə-dinləyə,
sezdirmədən bu "bənövşə"ləri
gözlərimlə öpür, oxşayırdım.
Bir də gördüm ki, dolama yollar bizi artıq rayon mərkəzinə gətirib çıxarıb və haçansa babamgilin evi olmuş "Kələk başı" adlanan yeri də arxada qoymuşuq. Əyrim-üyrüm yolların "kələf"ini məharətlə yığan sürücü Fuad neçə il öncəYardımlı stadionunun tikintisində iştirak etdiyini xatırladı. İlqar, həmişəki kimi, atmacasından qalmadı: "Burada düz yer var ki, stadion da tikilsin?" Mən də dedim ki, stadion tikilməyinə tikilib, ancaq hər dəfə 20-25 top gətirirlər ki, oyun zamanı tez-tez gedib dərəyə düşən topa görə fasilələr yaranmasın...
Əlbəttə, bunlar bir zarafatdır. Əslində isə Yardımlı son illərdə xeyli dəyişib, gözəlləşib. Elə ətrafa ötəri bir nəzər salanda belə park, məktəb, bazar, məscid və sair tikilmiş, abadlaşdırılmış xeyli düz yer görmək olar.
Təzə damlı binaların çoxluğu da diqqət çəkir. Neçə-neçə sosial obyekt, inzibati bina, 9 min kvadratmetrə qədər yaşayış evi inşa edilib. İndi zaman o zaman deyil ki,Yardımlıda damından içəri su axan ev olsun. Amma vaxt vardı ki, bu barədə lətifə da yaranmışdı: Baməzəliyi ilə tanınan Qənbər kişinin evinin üstünün şiferi yox imiş. Buna görə "ispalkom"a qəbula gedir. Soruşurlar ki, nəyə gəlmisən? Qənbər kişi dərdini belə anladır: "Onu deməyə gəlmişəm ki, yağmayanda evim dammır"...
Artıq tarixə dönmüş 2010-cu ildə Yardımlıda xeyli iş görülüb. İlin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı danışılıb.
Vətəndaşların ənənəvi həftəlik qəbulunu yenicə başa çatdırmış icra hakimiyyətinin başçısı Xəzər Aslanov bizimlə söhbətə də vaxt tapır:
-Sizdən qabaq qəbula gələn rayon sakinləri elə də çox deyildi, -deyə o, bildirir. -Ona görə yox ki, bütün problemləri həll eləmişik. Sadəcə, kəndlərin çoxu ucqar ərazilərdə yerləşdiyindən hər kəs bura gələ bilmir və buna görə də biz özümüz tez-tez kəndlərə gedib vətəndaşların səyyar qəbullarını keçiririk. Problemlərə gəlincə, ard-arda yoluna qoymağa çalışırıq. Qaldırılan hər məsələyə həssaslıqla yanaşırıq. Özünüz baxın: 7-8 il qabaqkı Yardımlı hara, indiki hara? Möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu regional inkişaf Dövlət Proqramının sayəsində bu dağlarda da cah-cəlal yaradılıb. Əhalinin həyat şəraiti get-gedə daha da yaxşılaşır. İcra başçısı bütün bunlar haqqında həvəslə, coşğu ilə danışır. Deyir ki, başlıcası rayonda işgüzar bir mühitin bərqərar olmasıdır. Hər kəs ona həvalə edilmiş vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Axı, dağların qoynunda böyük işlər görmək o qədər də asan deyil.
Bu sözlərdə böyük həqiqət var. Tikinti materiallarını Bakıdan daşıyıb bu dağlara gətirmək, az-az ələ düşən əlverişli hava şəraitindən səmərəli istifadə etmək, təbiətin vaxtaşırı şıltaqlıqlarını ötüşdürmək birə-beş səy, hünər istəyir. Yaxşı ki, Yardımlıda bütün bunların öhdəsindən gələ bilən adamlar iş başındadırlar. İdarəetmənin çətinlikləri onları qorxutmur, sınaqlar zamanı qazandıqları təcrübə köməklərinə çatır... Xəzər müəllimin atası Qəşəm Aslan da vaxtilə rayon rəhbərliyində çalışıb. O, həm də bizim həmkarımız olub. Hər iki sahədə hörmət-izzət qazana bilib, adı indi də böyük ehtiramla xatırlanır. Uğurların qazanılmasında, şübhəsiz ki, bu amilin də rolu az deyil.
Ötən il Yardımlı şəhərinə və digər yaşayış məntəqələrinə qaz xəttinin çəkilişi davam etdirilib, kəndlərarası yollar təmir olunub, yeni məktəblər tikilərək istifadəyə verilib. Şəhər və kəndlərdə abadlıq, quruculuq işlərinin aparılmasına xüsusi diqqət yetirilib.
Şəhərin giriş qala kompleksi tikilib, Heydər Əliyev küçəsində "31 Mart Soyqırımı", "Əlyar bulağı" və rayonun tarixi ilə bağlı komplekslər inşa olunub. Ulu öndərin adını daşıyan küçədə abadlıq işləri görülüb, səkilər təmir edilib, istinad divarları hörülüb.
İl ərzində Yardımlıda təbii qazdan istifadə edən abonentlərin sayı 1020-yə çatıb. Əlavə olaraq şəhərin keçmiş Daşkənd məhəlləsinə magistral qaz xətti çəkilib, növbəti illərdə bu işin intensiv davamı üçün cədvəl təsdiqlənib.
