Prezident İlham ƏLİYEV: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

 

On doqquz il bundan əvvəl, fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərdən ibarət silahlı dəstələr, Xankəndində yerləşən keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyətinin və onun sərəncamında olan hərbi texnikanın bilavasitə köməyi ilə qədim tarixə malik Azərbaycan şəhəri Xocalını işğal etdilər. Bununla da, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirildi. Hücum başlanmazdan əvvəl, hələ fevralın 25-də axşam şəhər artilleriya qurğularından, ağır hərbi texnikalardan güclü atəşə tutuldu. Nəticədə şəhərdə yanğın başladı və fevralın 26-da səhər Xocalı tamamilə od içində idi. Şəhərdə qalmış əhali - təxminən 2500 insan - öz doğma evlərini tərk etməyə məcbur oldu.

 

Onların yeganə məqsədi yaxınlıqdakı və əhalisi əsasən azərbaycanlılardan ibarət olan Ağdam şəhəri istiqamətinə çıxmaqdan ibarət idi. Lakin bu istəklər həyata keçmədi. Motoatıcı alayın hərbi gücündən istifadə edərək Xocalı şəhərini darmadağın etmiş erməni silahlı birləşmələri xüsusi bir qəddarlıqla dinc əhaliyə divan tutdular.

Nəticədə Xocalının 613 nəfər dinc sakini qətlə yetirildi. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə yaşlı insanlar idi. Təcavüz zamanı 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır. Onlardan 76 nəfəri uşaq olmuşdur. 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Ermənilərin qəsbkarlığı Azərbaycan dövlətinə və vətəndaşların şəxsi əmlakına 5 (beş) milyard manat dəyərində (01-02-19 92-ci il tarixinə olan qiymətlərlə) külli miqdarda zərər vurmuşdur.

Bu rəqəmlər 1988-ci ilin fevralında Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin Ermənistan Respublikasına birləşmək haqqında qanunsuz tələblərinin Ermənistanın hakim dairələri və eləcə də Sovet İttifaqının mərkəzi hakimiyyət strukturlarının aşkar dəstəyi nəticəsində törənən Dağlıq Qarabağ münaqişəsinin ən qanlı faciələrindən xəbər verir. Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi mərkəzinin sədri Tatyana Çaladze yazır ki, Ermənistan silahlı qüvvələri 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərini yer üzündən sildilər. Bu qanlı cinayət XX əsrdə beynəlxalq terrorizmin mülki əhaliyə qarşı törətdiyi ən müdhiş əməllərdən biridir.

Erməni terrorçuları və muzdlu silahlı birləşmələrin üzvləri bütöv ailələri məhv edir, kütləvi qətllər törədir, adamların diri-diri dərisini soyur, qulaqlarını kəsir, skalpını çıxarırdılar. Hamilə qadınların qarnını yarır, uşağı çıxardır, artıq ölmüş qadının yarılmış qarnına ərinin kəsilmiş başını soxurdular. Bütün bunları təsvir etmək mümkün deyil. ASALA erməni terror təşkilatının fəal üzvlərindən biri olan və dünyanın müxtəlif bölgələrində qanlı cinayət aktları törətmiş Vazgen Sisiyan Xocalıda azərbaycanlı uşaqların qətlində iştirakını mətbuatdan gizlətmirdi. Belə bir qəddar qaniçən sonralar Ermənistanın prezidenti olmuş Robert Koçaryanın təşəbbüsü ilə Qarabağ müharibəsinin qəhrəmanı elan edilmişdi.

Xocalı soyqırımının iştirakçısı Daud Xeyriyanın yazdığı kitabda isə oxuyuruq: "...Martın ikisində meyitlərin yandırılması ilə məşğul olan erməni "Qaflan" qrupu yüzdən artıq azərbaycanlı meyiti yığdı və Xocalıdan təxminən bir kilometr qərbdə yandırdı... sonuncu maşında mən alnından və əllərindən yaralanmış on yaşlı qız gördüm; aclığa, soyuğa, aldığı yaralara baxmayaraq bu sir-sifəti gömgöy göyərmiş uşaq hələ sağ idi. O, yalnız nəfəs alırdı. Tezliklə Tiqranyan soyadlı əsgər hərəkətsiz qızı götürüb meyitlərin üstünə tulladı, sonra onlara od vurdular".

Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, bu kütləvi və amansız insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində qara ləkə kimi qalacaqdır. Ötən əsrin sonlarına yaxın azərbaycanlılara qarşı törədilən vəhşiliklərə, quldurluğa, terrorizmə görə Ermənistan heç nədən çəkinmir, əksinə, azərbaycanlıların soyqırımına həyasızcasına haqq qazandırır, bu faciələri törədənlər isə milli qəhrəman sayılırlar. Ermənistanda indinin özündə də antiazərbaycan siyasəti yürüdülür, Azərbaycanın yeni torpaqlarının ilhaq olunması üçün dövlət miqyasında ideoloji təxribatlar hazırlanır. Saxtalaşdırılmış erməni tarixi gənclərin şovinist ruhda böyümələrinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır.

Ancaq bütün bunlar fayda verməyəcəkdir. Ermənistan Cənubi Qafqazda təcrid olunmuş respublikaya çevrilib. Tarix boyu yalnız mərhəmət, səxavət və əmniyyət gördükləri qonşularına qarşı belə cinayətkar siyasət milli mənafeyi yanlış anlayan ideoloqların, təşkilatçıların, icraçıların əslinə qalsa həm də öz xalqına qarşı cinayəti idi. Erməni xalqı məhz bu növbəti tarixi cinayətin ağır yükünü daşımağa məhkum olmuşdur. Bu gün Ermənistan həyata keçirilən regional layihələrdən tamamilə kənarda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca, heç bir regional layihədə iştirak etməyəcəkdir, biz buna razılıq verməyəcəyik. Buna görə də münaqişənin tənzimlənməsi bütün region üçün böyük əhəmiyyət kəsb edir".

Təəssüflər olsun ki, Ermənistanın rəhbərləri qeyri-konstruktiv siyasətlərindən əl çəkmirlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun şəkildə nizama salınması istiqamətində məqsədyönlü addımlar atmırlar. Əslində, onlardan bunu gözləmək sadəlövhlükdür. Axı, Ermənistanın indiki rəhbərlərinin, demək olar ki, hamısının Dağlıq Qarabağ münaqişəsinin yaranmasında, onun inkişaf edib iki qonşu respublika arasında müharibəyə çevrilməsində, bu və ya digər formada, əli vardır. Onlar bunu gizlətmirlər də, yeri düşəndə, hətta, bununla fəxr etdiklərini bildirirlər. Xocalı hadisələri ilə əlaqədar prezident S.Sarkisyanın, müdafiə naziri S.Ohanyanın etiraflarını yada salmaq kifayətdir. Belələri ilə bir masa arxasında oturub, müzakirə aparmağın mənasız olduğunu isbat etməyə dəyməz.

Ancaq nə edəsən ki, dünyada ikili standartlar hələ də mövcuddur. Bundan istifadə edən erməni tərəfi gündə bir yalan, böhtan uydurmaqla dünya ictimaiyyətini çaşdırmağa çalışır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini əngəlləməklə özünü beynəlxalq aləmdə pis vəziyyətə qoyur. Ermənilərin bir əsr bundan əvvəl guya türklər tərəfindən soyqırımına məruz qaldığını haray-həşirlə bütün dünyaya car çəkən Ermənistan Respublikası, onun xarici ölkələrdəki güclü diaspor təşkilatları 19 il bundan əvvəl, əhalisini vəhşicəsinə qırıb yer üzündən sildikləri Azərbaycanın Xocalı şəhərinin faciəsini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxırlar. Bu azmış kimi, fitnəkar bəyanatlar verən Ermənistan Respublikasının rəhbərləri danışıqlar prosesini pozmağa, Azərbaycanı yenidən silaha əl atmağa sövq edirlər.

