Azərbaycan Turizm İnstitutunda Xocalı soyqırımı anıldı

 

Azərbaycan Turizm İnstitutunda ölkəmizin tarixinə qanla yazılmış Xocalı qətliamına həsr olunmuş "Xocalı-Qan yaddaşımız" mövzusunda foto-sərgi və anım mərasimi keçirildi. Toplantını giriş sözü ilə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açdı və onun təklifi ilə anım mərasimində iştirak edənlər bu soyqıım nəticəsində həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edilir.

 

C.Cəfərov 19 il əvvəl fevralın 25-dən 26-na keçən gecəni XX əsrin ən dəhşətli hadisəsi və faciəsi kimi dəyərləndirərək bu qanlı gecənin yaddaşlardan silinmədiyini bildirdi. Bugünün özündə də dünyanın bir sıra ölkələrində qan töküldüyünü, insanların haqlı-haqsız qurşuna tuş gəldiklərini diqqətə çatdırdı. Dünyanın mühüm informasiya vasitələrinin törədilən faciələrdən insanları dərhal xəbərdar etmələrini bildirdi. Yayılan informasiyaların görüntü materiallarının təqdimində ölkə maraqlarının üstünlük təşkil etməsinə baxmayaraq yenə də insanların həmin hadisələrdən məlumatlandıqlarını vurğuladı. "Amma o gecə- Xocalı soyqırımının törədildiyi anlardan dünya xəbərsiz idi. Məkrli düşmən Rusiyanın 366-cı motoatıcı alayının Xocalı sakinlərinə tutduğu divanı şəhərlə bərabər dəfn etməyi qarşısına məqsəd qoymuşdu. O dövrdə hakimiyyətdə olanlar 8 ailənin yer üzündən silinməsinə, 613 nəfərin vəhşicəsinə qətlinə, 56 nəfərin xüsusi qəddarlıqla öldürülməsinə seyrçi qaldılar. Faciənin miqyasını kiçiltdilər. Martın 2-də rəsmi dövlət qəzetləri və Azərbaycan Televiziyası vasitəsilə 2 nəfərin ölməsi barədə xəbər yayımlandı. Bu fakt dünya mediyasının gündəmində yer aldı. Beynəlxalq ictimaiyyət XX-ci əsrin 92-ci ilində Xocalı Soyqırımı barədə yanlış məlumatlandırıldı. Bizlər isə faciədən bir neçə gün sonra xəbər tutduq."

Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Boran Əziz anım mərasimində çıxış etdi: "O gecənin dəhşətlərini Xocalıya həsr etdiyim kitab vasitəsilə sizlərə çatdırmaq istədim. Körpələrin qəddarlıqla öldürülməsi, insan əzalarının kəsilməsi, qadın, qocalara tutulan divan analoqu olmayan kin-küdurətin bizlərə qarşı qisas forması idi. Bu faciəni biz dəfələrlə 1905-1907,1915, 1918-1920- ci illərdə eyni ssenari üzrə yaşamışıq. Deməli, dəyişən illər, dəyişməyən isə unutqanlığımız olub. Bir vətəndaş kimi bu faciəni "Xocalı soyqırımı" kitabımda sənədli faktlarla tarixləşdirməyə çalışmışam".

Anım mərasimində Xocalı soyqırımının şahidi, jurnalist Şamil Sabiroğlu, Dağlıq Qarabağın Azərbaycan İcması İctimai Birliyinin nümayəndəsi Elçin Əhmədov çıxış edərək Xocalı faciəsinə beynəlxalq aləmdə düzgün qiymət verilməsinə əminliklərini bildirdilər.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 23 fevral.- S. 6.