Ucqar bölgə əhalisinin gediş-gəlişinə ciddi problem yaradan kəndarası yolların təmiri həyata keçirilən vacib işlərdəndir. Yardımlı-Qabaqdibi, Sırıq-Alçabulaq yolu əsaslı, bəzi kənd yolları cari təmir edilib. Viləş çayı üzərində Urakəran kənd yolunda nəqliyyat körpüsü, Dəryavar kəndinə gedən yolda piyada körpüsü yenidən qurulub.
İstehsal olunan ümumi məhsul 60 milyon manatlığa qədər, yəni 2003-cü ildəkindən üç dəfə çox olub. Adambaşına düşən gəlir (969 manat) də bir o qədər çoxalıb. Tikinti işlərinin həcmi səkkiz ildə 4,1 dəfə artıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 8,3 milyon manat təşkil edib. Bu isə 2003-cü ildəkindən 33,5 dəfə çoxdur. Rayonda orta aylıq əməkhaqqı 211 manata çatıb. İlk baxışda quru rəqəm təsiri bağışlayan bu göstəricilər inkişafın sürətinə dəlalət edən əsas amildir. Dinamikaya aid səciyyəvi bir fakt da budur ki, əgər ötən il Yardımlının büdcəsi 10 milyon 788 min manat idisə, artıq bu il üçün 12 milyon 31 min manat müəyyənləşdirilib.
Hazırda Yardımlıda süd qəbulu və emalı müəssisəsinin inşasında son tamamlama işləri görülür. Bu tikinti alınan kreditlər hesabına reallaşdırılır. Yeri gəlmişkən, rayon rəhbərliyinin təşəbbüsü və Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə investisiya layihələri lazımınca həyata keçirilir. Ötən il 27 sahibkara və 4 vətəndaşa bu məqsədlə güzəştli kreditlər verilib. İl ərzində sahibkarlar 57,2 milyon manatlıq məhsul istehsal ediblər. Yardımlının iş adamları süni maneələrdən, yersiz müdaxilələrdən tam azaddır. İcra hakimiyyətinin başçısı bu məsələni daim diqqətdə saxlayır. Kənd adamları təsərrüfatlarını genişləndirirlər. Ruzisini torpaqdan qazanan sakinlər həm özlərini təmin edəcək qədər, həm də satmaq üçün yetərincə taxıl, kartof, tərəvəz və meyvə istehsal ediblər. Mal-qara və davarın sayının artması hesabına 3 min tonadək ət və 13 min ton yarım süd məhsulu əldə olunub. Buğda istehsalçılarına dövlət hərtərəfli maddi və mənəvi dəstək göstərir. "Aqroservis"ə əlavə texnika verilib. Damazlıq arı cinslərinin gətirilməsi, bal istehsalının artırılması sayəsində ötən il Yardımlı fermerləri Bakıda təşkil olunmuş satış-yarmarkaya 500 kiloqramdan artıq keyfiyyətli bal çıxarıblar.
Yardımlıda əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı diqqət mərkəzindədir. Pensiya və yardımlar vaxtlı-vaxtında ödənilir. Ötən il 3 şəhid və 19 əlil ailəsinə mənzil verilib, 180 nəfər işlə təmin olunub. Bu kimi faktlar adamların dövlət orqanlarına inamını artırır.
Təhsilə qayğı da gündəlikdir. Dövlət Proqramına uyğun olaraq Arus kəndində 360, Honuba kəndində 220, Horavarda 200, Osnakəranda 180 yerlik orta məktəb, Ləzir kəndində 24 yerlik ibtidai məktəb binaları tikilərək istifadəyə verilib. Qəzalı vəziyyətdə olan 15 məktəb binası əsaslı təmir edilib. Ümumiyyətlə, son beş ildə rayonda 52 məktəb binası inşa olunub və ya əsaslı təmir edilib. Təhsil ocaqlarının maddi-texniki bazası genişlənib, avadanlıq və inventarla təminatı yaxşılaşıb.
Mərkəzi rayon xəstəxanasının əsaslı təmirdən sonra təchizatı yenilənib. İl ərzində Yardımlıda ana ölümünün olmaması, uşaq ölümünün xeyli aşağı düşməsi çox müsbət haldır.
Artıq
Yardımlıda idman da inkişaf edir. Keçən il
respublika yarışlarında bu rayonun təmsilçiləri
7 qızıl, 7 gümüş və 1 bürünc medal
qazanıblar.
Bələdiyyələrin
də fəallığı artıb. Onlar rayonun icra
strukturları ilə birgə Avun, Hamarkənd, Bozayran, Zevin kəndlərinə
su xətləri çəkib, Telavarda kəndarası,
Astanlı, Zevin, Arus, Vərov, Separadi, Horavar kəndlərində
daxili yolları əsaslı təmir ediblər. Bundan
başqa, bələdiyyələrin köməyi ilə bir
çox kənddə yollar cari təmir olunub.
...Bir
qış günü qonağı olduğumuz
Yardımlıdan isti duyğularla ayrıldıq. "Duman,
salamat qal, dağ, salamat qal!" deyib, gədiklərdən
ötə-ötə, Viləşin axını istiqamətində
aşağılara doğru yola düşdük. İlqar
özü üçün zümzümə edirdi. Mənsə
tez-tez dönüb qarlı dağlara baxırdım. Buradan
çox yaxın görünən gümüşü zirvələr
gülümsəyirdi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 22 fevral.- S. 6.