Azərbaycanın əldə etdiyi uğurlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yüksək dəyərləndirilir

 

Respublikamız makroiqtisadi sabitlik indeksi üzrə 139 ölkə arasında 13-cü yerdədir

 

Respublikamızın son illər əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır.Hazırda Azərbaycanın adı beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bir neçə fakta diqqət yetirək. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ötən il üzrə hesabatında göstərilir ki, ölkəmizdə insanların fiziki,mənəvi,sosial tələbatının təminatı ildən-ilə yaxşılaşır.

 

Bunun nəticəsidir ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur.Hesabata əsasən ,son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir və bunun nəticəsidir ki. 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir.Ölkəmiz 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan orta insan inkişafı qrupunu tərk edərək, yüksək insan inkişafı ölkələri kateqoriyasına daxil edilmişdir. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış Qlobal Rəqabətlilik Hesabatında isə Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik indeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində gedən prosesləri müsbət qiymətləndirən Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunan uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son yeddi ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın". Qeyd edək ki, son 7 il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır.

Prezident İlham Əliyev dövlətin, cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydaları nəzərə alaraq böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməyi vacib sayır. Dövlət başçısı daim vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır.

İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə yüksək templə artması İlham Əliyevin bu məsələyə necə böyük önəm verdiyini göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu ildə 4,1 milyard manat təşkil etmişdir. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiyayönümlü olduğunu göstərir.

Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli bir sıra dövlət proqramları da vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Dövlət başçısı dəfələrlə bildirmişdir ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması və normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişafı, xüsusən də yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrik enerjisinə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalamış, habelə əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdir.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramının qəbulundan ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Bu müddət ərzində regionların da inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmiryolunun inşasına başlanmış, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir.

2010-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9,7 milyard manat vəsait yönəldilmiş, onun üçdə iki hissəsi və ya 6,4 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 21,2 faiz, tikinti-quraşdırma işlərinə isə 19,8 faiz çox olmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 5,8 milyard manat, qeyri-dövlət müəssisələri 3,9 milyard manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 4,7 milyard manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 5,0 milyard manatlıq vəsaitdən istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitin dörddə üç hissəsindən çoxunu daxili, 24,8 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmiş, daxili mənbələrdən yönəldilən vəsaitlərin 73,9 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 26,1 faizi qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.

İl ərzində əsas kapitala yönəldilmiş vəsaitin 42,5 faizi sənaye sahələrinin inkişafına, 4,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 2,4 faizi ticarətə, 24,6 faizi nəqliyyat və anbar təsərrüfatına, 1,5 faizi tikintiyə, 1,8 faizi informasiya və rabitəyə, 1,7 faizi yaşayışın təşkili və ictimai iaşəyə, 0,1 faizi maliyyə və sığorta fəaliyyətinə, 9,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,3 faizi mənzil tikintisinə), 3,7 faizi dövlət idarəetməsinə, 1,2 faizi təhsilə, 1,7 faizi səhiyyəyə, 3,4 faizi istirahət, əyləncə və incəsənətə, 0,6 faizi inzibati və yardımçı xidmətlərə, 0,2 faizi peşə, elmi və texniki fəaliyyətə, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilmişdir.

2010-cu ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,4 milyard manat təşkil edərək, əvvəlki ilə nisbətən 40,9 faiz çox olmuş, yönəldilmiş xarici vəsaitin 94,8 faizi Böyük Britaniya, ABŞ, Çexiya, Yaponiya, Norveç, Türkiyə, Koreya və Fransa investorları tərəfindən həyata keçirilmişdir.

Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə əlavə maliyyə vəsaitinin ayrılması, habelə həftənin altıncı və bazar günləri kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmiş və hesabat ilində taxıl, kartof və yumurta istisna olmaqla əsas kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur.

2010-cu ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3,9 milyard manat təşkil edərək 2009-cu ildəkinə nisbətən 2,2 faiz, heyvandarlıq məhsulları üzrə isə 6,1 faiz artmışdır.

Ölkə iqtisadiyyatı üçün prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektoru əsas infrastrukturlardan biri olaraq dayanıqlı inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işləri davam etdirilmiş, transmilli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.

Yuxarıda sadalanan uğurlu sosial-iqtisadi göstəricilər Azərbaycanın hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutduğundan xəbər verir. Bu, ölkəmizdə həyata keçirilən düşünülmüş düzgün sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir.Azərbaycan sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi, milli modelini formalaşdırıb. İnkişafın Azərbaycan modeli adlanan bu model sayəsində ölkəmiz gündən-günə qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi Azərbaycanı yeni böyük nailiyyətlərə doğru aparır. Başqa sözlə, sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet xəttini təşkil edir. Məhz bunun sayəsində ölkəmiz gündən-günə inkişaf edir, qüdrətlənir, insanların sosial-iqtisadi rifahı getdikcə əhəmiyyətli dərəcədə yaxşılaşır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 23 fevral.- S. 1.