Lerik: çox iş görülüb, qarşıda isə daha böyük vəzifələr durur

 

Bu ilin ölkəmizdə "Turizm ili" elan edilməsi lerikliləri daha çox sevindirib. Axı dağlar diyarının təəssübkeş və vətənpərvər adamları buranın könül açan mənzərələrini, eləcə də öz əlləri ilə yaratdıqları gözəllikləri qonaqlara göstərməkdən zövq alırlar. Onlar əmindirlər ki, bu il Lerikdə turizmin inkişafına xüsusi diqqət yetiriləcək, bölgəyə daha çox qonaq gələcək, qısası, dağlar qoynunda həyat daha da gözəlləşəcək.

 

Rayon ictimaiyyətinin nümayəndələri illik hesabat yığıncağına, bax belə bir nikbin ovqatla gəlmişdilər. İştirakçılar əvvəlcə Azərbaycanı bütün dünyaya tanıtmış ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış əzəmətli abidəsini ziyarət etdilər, önünə gül dəstələri düzdülər.

Sonra rayonda istehsal olunan tikinti materiallarının, ərzaq məhsullarının sərgisi nümayiş etdirildi. Lerikdə aparılan tikinti-quruculuq işləri və turizm potensialı ilə bağlı stendlər hər kəsdə maraq doğurdu. Rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filmin fraqmentləri seyrçilərdə zəngin təəssürat yaratdı.

Hesabat yığıncağında icra hakimiyyətinin başçısı Rövşən Bağırovun məruzəsi dinlənildi. O, ölkə miqyasında 2010-cu ilin inkişaf dinamikasından danışaraq bildirdi ki, Azərbaycanın ucqar guşələrindən olan Lerikdə də bütün sahələrdə irəliləyişə nail olunmuş, nəzərəçarpan uğurlar qazanılmışdır.

Natiq iyunun 25-də dövlətimizin başçısı İlham Əliyevin Lerikə növbəti səfərini ötən ilin ən yaddaqalan hadisəsi kimi dəyərləndirdi. İftixarla qeyd etdi ki, həmin gün Azərbaycan Prezidentinin iştirakı ilə rayonda Heydər Əliyev Mərkəzinin, ulu öndərin abidəsinin, Heydər Əliyev parkının, Dövlət bayrağı meydanının açılışı olmuş, "Uzunömürlülər" muzeyi, rayon mədəniyyət evi, mərkəzi xəstəxana əsaslı təmirdən sonra istifadəyə verilmişdir. İctimaiyyətin nümayəndələri ilə görüşdə rayonda görülən işlərə yüksək qiymət verilməsi hər bir lerikliyə unudulmaz təsir bağışlamışdır.

Ölkə rəhbəri rayona səfəri zamanı Qarabağ və Böyük Vətən müharibələrində həlak olan leriklilərin xatirəsinə şəhərin girəcəyində ucaldılmış abidə kompleksini ziyarət etmiş, buradan Lerikin füsunkar təbiətini, aparılan quruculuq-abadlıq işlərini seyr etmişdir. Prezident qarşıdakı illərdə Lerikdə görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını vermişdir.

Hesabat ilində Lerik şəhərində yeni park, uşaq meydançaları, fəvvarələr və şəlalə kompleksləri quraşdırılıb, görkəmli ictimai xadim Nəriman Nərimanovun abidəsi olan bağ abadlaşdırılıb. Rayon İcra hakimiyyəti aparatı, əhalinin sosial müdafiəsi mərkəzi və Baytarlıq İdarəsi üçün yeni inzibati binalar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli yaşayış evi tikilib.

Şəhərin N.Nərimanov, A.Əsədullayev, Nizami küçələri əsaslı təmir olunub, milli ornamentlərə uyğun istinad divarları, səkilər inşa edilib, işıqlanma sistemi quraşdırılıb, H.Heydər küçəsində təmir-bərpa işlərinə start verilib. 2 bulaq təmir olunub. Azərbaycanın ilk Milli Qəhrəmanı Valeh Müslümovun abidəsi ucaldılıb, ətrafı abadlaşdırılıb. Şəhərin mərkəzindəki bəzi kommunal və fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilib.

Rayon ərazisində şəhərsalma və tikinti işlərinin milli memarlıq ənənələrinə və müasir tələblərə uyğun aparılması məqsədi ilə Lerik şəhərinin yeni baş planı (2009-2029-cu illər) işlənib. Həmin plana müvafiq olaraq, ilk iki ildə şəhərin 3 min kvadratmetdən artıq istinad divarı bərpa edilib. Əksər divarlar çay daşı və ağlay plitələri ilə üzlənib, səkilərə xeyli ağlay və tamet plitələri döşənib. Şəhərinin küçə və yollarının əksər hissəsinə asfalt örtüyü salınıb, yeni işıqlandırma sistemləri qurulmaqla 102 ədəd estetik cəhətdən zövqoxşayan müasir elektrik dirəkləri qoyulub. C.Cabbarlı küçəsində də işıqlandırma sistemi bərpa edilib. "Ekologiya ili" ilə əlaqədar rayon ərazisində 10 mindən yuxarı ağac əkilib. Meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən 110 hektar meşə əkini aparılıb, 52 hektar sahədə ağac tingi basdırılıb. Mövcud sahələrdə əvvəllər əkilmiş zolaqlarda bərpa işləri görülüb.

