Azərbaycanın
iqtisadi qüdrəti "Baku Steel Company" MMC-ni regionun ən
böyük və müasir poladəritmə
müəssisəsinə çevirdi
Ölkəmizdə
ağır sənaye sahəsində ilk özəl müəssisə
olan "Baku Steel Company" MMC Qafqaz regionunda birinci müasir
poladəritmə müəssisəsidir. 2001-ci ilin iyununda
keçirilmiş rəsmi açılış mərasimində
ümummilli lider Heydər Əliyev iştirak etmiş,
buradakı iş və istehsalat şəraiti haqqında
yüksək fikir söyləmişdir. "Azərbaycanda
özəl sektor sahəsində xarici sərmayə ilə belə
bir metallurgiya zavodunun yaranması Azərbaycan dövlətinin
iqtisadi sahədə apardığı ardıcıl siyasətin
bariz nümunəsidir" - deyən müdrik rəhbərin
sözləri "Baku Steel Company" MMC-nin fəaliyyətinə
verilən yüksək qiymətdir.
Şirkətdə yüksək məhsuldarlığa və əritdiyi metalın keyfiyyət göstəricilərinə görə Almaniya, ABŞ və s. qabaqcıl ölkələrdə istifadə olunan, alternativ enerji təhcizatı ilə təmin olunmuş qövslü elektrik sobası, metallurji proseslərin dərinliyini təmin edən soba çalov, müasir fasiləsiz tökmə maşını quraşdırılmışdır və uğurla istismar edilməkdədir. Poladərimə prosesində əsas güc aqreqatlarının işi kompyuterlə idarə olunmaqla enerji sərfinin optimallığını təmin edir. Metallurji prosesin əvvəlindən axırına kimi metalın kimyəvi tərkibinə ən müasir spektral təhlil cihazları vasitəsi ilə nəzarət olunur. Şirkətin poladəritmə sahəsinin en kəsiyi olçüləri 120x120 və 150x150mm, uzunluğu 12000mm olan müxtəlif markalı polad pəstahlar istehsal etmək imkanı vardır. Bu məhsullar təkcə şirkətin daxili istehsalında deyil, eyni zamanda, respublikanin və digər ölkələrin zavodlarında polad yayma məhsullarına çevrilir.
Yayma sahəsində də polad tikinti armaturlarının istehsalında bu gün dünyanın aparıcı ölkələrində geniş tətbiq olunan termomexaniki möhkəmləndirmə texnologiyası tətbiq olunur. Termomexaniki möhkəmləndirmə texnologiyası poladın kompleks mexaniki xassələrini struktur komponentləri hesabına təmin etməklə onun kimyəvi tərkibini nizamlamağa və daha etibarlı qaynaq oluna bilən tikinti armaturları istehsal etməyə təminat verir. Mexaniki xassələrin yüksək qiymətlərində, əsasən, axma həddinin 500, 600MPa qiymətlərində qaynaq oluna bilən polad armaturları ənənəvi isti yayma texnologiyası ilə istehsal etmək mümkün deyildir. Belə yüksək kompleks mexaniki xassələrə malik armaturların sənaye və mülki tikintilərdə istifadəsi isə binaların uzunömürlü və etibarlı olması ilə yanaşı, həm də vahid tikinti həcmində istifadə olunan armaturların miqdarına qənaət etməklə, tikintilərin maya dəyərini aşağı salmağa imkan verir.
Şirkət müasir metallurgiya sənayesində baş verən elmi yenilikləri diqqətlə izləyir və bu elmi-texniki inkişafdan geri qalmamağa çalışır. Son vaxtlar daha müasir və etibarlı odadavamlı məhsullar istehsalında qabaqcıl yerlərdən birini tutan Almaniyanın RHI firması ilə yeni materialların tətbiqi sahəsində əməkdaşlığa başlamışdır. Bu əməkdaşlıqdan şirkətimiz həm istehsal xərclərinin azalmasını, həm də müasir odadavamlı materiallarla işləmək təcrübəsinin artmasını gözləyir.
