Ucar inkişaf yolunda

 

Ucar rayonu 2010-cu ili uğurla yola salıb. Bu gün rayonda kiminlə söhbət edirsən ötən il görülən işlərdən həvəslə söhbət açır.Təsadüfi deyildir ki, 2010-cu ildə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş hesabat yığıncağında icra hakimiyyətinin başçısı Yaşar Məmmədov bu barədə ətraflı məlumat verdi.

 

Bildirildi ki, hesabat dövründə rayonda abadlıq və quruculuq işləri diqqət mərkəzində saxlanılmış, Heydər Əliyev Mərkəzinin, rayon mərkəzi xəstəxanasının, Şahmat məktəbinin, 3 orta məktəbin tikintiləri və Rayon Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilmiş, Müsüslü-Qazyan avtomobil yolunun 15 kilometrlik hissəsində, Yuxarı Şilyan, Boyat, Qazıqumlaq, Qarabörk kəndlərində, şəhərin ayrı-ayrı küçələrində 276900 kvadratmetr asfalt vurulmuş, ərazilərdə və magistral avtomobil yollarının kənarlarında 15000 ədəd müxtəlif ağac və gül kolları əkilmiş, təmizlik işləri həyata keçirilmişdir. Eləcə də şəhərin Heydər Əliyev küçəsində diametri 1000 millimetr olan borularla 1785, Nəriman Nərimanov küçəsində 415 metr olmaqla, cəmi 2200 metr uzunluğunda örtülü kanalizasiya xəttinin çəkilişi, həmin küçələrdə 1640 metr uzunluğunda kanalizasiya xəttinin çəkilişi başa çatdırılmışdır. Şəhərin 28 May, Əzizbəyov, Ş.İ.Xətai, M.F.Axundov, Ş.Fərzəliyev və Nizami küçələrinin kanalizasiya xətləri mərkəzi kanalizasiya xəttinə qoşulmuş, 149 ədəd fərdi və 10 ədəd ictimai yaşayış binasının, 9 ədəd talvarın, 29 ədəd yardımçı tikilinin, 8 ədəd müxtəlif təyinatlı binaların 51000 kvadrat metr ölçüdə üst örtüyü dəyişdirilmişdir. 180 ədədə yaxın fərdi və ictimai yaşayış binasının dam örtüyündə hava dəyişdirici pəncərələr qurulmuşdur. 20 Yanvar küçəsində kanalizasiya xəttinin 100 metrlik hissəsinə beton bloklar düzülmüş, 3 ədəd çoxmənzilli yaşayış binasının çöl divarlarına 4900 kvadratmetr alkapon örtük çəkilmiş, 1 ədəd ictimai yaşayış binasının, 121 ədəd fərdi yaşayış evinin və onları əhatə edən hasarların üzərinə müasir şəhərsalmanın tələblərinə uyğun müxtəlif materiallardan olan üzlük vurulmuş, şəhərin Azərbaycan və M.Ə.Rəsulzadə küçələrində yol kənarlarında 2495 kvadratmetr divarlar inşa edilərək onlara 1800 kvadratmetr dekorativ üzlük daşlarının vurulması davam etdirilmiş, Azərbaycan küçəsində 2 ədəd, M.Ə.Rəsulzadə küçəsində 1 ədəd mini parkın tikintisinə başlanılmış, şəhərin Göyçay rayonu ərazisindən giriş hissəsində hörgü işləri aparılmış, Şəhidlər Xiyabanı yenidən qurularaq əraziyə ağac və gül kolları əkilmişdir.

Daha sonra icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, şəhər ərazisində fəaliyyət göstərən ticarət və xidmət obyektlərinin önünə 700 kvadratmetrdən çox plitə döşənmiş, divarlarına 1200 kvadratmetr alkapon və üzlük daş vurulmuşdur. Həmçinin, şəhərin Oğuz küçəsində "Heç kəs unudulmur, heç nə yaddan çıxmır" abidə kompleksi inşa edilmiş, Ucar dəmir yolu vağzalında, rayon Mədəniyyət evinin binasında və qarşısında, rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin binasında əsaslı təmir işləri aparılmışdır.

