Nəriman Həsənzadə:
"Ürəkdən gələni yazın"
1967-ci
ildə "Külək və mən" şeirimi çap
etdirmək üçün işlədiyim Göz Xəstəlikləri
İnstitutuna gedən yolda yerləşən "Azərbaycan
gəncləri" qəzetinin redaksiyasına getdim. Redaksiya
işçiləri məqsədimi bilib məni redaksiyanın
ədəbiyyat və incəsənət şöbəsinə
yönəltdilər. Şöbə müdiri Nəriman Həsənzadənin
yanına.
Mən
onun haqqinda hələ Gəncədə Azərbaycan
Yazıçılar İttifaqnın filialında çox
eşitmişdim. Onun gözəl şair olduğunu bilirdim.
İndi də özünü gördüm. Məni
görüb ayağa qalxdı. Otaq soyuq olduğu
üçün o uzun paltoda idi. Uca boylu, solğun bənizli,
cavan bir adamdı. Nəcib görkəmi vardı. Şeir gətirdiyimi
dedim. Aldı, oxudu və çap edəcəyini söylədi.
Mənə bir tövsiyə də etdi: "Ürəkdən
gələndə şeir yazın" dedi. Bir rus qadın
şairinin şeirlərindən də misal gətirdi. Təşəkkür
edib getdim. Şeirim çap olundu. O vaxta qədər mən
şeirlərimi "Azərbaycan qadını" dərgisində
çap etdirirdim. Orada işləyənlərin əksəriyyəti
qadın idi. Şeir yazan rəfiqələrimdən biri mənə
demişdi ki, redaksiyalarda işləyən kişilər
qadınları get-gələ salır... Mən həkim idim, aspiranturada
oxuyurdum. Get-gələ vaxtim yox idi...
1980-ci illərin
əvvəllərində işlədiyim Göz Xəstəlikləri
İnstitutunun direktoru, mərhum N.Əfəndiyev məni
kabinetinə çağırdı. İçəri girdikdə
Nəriman Həsənzadəni və mərhum Tofiq Mütəllibovu
gördüm. Onlar eynək yazdırmaq üçün gəlmişdilər.
Nazim Əfəndiyev mənim haqqımda bir həkim kimi təriflər
dedi və əlavə etdi ki, Tamilla həm də gözəl
şeirlər yazır. Nəriman Həsənzadə şeirlərimi
"Ədəbiyyat və incəsənət" qəzetinə
gətirib çap etdirməyi məsləhət gördü.
O zamanlar həmin qəzetdə bir çox şeirlərim
çap olundu.
Elə o
vaxtlar onun həyatında çox kədərli bir hadisə
baş verdi. Onun sevimli həyat yoldaşı ağır xəstəliyə
düçar olmuşdu. Bu kədər, bu yanğı onun
şeirlərində əks olunurdu. O çox fədakarlıqla
Sara xanımı xəstəliyin əlindən almağa
çalışırdı. Əfsus ki, taleyin qəddar
hökmü ilə ikinci dəfə üz-üzə
qaldı... Görünür şairlərin taleyi belə
olur... Tale onları imtahana çəkir, sakit yaşamağa
qoymur, silkələyir, tonusda saxlayır. Görünür,
hansı bir qüvvəsə onları idarə edir. Buna tale
demək olar. Tale insanla birlikdə doğulur və hər zaman
onu idarə edir və deyir: "Sən hamı kimi
yaşamamalısan, inciməlisən, çətinliklərdən
çıxmalısan, vicdanlı, saf olmalısan, gecələr
sakit yatmamalısan, dünyanın dərdini çəkməlisən,
yoxsa səndən şair olmaz. Deməli tale ilə birlikdə
doğulur şair. Qafiyələri bir-birinin dalınca
düzüb şeir yazmaq olar. Ancaq bu hələ şair olmaq
demək deil. Mənə elə gəlir ki, sakit yaşayan
insan filosof olar, şair yox. Fikir versəniz bilərsiniz ki,
bütün şairlər əzabkeş olublar.
Ailədə
qadının rolu çox böyükdür. Ümumiyyətlə,
cəmiyyətdə qadının rolu böyükdür.
Qadınsız evin işığı azalır. Ona görə
qadın köməyindən, qadın dayağından məhrum
olanda kişilərə yaşamaq çətin olur.
Qadınsız ailə suyu sovulmuş dəyirmana bənzəyir.
Nəriman bunu duyur, görürdü. O öz əsərlərində
həmişə qadınları yüksəklərə
qaldırır, onları ilahiləşdirir. Qadınları zərif
və zəif bir məxluq kimi sevir və vəsf edir.
Qadının hiyləgərliyinə də müsbət məna
verir: "qadin zəriflikdən hiyləgər olur" deyir. O
yalnız əsərlərində yox, həyatda da belədir.
O, qadınları etibarlı, yüksək intellektli, zərif
olduqları üçün sevir, qadın "anadır,
bacıdır, həyat yoldaşıdır, dostdur" deyir.
Bəli,
Nəriman müəllim sevgili həyat yoldaşını
itirməklə ikinci dəfə həyatın çətinliklərilə
üz-üzə qaldı... Birinci dəfə o, bir
yaşında ikən atasını itirmişdi. Onun anası
adlı-sanlı bir ailənin qızı idi. Valideynlərini və
qohumlarını həbs edib Sibirə göndərmişdilər.