Şirkət istehsala başladığı gündən öz gələcəyini yerli kadrlarla bağlayaraq təcrübəli metallurq mühəndisləri işə dəvət etməklə yanaşı, həm də gənc mütəxəssislərin yetişdirilməsində iştirak edir. Bu məqsədlə hər il Texniki Universitetin metallurgiya fakültəsinin əlaçı tələbələri şirkətə dəvət edilir, zavodun problemlərinə uyğun kurs və diplom işləri verməklə onları gələcək istehsalata hazırlayır və sonra da işlə təmin edir. Hazırda şirkətin aparıcı mütəxəssislərinin içərisində belələri az deyildir.
"Baku Steel Company" MMC-nin nominal istehsal gücü ildə 350 min tondur. Bu yeni, daha güclü elektrik transformatorun alınıb quraşdırılması və onunla əlaqədar digər texnoloji avadanlıqların daha yüksək istehsal gücü ilə işlənməsini təmin edən rekonstruksiyaların aparılması hesabına həyata keçirilmişdir.
Bu gün müəssisə daxili bazarı
keyfiyyətli armatur yaymaları və pəstahlar ilə təchiz
edir. Müəssisədə 1800 nəfərə qədər
işçi çalışır. On il əvvəl daxili
bazarın tikinti armaturlarına tələbatı yalnız kənardan
gətirilən məhsullar hesabına ödənilirdi. Amma bu
gün Azərbaycanda azad bazar münasibətləri
formalaşıb, rəqabət var və təbii ki, bazara kənardan
da məhsullar gətirilir. Amma "Baku Steel Company" MMC
yaranan gündən bir devizlə işləyir: keyfiyyətsiz
məhsul bazara yol tapmamalıdır! Hazırda daxili bazarda "Baku Steel
Company" MMC-nin məhsullarına tələbat çoxdur. Məhsulun
standartlara uyğunluğunu təmin etmək üçün
şirkətdaxili texniki imkanlar və təcrübəli
kadrlar var. Bu imkanlar hesabına keyfiyyətli məhsul
istehsalına ciddi nəzarət funksiyası həyata
keçirilir. Məhsulun keyfiyyətini müəyyənləşdirmək
üçün respublikamızda fəaliyyət göstərən
institut və laboratoriyalar da bu işə cəlb olunmuşlar.
Polad məhsullarına
daxili və xarici bazarın tələbatını nəzərə
alaraq şirkət 2011-ci ildə məhsulun çeşidini
genişləndirmək qərarındadır. Yaxın gələcəkdə
künclük, şveller, iki-tavr, katanka, məftil, metal məmulatlar
istehsalına da başlanacaqdır. Yeni çeşidli məhsulların
istehsalı üçün avadanlıqlar və yeni yayma xətti
quraşdırılır, yayma vallarının istehsalı təşkil
edilir.
Müəssisə
istehsala başladığı ilk gündən dünyanın
114 ölkəsində ofisi olan İsveçrənin SGS və
BSİ (Britaniya Standartları İnstitutu) şirkəti ilə
əməkdaşlıq edib. İndi isə məhsulların
satışı "İntertek Azəri LTD" şirkətinin
keyfiyyət üzrə zəmanəti ilə həyata
keçirilir. "İntertek Azəri LTD" öz növbəsində,
bu zəmanəti vermək üçün tam müstəqil
olaraq sınaqlar və ölçmələr aparır,
zavodun keyfiyyət sertifikatını təsdiqləyir. Bu
günə qədər xaricdə və respublika daxilində
satılan məhsulların keyfiyyətinə irad tutulmayıb.
Zavodun məhsulları
Moskva, Astana, Təbriz və Bakı şəhərlərində
keçirilmiş beynəlxalq miqyaslı sərgilərdə
nümayiş etdirilmiş və hər dəfə də
keyfiyyətə görə diplom almışdır. 2002-ci ildə
respublika hökumətinin təşəbbüsü ilə Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi müəssisənin
istehsal avadanlıqlarının vəziyyətini öyrənmiş,
istehsal olunan məhsulların keyfiyyətini Azərbaycandan kənarda
- Rusiya və Belarusda fəaliyyət göstərən
institutların laboratoriyalarında nəzarət qaydasında
yoxlamışlar. Alınan nəticələr müsbət
olmuşdur.
