Nizami rayonunda 2010-cu ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr təhlil olunmuşdur

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Rayon İcra Hakimiyyəti binasının foyesindəki büstü önünə tər gül dəstələri düzdülər.

 

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı. Sonra 2010-cu ildə Nizami rayonunun sosial-iqtisadi inkişafını, burada aparılan abadlıq-quruculuq işlərini əks etdirən sənədli film nümayiş olundu.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2010-cu il ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etdi. Natiq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Azərbaycanda sosial-iqtisadi sahələrdə həyata keçirilən bütün islahatların əsas məqsədinin vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəldiyini vurğulayan məruzəçi ümumi inkişafı xarakterizə edən makroiqtisadi göstəricilərin getdikcə yaxşılaşdığını və bunun Azərbaycanı regionun lider dövlətinə çevrilməsinə imkan yaratdığını bildirdi.

2010-cu ilin Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq dedi ki, yanvar ayının 14-də Prezident Sarayında dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir. Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sosial vəziyyətin, sənaye istehsalının, özəl bölmənin, neft-qaz sektorunun, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın yüksəlməsini və inkişafını təhlil edərək dünyada davam edən maliyyə böhranına baxmayaraq, ötən il ölkədə ümumi daxili məhsulun 5 faiz artdığını, sənayedə isə 3,8 faizlik inkişafın baş verdiyini bildirmişdir. Dövlət başçısı ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulayaraq 2010-cu ildə makroiqtisadi vəziyyətin də sabit qaldığını diqqətə çatdırmışdır.

Natiq Prezident İlham Əliyevin ötən il iki dəfə Nizami rayonunda olmasını, bu zaman yeni yol qovşağının açılışında iştirak etməsini, eləcə də rayonda həyata keçirilən infrastruktur layihələri ilə tanışlığını mühüm hadisə kimi dəyərləndirdi.

İ.Mehdiyev bildirdi ki, 2010-cu ildə Nizami rayonunun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, sənaye məhsulunun həcmi 341,3 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ildə istehsal olunan məhsullardan 24,9 faiz çoxdur. İl ərzində rayon üzrə rabitə xidməti üzrə 25 faiz, nəqliyyat üzrə isə 3,6 faiz artım əldə olunmuş, həmçinin ictimai iaşədə 38,8 faiz, ticarətdə 38 faiz və pullu xidmətlərin həcmində 38,3 faizlik artım qeydə alınmışdır.

Ötən il rayonun özəl sektorunda dinamik inkişafın baş verdiyini diqqətə çatdıran natiq "Azərsun" Holdinq Şirkətlər Qrupuna daxil olan "Bakı Yeyinti-Qida Sənaye" ASC-də Avropanın ən son texnologiyaları əsasında şokolad yağının istehsal xəttinin istismara verildiyini, burada buraxılan məhsulun artıq dünya bazarlarına çıxarılmasını rayonun iqtisadi həyatında mühüm hadisə kimi səciyyələndirdi. Bununla yanaşı, il ərzində 900 ton şokolad yağı istehsal edən "Ulduz" fabrikinin istehsal sahələri də xeyli genişləndirilmiş, burada 250-yə yaxın işçinin çalışması üçün şərait yaradılmışdır. Eyni zamanda, rayonda fəaliyyət göstərən "NJT-2000", "Kaspi Yıldız" Holdinq və "Evropean Tobakko Baku" Açıq Səhmdar Cəmiyyəti də il ərzində öz fəaliyyətlərini genişləndirmiş, istehsal etdikləri məhsulların xeyli hissəsini dünya bazarlarına çıxarmışlar. 2010-cu ildə bir sıra ticarət mərkəzləri və iaşə xidməti obyektlərinin də istifadəyə verildiyini bildirən natiq hesabat dövründə özəl sektorun inkişafı nəticəsində rayonda 1770 yeni iş yerinin açıldığını diqqətə çatdırdı.

