Cəlilabad: çəkilən zəhmətin fərəhli nəticələri

 

Qədim Həməşərə düzündə qərar tutan Cəlilabadın bir rayon kimi inkişafı keçən əsrin 70-ci illərindən başlayıb. Həmin vaxtlar burada taxılçılıqla yanaşı, üzümçülük və digər sahələr tərəqqi edib, sənaye və emal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyev heç zaman Cəlilabaddan qayğısını əsirgəməyib. Prezident İlham Əliyevin imzaladığı regional inkişaf Dövlət Proqramının müvəffəqiyyətli icrası sayəsində isə bu rayonda yeni parklar, bağlar salınıb, təhsil, səhiyyə, mədəniyyət ocaqları, yaşayış evləri, ictimai binalar inşa edilib. Yollar asfaltlaşdırılıb. Rayon mərkəzində salınan Heydər Əliyev seyrəngahı sakinlərin ən sevimli istirahət parkına çevrilib. Buranın gecələri də gündüzləritək işıqlı və füsunkardır. İndi abadlıq-quruculuq işləri rayon mərkəzindən digər yaşayış ərazilərinə keçib.

 

Keçən il aprelin 29-da dövlətimizin başçısı Cəlilabada növbəti səfərində tarix-diyarşünaslıq muzeyinin, şahmat məktəbinin, əlillər və şəhid ailələri üçün inşa edilən 36 mənzilli yaşayış binasının, Müalicə-Diaqnostika Mərkəzinin, "Cəlilabad şərab-2" ASC-nin, Göytəpə su anbarının açılışında iştirak etdi, Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərindəki qarnizonunda oldu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Cənab İlham Əliyev görüş zamanı burada həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi: "Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanın inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlarından biridir". Bütövlükdə il cəlilabadlılar üçün uğurlu olub. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarının fəaliyyətinin əsasını təşkil edib.

Rayon üzrə 107,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Əlverişsiz hava şəraitinə baxmayaraq, nail olunan bu göstərici 2003-cü ildəkinə nisbətən iki dəfəyədək artıqdır. İl ərzində 88 min ton taxılın istehsalına nail olunub. Ellərə bərəkət gətirən üzümçülük yenidən genişlənir. Bu sahədə də rayonun keçmiş şöhrəti özünə qayıdır. Üzüm sahələri 1500 hektara çatdırılıb. Bağlardan 4257 ton üzüm yığılıb ki, bu da əvvəlki ildəkindən 2 min ton yarım artıqdır. Yeni üzüm bağlarının salınması davam etdirilir.

Heyvandarlığın inkişafı üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində keçən il 11 min ton ət, 51 min ton süd və 18,5 milyon ədəd yumurta istehsal olunub. "Cəlilabad-broyler" ASC-də isə 1878 ton quş əti istehsal edilərək satılıb. Kənd əməkçiləri il ərzində yetərincə kartof, tərəvəz, bostan məhsulları, qarğıdalı, günəbaxan və meyvə yetişdiriblər. Kənd təsərrüfatı məhsullarının itkisiz saxlanması rayonlarda anbarların, soyuducu kameralarının tikilməsini zəruri edir. Dövlətimizin başçısı bunu nəzərə alaraq müvafiq tapşırıqlar vermişdir. Cəlilabadın Uzuntəpə kəndində müasir tələblərə cavab verən 20 min tonluq regional gübrə bazası tikilərək istifadəyə verilib. Hazırda hər biri 2 min tonluq 3 soyuducu kameranın, hər biri 10 min tonluq 2 taxıl anbarının tikintisi də davam etdirilir. Bu, kənd adamlarını daha çox məhsul istehsal etməyə ruhlandıracaq və ilboyu ərzaq bolluğuna gətirib çıxaracaq.

Keçən il Prezident İlham Əliyevin xeyir-duası ilə açılan, ümumi tutumu 3,7 milyon kubmetrlik Göytəpə su anbarının istifadəyə verilməsi nəticəsində 681 hektar əkin sahəsinin suvarılmasına imkan yaranıb. Cəlilabadda ümumi məhsulun həcmi 2003-cü ilə nisbətən 3 dəfədən çox, 2009-cu ilə nisbətən 19 faizədək artaraq 398,2 milyon manata çatıb. İstehsal olunan sənaye məhsulunun həcmi 3,4 milyon manat təşkil edib ki, bu da bütövlükdə 2003-cü ildəkindən 5,3 dəfə çoxdur.

