Xocalı faciəsi
insanlığa qarşı törədilmiş ağır
cinayətdir
Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru Rauf Qaragözovdur.
- Rauf müəllim, Xocalı faciəsinin əsasən psixoloji aspektlərini araşdırırsınız. Bu sahədə hansı qənaətlərə gəlmisiniz?
- Xocalı faciəsinin siyasi, hüquqi, sosial və sair aspektləri mövcuddur. Mən bu faciənin psixoloji və sosio-mədəni aspektlərini tədqiq etməyə çalışıram. Tədqiqatlarımı əsasən Xocalı faciəsi kollektiv sarsıntı kimi, kollektiv sarsıntıya yanaşma və kollektiv sarsıntının öhdəsindən gəlmək kimi üç istiqamətdə aparıram.
Mətləbə keçməzdən əvvəl hörmətli oxuculardan hafizələrini bir daha yoxlamalarını təklif edirəm. Bir dəqiqəlik onlar yada salmağa çalışsınlar ki, ilk dəfə Xocalı hadisələri haqqında eşidəndə harada idilər və nə edirdilər? Çalışıb o günü yadlarına salsınlar.
Əminəm ki, hər bir azərbaycanlı üçün o gün elə bil "canlı şəkil" kimi gözlərinin qabağında durur. Nə üçün, hadisədən 19 il keçməsinə baxmayaraq o gün bizim yaddaşmızda belə təfərrüatla həkk olunub? Psixoloqlar bu hafizə növünə "flashbulb memory", yəni "fotoişıq hafizə" adı vermişlər. Bu cür hafizə insanları şoka salan məlumatlara cavab reaksiyası olaraq meydana gəlir. Erməni silahlı dəstələrinin Xocalı şəhərini məhv etməsi barədə səslənən xəbər bizim üçün məhz belə bir sarsıdıcı məlumat olmuşdur. Mən xüsusi vurğulayıram: bu hadisə yalnız Xocalıda zorakılığa məruz qalmış insanlar üçün psixi sarsıntı törətməmişdir. Bu hadisə bilavasitə zorakılığın şahidi, yaxud iştirakçısı olmayan bütün azərbaycanlılar üçün sarsıntı törətmişdir. Psixoloqlar bu növ sarsıntını kollektiv sarsıntı adlandırırlar. Bu cür sarsıntı hansısa bir toplumun üzvlərinə xas olan kollektiv kimliyinə (identikliyinə) təhlükə hiss olunanda törənir. 1990-cı ilin Qara Yanvar hadisələrindən sonra Xocalı bütün azərbaycanlıların bu cür iri miqyasda ikinci kollektiv sarsıntısı idi.
Kollektiv sarsıntıya məruz qalmış cəmiyyətin emosional əhvalında, davranışında, dünyaya münasibətində müxtəlif dəyişikliklər müşahidə olunur. Məsələn, şok vəziyyətində olan cəmiyyət öz təhlükəsizliyinə əmin ola bilmir və öz siyasi rəhbərlərinə inamı kəskin şəkildə itirir. Bu isə, öz növbəsində siyasi böhran vəziyyətini yarada bilər. Nəticədə, cəmiyyət, dövlət iflasa uğramaq təhlükəsi ilə üzləşir. Digər tərəfdən kollektiv sarsıntı geniş kütlə arasında çaxnaşma və təşviş törədə bilir. O dövrdə hər iki fəsad bizdə yaşadıldı: həm dərin siyasi böhran, həm çaxnaşma və təşviş içində olan insanlar. Bu nöqteyi-nəzərdən ermənilərin dinc əhaliyə divan tutub xüsusi qəddarlıqla qətlə yetirməsi bir sıra məqsədlər güdürdü. Onlar azərbaycanlılar arasında təşviş yaradıb, ermənilərin hücumlarına müqaviməti zəiflətmək, ümumiyətlə isə, Azərbaycan cəmiyyətini iflic vəziyyətinə salmaq və mümkün qədər çox ərazisini işğal etmək niyyətində idilər. Bunu Xocalıya basqın edən səhra komandiri, hazırda isə Ermənistanın prezidenti olan Serj Sarkisyan özü etiraf edir: "Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmağı bacarmırlar. Biz bu stereotipi qırdıq".
Görürsünüzmü, nə qədər mənəviyyatsız bəyanatdır! Həmin o cinayətkar Sarkisyanın ötən il Britaniyanın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı "Biz, ermənilər, soyqırım keçirmiş xalq kimi, bəşəriyyət və tarix qarsısında soyqırımların qabağını almaq məsələsində mənəvi məsuliyyət daşıyırıq" deməsi istehza və hətta dünya ictimayyətini məsxərəyə qoymaq deməkdir. Xocalı qətliamının törədilməsində birbaşa məsuliyyət daşıyan keçmiş səhra komandirinin dilində səsləndirilən "soyqırım və mənəvi məsuliyyət" kimi sözlər təkçə riyakarlığın zirvəsi deyil. Bu, həm də simvolikdir.