Turizm rayonda yeni sahə olsa da, qısa vaxtda 9 istirahət mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin istirahət etməsi üçün hər cür şərait yaradılıb. Hesabat ilində 7587 nəfər turist dincəlmək üçün məhz Leriki seçib.

Lənkəran-Lerik yolu boyunca, Qosmalian və Bilnə kəndlərində yeni istirahət-əyləncə mərkəzləri, Lerik şəhərində və ərazilərdə, habelə magistral yol boyunca ticarət və iaşə obyektləri tikilib. Magistral yolun 36-cı kilometrində müasir kottec və otellərə malik "Cənub" turizm mərkəzi inşa edilib. "Relax" turizm-istirahət mərkəzində inşasına ötən ildən başlanan "AKVA-park"da işlər davam etdirilir. Burada tezliklə kanat yolların tikintisi də nəzərdə tutulub.

Lerik şəhərində 1344 ev mavi yanacaqla təmin edilib, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinə, idarə, müəssisə və təşkilatlara, iaşə obyektlərinə qaz xətti çəkilib. Cəngəmiran, Lüləkəran, Perzəkücə, Blaband, Lüləkəran və digər kəndlərinin qazlaşdırılmasına, həmçinin mənbə Lənkərandan götürülməklə Piran, Vizəzəmin, Siyov, Bürsülüm, Daster,

Veri və Tikəband inzibati ərazilərində yerləşən yaşayış məntəqələrinin qazla təmin edilməsi üçün magistral qaz xəttinin çəkilməsinə başlanıb. Veri və Züvüç kəndlərində rabitə şöbələri, Nuravud, Siyov, Veri kəndlərində yeni ATS-lər inşa edilib. Artıq Lerik rayonunda ATS-lərin 80 faizdən çoxu elektron ATS-lərlə əvəzlənib. Lerik şəhəri, Mastayıl və Hıramo kəndlərində elektrik hava xətləri SİP kabelləri ilə əvəzlənib, təsərrüfatda yeni avadanlıqlar quraşdırılıb, bütün abonentlər "Smart" kartlı sayğaclarla təmin edilib.

Rayonun daxili imkanları hesabına və kənd sakinlərinin maddi dəstəyi ilə Əliabad-Kirəvud, Kirəvud-Buruq, Gürdəsər-Lərmərud, Şingədulan-Xanagah, Piran-Bürsülüm, Piran-Daster yollarında təmir işləri aparılıb. Gürdəsər, Anbu, Lüləkəran, Rvarud, Çayrud kəndlərində kənd sakinlərinin vəsaiti hesabına artezian quyuları qazılıb.

ƏƏSMN tərəfindən 3 Qarabağ əlili üçün fərdi yaşayış evi tikilib istifadəyə verilib, 2 evdə isə tamamlama işləri gedir.

Rövşən Bağırov sonra bildirdi ki, 2010-cu ildə rayonda adambaşına düşən gəlir 68 manat artaraq 846 manata çatıb. Ümumi məhsul buraxılışı keçən ilə nisbətən 17 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 15 faizədək artıb. Bütün maliyyə mənbələri hesabına rayonda aparılan tikinti sahələrində 8 milyon 260 min manat məbləğində, yaxud 2009-cu ilə nisbətən 3 milyon 405 min manat çox təmir-tikinti işləri icra edilib. Əhalinin orta aylıq əməkhaqqı 251 manata çatıb.

Sahibkarlığa Kömək Milli Fondunun rayonda keçirdiyi kredit yarmarkasında iş adamlarına güzəştli şərtlərlə kreditlər verilib. Bu, yeni müəssisələrin yaradılmasına imkan verəcək. Bundan başqa, rayonda fəaliyyət göstərən bank şöbələri və kredit təşkilatı tərəfindən kiçik sahibkarlığın inkişaf etdirilməsi üçün əhaliyə 2 milyon manatdan yuxarı kredit verilib.

Fermerlər əkin sahələrindən yetərincə dənli bitki, kartof, tərəvəz yığıblar. Bu ilin məhsulu üçün 2311 hektarda payızlıq buğda əkilib. Dövlət Proqramının icrası ilə bağlı görülmüş kompleks tədbirlər nəticəsində əvvəlki illərə nisbətən mal-qaranın, davarın baş sayı, ət, süd, yumurta və yun istehsalı artıb.

