Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan MDB ölkələri arasında birinci yerdədir

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə tədbirləri, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı 2010-cu ildə də davam etmişonun real artım tempi ümumi artım tempini üstələyərək 7,9 faiz təşkil etmişdir. 2010-cu ildə qeyri-neft sənayesində 6,2 faizlik, rabitədə 29,7 faizlik, nəqliyyatda yük daşınmasında 3,1 faizlik artıma nail olunmuşdur. Ötən il kimya sahəsində 16,2 faiz, maşın və avadanlıqların istehsalında 1,9 dəfə, metallurgiyada 44,6 faiz, qida məhsullarının istehsalında 2,4 faiz artım qeydə alınmışdır.

 

Ötən il ərzində əsas makroiqtisadi göstəricilər sırasında yer alan ümumi daxili məhsul (ÜDM) 5 faiz artaraq 41,6 milyard manat təşkil etmişdir. Bu dövrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi 3,7 faiz artaraq 4653,3 manata (və ya 5797,8 ABŞ dollarına) çatmışdır. Hesablamalara əsasən, keçən il dünya iqtisadiyyatında orta artım 4,8 faiz, MDB dövlətlərində isə 4,3 faiz təşkil etmişdir. Ötən il dünyanın bir sıra ölkələrində tənəzzül prosesinin davam etməsi fonunda Azərbaycan iqtisadiyyatında qeyd olunan artım böyük uğur kimi qiymətləndirilir.

2010-cu ildə Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faizə yaxın artaraq 29,1 milyard ABŞ dollarını ötmüşdür ki, bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. Strateji valyuta ehtiyatlarından səmərəli istifadənin təmin olunması fonunda ölkəmizdə konservativ xarici borclanma strategiyası həyata keçirilir. Bütövlükdə özəl sektor və dövlət borcu da daxil olmaqla Azərbaycanın xarici borcu 9,5 milyard dollar həcmindədir ki, valyuta ehtiyatlarının miqdarı bu göstəricini təqribən 3 dəfədən çox üstələyir və bu, fəsadları hələ özünü büruzə verən qlobal böhran kontekstində ölkənin makroiqtisadi dayanıqlığının ən mühüm göstəricilərindən biridir. Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək.

Ötən il ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilmiş, avtomobil magistrallarının yenidən qurulması davam etdirilmiş, dəmir yolu nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı qəbul olunmuşdur. Transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir. Artan iqtisadi imkanlar kontekstində nəqliyyat sektorunda icrasına başlanan iri infrastruktur layihələri sırasında inşasına start verilən Beynəlxalq Dəniz Ticarət Limanı xüsusi qeyd olunmalıdır. Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində reallaşdırılan layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaqdır.

Qlobal enerji təhlükəsizliyinin təminatında xüsusi önəm kəsb edən Azərbaycanın neft-qaz sektorunda keçən il bütün proqnozlar yerinə yetirilmiş, 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Bununla yanaşı, 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən "Ümid" yatağında yalnız ölkəmizin öz maliyyə imkanları və mütəxəssisləri hesabına aparılmış kəşfiyyat işləri nəticəsində böyük qaz ehtiyatı aşkar olunmuşdur ki, bununla da Azərbaycanın qaz potensialına əlavə həcm daxil edilmiş, təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,2 trilyon kubmetrə çatmışdır.

Ölkəmizin enerji ehtiyatlarının uğurla reallaşdırması beynəlxalq miqyasda da açıq etiraf olunur. Bunu dünyanın nüfuzlu qurumlarından olan Beynəlxalq Enerji Agentliyinin "World Energy Outlook 2010" illik hesabatından da aydın görmək mümkündür. Agentlik ekspertləri qarşıdakı dövr ərzində Azərbaycanın enerji ehtiyatlarından səmərəli istifadə baxımından Xəzərdəki qonşularından irəlidə olacağını proqnozlaşdırırlar.

2010-cu ildə sənayeləşmə siyasəti davam etdirilmiş, yenimüasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox neft sektorunun davamlı inkişafına zəmin yaratmışdır.

Xatırladaq ki, son illər aqrar sahənin inkişafında da mühüm nəticələr əldə edilmişdir. Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmış, idxal olunan buğdaun əlavə dəyər vergisindən azad edilmişdir. Aqrar sektora subsidiyaların və güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin tətbiqi davam etdirilmiş, aqrolizinqaqroservis xidmətlərinin şəbəkəsi genişləndirilmişdir.

Aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin inkişafına əlverişli zəmin yaratmışdır. 2010-cu ildə kənd təsərrüfatında heyvandarlıq məhsulları 6,1 faiz, pambıq istehsalı 17 faiz, tütün istehsalı 24,3 faiz, şəkər çuğunduru istehsalı 33,6 faiz, yaşıl çay yarpağı 22 faiz, meyvə və giləmeyvə 1,5 faiz, bostan məhsulları 5,5 faiz artmışdır. Ötən il regionlarda 13 taxıl, 1 yem, 1 heyvandarlıq, 15 meyvə-tərəvəz, 3 quşçuluq, 4 emal müəssisəsi, 2 istixana, 15 soyuducu anbar kompleksi, 13 taxıl anbarı, eləcə də intensiv bağçılıq, toxumçuluq, tingçilik müəssisələri istifadəyə verilmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına Prezident İlham Əliyevin göstərdiyi diqqət, regionlara mütəmadi səfərləri, müvafiq tapşırıqları, il ərzində 170-dən çox yeni müəssisənin açılışı və təməlqoyma mərasimində iştirakı, regionların tarazlı inkişafının təmin edilməsində və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumilikdə isə, fond tərəfindən hamısı regionlarda olmaqla, 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir.

Prezident İlham Əliyevin ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi siyasətinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə idxal-ixrac prosedurları sadələşdirilmiş, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmişdir.

Xarici investisiyaların cəlb olunması və qeyri-neft ixracının gücləndirilməsi məqsədilə ölkədə və xaricdə 100-ə yaxın biznes forumkonfranslar təşkil edilmişdir. Ötən il Özbəkistanda Azərbaycanın ilk milli sərgisi keçirilmiş, ölkəmizin nailiyyətləri və potensial imkanları nümayiş etdirilmişdir. Beynəlxalq sərgilərdə - Berlində "Beynəlxalq Yaşıl Həftə - 2010", Fransanın Leql şəhərində 53-cü ənənəvi yarmarkalarda Azərbaycan sahibkarları uğurla iştirak etmişlər. Hazırda xarici ölkələrdə ticarət evlərinin yaradılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə işlər davam etdirilir.

Beynəlxalq maliyyə qurumları ilə faydalı əməkdaşlıq davam etdirilmişbir sıra mühüm layihələr həyata keçirilmişdir. Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısında 55 ölkədən minə yaxın nümayəndə iştirak etmişdir.

2010-cu ildə 147 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,1 faiz artaraq 27,9 milyard dollar təşkil etmiş, 14,7 milyard dollar müsbət saldo yaranmışdır. Enerji daşıyıcıları və neft məhsulları istisna olmaqla ixracda 17,8 faizlik artım qeydə alınmışdır. Bu zaman 2186 adda mal ixrac edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 5,6 faiz çoxdur. Ölkəmizin ixrac bazarlarının davamlı olaraq genişlənməsi, yeni bazarlara çıxış imkanlarının artması və ölkəmizin Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) qoşulması ixrac potensialından daha səmərəli istifadəyə zəmin yaratmışdır.

Azərbaycan 2010-cu ildə sosial sahədə də mühüm nailiyyətlər qazanmışdır. Hesablamalar göstərir ki, ötən il əhalinin pul gəlirləri 13,3 faiz artdığı halda, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, beləliklə gəlirlər qiymət artımını üstələmişdir. Orta aylıq əməkhaqqı 9,1 faiz artaraq 325 manata çatmış, minimum əməkhaqqı və əmək pensiyalarının baza hissəsi 13 faiz artırılaraq 85 manat səviyyəsində müəyyən olunmuş, yoxsulluq səviyyəsi 9,1 faizə enmişdir. Bununla yanaşı, yaşayış minimumunun həddi 87 manata çatdırılmış, ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği isə 65 manata qaldırılmış və hazırda bu, 110 mindən çox ailəyə şamil edilir.

Qazanılmış uğurlar nüfuzlu beynəlxalq təşkilatların müvafiq hesabatlarında da yüksək qiymətləndirilmişdir. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatının təminatı ildən-ilə yaxşılaşır. Bunun nəticəsidir ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. Hesabata əsasən, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir və bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Ölkəmiz 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupunu tərk edərək, yüksək insan inkişafı ölkələri kateqoriyasına daxil edilmişdir. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı iqtisadi inkişafın dayanıqlığını və dinamikliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən konkret prioritetlər müəyyənləşdirilmişdir. Bunlar makroiqtisadi sabitliyin qorunub saxlanılması, inflyasiyanın birrəqəmli səviyyədə olması, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin daha da yüksəldilməsi, kiçikorta sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişaf etdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, Dövlət Neft Fondundan transferlərin yalnız investisiya yönümlü layihələrə yönəldilməsi, infrastukturun inkişafı, kənd təsərrüfatının inkişafının stimullaşdırılması (heyvandarlıq və quşçuluğun inkişafı, iri taxılçılıq müəssisələrinin yaradılması, subsidiyaların davam etdirilməsi), yeni ixrac bazarlarının müəyyən edilməsi, "2011-ci ilin Turizm ili" elan olunması, "insan kapitalı"nın inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji sektorununinformasiya-kommunikasiya texnologiyaları sahəsinin (kosmik sənaye) inkişafıdır.

Son illər əldə edillən uğurlar və hazırda həyata keçirilən tədbirlər deməyə əsas verir ki, həmin vəzifələr də yüksək səviyyədə öz həllini tapacaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 22 fevral.- S. 3.