Kürdəmir: tərəqqinin təməlində dövlət qayğısı və işgüzarlıq dayanır

 

Kürdəmir rayonunda keçən ilin sosial-iqtisadi yekunlarının təhlilinə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə, eyni zamanda, 2011-ci ildə yerinə yetirilməli olan vəzifələr də müəyyənləşdirilmişdir. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov bildirmişdir ki, 2010-cu il rayonun sosial-iqtisadi həyatı üçün uğurlu olmuşdur. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının (2009-2013-cü illərdə) sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi" haqqında" 14 aprel 2009-cü il tarixli fərmanına əsasən, rayonda proqramda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir.

 

Son yeddi ildə mövcud müəssisələrin fəaliyyəti genişləndirilmiş, yeni emal, istehsal müəssisələri açılmış, görülmüş tədbirlər nəticəsində 9819 yeni iş yeri yaradılmışdır ki, bunun da 6103-ü daimidir. 2010-cu ildə isə 482 yeni iş yeri yaradılmışdır ki, onun da 277-si daimi iş yerləridir. Orta aylıq əmək haqqı 3,9 faiz artaraq 166,1 manat təşkil etmiş, adambaşına düşən pul gəlirləri isə 11,1 faiz artaraq 137 manat olmuşdur. Ümumi məhsul buraxılışı 16 faiz artaraq 207 milyon 225 min manat təşkil etmişdir. ÜDM-ın 73,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 40 faizi kənd təsərrüfatı sahələrində, 17,3 faizi sənayedə, 16,6 faizi isə inşaat kompleksində yaradılmışdır. Sənaye müəssisələri tərəfindən 35,3 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 74,5 faiz çoxdur. İstehsal olunmuş məhsulların 33,3 milyon manatı və ya 93 faizi emal, 2,5 milyon manatı və ya 7 faizi elektrik enerjisi, qaz istehsalı və su təhcizatı sahələrinin payına düşür.

Fəxrəddin Məlikov bildirmişdir ki, sahibkarlığın inkişafı üçün mühüm addımlar atılmışdır. Noyabrın 26-da rayonda kredit yarmarkası keçirilmiş və 25 sahibkara 294 min manat məbləğində kredit verilmişdir. Rayon sənayesinin ümumi həcmində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 92,9 faiz təşkil etmişdir. Aqrar islahatların uğurla həyata keçirilməsi, aqrar sahədə sahibkarlığın inkişafına dövlət dəstəyi nəticəsində ötən il kənd təsərrüfatı sahəsində də yüksək göstəricilər əldə olunmuşdur. Bitkiçilik və heyvandarlığın inkişafına diqqət daha da artırılmışdır. Ümumilikdə kənd təsərrüfatı, xüsusilə taxılçılıq üçün olduqca əlverişsiz olan 2010-cu ildə yüksək taxıl məhsulu götürmək üçün mümkün tədbirlər görülmüş, 33 min 731 hektar sahənin taxılı biçilmiş, 51 min tondan çox məhsul istehsal olunmuşdur. Taxılın toxumçuluğuna xüsusi diqqət yetirilmiş, bu səhə ilə məşğul olan 10 toxumçuluq təsərrüfatı yaradılmışdır. Kənd təsərrüfatı işlərinin vaxtında və optimal müddətdə görülməsində "Aqrotexservis"xidmətinin təşkili mühüm əhəmiyyət kəsb etmişdir.

Rayonda yaradılmış "Aqrolizinq" ASC-nin 6 aqrotexservis mərkəzinin və əlavə 5 özəl aqrotexservis mərkəzinin 220-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur.

2010-cu ildə 42 min 169 ton bostan məhsulları, 18 min 18 ton tərəvəz, 10 min 42 ton kartof istehsal edilmişdir. Ancaq aprel və may aylarında yağan leysan yağışlar və Kür çayının daşması məhsuldarlığın müəyyən qədər aşağı düşməsinə səbəb olmuşdur. Ümumilikdə 5200 hektardan çox əkin və örüş-otlaq sahəsi daşqın sularının altında qalmışdır. Vəziyyətlə bağlı rayon icra hakimiyyəti başçısının rəhbərliyi altında xüsusi qərargah yaradılmış, çayın 70 kilometrdən çox sahili boyunca maşın-mexanizmlər bənd bərkitmə işlərinə cəlb edilmişdir.