Natiq göstərmişdir ki, əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, maddi rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Bunun nəticəsidir ki, rayonda ümumi daxili məhsul istehsalı 4,0, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 5,1, pərakəndə əmtəə dövriyyəsi 5,2, büdcə gəlirləri 4,8, əhalinin pul gəlirləri 8,1, orta aylıq əmək haqqı 11,4 faiz artmış, yoxsulluq səviyyəsi 12 faizdən 9,1 faizə düşmüşdür.

Hesabat dövründə rayonda sahibkarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, sahibkarlara dövlət qayğısı davam etdirilmiş, bu məqsədlə il ərzində 2034 nəfər sahibkara cəmi 2752,6 min manat kredit verilmişdir ki, bundan 2257,6 min manatı özəl banklar tərəfindən ödənilmişdir.

Göstərilən qayğı yerli əhəmiyyətli problemlərin həllində qeyri dövlət sektorunun potensialından istifadə imkanlarını artırmış, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməklə vaxtaşırı olaraq rayonun iqtisadiyyatının prioritet əhəmiyyət kəsb edən sahələri barədə sahibkarların məlumatlandırılması təmin edilmiş, investisiya tələb olunan sahələr və müəssisələr barədə aidiyyətı dövlət qurumlarına müraciətlər edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2010-cu il ərzində 629 iş yeri açılmış, bundan 302-si daimi, 327-si müvəqqəti və mövsümü işlər olmuşdur.

Ümumiyyətlə, ikinci Dövlət Proqramının icrasının başlanıldığı 2009-2010-cu illər ərzində yeni açılmış iş yerlərinin sayı cəmi 1466 olmuşdur ki, bundan da 585-i daimi işlərdir.

Görülmüş işlərin nəticəsində rayonda kənd təsərrüfatı bitkilərinin əkin və istehsal həcmi xeyli artmış, cari ildə 11837 hektar sahədə taxıl, 204 hektar sahədə qarğıdalı, 337 hektar sahədə çəltik, 405 hektar sahədə kartof, 1845 hektar sahədə tərəvəz, 235 hektar sahədə bostan, 340 hektar sahədə pambıq bitkisi əkilmiş, 24152 ton taxıl, 382 ton qarğıdalı, 512 ton çəltik, 3726 ton kartof, 14246 ton tərəvəz, 2080 ton bostan, 503 ton pambıq məhsulu əldə edilmişdir ki, bu da 2009-cu ildəkindən 6,5 ton çox qarğıdalı, 16,1 ton çox çəltik, 162 ton çox kartof, 127 ton çox tərəvəz, 35 ton çox bostan, 26 ton çox pambıq məhsulu deməkdir.

Qeyd olunan dövrdə rayonda iribuynuzlu mal-qaranın sayı 1648 baş artaraq 57214 başa, xırdabuynuzlu heyvanların sayı 2885 baş artaraq 49525 başa çatdırılmış, ət istehsalı 1035 ton, süd istehsalı 4413 ton, yumurta istehsalı 3 milyon 350 min ədəd artmış, 599 baş inək və düyələrdə süni mayalanma aparılmış, süni yolla mayalanmış inək və düyələrdən 422 baş mələz bala alınmışdır.

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, pensiya və müavinətlərin hesablanması və əhaliyə vaxtında çatdırılmasının yaxşılaşdırılması üçün də bir sıra tədbirlər həyata keçirilmişdir. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 812 ailənin 3874 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunmuş və il ərzində qeyd olunan ailələrə 1417,1 min manat vəsait ödənilmişdir.

Rayon icra hakimiyyətinin başçısı bu sahədə olan nöqsanları da qeyd etməyi unutmadı. O bildirdi ki, bununla belə rayon əhalisinin sosial müdafiəsinin təmin edilməsi sahəsində nöqsanlar qalmaqdadır. Xüsusilə ünvanlı sosial yardımın təyin edilməsi və ödənilməsi sahəsində ciddi nöqsanların olması əhalinin narazılıqlarına şərait yaratmışdır. Müəyyən edilmiş təlabatın təmin edilməməsi nəticəsində 2011-ci il yanvarın 1-nə rayon üzrə 3786 nəfərə 484,2 min manat borc yaranmışdır.

