Ağsu: dünəni
də, bu günü də qürur hissi doğurur
Ağsu, onun mehriban, səmimi, qonaqpərvər
insanları haqqında bu yaxınlarda yazmışam.
Ağsunun son vaxtlar daha da gözəlləşən
küçə və meydanlarını gəzmişəm.
Neçə-neçə ağsulunun qonağı olmuşam.
Süfrəsində çörəyini kəsib,
çayını içmişəm. Rayon icra hakimiyyətinin
başçısı Ənvər Seyidəliyevlə hər
dəfə söhbət edəndə o da doğulub
boya-başa çatdığı bu yurdun insanlarından, onun
keçmişindən, bu günündən qürur hissi ilə
danışır. 2010-cu ildə görülmüş tşlərin
yekunları və qarşıda duran vəzifələrilə
əlaqədar keçirilən hesabat
yığıncağında da bu barədə ətraflı
söhbət getdi. Keçən ilə bir daha nəzər
salındı. Nəticələr təhlil olundu.
Hesabat məruzəsi ilə çıxış edən Ənvər Seyidəliyev konkret faktlar sadaladı. Bildirdi ki, ölkədə aparılan sosial-iqtisadi inkişafdan Ağsu rayonu da kənarda qalmayıb. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin uğurlu icrası rayonun inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub.
Elektrik şəbəkələrinin yenidən qurulması və qaz verilişinin bərpası, sahilqoruyucu işlər davam etdirilib, Ağsu şəhərinin və kəndlərin içməli su təchizatı yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və rabitə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, idman-sağlamlıq obyektlərinin tikintisi sürətləndirilib, yerli xammal hesabına fəaliyyət göstərən sənaye və xidmət müəssisələrinin tikintisi genişləndirilib.
Təməli 29 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulan 3 min yerlik stadionun və Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin binalarının inşası sürətlə aparılıb. Dövlət Miqrasiya Xidmətinin rayonlararası təşkilatı üçün inzibati binanın tikintisinə başlanılıb. Əhalinin asudə vaxtını səmərəli keçirməsi üçün Ağsu bələdiyyəsinin balansında olan Mədəniyyət və İstirahət Parkında müasir layihə əsasında yenidənqurma işləri aparılır.
Rayonda mövcud potensialdan səmərəli istifadə olunması üçün əsaslı tədbirlər həyata keçirilir. İqtisadiyyatda kənd təsərrüfatı üstün sahə olduğu üçün ilk növbədə yerli emal müəssisəsinin yaradılması nəzərdə tutulub. 2010-cu ildə Cənubi Qafqaz regionunda ən böyük istehsal müəssisələrindən olan, ildə 5 min ton məhsul qəbul etməyə imkan verən "Azqranata" şirələr və şərab emalı zavodunun tikintisində işlər tam başa çatdırılıb. Ən müasir avadanlıqlarla təchiz olunan və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan çörək zavodu sutkada 5 ton çörək və çörək məmulatı buraxacaqdır.
Ağır yükgötürmə qabiliyyətinə malik nəqliyyat vasitələrinin Ağsu şəhərinin küçə və meydanlarına daxil olmasını məhdudlaşdırmaq üçün ötən ilin sonlarında Ağsu-Kürdəmir və Bakı-Şamaxı-Yevlax magistrallarını birləşdirən dairəvi yolun tikintisinin birinci hissəsi başa çatıb, uzunluğu 2,5 kilometr olan çınqıl yol istifadəyə verilib.
Şəhərin yeni salınan məhəllə və küçələrinin asfaltlaşdırılması ilə bağlı xeyli iş görülüb. Yeni yollar salınıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 10 kənddə ümumi uzunluğu 67,4 kilometr olan yol təmir olunub.