Rayonda heyvandarlıq və quşçuluq sahələrinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüş, hazırda iri buynuzlu mal-qaranın sayı 62 min başı, qoyun-keçilərin sayı isə 130 min başı ötmüş və bu dövr ərzində müvafiq olaraq ət, süd, yun, yumurta istehsalının dinamik artımına nail olunmuşdur. Heyvandarlığın yem bazası möhkəmləndirilmişdir. Rayonda quşçuluq məhsulları istehsalı ilə məşğul olan "Kürdəmir-Broyler" ASC-nin fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 20 min başa çatdırılmış, 1 milyon 600 min ədəd damazlıq yumurta, 40 tondan çox quş əti istehsalı təmin edilmişdir.

Başçının sözlərinə görə, göl balıqçılığının və balıq yetişdirən nohur təsərrüfatlarının iqtisadi səmərəsi barədə sahibkarlar arasında geniş izahat aparılır. Rayonun Köhünlü, Şüşün, Mollakənd, Carlı, Sor-Sor kəndləri ərazisindəki təbii sututarlar balıq yetişdirilməsi üçün sahibkarların istifadəsinə verilmiş, Mollakənd, Atakişili, Məhərrəmli kəndləri ərazisində süni göl yaradılaraq balıq yetişdirilməsinə başlanılmış, bu il 90 tondan çox təzə balıq satılmışdır.

Arıçılığın inkişafı sahəsində də müəyyən işlər görülür və arı ailələrinin sayı 3 minə çatdırılmışdır. Nar bağlarının sahəsi ilbəil genişləndirilir. Ötən il 1200 hektar sahədə yeni nar plantasiyaları, 40 hektar sahədə üzüm bağları salınmış və bağ sahəsi 650 hektarı ötmüşdür.

Əkin yerlərinin və torpaqların münbitliyinin artırılması istiqamətində işlər aparılır. Dövlət Ehtiyat Fonduna və bələdiyyələrə məxsus, suvarma sistemləri olmayan Mollakənd, Qocalı və Köhünlü kənd nümayəndəliklərinin əhatə etdikləri ərazilərdə daxili imkanlar hesabına suvarma şəbəkəsi qurmaqla 3200 hektardan çox əkin yerlərinin artırılmasına nail olunmuşdur.

Ötən il inşaatçılar tərəfindən bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının inkişafına 36,7 milyon manat məbləğində və ya əvvəlki illə müqayisədə 44,4 faiz çox investisiya yönəldilmişdir. Şəhərin Heydər Əliyev adına, Babək, O.Mirzəyev küçələri, Bakı prospekti dekorativ hasarlarla yenidən tikilmiş, Heydər Əliyev parkının işıqlanma sistemi, oturacaqları təzələnmiş, yeni dekorativ gül və kollarla parkın ümumi görkəmi dəyişdirilmiş, "Gənc Heydərçilər", "Qələbə" parkları, Şəhidlər Xiyabanı əsaslı təmir edilmişdir. Kürdəmir süd emalı zavodunun tikintisində son tamamlama, abadlıq işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda sutkalıq 30 ton süd məhsulu emal edəcək zavodda 150-dən artıq sakinin işlə təmin olunması gözlənilir. Hazırda Vergilər Nazirliyinin Kürdəmir Kompyuter terminalında, Regional Enerji Nəzarət İdarəsinin binasında son tamamlama işləri aparılır, FHN-nin Kürdəmir Yanğın Təhlükəsizliyi İdarəsinin yeni depo binasının tikintisinə başlanılmışdır.

