Xocalı qətliamı
beynəlxalq hüquq normalarına qarşı yönəlmiş
amansız cinayətdir
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla
törədilmiş Xocalı soyqırımı erməni
şovinist-millətçilərinin azərbaycanlılara
qarşı iki əsrdən artıq müddətdə həyata
keçirdikləri etnik təmizləmə siyasətinin
davamı, qanlı səhifəsidir. Xocalı faciəsi Ermənistanın
Dağlıq Qarabağı işğal etmək məqsədilə
apardığı işğalçılıq müharibəsinin
gedişində dinc azərbaycanlı əhaliyə
qarşı törədilmiş soyqırımı cinayətlərinin
miqyasca ən dəhşətlisidir.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı rayonu erməni separatizminin qurbanı oldu. Həmin gecə erməni cəlladları Xankəndində yerləşən sovetlərdən qalma 366-cı alayın yaxından köməkliyi ilə Xocalıya soxulub qəsəbəni tamamilə yandırdılar. Kərkicahanın, Malıbəylinin, Meşəlinin ardınca tarixdə misli-bərabəri olmayan Xocalı müsibəti baş verdi. Bu faciə XX əsrin Xatın, Sonqmi və Xirosima müsibətlərindən də dəhşətli idi. Bu hərəkətləri ilə uzun illərdən gizli müharibəyə hazırlaşan ermənilər Azərbaycan xalqının qənimi olduqlarını bir daha sübut etdilər. Əslində, ermənilər Xocalı şəhərinin mühasirəsinə hələ 1991-ci ilin oktyabrında başlamışdılar. Xankəndi ilə Əsgəran arasında strateji yer olan Xocalının ələ keçirilməsi ermənilərin əsas məqsədlərindən idi. 1991-ci il oktyabrın 30-da Xocalı ilə quru əlaqəsi tamamilə kəsilmişdi və ara-sıra görünən vertolyotlar mühasirədə qalan 2500 nəfərlik Xocalını Azərbaycanla bağlayan yeganə nəqliyyat vasitəsi idi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki vertolyotun Xankəndidən atılan raketlə vurulmasından sonra Xocalı ilə hava əlaqəsinə də tamamilə son qoyuldu. 1992-ci il yanvarın 2-dən Xocalıya hətta elektrik enerjisi də verilmirdi. Şəhər büsbütün təcrid olunaraq taleyin ümidinə buraxılmışdı. Fevralın ikinci yarısından etibarən Xocalı dörd bir yandan erməni yaşayış məntəqələrindən intensiv artilleriya atəşinə məruz qalırdı. Şəhərin mühasirədən çıxarılması üçün kağız üzərində çeşidli planlar cızılsa da, onların heç biri gerçəkləşdirilmirdi.
Həmin dövrdə hakimiyyətdə olan rejimin Qarabağı qorumaq bacarığına malik olmadığı qabarıq görünürdü. 1992-ci il yanvarın sonu - fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalına ölkə rəhbərliyinin göstərdiyi biganəlik Xocalıya münasibətdə də aşkar idi. Güc nazirliklərinin tez-tez dəyişdirilməsi hərbi uğursuzluqların əsas səbəblərindən birinə çevrilmişdi. Xocalının müdafiəsi üçün mərkəzi hakimiyyət səviyyəsində planlı tədbirlərin həyata keçirilməməsi son nəticədə ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız qətliamına şərait yaratdı.
Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahlarla döyüşən xocalılar təpədən dırnağadək silahlanmış orduya qarşı uzun müddət tab gətirə bilmədilər. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Erməni vandalizmi nəticəsində yüzlərlə yaşayış evi dağıdılaraq yandırıldı, şəhəri tərk etmək məcburiyyətində qalan, Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı: uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu. 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işgəncə verildi. Həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış, ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.
Xocalıda baş verənlər soyqırımı aktı olsa da, o zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələrin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən erməni vandalizminin gerçək mahiyyəti barədə dünya ictimaiyyəti yetərincə məlumatlandırılmamışdı. O zamankı ölkə rəhbərliyinin bu faciəyə olduqca laqeyd və qətiyyətsiz münasibəti nəticəsində ermənilərin işğalçılıq, etnik təmizləmə, terrorçuluq, habelə Xocalı soyqırımı kimi dəhşətli cinayət törətməsinə dünya ictimaiyyəti biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün beynəlxalq səviyyədə hansısa təsirli tədbirlər görülməmişdi. BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın həmin dövrdə bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla Xocalıda baş verən faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər həyata keçirməməsi də üzücü və təəssüfləndirici faktdır.
Halbuki, beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində isə qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir.
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin məhz soyqırımı adlandırılmasına tamamilə imkan yaradırdı. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur.
Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsi ilə törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir. Bütün bunlar isə ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə yeni qoymur. Həmin gecə mənfur erməni silahlı birləşmələri Xocalı əhalisini məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular.
Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və mümkün nəticələrinin ümumi dərki onların soyqırımı kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırımı niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.
Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər vəhşiliklər nəticəsində "İnsan hüquqları haqqında Ümumi Bəyannamədə", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.
1992-ci ilin mayından 1993-cü ilin iyununadək hakimiyyətdə olmuş səriştəsiz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Halbuki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi. Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübuta yetirmək üçün təbliğat maşınını tam gücü ilə işə salaraq qondarma "Sumqayıt olaylarını" dünyaya bəyan etdilər. Biz isə yaşadığımız gerçək qətliamı dünyanın önünə çıxarmağa tələsmirdik. Hətta 1993-cü il fevralın 23-də imzalanmış "Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında" fərman da kağız üzərində qalmışdı.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.
Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son 17 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.
Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən matəm tədbirlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Faciəni "xalqımızın böyük dərdi, kədəri, qəmi" adlandırmış Heydər Əliyev, eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu, "şanlı, uğurlu yol" kimi dəyərləndirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Azərbaycan Respublikası Milli Məclisinin 26 fevral 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı"nda isə bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.
Xocalı gerçəkliklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri də olduqca böyükdür. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüssel şəhərində təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu baxımdan mühüm əhəmiyyət daşımışdır. Heydər Əliyev Fondu soyqırımı barədə həqiqətlərı dünyaya çatdırmaq üçün 2007-ci il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmiş, tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil edilmişdir. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Eyni zamanda Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində ötən 3 ildə "Xocalıya ədalət!" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Hadisələr göstərir ki, bu gün erməni millətçiləri hələ də özlərinin bədnam və çirkin niyyətlərindən əl çəkməyiblər. Qəddar üsullarla dinc insanları kütləvi qırğına məruz qoyan erməni millətçiləri tarix qarşısındakı cinayətlərini ört-basdır etmək məqsədilə müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa əl atır, öz xeyirlərinə yazmağa cəhd edir və bu işdə xaricdəki erməni lobbisinə arxalanırlar.
Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır.
İlham MƏMMƏDZADƏ,
AMEA-nın Fəlsəfə,
Sosiologiya
və Hüquq İnstitutunun direktoru
Xalq qəzeti.- 2011.- 22 fevral.- S. 4.