Kəndlərdə də irimiqyaslı tikinti və infrastruktur proqramı həyata keçirilib. Çiyni kəndində abadlaşdırma tədbirləri miqyasına görə daha geniş xarakter almışdır. Qısa müddət ərzində yerli icra hakimiyyəti orqanı və kənd bələdiyyəsinin aparatı üçün müasir dizaynda ikimərtəbəli inzibati bina inşa olunub. Yol, qaz və elektrik təsərrüfatı tamamilə yeniləşdirilib. Hazırda 100 yerlik Mədəniyyət sarayının və kənd stadionunun tikintisində işlər davam etdirilir.
"Ekologiya ili" çərçivəsində il ərzində park və meydanlarda, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin ərazilərində, Bakı-Şamaxı-Yevlax magistralının Ağsu rayonu ərazisindən keçən hissəsində, kənd yaşayış məntəqələrində 26,2 min ədəd ağac əkilib. Həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində rayonun müəssisə və təşkilatlarında 932 yeni iş yeri açılıb ki, bu da, əvvəlki illə müqayisədə 367 yer çoxdur.
Rayonda ümumi məhsul istehsalının həcmi 90 milyon 517 min manata çatıb ki, bu, əvvəlki illə müqayisədə 17 milyon 938 min manat və ya 24,7 faiz çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi 2009-cu illə müqayisədə 4,1 dəfə artıb və 2010-cu ildə məhsul buraxılışının ümumi həcminin 21,2 faizini təşkil edib.
Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin ümumi məhsul buraxılışında xüsusi çəkisi 49,4 faiz olub. 44 milyon 724 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
Əhalinin gəlirləri hesabat ilində 100 milyon 882 min manat təşkil edib ki, bu da əvvəlki ildəkindən 1,3 faiz çoxdur. Orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 4,6 faiz artaraq 188 manata çatıb. Rayonda pərakəndə əmtəə dövriyyəsinin həcmi 71 milyon 249 min manat, adambaşına əmtəə dövriyyəsinin orta illik həcmi 987,8 manat olub. Əhaliyə göstərilən pullu xidmətlər 2009-cu ildəki səviyyəni 1 milyon 822 min manat ötərək 11 milyon 597 min manata çatıb.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi tədbirlərinin davamı olaraq 2010-cu ildə güzəştlə 376 ton mineral gübrə satılıb. 7300 nəfər torpaq mülkiyyətçisinə 1 milyon 458 min manat, o cümlədən taxılçılığın inkişaf etdirilməsi üçün 1 milyon 265 min manat vəsait verilib.
İcra hakimiyyətinin başçısı əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan işlərin hesabat ilində diqqət mərkəzində olduğunu da qeyd etmişdir.
Bildirmişdir ki, ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4409 uşağı əhatə edən 900 ailəyə ünvanlı dövlət yardımı təyin edilib. Yardım alan ailələrin 87 faizdən çoxu 3 və daha çox uşağı olanlardır. Ötən il pensiya və müavinətlərin ödənilməsinə 12 milyon 493 min manat vəsait yönəldilib.
2010-cu ildə rayonda bütün istehlakçılar tərəfindən dəyəri 1 milyon 922 min manat olan 32 milyon kilovat-saat elektrik enerjisindən istifadə olunub. İl ərzində şəbəkəyə 1 milyon 724 manat pul daxil olub ki, bu da istehlak olunan enerjinin dəyərinin 89,7 faizini təşkil edir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət Proqramları çərçivəsində Ağsu şəhərinə və 10 kəndə təbii qaz verilişi bərpa olunub. 2011-ci il yanvar ayının birinədək rayonun təbii qaz verilən yaşayış məntəqələrində 5055 abonent qeydiyyata alınıb. Ötən il qaz təchizatının yaxşılaşdırılması məqsədilə Ağsu şəhərində və ayrı-ayrı kəndlərdə cari təmir işləri aparılıb. Yaxın vaxtlarda 21 kəndə qaz verilişinin bərpa edilməsi üçün Ağsu-Bəyimli və Ağsu-Göydəlləkli istiqamətində 35 kilometr uzunluğunda yeni daşıyıcı xətt çəkilib. Hesabat ilində rayonda 8,3 milyon kubmetr təbii qazdan istifadə olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2009-cu il dövlət büdcəsinin ehtiyat fondundan ayrılan 3,7 milyon manat vəsait hesabına 25 kilometr məsafədən bulaq sularının gətirilməsi üçün yeni kəmər çəkilib, su anbarlarının ümumi tutumu artırılaraq 1500 kubmetrə çatdırılıb. Kəmərin istifadəyə verilməsi ilə Ağsu şəhərinin və ətraf kəndlərin əhalisinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ötən il Kəndoba və Ağabəyli kəndlərində içməli suyun keyfiyyətinin müəyyən edilən tələblərə çatdırılması məqsədilə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.