Başçı qeyd etmişdir ki, Kür çayının daşması nəticəsində fərdi yaşayış evlərinə və digər sosial obyektlərə ciddi ziyan dəymiş, 3 mindən çox həyətyanı sahə su altında qalmışdır. Dövlət Komissiyası tərəfindən 304 evin yenidən tikilməsinə, 60 evin bərpasına, 167 evin isə təmirinə qərar verilmişdir. Hazırda 118 ev istifadəyə verilmiş, 143 evin tikintisi davam etdirilir. 270 ailəyə 286 min 800 manat məbləğində kompensasiya ödənilmişdir.

Rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində də müəyyən işlər görülmüşdür . "Azəryolservis" ASC-nin vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil yolunun 1,8 kilometr hissəsində 12350 və Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 2,9 kilometr hissəsində 18400 kvadratmetr sahəyə asfalt döşəməklə orta və cari təmir işləri aparılmışdır. Kürdəmir Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyinin xətti ilə Heydər Əliyev və Bakı prospektlərində, Vaqif, R.Axundov, X.İslamzadə, H.Aslanov, S.Şıxəliyev, M.Müşfiq, Şərifzadə, M.Gəncəvi küçələrində, ümumilikdə 14 min 757 kvadratmetr ərazidə asfalt işi görülmüşdür. Xırdapay kəndi üzrə nümayəndəliyin xətti ilə kəndə gedən avtomobil yolunun 1880 kvadratmetr hissəsinə asfalt döşənmiş, Pirili, Mollakənd, Atakişili, Topalhəsənli, Sığırlı, Carlı, Muradxan, Qocalı, Yenikənd kəndlərində kəndarası yollara daş döşənərək təmir işləri görülmüşdür.

Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar iməciliklər keçirilmiş, 100 mindən çox ağac və gül kolları əkilmiş və ağaclara qulluq göstərilmişdir. Rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması məqsədilə 30 mindən çox müxtəlif növ ağac əkilmişdir.

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı, mövcud problemlərin həlli ilə əlaqədar tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur. Son yeddi ildə rayonda 23 yeni məktəb və ya 6000 şagird yerlik 300 sinif otağı tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki 20-25 ildə tikilən məktəb və sinif otaqlarının sayından 6 dəfə çoxdur. Dövlət Proqramına müvafiq olaraq 640 şagird yerlik şəhər 3 saylı orta məktəbinin tikintisinə başlanmış, Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Sülh" qeyri-dövlət humanitar təşkilatı tərəfindən Bala Kəngərli kənd ümumi orta məktəbinin yanında 200 yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır. Təbii fəlakət nəticəsində Carlı kənd orta məktəbinin tədris binasının uçması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin məktəbin ərazisində 11 sinif otaqlı yeni məktəb binası, Ərəbxana kənd orta məktəbi yanında isə 3 sinif otağı tikilib istifadəyə verilmişdir.

Məktəblərin maddi-texniki bazası və informasiya-kommunikasiya texnologiyaları təminatı ilə əlaqədar ötən il 6000 şagird yerlik yeni inventar alınmış, 502 müasir tipli kompyuter quraşdırılmışdır ki, bu da hər 20 şagirdə 1 kompyuterin düşdüyünü göstərir. 5 məktəb internet şəbəkəsinə qoşulmuş, 11-i üçün hazırlıq işləri görülür. Ötən il 1121 şagirddən 151 nəfəri ali , 75 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuş, 7 nəfər 600 baldan, 18 nəfər isə 500 baldan yuxarı nəticə göstərmiş, 1 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Son yeddi ildə 12 qabaqcıl müəllim və təhsil işçisinə müxtəlif fəxri adlar verilmişdir. Onlardan 4 nəfəri "Əməkdar müəllim" adını daşıyır. 2 rəhbər təhsil işçisi "Tərəqqi" medalına, 1 nəfər "Ən yaxşı müəllim" adına layiq görülmüşdür.

