Laçın: problemlərin sürətli həlli sosial-iqtisadi uğurları artırır

 

19 ildən bəri respublikanın əksər bölgəsinə səpələnmiş laçınlı məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı 2010-cu ildə də bir sıra tədbirlər həyata keçirilmiş, sosial-iqtisadi sahədə irəliləyiş davam etmişdir. Laçın Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında bütün bunlar barədə ətraflı söhbət getdi, 2011-ci ilin mühüm vəzifələrinin vaxtında yerinə yetirilməsi üçün məsul şəxslərə ciddi tapşırıqlar verildi.

 

Laçın rayonunda 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov əvvəlcə məcburi köçkünlərə göstərilən davamlı dövlət himayəsindən söz açaraq bildirdi ki, qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin xüsusi diqqətdə saxladığı məsələlərdəndir. Ötən il dövlət başçısının tapşırığı ilə ölkədə qaçqın və köçkünlər üçün 3 yeni qəsəbə istifadəyə verilmiş, 6600 köçkün yeni tikilmiş evlərə köçürülmüşdür. Laçın rayonundan Yevlax şəhərində məskunlaşmış 12 ailə, Qəbələ rayonunda 5 ailə, Bakı şəhərində 14 ailə yeni mənzillərlə təmin olunmuşdur.

2010-cu ilin dekabr ayında isə Ağcabədi rayonu ərazisində 3 fin tipli qəsəbədə məskunlaşmış laçınlı məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün bütün infrastruktura malik 552 evdən ibarət yeni qəsəbənin təməli qoyulmuşdur. Bununla yanaşı, Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli sərəncamı ilə Taxtakörpü ərazisində məskunlaşmış 3400 ailə üçün qəsəbələr tikilməsi üçün 627,4 hektar torpaq sahəsi ayrılmış və hazırda layihələndirmə işləri həyata keçirilir. Laçınlılar bunu Prezident İlham Əliyevin laçınlı məcburi köçkünlərə olan hərtərəfli diqqət və qayğısının növbəti təzahürü kimi qiymətləndirir, ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirirlər.

Natiq sözünə davam edərək dedi ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab İlham Əliyevin dərin məzmunlu və proqram xarakterli nitqindən irəli gələn vəzifələr baxımından işlərimizi təhlil edərək, bildirirəm ki, hesabat dövründə respublikanın 58 rayon və şəhərində məskunlaşmış laçınlı məcburi köçkünlərlə mütəmadi görüşlərimiz olmuş, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Taxtakörpüdə və rayon sakinlərinin sıx məskunlaşdıqları digər ərazilərdə məcburi köçkünlərimizin qarşılaşdıqları problemlərlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetində, həmçinin 15-dək nazirlik, komitə və digər əlaqədar mərkəzi təşkilatlarda görüşlər keçirilmiş, bu məsələlərin həllinə nail olunmuşdur.

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə keçən il abadlıq-tikinti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli görülmüş, sosial, iqtisadi və mədəni sahələrdə bir çox tədbirlər həyata keçirilmişdir. Taxtakörpü qəsəbəsində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. 20 ümumtəhsil məktəbində, 6 mədəniyyət və 3 səhiyyə müəssisəsində əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Təhsil şöbəsinin, 121 saylı Laçın Dairə Seçki Komissiyasının, GigiyenaEpidemiologiya Mərkəzinin və "Qayğı" qəsəbə nümayəndəliyinin yerləşdiyi binalar əsaslı təmir edilmişdir.

Rayon İcra Hakimiyyətinin binası önündə ulu öndər Heydər Əliyevin qranitdən yeni büstü qoyulmuş, ətrafında abadlıq, yaşıllıq işlərinin həyata keçirilməsinə başlanılmışdır. Binanın ətrafında 292 kvadratmetr tamet döşəmə salınmışdır. Qəsəbənin giriş yolunda 2036 kvadratmetr səki və sütun aqlay tava ilə üzlənmiş, 668 metr dekorativ dəmir beton və 220 metr daş hasar çəkilmişdir. 1617 kvadratmetr hasar rənglənmiş, 2200 metr uzunluğunda işıqlı kabellər quraşdırılmışdır. Magistral giriş və qəsəbədaxili yollara, meydanlara 10 min kvadratmetr asfalt-beton örtük salınmışdır. Taxtakörpü ərazisində çınqıl örtüklü avtomobil yollarının 5 kilometrində təmir işləri aparılmışdır.