Bu, həm də Avropa qitəsinin mərkəzində, sahə komandiri və Bosniya serblərinin keçmış presidenti Radovan Karaciçın məhkəməsini təşkil edən və eyni zamanda, həmin qəbildən olan cinayətləri törədən Sarkisyanın Avropanın digər bir mərkəzində - mötəbər tribunadan çıxışına imkan verən beynəlxalq qurumlarının qeyri-mükəmməlliyinin və zəifliyinin rəmzidir. Nəyə görə bunlar baş verir? Qərb dünyası nə dərəcədə baş verən hadisələri qərəzsiz, yekdil nöqteyi-nəzərdən, stereotiplərdən azad olaraq qiymətləndirməyə hazırdır? Bu mürəkkəb suallardır və cavab tapmaq üçün bir çox məqamlara aydınlıq gətirmək lazımdır.
- Kollektiv yaddaşla milli identiklik arasında hansı əlaqələr var?
- Yəqin ki, hər bir xalqın tarixində kollektiv sarsıntı törədən hadisələr tapmaq olar. Lakin xalqlar aldıqları kollektiv sarsıntıya yanaşma tərzində fərqli ola bilirlər. Prinsip etibarilə, sarsıntıya 3 əsas yanaşma tərzi mümkündür. Məsələn, bir variant: cəmiyyət hansısa səbəblərə görə, aldığı sarsıntını "unudur". Azərbaycanlıların əksəriyyəti ermənilərin XX əsrin əvvəllərində, Bakıda, Şamaxıda, Qarabağda, Zəngəzurda və digər yerlərdə yerli əhaliyə tutduqları qətliamlar sovet dövründə, demək olar ki, unutmuşlar. O qanlı günlər haqqında yaddaş yalnız yaşlı nəslin yaddaşında və nağıl etdikləri xatirələrdə cəmlənirdi. Maraqlısı bu idi ki, o zorakılığın hətta canlı şahidi olan insanlar baş vermiş əhvalatları öz uşaq və nəvələrinə danışmaqdan çəkinirdilər. Ona görə çəkinirdilər ki, bu əhvalatlar sovet məktəblərində tədris olunan rəsmi tarixlə ziddiyət təşkil edirdi. Yəni, bu əhvalatlar, sosioloqların dili ilə desək, cəmiyyətdə qəbul edilmiş "sosial çərçivəyə" yerləşmirdi.
Sovetlərin "pantürkizm" və "panislamizm" şüarları altında yeritdikləri "yaddaş siyasəti" azərbaycanlıların (həm türk, həm müsəlman olduqları üçün) mədəni yaddaşına və tarixi-ədəbi irsinə xüsusilə ağır zərbə vurmuşdur. Nəticədə, XX əsrin sonunda yeni qəddarlıqla tüğyan edərək ölüm və kin-kidurət səpən erməni millətçiliyi və separatizmi bizim üçün gözlənilməz oldu. Ermənilərin azərbaycanlılara qarşı yenidən alışan düşmənçiliyi, torpaqlarımıza təcavüzü, törətdikləri zorakılıqlar, ilk növbədə, Xocalı qətliamı bizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə artıq daim həssas olmağa və kollektiv yaddaşda saxlamağa vadar edir.
- Xocalının yaddaşımızda qorunub saxlanılmasına artıq əmin olsaq da, bizə əhəmiyyət kəsb edən sual - onun hansı şəkildə yadda saxlanılmasından ibarətdir. Bu barədə fikrinizi bilmək maraqlıdır?
- Bu suala cavab həm bizim milli identikliyimizin inkişaf perspertivlərini, həm də dünya ictimaiyyətinin Xocalı faciəsinə münasibətini müəyyənləşdirir. Əslində, sarsıdıcı hadisənin yadda saxlanılması psixoloqların dili ilə desək, iki formada: "təsirə impulsiv cavabvermə" və "sarsıdıcı təcrübənin üzərində çalışma" baş verir.
"Təsirə impulsiv cavabvermə" variantında alınmış sarsıntı yaddan çıxmır. Əksinə, sarsıntı törətmiş hadisə bir növ daim xatırlanır, yaddaşlara həkk edilir, əbədiləşir. Ancaq bununla yanaşı, icma arasında sarsıdıcı hadisənin törəmə səbəbləri, onun nəticələrinin sərbəst, müxtəlif mövqelərdən müzakirəsi qadağan olunur və hər vasitə ilə bundan imtina edilir. Sarsıntı törətmiş hadisə, hansısa siyasi məqsədlərə nail olmaq üçün məqsədli şəkildə istifadə olunur. Sarsıdıcı hadisələri dərindən dərketmə imkanı qapanır. Nəticədə, düzgün qiymət verə bilməyən toplumun, gələcəkdə yenidən bu cür sarsıdıcı hadisələrlə qarşılaşması təhlükəsi yaranır.