Dəfələrlə tənqid olunmasına baxmayaraq əhaliyə pensiya və müavinətlərin verilməsində bir sıra nöqsanlar qalmaqdadır. Belə ki, bankomatların yaşayış əraziləri üzrə və tələb olunan sayda quraşdırılmaması əhalinin narazılığına səbəb olmuşdur.

İl ərzində rayon Məşğulluq Mərkəzinə 268 nəfər işsiz vətəndaş müraciət etmiş, bunlardan 197 nəfəri təqdim olunmuş boş (vakant) iş yerlərinə göndəriş almış və onların hamısı daimi işlə təmin olunmuş, işlə təmin edilməsi mümkün olmayan vətəndaşlardan 4 nəfərinə işsizlik müavinəti təyin edilmişdir.

Sonra icra hakimiyyətinin başçısı poçt və rabitə xidməti sahəsində olan işlərdən danışmışdır. Bildirmişdir ki, rayonun bütün poçt şöbələrinin hamısı yeni, müasir binalarda fəaliyyət göstərməklə, xidmət üçün hər cür şərait yaradılmışdır.

Əhaliyə telefon rabitəsi xidmətinin yaxşılaşdırılması üçün qovşağın nömrə tutumu 158 ədəd artırılmış, rayonun kəndlərində 50 ədəd dayaq dəyişdirilmiş, 384 abunəçi xətti təmir edilmiş, Heydər Əliyev, Oğuz və M.Ə.Rəsulzadə küçələrində hava rabitə xətləri yeraltı kabellərlə əvəz edilmiş, şəhər, Qaracallı və Quləbənd kənd Avtomat Telefon Stansiyaları yeni akkumlyatorlarla təmin olunmuşdur. Rayonun Qazyan, Ramal, Müsüslü, Qaradağlı, Alpout və Boyat kənd ATS-lərinin, şəhərin Əzizbəyov, 20 Yanvar, Azərbaycan və Nəsimi küçələrinin xətt təsərrüfatlarında cari təmir işləri aparılmış, kənd ATS-lərinin hamısı elektron ATS-lərlə əvəz edilmiş, 111 ədəd yeni telefon çəkilişi aparılmışdır.

Rayon rəhbəri çıxışında əhalinin işığa, suya, qaza olan tələbatının ödənilməsindən, bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı nöqsanları da qeyd etdi.

Hesabat yığıncağında xüsusi qeyd olundu ki, il ərzində rayonun pedaqoji kollektivləri və şagirdlər möhtərəm Prezidentimizin qayğısını daim öz üzərilərində hiss etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana-yeni məktəb" devizi altında rayonda 3 orta məktəbin, o cümlədən 360 şagird yerlik Qazqumlaq kənd, 240 şagird yerlik Alpı kənd və 360 şagird yerlik şəhər 4 saylı orta məktəbi binalarının, həmçinin rayon Şahmat məktəbi binasının tikintiləri aparılmış və qeyd olunan bütün binaların cari ildə təhvil veriləcəyi planlaşdırılmışdır.

Qeyd etmək lazımdır ki, 2004-2010-cu illərdə rayonda 7 məktəb və 2 məktəb yanında 12 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki 20-25 illə müqayisədə xeyli çoxdur.

Yeni tikilən məktəblərin hamısı mebel dəstləri, kompyuterlərlə yüksək səviyyədə təchiz olunmuş, rayon məktəblərində kompyuterlərin sayı artaraq 362 ədədə, başqa sözlə hər 31 nəfər şagirdə 1 kompyuter dəstinə çatmışdır ki, bu da, demək olar ki, respublikanın orta göstəricisinə yaxındır.