"Dünyaya Baxış" Beynəlxalq Humanitar Təşkilatının maliyyə dəstəyi ilə Taxtakörpü ərazisində hər biri 100 yerlik iki uşaq bağçası tikilmiş, yüksək keyfiyyətli inventar və avadanlıqlarla təchiz edilmişdir. Həmin təşkilat Taxtakörpü ərazisində yolların cari təmiri, nasos alınması, elektrik təchizatı və digər məsələlərlə bağlı 26 mikrolayihə həyata keçirmişdir.

Taxtakörpü qəsəbəsində rayon şəhidlərinin şərəfinə xatirə kompleksi ucaldılaraq ətrafı abadlaşdırılmışdır. Qəsəbədə "Gənclər parkı" yaradılmış və 600-dək müxtəlif ağacgül kolları əkilmişdir. Rayon sakinlərinin məskunlaşdığı ərazilərdə ötən il ümumilikdə 10 mindən cox ağac əkilmişdir. Rayona "Kamaz" markalı su maşını verilmişdir ki, bunun da ərazidə yaşıllığın qorunub saxlanılmasında böyük əhəmiyyəti vardır.

Başçı daha sonra bildirdi ki, ərazidə məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə rayonun müstəqil Elektrik şəbəkəsi müəssisəsi yaradılmışdır. İl ərzində 4 müxtəlif gücə malik transformator yenisi ilə əvəz edilmiş, daxili imkanlar hesabına 12 transformatorda, 205 kilometrlik elektrik hava xəttində əsaslı, 97-dək müxtəlif güclü transformatorda, 169 kilomterlik elektrik hava xətlərində cari təmir işləri aparılmışdır.

Taxtakörpü ərazisində təsərrüfat suyuna olan təlabatın ödənilməsi məqsədilə nasoshidrotexniki qurğular əsaslı və cari təmir edilmişdir. Kür çayı üzərində 1 dizel nasos stansiyası quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. 2010-cu ildə 56,4 kilometrlik kanallar lildən təmizlənmiş, 1 yeni buldozer alınmışdır. Torpaqların vəziyyətinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildə 1006 hektar sahədə meliorasiya tədbirləri həyata keçirilmişdir. Ötən ildə 4310 metr beton, 4996 metr açıqsuyığıcı kanal, 8680 metr qapalı dren çəkilmişdir. Kanallar üzərində 14 borulu keçid, 15 səviyyəqaldırıcı qurğu quraşdırılmışdır. Şor suların Mil-Qarabağ kollektoruna axıdılması üçün nasos stansiyasının tikintisi başa çatdırılmışdır. Kamallı, Malıbəy və Cağazur obalarında artezian quyularının qazılmasına başlanılmışdır.

Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə "Dünyaya Baxış" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən Taxtakörpü su anbarından Qarakeçdi və Şeylanlı obalarına gedən magistral içməli su xəttinin yararsız vəziyyətdə olan 8,7 kilometr hissəsi plastik boru ilə əvəz olunmuş, 5 yerdə bulaq tikilmişdir.