İcra hakimiyyəti başçısının müavini ötən il rayonda su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üzrə həyata keçirilmiş tədbirlər barədə məlumat verərkən ideya müəllifi ulu öndər Heydər Əliyevin olduğu və Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə reallaşdırılan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini son dərəcə mühüm hadisə olduğunu vurğuladı. Qeyd olundu ki, 2010-cu ildə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon ərazisində müvafiq işlər görülmüş, iki ədəd yeni su anbarı tikilib istifadəyə verilmiş, istismara yararsız 12 ədəd nasosxana bir ədəd müasir tipli nasosxana ilə əvəz edilmiş, köhnə su xətləri dəyişdirilmiş, kanalizasiya şəbəkəsində yenidənqurma işləri aparılmışdır.

2010-cu ildə rayonun elektrik enerjisi, istilik və qaz təchizatı sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verən İ.Mehdiyev qeyd etdi ki, hesabat dövründə ayrı-ayrı yerlərdə yeni transformatorlar quraşdırılmış, istismara yararsız kabel xətləri dəyişdirilmiş, 6246 abonentin elektrik sayğacları yenisi ilə əvəz edilmişdir. Bununla yanaşı, Keşlə qəsəbəsinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 6302 paqonometr uzunluğunda müxtəlif diametrli məhəllədaxili və 2395 paqonometr magistral daşıyıcı qaz xətləri, həmçinin 24 ədəd tənzimləyici dəyişdirilmişdir. İl ərzində daxili imkanlar hesabına 1802 mənzil istiliklə təchiz edilmişdir. Natiq ötən il rayonda rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edərək diqqətə çatdırdı ki, hesabat dövründə Nizami Telefon Qovşağının 7 telefon stansiyası tamamilə elektronlaşdırılmış, onların tutumu 6700 nömrə artırılmışdır.

İ.Mehdiyev 2010-cu ilin rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu qeyd etdi, bu istiqamətdə həyata keçirilən tədbirləri sadaladı.

Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunmasını Nizami rayonunda da ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan natiq ötən il həyata keçirilən ağacəkmə, yaşıllaşdırma və abadlıq işləri çərçivəsində rayonun müxtəlif yerlərində 12 mindən artıq ağac əkildiyini qeyd etdi. Həmçinin rayonda ekoloji durumun yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən də geniş bəhs olundu, ayrı-ayrı ünvanlarda aparılan abadlıq-quruculuq işləri barədə tədbir iştirakçılarına məlumat verildi.

Ötən il rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, həmçinin məşğulluq strategiyası sahəsində görülən işlər sadalandı. Qeyd olundu ki, hesabat ili ərzində 582 nəfərə pensiya təyinatı aparılaraq bu kateqoriyadan olan insanların sayı 23 min 66 nəfərə çatdırılıb. Bundan əlavə, 2010-cu ildə rayon üzrə 2150 ailə ünvanlı sosial yardımdan bəhrələnib. Məruzəçi, həmçinin rayonun daxili imkanları hesabına sosial qayğıya ehtiyacı olan 1130 ailəyə maddi yardım göstərildiyini diqqətə çatdırdı.

İ.Mehdiyev xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Nizami rayonunda həyata keçirilən silsilə tədbirlərdən də geniş bəhs etdi, rayonun mövcud ictimai-siyasi mənzərəsi ilə bağlı maraqlı məlumatları diqqətə çatdırdı, görülən işləri sadaladı. Həmçinin ötən ilin payızında 4-cü çağırış Milli Məclisə keçirilən seçkilərə hazırlıq işləri və bu mühüm siyasi kampaniyada rayon seçicilərinin yüksək fəallıq göstərdikləri məmnunluqla xatırlandı.

Tədbirdə çıxış edən digər natiqlər 2010-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin 2011-ci ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi. Bütün bu məsələlərin iclasın qərar layihəsində öz əksini tapacağı vurğulandı.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Flora Qasımova, Rüfət Quliyev, Rasim Musabəyov və İqbal Məmmədov iştirak edirdilər.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 24 fevral.- S. 4.