Son üç ayda Ermənistan Respublikasının yüksək vəzifəli şəxsləri barışmaz bəyanatlar verməkdə davam etmiş, bununla da münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə nail olmaq imkanlarını açıq-aşkar və qərəzli şəkildə pozmuş, vəziyyətin daha da gərginləşməsinə çalışmışlar. Məsələn, Ermənistan prezidenti Serj Sarkisyan 2011-ci il yanvarın 17-də artıq adi hala çevrilmiş tarixin saxtalaşdırılması və faktların təhrif edilməsi ilə dolu bəyanatında birmənalı şəkildə eyham vurmuşdur ki, münaqişənin tənzimlənməsi prosesi barədə Yerevanın rəsmi mövqeyi hamılıqla qəbul edilmiş azadlıq, ədalət və sülh kimi prinsiplərdən inadla inkar edilməsinə əsaslanır.

Serj Sarkisyan bundan on gün sonra, yanvarın 27-də verdiyi müsahibədə bir daha təsdiq etmişdir ki, erməni tərəfi münaqişənin tənzimlənməsi prosesini yalnız Azərbaycanın silah gücünə ələ keçirilmiş və etnik təmizləmələr aparılan ərazilərinin ilhaq edilməsi üçün bir vasitə hesab edir. Başqa sözlə, Ermənistan heç bir real əsası olmayan bəyanatlar verməklə bir məqsəd - Ermənistan tərəfindən qanunsuz işğala son qoyulmasının, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasının təmin edilməsi bazasında tənzimləmə formuluna əsaslanan cari siyasi prosesi gözdən salmaq məqsədi güdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin açılışında iştirak edərkən erməni təcavüzü nəticəsində Xocalıdan qaçqın düşmüş Sədaqət Ağayarovanın təzə mənzilində olmuşdur. Bu, həmin Sədaqət Hüseyn qızı Ağayarovadır ki, 19 il bundan əvvəl erməni vandallarının hücumu zamanı beş gün meşədə qarın içində gecələmiş, yaralanan on yaşlı oğlu Nəbini, yeddi yaşlı qızı Sevinci orada ömürlük itirmiş, altı yaşlı oğlu Roman isə donmuşdur.

Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin rəhbəri çay süfrəsi arxasında ailənin üzvləri ilə söhbət etmişdir. Demişdir ki, bu evdə bütün şərait yaradılıb, hər şey var, burada rahat yaşamaq mümkündür. Siz buna layiqsiniz, uzun illərdir erməni təcavüzkarların işğalçı siyasətindən əziyyət çəkirsiniz, məcburi qaçqına çevriləndən sonra yararsız binalarda yaşamısınız, indi isə bizim soydaşlarımız bu gözəl binalarda, rahat mənzillərdə yaşayacaqlar. Siz buna layiqsiniz, siz yaxınlarınızı itirmisiniz.

Xocalı soyqırımını XX əsrin ən böyük cinayəti adlandıran Prezident İlham Əliyev demişdir: "...bilirsiniz ki, ermənilər xaricdəki imkanlarından istifadə edərək, dünya birliyinə Xocalı faciəsi haqqında təhrif edilmiş məlumatlar çatdırmağa cəhd etmişlər. Əfsuslar olsun ki, uzun illər ərzində buna müvəffəq olmuşlar... bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız bu vəziyyəti, demək olar ki, tamamilə dəyişdirdi... Biz bütün ölkələrdə kampaniyalar keçiririk, həm səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə. Bildiyiniz kimi, fond bu məsələ ilə çox fəal məşğul olur. Bizim təşəbbüsümüzlə yaradılmış İslam Konfransı Təşkilatının Gənclər Forumu da bu məsələ ilə bağlı fəal işləyir... Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir... Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq edən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir".

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 23 fevral.- S. 4.