Erməni kollektiv yaddaşının təhlili mənə tam əminliklə iddia etməyə əsas verir ki, bu topluma kollektiv sarsıntıya yanaşma tərzinin məhz bu variantı xasdır. Tarixən belə olmuşdur ki, ermənilərin kollektiv yaddaşının sosial çərçivələri erməni kilsəsi tərəfindən cızılmış və erməni keşişləri tərəfindən ilk tarixi rəvayətlər tərtib edilmişdir. Bu rəvayətlərin əsas ideyasını "ermənilərin daim düşmənlərin əhatəsində yaşayıb, incidilən xalq olması" təşkil edir. Məhz bu xüsusiyyətləri ermənilər arasında sonradan onlar üçün acı nəticələrə gətirmiş türkəfobiyanın geniş intişarına səbəb olmuşdur.Vaxt ötdükcə, ermənilər özlərinin qurban obrazını təbliğ edən rəvayətlərin hazırlanması üzrə geniş şəbəkə yaradaraq, siyasi məqsədlərinə çatmaq üçün Qərb auditoriyasının stereotiplərindən istifadə edərək, qurbanlara təbii mərhəmət hissini istismar etməyə müvəffəq olmuşlar.
- "Qurban obrazı" yaratmağa cəhd etməklə ermənilər nəyə nail olmaq istəyirlər?
- "Qurban obrazı" uduşlu obrazdır. Buna görə də bu obraza uyğun gəlməyən bütün fakt və hadisələr erməni identikliyinin mühafizəkarları tərəfindən müqavimət və aqressivliklə qarşılanır. Onlar hər vəchlə bu fakt və hadisələri gizlətməyə və ya diskreditasiya etməyə çalışırlar. Təsadüfi deyil ki, Xocalıda törədilmiş cinayətlərini ermənilər inkar edir, cinayətkarları müdafiə etmək və onların hərəkətlərinə bəraət qazandırmaq məqsədilə hər cür saxtakarlığa və uydurmalara yol verir, hətta azərbaycanlıların özlərini belə xocalılıların qətliamını təşkil etməkdə ittiham edirlər. Əslində ermənilər bu cinayəti törətməklə nəinki azərbaycanlıların, hətta bütün qafqazlıların nifrətini qazanaraq, yenidən özlərini həyəcanla qisas gününü gözləməyə məhkum etdilər. Ermənilərin timsalında göründüyü kimi, sarsıntıya bu növ yanaşma əslində, heç də ümidverici variant deyil.
Mən "sarsıdıcı təcrübənin üzərində çalışma" variantı barədə də fikirlərimi bildirmək istəyirəm. Bu variantda cəmiyyət aldığı kollektiv sarsıntını yaddasda qorunmaqla bərabər, sarsıntının fəsadlarını aradan qaldırmaq üzərində işləməyə hazırlıq nümayiş etdirir. Bunun üçün cəmiyyətdə sarsıdıcı hadisələrin baş vermə səbəblərinin aşkarlanmasına, buna gətirib çıxarmış amillərin və hadisələrin nəticələrinin dərk edilərək, baş vermişlərə görə mənəvi və hüquqi məsuliyyəti müəyyən etməyə istiqamətlənmiş geniş və hərtərəfli müzakirələrə şərait yaradılır. Bu cür yanaşma nəticəsində gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün cəmiyyət öz təcrübəsindən dərs almaq, onu anlamaq imkanını qazanır.
- Xocalı soyqırımı kimi dəhşətli bir faciəni yaşamış Azərbaycan cəmiyyətinə nə təklif edirsiniz?
- Əgər biz kollektiv sarsıntının səmərəli şəkildə öhdəsindən gəlmək istəyiriksə, onda insanda, onun emosiyaları, hissləri, düşüncələrində cəmlənmiş, səmimi və həqiqəti əks etdirən, insanın vicdanını oyada biləcək təəssüratların - yeni, daha da düşünülmüş izahının və şərhinin yaradılması üçün Xocalı hadisələrinin geniş və azad ictimai müzakirələrinin keçirilməsinə nail olmalıyıq.
Biz öz tariximizi həm özümüzə, həm də dünya ictimaiyyətinə düzgün çatdırmağa çalışmalyıq. Bu istiqamətdə son illər çox işlər görülüb. Lakin səylərimizi daha da artırmalıyıq. "Quzu cildində canavar" olan erməni millətçiliyinin ifşa olunması üçün biz məsuliyyət daşıyırıq. Beynəlxalq təşkilatlar ənənəvi stereotiplərin, zehniyyətlərin, geosiyasi və iqtisadi maraqların təzahürünə daha həssas yanaşmalıdırlar. Heç bir geosiyasət insan vicdanı ilə tənzimlənən qanun və mənəvi dəyərləri ləğv etməli deyil. Cinayətlər cəzalandırılmalı, cinayətkarlar isə mühakimə olunmalıdırlar.
Söhbəti qələmə
aldı: Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 24 fevral.- S. 5.