Hesabat ilində rayonda müasir avadanlıqlardan istifadə olunmaqla telefon şəbəkəsi elektronlaşdırılıb və bu işlərə 6,3 milyon manat investisiya yönəldilib. Mənzil-kommunal təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2010-cu ildə 3 ədəd xüsusi təyinatlı avtomobil alınmışdır.
Ənvər Seyidəliyev təhsil, səhiyyə və mədəniyyət sahələrində də islahatların davam etdirildiyini vurğuladı. Son 7 ildə şagird yerlərinin sayı 3364 olan 15 məktəb binası tikilib və həmin müddətdə inşa edilən 13 sinif korpusu hesabına 4 məktəbdə genişləndirmə işləri aparılıb. Ötən il zəruri ehtiyac olan təhsil müəssisələrində 95,5 min manatlıq əsaslı və cari təmir işləri görülüb. Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı yaxşılaşdırılıb. Bu gün rayonda hər 100 şagirdə 3 kompyuter düşür. 31 nəfər ali təhsil müəssisələrinə qəbul olunub və onlardan 2-si 600 baldan yuxarı nəticə göstərib.
Ənvər Seyidəliyev bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə 2010-cu ilin mart ayından başlayaraq Ağsu rayonu ərazisində arxeoloji qazıntı işləri aparılır. Məqsəd turizm marşrutlarından kənarda qalan Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə, turistlərin diqqətini bu bölgəyə cəlb etməkdir. Ağsuda aparılan tədqiqatlar rayonun tarixinin daha qədimə - XII əsrə aid olmasını sübut edir. Turistlərin tanış olmaları üçün yeni açılan "Orta əsr Ağsu şəhəri: sənətkarlıq məhəlləsi" sərgi kompleksində hər cür şərait yaradılıb.
Sonra isə o, rayon gənclərinin müxtəlif idman yarışlarında əldə etdiyi uğurlardan danışdı. Gənclərə qayğı öz bəhrəsini verib və onlar idmanın futbol, taekvando və digər növləri üzrə respublika yarışlarında əvvəlki illərlə müqayisədə daha uğurlu nəticələr qazanıblar.
İdeoloji işin gücləndirilməsi, ictimaiyyətlə hakimiyyət arasında birliyi və geniş dialoqu təmin etmək üçün Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli istifadə olunur. 2010-cu ildə mərkəzə 267 ekskursiya təşkil olunub və burada müxtəlif mövzularda 49 mühazirə təşkil edilib. Tədqiqat qrupu tərəfindən ulu öndərin ölkəyə rəhbərliyinin müxtəlif mərhələləri, o cümlədən Ağsu rayonu ilə bağlı səfərləri, təəssüratları aşkara çıxarılır, öyrənilir.
Bax beləcə, işgüzar şəraitdə keçirilən hesabat yığıncağında hamı öz sözünü dedi, fikrini söylədi, konkret təklifini dedi, qarşıda daha xoş günlər olacağını bildirdi.
Yığıncağın işində Azərbaycan Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış etdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 24 fevral.- S. 6.