Rayonda tikinti-quruculuq və abadlıq işləri genişləndirilir. Dövlət vəsaiti və daxili imkanlar hesabına aparılan işlər Cəlilabadı abad bir məkana çevirib. Ötən il burada Müalicə-Diaqnostika Mərkəzi, şəhid ailələri və Qarabağ əlilləri üçün 36 mənzilli yaşayış evi, şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi, Uzuntəpə kəndində istirahət mərkəzi tikilərək istifadəyə verilib. Bunlardan əlavə, Rabitə evi alkapon materialı ilə üzlənib. Şəhərin mərkəzindəki Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulub. Prospektin hər iki tərəfindəki hasarlar Daşkəsəndən gətirilmiş mozaik daşlarla hörülüb. Prospekt boyu qurulmuş işıqlandırma sistemi, əkilən müxtəlif növ ağaclar buraya xüsusi yaraşıq, gözəllik verir. Tikinti-quruculuq işləri səngimir. Hazırda Olimpiya İdman Kompleksinin, Qaz İstismarı Sahəsinin inzibati binasının, Əliqasımlı kəndində Azərbaycanın Milli Qəhrəmanı Arif Qurbanovun abidə kompleksinin tikintisi davam etdirilir. Çoxlu sayda özəl obyektlər - şadlıq evləri, kommersiya şəbəkələri, yaşayış binaları inşa edilir. Yaxın vaxtlarda Cəlilabad şəhərində Lənkəran Hərbi Prokurorluğu binasının, Dövlət Bayrağı meydanının, Heydər Əliyev adına İncəsənət Mərkəzinin tikintisinə başlanacaq. Təkcə keçən il Cəlilabad şəhərinin 16 küçəsinə yüz min kvadratmetrədək asfalt döşənib. Bundan əlavə, Cəlilabad-Uzuntəpə yolunun kənarında piyadalar üçün səkilər çəkilib, 11 kilometrlik Göytəpə-Privolnoye yolu asfaltlaşdırılıb. Eyni zamanda, kənddaxili yolların da təmiri üçün tədbirlər görülüb, 19 kilometrlik Cəlilabad-Cəngan və 18 kilometrlik Qarazəncir-Gülməmmədli yollarına qum-çınqıl tökülüb.

"Ekologiya ili"ndə yaşayış məntəqələrində və Ələt-Astara magistral yolunun kənarında 25 min ağac əkilib. Yeni yaşıllıqların suvarılması üçün arxlar çəkilib, onların qorunmasından ötrü gözətçilər qoyulub. Ətraf mühitin saflaşdırılması və qorunmasında mühüm əhəmiyyət daşıyan bu iş cari ildə də davam etdiriləcək.

Azərbaycan dövləti əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması sahəsində mühüm tədbirlər həyata keçirir. Ötən il Cəlilabadda 600-ə yaxın yeni iş yeri açılıb ki, bunun da 150-dən çoxu daimi xarakterlidir. Aqrar sahənin, sənayenin inkişafı işsizliyin, yoxsulluğun azalmasına şərait yaradır. Vaxtaşırı olaraq əmək yarmarkalarının keçirilməsi bu məsələnin uğurlu həllində mühüm rol oynayır.

Cəlilabad əhalisi artıq neçə ildir ki, fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Bu sahə yenidən qurulub. Cəlilabad şəhərində 60 kilometrədək SİP kabeli çəkilib, 8356 abonent üçün SMART tipli sayğac quraşdırılıb, 3200 ədəd elektrik dirəyi dəyişdirilib, 4 transformator yarımstansiyası tikilib istifadəyə verilib.

Dövlət Proqramına uyğun olaraq, əhalinin təbii qazla normal təchiz olunması məqsədilə Uzuntəpə kəndindəki qazpaylayıcı stansiyadan rayon mərkəzinə 10 kilometrlik yeni xətt çəkilib, Göytəpə şəhərindəki yeni yaşayış massivinə və Kazımabad kəndinə təbii qaz verilib, Günəşli və Alar kəndlərinin qazlaşdırılmasına başlanıb.

Təhsil sahəsində də əsaslı yeniliklər baş verib. Yeni məktəblər tikilib, köhnələri təmir edilib, onların maddi-texniki bazası daha da möhkəmləndirilib. Cəlilabad şəhər 1və 4 nömrəli, Sabirabad kənd 1 nömrəli, Ləkin kənd orta, Dələli, Hasıllı, Hacıismayıllı kənd əsas, İnilli kənd ibtidai məktəblərinin əsaslı təmiri müəllim və şagirdlər tərəfindən razılıqla qarşılanıb. Hazırda Gülməmmədli kəndində 360 şagird yerlik orta məktəbin tikintisi davam etdirilir. Məzunların ali və orta ixtisas məktəblərinə qəbulunda yüksək nəticələr əldə edilib. Keçən il 585 abituriyentdən 204-ü tələbə adını qazanıb ki, onların da 8-i 600-dən, 30-u isə 500-dən çox bal toplayıb. Həm ali məktəbə qəbul olunanların, həm də yüksək bal toplayanların sayı əvvəlki tədris ilindəkindən çoxdur.

