Türkiyənin
TRT kanalı Xocalı faciəsinin dünya ictimaiyyətinə
çatdırılmasına öz töhfəsini verməkdədir
Ötən
əsrin ən dəhşətli hadisələrindən biri
olan Xocalı soyqırımının ildönümü
yaxınlaşmaqdadır. Faciənin ildönümü
yaxınlaşdıqca təbii olaraq, erməni faşizminin
törətdiyi qırğınlar bir daha xatırlanır,
onun dünya ictimaiyyətinə çatdırılması məsələsi
daha da aktuallaşır. Bu istiqamətdə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət"
beynəlxalq kampaniyası çərçivəsində
artıq çox böyük işlər
görülmüşdür. Bu günlərdə İslam
Konfransı Gənclər Forumu kampaniya çərçivəsində
dünyanın bir sıra ölkələrində
genişmiqyaslı aksiyalar keçirəcəkdir. Qardaş
Türkiyənin TRT kanalı da həqiqətlərin beynəlxalq
ictimaiyyətə çatdırılmasına öz töhfəsini
verməkdədir. Bu məqsədlə indiyədək
bir sıra sənədli filmlər çəkilib, Xocalı
soyqırımına həsr olunmuş müxtəlif proqramlar
hazırlanıb.
Dünyanın 5-ci ən böyük televiziya kanalı olan TRT-nin Bakı təmsilçiliyi Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar bu dəfə "Duyun artıq" sənədli filmini çəkib. Filmin quruluşçu rejissoru Nailə Əkbərova, rejissor assistenti Aybəniz Rəfiyeva, operatoru Vüqar İbadovdur. Fevralın 22-də Türkiyənin Azərbaycandakı səfirliyində həmin sənədli filmin təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edən kanalın Bakıdakı təmsilçiliyinin rəhbəri Yüksəl Dəğərcan bildirdi ki, bəzi Qərb ölkələri ikili standartlara yol verərək Xocalı faciəsinə siyasi-hüquqi qiymət verməyiblər. Buna görə də TRT sənədli filmlər hazırlayaraq həmin ölkələrin ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək istəyir. Yüksəl Dəğərcan onu da əlavə etdi ki, Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmaq əslində hər kəsin insanlıq borcudur. Çünki bu, bəşəriyyətə qarşı törədilən cinayətdir və beynəlxalq aləm buna biganə qalmamalıdır: "Erməni vəhşiliklərini dünyaya duyurmaq hər birimizin borcudur. Bu gün sizlərə təqdim olunan filmdə də dünyanı Xocalı həqiqətlərini görməyə səsləmiş, dəhşətli reallıqları tamaşaçılara çatdırmağa çalışmışıq. Biz erməni faşizminin törətdiyi qətliamların, faciələrin bir daha təkrarlanmamasını arzu edirik."
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da çıxış edərək dedi ki, Xocalı faciəsi təkcə Azərbaycanın deyil, Türkiyənin də sağalmaz yarasıdır. Böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" kəlamını xatırladan səfir əlavə etdi ki, faciənin dünya ictimaiyyətinə çatdırılmasında hər iki ölkənin media qurumları aktiv iştirak edirlər. TRT-nin "Duyun artıq" sənədli filmi də bu qəbildəndir. Səfir qeyd etdi ki, Xocalıda insanları vəhşicəsinə qətlə yetirən ermənilər bu gün Türkiyəyə qarşı qondarma soyqırımı iddiası ilə çıxış edirlər. Halbuki, onların əlində heç bir fakt yoxdur. Ermənilər ancaq yalanlara söykənir, şişirdilmiş rəqəmlər ortaya qoyur, bununla da dünya ictimaiyyətini aldatmağa çalışırlar: "Təəssüf ki, bəzi ölkələr yüz il bundan əvvəl baş verən hadisələrə və saxtalaşdırılmış faktlara diqqət yetirir, ancaq 19 il bundan əvvəl insanlığa qarşı törədilən dəhşətli cinayətlərə qiymət vermir. Xocalı faciəsini sübut edən videogörüntülər, fotoşəkillər, çoxsaylı şahidlər olduğu halda ancaq 1915-ci ildə baş verən olaylar barədə yalnız reallıqdan uzaq fikirlər var. Belə olan halda biz ermənilərin yalan təbliğatının qarşısını almaq və onları ifşa etmək üçün bütün imkanlardan istifadə etməliyik. Bizlər sülh, əmin-amanlıq istəyirik. Bu ədalətsizliyə, haqsızlığa son qoyulmasını istəyirik. Xocalı qətliamı dünyada törədilmiş ən dəhşətli faciələrdən biridir. Dünya ictimaiyyəti buna biganə qalmamalıdır. Bu məsələdə Türkiyə həmişə Azərbaycanın yanında olmuşdur, bundan belə də həmrəyliyimiz, qardaşlığımız davam edəcəkdir."
Tədbirdə çıxış edən Milli Məclisin deputatlarından Gülər Əhmədova, Məlahət İbrahimqızı və Jalə Əliyeva bildirdilər ki, bu gün güclənən, qüdrətlənən Azərbaycan dövləti bütün qüvvəsini səfərbər edərək həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır. Qardaş Türkiyə də bu məsələdə ölkəmizə yaxından dəstək verir. Hər iki ölkənin diplomatları müxtəlif ölkələrdə ermənilərin yalan təbliğatının qarşısını almaq üçün birgə səy göstərirlər. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığımız həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bizə əlavə güc verir. Deputatlar ulu öndər Heydər Əliyevin Türkiyə ilə Azərbaycan barədə dediyi "Biz bir millət, iki dövlətik" müdrik kəlamını da xatırladaraq dedilər ki, qardaş ölkə bu prinsiplərə sadiq qalaraq istər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində, istərsə də ermənilərin Xocalıda və digər bölgələrdə törətdikləri qətliamların dünya ictimaiyyətinə çatdırılmasında öz dəstəyini əsirgəmir. Onlar əmin olduqlarını bildirdilər ki, qüdrətli Azərbaycanın çevik xarici siyasəti, xaricdəki diaspor təşkilatlarının ciddi səyi və qardaş Türkiyənin dəstəyi nəticəsində gec-tez Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınacaq. Çünki bu hadisə yalnız tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmi faciələri ilə müqayisə oluna bilər.
Çıxışlardan sonra "Duyun artıq" sənədli filmi nümayiş etdirildi. Filmdə Xocalı faciəsinin şahidləri hadisənin baş verdiyi dəhşətli gecədə ermənilərin törətdikləri vəhşiliklərdən danışdılar. Burada deputatlardan Qənirə Paşayeva, tarixçi-alim Musa Qasımlı və digərlərinin çıxışlarına da geniş yer verilib. Onlar Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğunu faktlarla tamaşaçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş və dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.
Sənədli film təqdimat mərasimində iştirak edənlər tərəfindən yüksək qiymətləndirildi.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 23 fevral.- S. 4.