2010-cu ilin aprel ayında Taxtakörpü qəsəbəsinə təbii qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Neft Şirkətinə məktubla müraciət edilmiş, məsələnin müsbət həllinə nail olunmuşdur. Artıq Taxtakörpü qəsəbəsinə təbii qaz xətti çəkilməsində son tamamlama işləri görülməkdədir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən laçınlı məcburi köçkünlərin məskunlaşdığı Bakı şəhəri Molla Cümə küçəsində 7 saylı, Sumqayıt şəhərində 15-ci məhəllədə 10 saylı yataqxana binaları təmir edilmişdir. Bundan əlavə, Taxtakörpü ərazisindəki Ərdəşəvi, Qarakeçdi obalarında, Beyləqan rayonunun Binnətli, Oğuz rayonunun Kərimli kəndlərində avtomobil yolu çınqıl örtüklə bərpa olunmuşdur. Ağcabədi, Beyləqan rayonlarında laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə yeni elektrik xətləri çəkilərək transformatorlar qoyulmuşdur. Fondun köməyi ilə Şəki rayonunun Bolludərə kəndində, Ağsu rayonunun Xanbulaq kəndində içməli su xətləri yenisi ilə əvəz edilmişdir. Taxtakörpü ərazisindəki Mişni obasına xeyir-şər mağarı verilmiş, Laçın rayonunun 1 saylı uşaq bağçası, İmanlar, Alıqulu, 11 saylı, 12 saylı, 31 saylı, 33 saylı orta məktəblərinin binaları əsaslı təmir olunmuş, Aşağı Cicimli orta məktəbi mebel və avadanlıqlarla təchiz edilmişdir.

Hesabat məruzəsində göstərildi ki, ötən ilin aprel-may aylarında respublika ərazisinə yağan aramsız güclü yağışlar, Kür çayının səviyyəsinin xeyli artması, Qarqar çayının daşması, Mil-Qarabağ kollektorunda suyun çoxalması və qrunt sularının yer səthinə qalxması nəticəsində Taxtakörpü ərazisində çiy kərpicdən, qamışdan tikilmiş daxalları, əkin sahələrini su basmış, ərazidəki evlərin əksəriyyəti qəzalı vəziyyətə düşmüşdür. 1010 hektar taxıl sahəsi su altında qalmışdır ki, bu da həm ərazidə taxıl istehsalının azalmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Yaranmış çətin vəziyyətlə əlaqədar rayonun bütün idarə və müəssisələri səfərbər olunaraq Kür çayının Ağcabədi rayonu ərazisindən keçən sağ sahili boyunca bəndbərkitmə işlərinə cəlb edilmişdir. Evlərə dolmuş qrunt sularının kənara axıdılması üçün 20-dən çox nasos alınaraq qabaqlayıcı tədbirlər görülmüşdür.

Hesabat dövründə kənd təsərrüfatı sahəsində görülmüş tədbirlərin nəticəsi olaraq 2010-cu ilin məhsulu üçün 25 kənd ərazi nümayəndəliyi üzrə 920 nəfər istehsalçı tərəfindən 2161 hektar sahədə taxıl, 2057 hektarda yonca, 22 hektarda bostan, 41 hektarda tərəvəz, 10 hektarda şəkər çuğunduru becərilmişdir. Taxıl zəmisindən 5600 ton məhsul istehsal edilmişdir. 11480 ton qaba yem toplanmış, 1041 ton tərəvəz istehsal edilmişdir.

Əhali və fermer təsərrüfatlarında 30690 baş iri mal, 200132 baş davar, 4372 arı ailəsi, 84755 ev quşları bəslənir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1348 baş qaramal, 3985 baş davar, 895 arı ailəsi artmışdır. Rayon üzrə 2010-cu ildə 15710 sentner ət, 127709 sentner süd, 3630 sentner yun, 1 206 000 ədəd yumurta istehsal edilmişdir. 2009-cu illə müqayisədə 3303 sentiner ət, 8836 sentner süd, 231 sentner yun, 26 min ədəd yumurta çox istehsal olunmuşdur.

Minkənd orta məktəbinin 120 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir. Yubiley münasibəti ilə ölkə başçısının müvafiq sərəncamları ilə 2 nəfər müəllim "Tərəqqi" medalı ilə təltif olunmuş, 1 nəfər müəllim isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Quşçu orta məktəbinin direktoru Sabir Mirzəyevə də uzunmüddətli səmərəli fəaliyyəti nəzərə alınaraq "əməkdar müəllim" fəxri adı verilmişdir. Rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 133 nəfəri ali məktəblərə qəbul olunmuş, onlardan 19 nəfəri 500-dən yuxarı bal toplamışdır. 2010-cu ildə rayonun Çıraqlı orta məktəbinin müəllimi Vəli Musayev ilin ən yaxşı 100 müəllimindən biri olmuş, 5000 manat pul mükafatına layiq görülmüşdür. Rayon Təhsil Şöbəsi üçün yeni binanın tıkintisi üçün vəsait ayrılmış, yaxın günlərdə tikintiyə başlanılması nəzərdə tutulmuşdur.

Rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə Mədəniyyət və Turizm Şöbəsinin bədii özfəaliyyət kollektivi fəal iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, şairlər Fikrət Qoca və Ənvər Əhmədin rayon ictimaiyyəti ilə görüşü, tanınmış sənət adamlarının iştirakı ilə "Qış nağılı" adlı bayrama "Ulu sazın sehri" adlı tədbir və Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun orada iştirakı 2010-cu ilin ən yaddaqalan hadisələrindəndir.

2010-cu ildə Rayon Mərkəzi Xəstəxanası tərəfindən 183 nəfər məcburi köçkünün respublikanın ixtisaslı xəstəxanalarında güzəştli şərtlərlə müayinə və müalicəsi təşkil olunmuşdur. GigiyenaEpidemiologiya Mərkəzi tərəfindən aparılmış qabaqlayıcı tədbirlər nəticəsində Taxtakörpü ərazisində ötən il yoluxucuparazitar xəstəliklərə rast gəlinməmişdir.

Məruzəçi qeyd etdi ki, 2010-cu ildə respublikanın 38 rayon və şəhərindəki 101 yaşayış məntəqəsində keçirilmiş səyyar qəbul-görüşlər zamanı rayonun 712 nəfər məcburi köçkünü qəbul edilmiş, onların bütün problemləri dərindən təhlil edilərək bir çox problemlər elə yerindəcə həll olunmuşdur. 712 müraciətdən 335-i müsbət həll olunmuş, 348-i üzrə müvafiq tədbirlər görülmüş, 27-si üzrə aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılmışdır. Səyyar qəbullar zamanı Ağcabədi, Bərdə, Tərtər, Şəki, Qax, Kürdəmir, Ağsu və Zərdab rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin, Bakı şəhərinin Suraxanı rayonunun icra hakimiyyətləri başçılarının iştirakının qaldırılmış məsələlərin operativ həllinə böyük təsiri olmuşdur.

R.Cəbrayılov sonda bildirdi ki, 2011-ci ildə bizi cox mühüm vəzifələr gözləyir. Taxtakörpü ərazisində 552 ailəlik qəsəbənin tikintisi başa çatdırılmalıdır. Xalq qəhrəmanı Sultan bəy Sultanovun 140, "Laçın" qəzetinin 80 illik yubileyləri keçiriləcək. Taxtakörpü ərazisində qamış daxallarda məskunlaşmış 3400 məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin tikintisinə başlanılması da bu il nəzərdə tutulan ən mühüm tədbirlərdəndir. Taxtakörpü ərazisində və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Kürdəmir, Şəki, Ağcabədi, Bərdə və digər rayonlarda məskunlaşmış laçınlıların mənzil-məişət şəraitləri yaxşılaşdırılacaq. Şəhər və kənd ərazi icra nümayəndəliklərinin hesabat yığıncaqlarında qaldırılmış problemlər, tənqidi qeydlər ümumiləşdirilərək 15 bənddən ibarət tədbirlər planı hazırlanmışdır. Laçınlılar Prezident İlham Əliyevi bir daha əmin edirlər ki, onlar bu il də qarşıda duran mühüm tədbirlərin dəqiq, ardıcıl yerinə yetirilməsinə nail olacaqlar. Məruzə ətrafında çıxış edən ayrı-ayrı idarə və təşkilatların rəhbərləri və təmsilçiləri ötən ilin uğurlarından söz açdılar, cari ilin konkret vəzifələri və onları həyata keçirmək yolları barədə danışdılar.

Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev yığıncaqda çıxış etdi.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 23 fevral.- S. 6.