2010-cu il səhiyyə sistemində islahatlar ili olmuşdur. Rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülmüş, yeni maşın və tibbi avadanlıqlar alınmış, tibb məntəqələri tikilib istifadəyə verilmişdir. Mərkəzi rayon xəstəxanasının əsaslı təmirinə başlanmışdır. Daşqınlardan ziyan çəkmiş bəzi kənd həkim məntəqələri təmir edilmişdir. Mədəniyyət müəssisələrinin mövcud maddi-texniki bazasının möhkəmləndirilməsi üçün addımlar atılmış, uşaq incəsənət məktəbi, muzey və kitabxanalar üçün yeni inventar və avadanlıqlar alınmışdır.

Qarabağ əlilləri və şəhid ailələrinin problemləri rayon icra hakimiyyəti başçısının daim diqqət mərkəzində olmuşdur. Son 7 ildə onlar üçün 2 ədəd 16 mənzilli bina, 3 ailəyə fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Rayonda 613 ailədə 2237 nəfər məcburi köçkün və qaçqın, 69 ailədə isə Özbəkistandan deportasiya edilmiş 300 nəfər Ahıska türkü məskunlaşmışdır. Rayon icra hakimiyyəti bu ailələri də daim diqqət mərkəzində saxlamışdır.

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl iş aparılmış, onların Milli Ordu sıralarına göndərilməsi təşkil olunmuşdur.

Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması da rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuş və bu məqsədlə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Bir sıra hava xətləri, yarımstansiyalar, transformatorlar təmir edilmişdir. Abonentlərin mənzilinə 482 ədəd sayğac quraşdırılmışdır. Əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq və uzun illərdən bəri təbii qaz almayan yaşayış məntəqələrini mavi yanacaqla təmin etmək üçün xeyli iş görülmüş, bir sıra yaşayış məntəqələrinə yeni qaz xətləri çəkilmiş, boru xətləri yenisi ilə əvəz edilmişdir. Rayon əhalisinin içməli suya olan tələbatının ödənilməsi il ərzində diqqət mərkəzində saxlanılan məsələlərdən olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə rayonun 10 kəndində modul tipli sutəmizləyici qurğular tikilmiş, 105 bulaq inşa edilmiş, "BP" şirkətinin maliyyə dəstəyi ilə daha 5 kənddə sutəmizləyici qurğular tikilmişdir. 2011-ci ildə daha 14 kəndin su ilə təminatı üçün əlavə bulaqlar tikilir.

Prezident İlham Əliyevin tapşırığı əsasında korrupsiyaya qarşı mübarizə çərçivəsində rayonda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, vətəndaşların qəbulu, müraciətlərə baxılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün müvafiq komissiya fəaliyyətini gücləndirir. Bu yaxınlarda idarə-müəssisə rəhbərlərinin, icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə komissiyanın növbəti iclası keçirilmiş, onlara konkret tapşırıqlar verilmiş və rayon icra hakimiyyətində qaynar xəttin yaradılmasına qərar verilmişdir.

Rayonun sosial-iqtisadi inkişafında yerli özünüidarəetmə orqanı olan bələdiyyələr mühüm rol oynayır. Yerli əhəmiyyətli məsələlərin həllində icra hakimiyyəti və bələdiyyələrin fəaliyyətini əlaqələndirən şuranın imkanlarından istifadə olunur.

Qarşıda duran vəzifələrdən danışan başçı ümummilli liderimiz Heydər Əliyev kursuna daim sadiq olan kürdəmirlilər adından dövlət başçısını əmin etdi ki, 2011-ci ildə də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bütün imkanlardan istifadə ediləcək. Bundan sonra da kürdəmirlilər Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi yolunda ölkə rəhbəri cənab İlham Əliyevin bundan sonrada ən yaxın köməkçiləri sırasında olacaqlar.

Prezident Administrasiyasının məsul işçisi Rəhim Məmmədov və Milli Məclisin deputatı Fərhad Qəribov hesabat yığıncağında iştirak etdilər.

Sonda yığıncaq iştirakçıları adından ölkə başçısı İlham Əliyevə ünvanlanmış müraciət oxundu.

 

 

Səməd HÜSEYNOĞLU,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2011.- 22 fevral.- S. 5.