Rayonun məktəblərində 695 kompyuter dəsti quraşdırılaraq şagirdlərin istifadəsinə verilib. Əgər İKT tətbiqi proqramından əvvəl hər 1000 şagirdə 1 kompyuter düşürdüsə, indi hər 29 şagird 1 kompyuterdən istifadə edir. Müəllimlər də müasir tələblərə uyğun, yüksək səviyyəli dərs keçməyə çalışırlar. Elə təhsildə uğurlar da əsasən bununla bağlıdır. Nümunəvi müəllimlər hər il yüksək adlara, fəxri mükafatlara layiq görülür. Ötən il Göytəpə şəhər 2 saylı orta məktəbin müəllimi Elmira Abbasova "Tərəqqi" medalı ilə təltif olunub.

On ilə yaxındır ki, Cəlilabadda Azərbaycan Müəllimlər İnstitutunun filialı fəaliyyət göstərir.Ali təhsil ocağında hər cür şərait yaradılıb. Burada 378 tələbə təhsil alır. Keçən il filialı 53 nəfər bitirib, 523 nəfər ixtisasartırma, 13 nəfər isə bərpa kursu keçib. Burada işgüzar pedaqoji kollektiv toplanıb və şərəfli müəllim peşəsinin sirlərini tələbələrə həvəslə öyrədir. Cəlilabad peşə liseyi və peşə məktəbini keçən il müxtəlif peşələr üzrə bitirən 191 məzunun əksəriyyəti ixtisasına uyğun işlə təmin edilib.

Keçən il istifadəyə verilmiş Müalicə-Diaqnostika Mərkəzi müasir tibbi avadanlıqla təchiz olunub. Bu səhiyyə ocağı təkcə Cəlilabadın deyil, qonşu rayonların da əhalisinin sağlamlığında mühüm rola malikdir. Bundan başqa, rayondakı 8 xəstəxana, 28 kənd həkim ambulatoriyası və 40 tibb məntəqəsi əhaliyə xidmət göstərir. Rayonun mədəniyyət işçiləri əhalinin asudə vaxtının səmərəli keçməsi üçün ardıcıl olaraq mədəni-kütləvi tədbirlər keçirirlər. Yay aylarında Heydər Əliyev seyrəngahında ölkənin incəsənət ustalarının konsertləri təşkil edilir, əyləncəli proqramlar təqdim olunur. Ölkə başçısının xeyir-duası ilə açılan tarix-diyarşünaslıq muzeyi 3500 qiymətli eksponatın saxlanc və sərgi yeridir. Rayonda 50 tarixi-mədəni abidə dövlət mühafizəsindədir. Eyni zamanda, Heydər Əliyev Mərkəzinin imkanlarından geniş istifadə edilir. Bura əhali ilə dialoqun, ictimaiyyətlə birliyin qaynar ünvanına çevrilib. Ulu öndərin irsinin dərindən öyrənilməsi üçün mərkəzdə çoxlu arxiv sənədləri, şəkillər, yazılı materiallar, eləcə də 216 eksponat var. Təkcə ötən il mərkəzdə müxtəlif məsələlərlə bağlı 25 tədbir keçirilib, həmin tədbirlərdə 1895 nəfər iştirak edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin hüquq-mühafizə orqanları ilə əlbir işi nəticəsində möhkəm ictimai-siyasi sabitlik qorunub saxlanır, cinayət hallarının profilaktikası güclənir. Aldığımız məlumata görə, ötən il rayonda cinayət hadisələrinin sayı 2009-cu ilə nisbətən azalıb, cinayətlərin açılma faizi isə artıb. Bu rəqəm 93,4 faiz təşkil edib. Bəli, bu gün Cəlilabad hər cəhətdən ölkəmizin nümunəvi rayonlarından birinə çevrilir. Uğurlar yüksək idarəetmə qabiliyyəti, vətəndaşlarla iş, onların müraciətlərinə həssaslıq, təşəbbüslərin dəstəklənməsi, müsbət işlərin daimi təqdiri kimi amillərdən qaynaqlanır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 23 fevral.- S. 5.