Tək qalan gənc gızı qohumları 60 yaşlı
kişiyə ərə vermişdilər. Nərimanın bir
yaşı olanda atası dünyasını dəyişmişdi.
Gənc qadın bir yaşlı oğlu ilə tək
qalmışdı. Lakin o peşiman deyildi. Hətta, taleyindən
razılıq edib deyirdi ki, əgər ona getməsəydim sən
olmazdın. O, gecə-gündüz zəhmət çəkib
çalışır, oğlunu korluq çəkməyə
qoymurdu, özü yemir ona yedirirdi. Bunu görən Nəriman
anasından soruşurdu: ana, bəs sən niyə yemirsən?
Anası cavabında- "hələ istəmirəm, sonra yeyəcəyəm"
- deyirdi. Belə yaşayırdı bu ana-bala!
Nəhayət
Nəriman məktəbi bitirib Gəncəyə oxumağa
getdi, qohumları gildə yaşadı, gözəl şeirlər
yazmağa başladı. Gəncə camaatı onun
istedadlı şair olduğunu söyləyirdi. Özü
dediyi kimi " o, ürəyindən gələnləri"
yazırdı. Ona görə də onun şeirləri ürəyə
yatırdı, ürəkləri fəth edirdi. "Ürəkdən
ürəyə yol var" deyirlər. Bu bir həqiqətir.
Bu yol gözə görünməsə də mövcuddur.
Axı bizlər çox şeyi görmürük, ancaq hiss
edirik, ağrını da, sevinci də öz ürəyimizlə
duyuruq. O öz şeirlərində onu narahat edən, təəcübləndirən,
qəzəbləndirən, kövrəldən, sevindirən
hallardan yazır.
Ana nəslinin
nəcibliyi, ata nəslinin haqsızlıqlarla
barışmazlığı onun ruhuna hopub. Hansısa bir
şeirində Nəriman deyir:
Mən
bir nəslin əvəziyəm,
Dəli Həsən
nəvəsiyəm.
Onun
babası çox güclü bir adam olub və həyatdakı
haqsızlığlara qarşı amansız olub, mübarizə
aparıb. Bəzən lazım gələndə zor tətbiq
edib. Ona görə yerli camaat ona Dəli Həsən ləqəbi
verib, lap Koroğlunun dəlilərı kimi. Yadımdadır,
bir dəfə Nəriman müəllimin Moskvaya gedəcəyini
bilib dissertasiyamla əlaqədar bir sənədi Moskvanın
Helmholts adına Göz Xəstəlikləri İnstitutunda
çalışan professor Kasnelsona çatdırmağı
xahiş etdim. Moskvada L.A. Kasnelsonla görüşən Nəriman
müəllim Kasnelsonun mənim dissertasiyama laqeydliyini duyub:
"Tamilla xanım sizin üçün rabınya İzaura
deyil" deyə ona etiraz etmişdi.
O, sovet
dövründə həyatda deyə bilmədiyini öz əsərlərində
deyir:
Neft mənim
ölkəmə fəlakət oldu,
Çalışan
biz olduq, yeyən özgələr...
Mən
onun əsərləri haqqında danışmaq istəmirəm.
Buna səlahiyyətim çatmır. Ancaq onu deyə bilərəm
ki, o, gözəl şairdir. Bir şair kimi onu sevirlər. O,
arabir mənə zəng edib, oxuduğu kitablar haqqında mənə
danışır, öz təəssüratını mənimlə
bölüşür, Bir dəfə o, telefonda mənə
Nizami Gəncəvidən bir bəndi oxudu:
Daşların
hamısı qırmızı yaqut
Gözlərə
nur verir, ürəklərə qut.
"Nəriman
müəllim, mənim kataraktanın müalicəsində
istifadə etdiyim alumenin də, yagutun da tərkibində
gözlərə nur verən eyni maddə var, böyük
Nizami hələ o vaxt bunu bilirmiş ",- dedim. Mən də
Nizamidən oxuduğum sətirləri ona təkrar oxudum:
Tanrının
qüdrətinə bax, mənim qulaqlarıma hikmətli
sözlər pıçıldayır,
Odla suyu
daşın içində gizləyib.
Nizami, tərkibində
oksigenlə (od) su olan kristallar haqqında elmdə heç bir
məlumat olmayan o dövrdə daşın (kristalın)
içində odla suyun olduğunu demişdi. Bunu bir Allah, bir də
Nizami bilirdi! Bu maddə hüceyrənin fəalliyyətini
artırır, ona görə də görmə artır... Belə
elmi diskusiyalarda Nəriman müəllim Nizamini Allah
adlandırır, onu təkrar - təkrar oxuyrdu...
Mən 80
illik yubileyi münasibətilə ona 100 il ömür, yeni-yeni
əsərlərilə bizi sevindirməyi arzulayıram.
Yaşayın, yaradın Nəriman müəllim. Mən
müəllim sözünü sözgəlişi demirəm.
Onun bir vaxt "Azərbaycan gəncləri" qəzetinin
redaksiyasında dediyi "Ürəkdən gələni
yazın" məsləhəti mənim qulağımda
sırğa kimi asılıb. Mən onu özümə
müəllim bilirəm və müəllimimlə fəxr
edirəm.
Tamilla ŞƏFƏQ (AĞAYEVA)
şair, tibb elmləri
üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 23 fevral.- S. 7.