Ötən il ölkəmiz üçün böyük nailiyyətlər ili kimi tarixə yazıldı

 

Qazanılan uğurlar sosialyönümlü proqramların reallaşdırılmasına əlverişli zəmin yaradır

 

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan demokratik prinsiplərə əsaslanan dövlət quruculuğu sahəsində qətiyyətli addımlar atdı. Ulu öndərin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik yoluna qədəm qoymuş ölkəmizin mövqelərini möhkəmləndirdi. Böyük tarixi şəxsiyyət Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, ölkəmizi inkişaf etmiş dövlətlər cərgəsinə qoşmaq üçün bütün imkanlardan istifadə etdi. Azərbaycançılıq ideyasının yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişafı ulu öndərin xüsusi diqqət yetirdiyi sahələrdən idi.

 

"Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən ümummilli lider Heydər Əliyev hər bir soydaşımızın milli-mənəvi dəyərlərimizlə fəxr etməsini prioritet vəzifə hesab edirdi. Ulu öndər müstəqilliyimizin ilk illərindəki çıxışlarının birində bu barədə demişdir: "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşmışdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim əxlaqi mentalitetimizdir, Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir. Biz bunların hamısı ilə fəxr etməliyik".

Respublikamızın müstəqilliyinin qorunub möhkəmləndirilməsini və Azərəbaycan dövlətçiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasını yeritdiyi siyasətin ən mühüm və başlıca cəhəti hesab edən Heydər Əliyev dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edəcək gənclərdən ibarət mütəxəssis kadrlar hazırlanmasına böyük üstünlük verirdi. Ümummilli lider deyirdi ki, "İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz. Dövlət idarəçiliyində beynəlxalq təcrübə ilə yanaşı, yerli xüsusiyyətlər də nəzərə alınmalıdır".

Bütün bunların nəticəsi olaraq 1994-cü ildən başlayaraq ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Bu illər ərzində Azərbaycan bütün sahələr üzrə uğurlu nailiyyətlər qazanaraq Avropa ailəsinin, həmçinin dünya birliyinin fəal üzvlərindən birinə çevrildi. Ümumiyyətlə, son 17 ildə Azərbaycanda bir çox tarixi nailiyyətlər əldə olunmuşdur.

Ulu öndərin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz hər il uğurlar qazanmış, bir-birini əvəz edən illər müxtəlif nailiyyətlərə görə yaddaşlara həkk olunmuşdur. Yola saldığımız 2010-cu il də xalqımızın yaddaşından uzun müddət silinməyəcək. Bu ildə də Azərbaycan bir sıra uğurlar əldə etdi. Yanvarın 14-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə daha ətraflı bəhs edildi.

İclasda dövlət başçısı İlham Əliyev Azərbaycanın bütün sahələr üzrə qazandığı nailiyyətlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Aydın oldu ki, 2009-2010-cu illərdə qlobal maliyyə və iqtisadi böhranı dünyanı çətin vəziyyətlə qarşı-qarşıya qoyub. Bir sıra iri şirkətlər, habelə inkişaf etmiş dövlətlər bu böhrana tab gətirməyərək iqtisadi, sosial və mədəni sahələrdə ciddi itkilərlə üzləşdilər. Böhranın acı nəticələri elm, təhsil, mədəniyyət sahələrində də özünü göstərdi. İnsanlar bir sıra sosial problemlərlə üzləşiblər. Azərbaycanda isə tənəzzül əvəzinə, tərəqqi müşahidə olundu. Əmək haqları, pensiyalar artırıldı, nəzərdə tutulan proqramlar həyata keçirildi, elmin, mədəniyyətin, təhsilin inkişafına ayrılmış dövlət vəsaiti artırıldı.

Sosial proqramların icrasında ləngimə və geriləmə müşahidə olunmadı. Təhsil, səhiyyə və idman obyektlərinin inşası və təmiri işləri davam etdirildi. 2010-cu il ərzində 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikildi, beş olimpiya mərkəzi gənclərin ixtiyarına verildi, mədəniyyət ocaqlarının tikintisi və təmirinə dövlət tərəfindən vəsait ayrıldı. Ölkənin inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri olan sosial sahə ötən illərdə olduğu kimi, 2010-cu ildə də diqqət mərkəzində oldu.

Qeyd etdiyimiz kimi, yola saldığımız 2010-cu il də Azərbaycanın tarixində mühüm əhəmiyyətli hadisələr ili kimi qalacaq. Həmin il Bakıda çox nüfuzlu, beynəlxalq əhəmiyyətli tədbirlər keçirildi. Bu da ölkəmizin dünya birliyində böyük nüfuz sahibi olmasından xəbər verir. Artıq Azərbaycanın müxtəlif sahələr üzrə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində təcrübəsi var. Buna görə də Bakı belə nüfuzlu tədbirlərin mərkəzinə çevrilib. Mən 2010-cu ildə elm və mədəniyyət sahəsi üzrə keçirilən tədbirləri xüsusi qeyd etmək istəyirəm. Həm ulu öndər Heydər Əliyev, həm möhtərəm Prezidentimiz İlham Əliyev, həm də Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin sahənin inkişafına böyük əhəmiyyət verirdilər.

Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası ilə əlaqədar Beynəlxalq Münasibətlər üzrə Alimlərin Birinci İllik Simpoziumu, Gənc Alimlərin birinci Respublika İnnovativ İdeya Yarmarkası, "Ekologiya ili" çərçivəsində "Gənclər ekoloji inkişaf uğrunda" Beynəlxalq Elmi-Praktiki konfrans və digər tədbirlər, həmçinin gənc alimlərin elmi əsərlərindən ibarət topluların nəşri ölkəmizdə elmin inkişafına, elm xadimlərinə, xüsusilə gənc alimlərə göstərilən yüksək diqqətin təzahürüdür.

2010-cu ilin böhran ili olmasına baxmayaraq, Azərbaycan Prezidentinin sərəncamı ilə elm, təhsil və mədəniyyət sahəsində çalışanların əmək haqları artırıldı. Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə fəaliyyət göstərən insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bir daha təsdiqlədi ki, hər hansı bir böhran ölkəmizin inkişafına mane ola bilməz. Ötən il 70 mindən çox yeni iş yerinin açılması (bunun 53 mini daimi iş yerləridir), beynəlxalq standartlara cavab verən yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə iqtisadi və siyasi strategiyanın düzgün müəyyənləşdirilməsinin nəticəsidir.

Ötən ilin yaddaqalan hadisələrindən biri də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Bakıda 46 ölkədən 600-dən artıq nümayəndənin iştirakı ilə Yeniyetmələrin 6-cı Beynəlxalq Elm Olimpiadasının yüksək səviyyədə keçirilməsi oldu. Bu, ölkəmizdə yetişən gənc nəslə böyük diqqət və qayğı göstərilməsindən xəbər verir. Gənclərin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi məqsədi ilə respublikanın 67 rayon və şəhərlərini əhatə edən gənclərin vətənpərvərlik tərbiyəsi klublarının şəbəkəsinin yaradılması, "Vətən sağ olsun" telelayihələrinin həyata keçirilməsi, "Mən azərbaycanlıyam" intellektual televiziya layihələri diqqətçəkən hadisələrdən olmuşdur. Ölkəmizin müharibə şəraitində olduğu, torpaqlarımızın 20 faizinin hələ də düşmən işğalında qaldığı bir vaxtda gənclərlə aparılan bu işlər xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan gəncliyinin inkişafında qazanılan uğurlar 2010-cu ildə daha çox olmuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı azərbaycanlı gənclərin vahid bir təşkilatda birləşməsinin əsasını qoymuşdur. Rusiya Federasiyasında və ayrı-ayrı vilayətlərdə gənclərin təşkilatlanması, onların qarşılaşdıqları problemlərin həlli, dünyanın ali təhsil ocaqlarında təbliğ edilməsi istiqamətində maraqlı layihələr hazırlanmış və müxtəlif tədbirlər həyata keçirilmişdir. Ötən il bu təşkilatın apardığı "Xocalıya ədalət" kampaniyasında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində həyata keçirilən dəhşətli soyqırımı barəsində bütün dünyaya ətraflı məlumat yayılmışdır.

2010-cu ildə Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi, xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Bakıda keçirilən Forumu, Londonda və Parisdə təhsil alan azərbaycanlı tələbələrlə görüş və Dağıstanda keçirilmiş Azərbaycan Gəncləri Günü maraqla qarşılanmışdır. Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi və gerçəkləşdirilməsinə başlanılması, bununla əlaqədar təşkilat qrupunun yaradılması da ötən ilin yaddaşımıza həkk etdiyi tarixi hadisələrdəndir.

Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və incəsənətimizin dünya miqyasında təbliği ötən ilin tarixinə şərəfli səhifələr yazdı. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti sayəsində milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, adət və ənənələrimizin dünya miqyasında tanıdılmasına daha böyük imkanlar yarandı. Xalqımızın aşıq-ozan, muğam və xanəndəlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu, o deməkdir ki, artıq saz və muğam sənəti milli çərçivələri aşaraq ümumdünya dəyəri qazanmışdır.

2010-cu ildə Azərbaycan Respublikası YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilmişdir. Belə faktlardan istənilən qədər sadalamaq olar. Ümumilikdə, 2010-cu il bütün sahələr üzrə Azərbaycanın tarixində əlamətdar il kimi qalacaq.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2011-ci ildə də nəzərdə tutulmuş proqramların uğurla həyata keçiriləcəyini diqqətə çatdırdı. Bundan ötrü Azərbaycanın kifayət qədər gücünün, maliyyə və iqtisadi resurslarının olduğunu vurğuladı. 2011-ci ildə müstəqilliyimizin 20 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran möhtərəm Prezident bununla əlaqədar bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçiriləcəyini bildirdi.

2011-ci ilin də uğurlar ili olacağına şübhə yoxdur. Çünki əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

 

 

Ziyafət HƏBİBOVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

elmi kitabxanasının müdiri, filologiya

üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 24 fevral.- S. 4.