"Baku
Steel Company" MMC şirkəti ekologiyanın qorunmasına da
xüsusi diqqət yetirir. Hər şeydən əvvəl
respublika ərazisində qara metal tullantılarının
toplanıb şirkətə təhvil verilməsi ərazilərin,
dəniz kənarının, müxtəlif yaşayış
massivlərinin, bir sıra fiziki köhnəlmiş sənaye
obyektlərin sökülməsi ilə ekoloji təmizliyinə
imkan yaratmışdır. Şirkətin ərazisində
ekoloji təmizliyə nail olmaq üçün dəyəri
milyon dollarlarla ölçülən xaricdə istehsal
olunmuş təmizləyici qurğular alınıb,
quraşdırılmışdır. Bu iş bu gün də
davam etdirilməkdədir.
Ölkəmizin
iqtisadi cəhətdən gücləndirilməsi, onun
müdafiə qüdrətinin artırılması,
xalqımızın sosial vəziyyətinin
yaxşılaşdırılması dövlət büdcəsinə
vəsaitlərin qanunla müəyyən olunmuş məbləğdə,
özü də vaxtında daxil olmasından bilavasitə
asılıdır. "Baku Steel Company" MMC qeyri-neft
sektorunda böyük vergi ödəyicilərindəndir.
Azərbaycanın
iqtisadi qüdrətinin ildən-ilə artdıqca, yeni iş
yerləri açılmış, əmək
haqqlarının və pensiyaların yüksəldilməsi əhalinin
sosial rifahını xeyli
yaxşılaşdırmışdır. İşçilərin
sosial-məişət və iş şəraitinin
yaxşılaşdırılması məqsədi ilə
şirkətdə soyunub-geyinmə otağı, hamamxana və
400 yerlik yeməkxanadan ibarət məişət korpusu istifadəyə
verilmişdir. Işçilərə hər gün pulsuz
olaraq yüksək keyfiyyətli profilaktik yemək verilir. Eyni
zamanda, 2005-ci ildə müəssisədə həmkarlar təşkilatı
yaradılmışdır. Bu təşkilat bu gün ölkə
həmkarları konfederasiyasının ən sanballı təşkilatlarından
sayılır. Öz növbəsində onlar da işçilərin
sosial rifahının yüksəldilməsi yolunda əməli
fəaliyyətlərini əsirgəmirlər.
Metal
qırıntısının
çatışmazlığı səbəbindən zavod fəaliyyətini
bir neçə dəfə dayandırmağa məcbur olsa da,
əmək haqları saxlanılmış, bütün sosial
problemlərin həllinə diqqətlə
yanaşılmışdır. Maddi çətinliklərə
baxmayaraq, 2007-ci ilin noyabrında şirkət rəhbərliyi
maaşları 25 faizə qədər yüksəltdi və bu
tendensiya bu gün də uğurla davam etdirilməkdədir.
Şirkət
iqtisadi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik
fəaliyyətini də davam etdirir. Artıq 5-ci ildir ki, Mərdəkan
qəsəbəsində yerləşən 5 saylı Uşaq
Vərəm Sanatoriyası şirkət tərəfindən
himayəyə götürülüb. Sanatoriyanın əsas
binasının və köməkçi binaların yenidən
qurulması və əsaslı təmiri
aparılmışdır. Eyni zamanda burada istifadə olunan
bütün avadanlıqlar - soyuducular, televizorlar, mebellər
yeniləri ilə əvəzləşdirilmişdir.
Respublika ərazisində
məskunlaşmış qaçqın və məcburi
köçkünlərə kömək də daim diqqət
mərkəzində olmuşdur. Onlara mütəmadi olaraq
çadır, ərzaq, odeyal, istilik sobaları verilmiş və
digər əməli köməkliklər göstərilmişdir.
Xalq qəzeti.- 2011.- 24 fevral.- S. 7.