Rayonda kənd təsərrüfatının inkişafı, suvarma sisteminin yaradılması ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-yə edilmiş müraciət müsbət qarşılanıb: "Xanbulan" tikinti meliorasiya idarəsinin Lerik sahəsi yaradılıb, rayona ekskavator və UAZ markalı yük maşını təhkim edilib. Şingədulan ərazisində sututarların yaradılması ilə bağlı ilkin texniki işlərə başlanıb. Suya ehtiyacı olan ərazilərdə artezian quyularının qazılacaq.

İl ərzində 1124 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. DSMF üzrə qeydiyyatda 10 minədək əmək pensiyaçısı var. Onlara pensiyalar bank, poçt və bankomat vasitəsilə ödənilir. Ümumiyyətlə, Lerikdə əhalinin qayğı uman təbəqəsi daim diqqətdə saxlanır. Ötən il imkansız ailələrə RİH tərəfindən 2,5 tondan artıq ət, 73 min manatdan çox maliyyə vəsaiti və ərzaq bağlamaları verilib, bayram süfrələri açılıb, onların mənzil-məişət problemlərinin həllinə köməklik göstərilib.

Son illər ərazilərdə yeni rabitə şöbələri inşa olunub, bir çoxları isə əsaslı təmir edilib. Elektrik şəbəkəsi üzrə hava xətlərində, yarımstansiyalarda təmir işləri aparılıb. Qaz istismarı sahəsi tərəfindən 5 əhali abonenti və 18 mənzilli yaşayış evi təbii qazla təmin edilib.

Sentyabr-oktyabr aylarında leysan xarakterli yağışların yağması Lənkəran-Lerik yolunda bir sıra problemlərin yaranmasına səbəb olmuşdu. İcra hakimiyyətinin gördüyü operativ tədbirlər nəticəsində fəsadların qarşısı tezliklə alınıb, yolda avtomobillərin hərəkəti bərpa edilib.

Şəhər təsərrüfatının daha səmərəli idarə edilməsi məqsədi ilə rayona daha 4 avtomaşın, o cümlədən zibil və çirkab su daşıyan, küçə təmizləyən və universal kommunal xidmət maşını verilib. Mart ayından rayonda yaşıllaşdırma idarəsi fəaliyyət göstərir.

Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda ötən il 2 məktəb və 1 uşaq bağçası inşa edilib, incəsənət məktəbində və 24 ümumtəhsil məktəbində əsaslı təmir işləri aparılıb. Qasırğa nəticəsində ziyan çəkmiş bütün təhsil ocaqlarının dam örtükləri yenilənib, digər ziyanlar aradan qaldırılıb. Daha çox zərər çəkmiş Şingədulan kənd məktəbi əsaslı təmir edilib. Məktəblərin maddi-texniki bazası daha da gücləndirilib. Təhsilə diqqətin nəticəsidir ki, ali məktəblərə 112 nəfər, orta ixtisas məktəblərinə isə 34 nəfər məzun daxil olub. Müəllimlərin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirlir.

Əsaslı təmir və yenidənqurmadan sonra Lerik Rayon Mərkəzi Xəstəxanasının əhaliyə xidmət imkanları xeyli artıb. Bir sıra kənd xəstəxanaları və tibb məntəqələrində təmir işləri aparılıb. Bununla bərabər, məruzəçi vurğuladı ki, səhiyyə sahəsində hələ də problemlər qalmaqdadır. Məsələn, ali və orta təhsilli tibb işçilərinə tələbat var. Bəzi tibb müəssisələri uyğunlaşdırılmış və ya qəza vəziyyətində olan binalarda yerləşir.

Sonra icra başçısı Rövşən Bağırov mədəniyyət və idman sahələrinin vəziyyəti, bu sahələrdə, eləcə də siyasi partiyalar və ictimai təşkilatlarla, dini qurumlarla iş sahəsində həyata keçirilən tədbirlər barədə danışdı. Bələdiyyələri fəallığı artırmağa çağırdı. Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin təşkili haqqında məlumat verdi. Qarşıda duran vəzifələri nəzərə çatdırdı.

Məruzə ətrafında müzakirələrdə idarə və təşkilat rəhbərləri öz sahələrində görülmüş işlərdən bəhs etdilər.

Milli Məclisin deputatı İqbal Məmmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Mikayıl Hüseynov rayonda həyata keçirilən tədbirlərə münasibət bildirdilər, perspektiv vəzifələrlə bağlı fikirlərini bölüşdülər.

Lerikdə uğurla başa çatan daha bir ilə beləcə yekun vuruldu. Yığıncaqda nailiyyətlərlə arxayınlaşmamaq və sosial-iqtisadi inkişaf tempini daha da artırmaq əzmi ifadə edildi. İnanırıq ki, belə də olacaq və ucqar bölgədə əhalinin həyat şəraiti daha da yaxşılaşacaq. Bu, dövlət siyasətinin prioritetidir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 24 fevral.- S. 6.