Əvvəlki illərdə olduğu kimi rayonun bütün məktəbləri pulsuz dərsliklərlə təmin olunmuş, bu məqsədlə məktəblərə 109 adda 39257 ədəd dərslik verilmişdir.

Dövlət tərəfindən göstərilən qayğı il ərzində təhsilin göstəricilərində özünü aydın büruzə vermiş, bilik yarışlarının, fənn olimpiadalarının mütəşəkkil keçirilməsinə, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə diqqət artırılmış, bu istiqamətdə məqsədyönlü tədbirlər keçirilmiş, fənn olimpiadalarının respublika turunda rayon məktəblərinin 7 nəfər şagirdi iştirak etmiş, onlardan 3 nəfəri öncül yerlər tutmuşlar.

2010-cu ildə rayon məktəblərinin məzunlarından 161 nəfərı müxtəlif ali məktəblərə qəbul olunmuşdur ki, bu da əvvəlki ildəkindən 8 nəfər çoxdur.

İl boyu tədrisin yaxşı təşkil olunduğu şəhər 1,2,3,4,6 nömrəli, Lək kənd 2, Bərguşad kənd 1, Qazyan kənd 1,2,3 nömrəli, Küçəkənd kənd tam orta məktəblərinin məzunları ali məktəblərə qəbul imtahanlarında daha yaxşı nəticə göstərmiş, məzunlardan 16 nəfəri 500-dən, 5 nəfəri 600-dən yuxarı bal toplamış, şəhər 1 nömrəli məktəb-liseyin məzunu Fidan Hüseynli imtahanlarda 680 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüşdür.

2010-cu ildə şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində respublika üzrə 50 ən yaxşı məktəbdən biri olması və cənab Prezidentin sərəncamı ilə 10 min manat pul mükafatına layiq görülməsi rayonun pedaqoji kollektivləri tərəfindən sevinclə qarşılanmış, təhsil işçiləri və rayon ictimaiyyəti bu mükafatı ölkə başçısının rayon təhsilinə qayğısı kimi qəbul etmişlər.

Ötən il rayonun tibb işçiləri də zamanın tələblərinə uyğun şəkildə işləməyə çalışmış, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verməyə səy göstərmişlər.

2010-cu ildə rayonun tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi daim nəzarətdə saxlanılmış, mövcud xəstəxana binasında elektrik xətlərində olan nasazlıqlar aradan qaldırılmış, cərrahiyə şöbəsində əsaslı, doğum şöbəsində və Qazıqumlaq kənd xəstəxanasında cari təmir işəri aparılmış, təcili yardım stansiyası üçün 1 ədəd "Mersedes" markalı təcili yardım maşını gətirilmiş, stansiyanın bütün əməkdaşları vahid forma ilə təmin olunmuşdur.

Tibb sahəsində rayon əhalisinin və tibb işçilərinin sevincinə səbəb olan əsas cəhət isə Heydər Əliyev Fondunun dəstəyi və vəsaiti ilə Rayon Uşaq Xəstəxanasının dünya standartları səviyyəsində əsaslı təmir olunması, rayon Mərkəzi Xəstəxanası üçün 118 çarpayılıq yeni xəstəxana binasının tikintisinə başlanılması və tikintinin sürətlə aparılmasıdır ki, bu da yaxın gələcəkdə rayon əhalisinin daha keyfiyyətli tibbi xidmətlə əhatə olunacağına inam yaratmışdır.

Qeyd olunan dövrdə rayonun səhiyyə müəssisələrinin ali təhsilli həkim kadrları ilə təminatı məsələsinə də ciddi diqqət yetirilmiş, il ərzində xəstəxanalarda 6 nəfər həkim işə götürülmüşdür.

İnsanların sağlamlığına dövlət qayğısına uyğun olaraq imtiyazlı xəstələrə, o cümlədən Böyük Vətən Müharibəsinin iştirakçılarına, Qarabağ uğrunda döyüşlərdə iştirak edənlərə, şəkərli xəstələrə, kimsəzilərə il ərzində 162000 manatlıq pulsuz dərman verilmişdir.

İcra hakimiyyətinin başçısı çıxışında rayon gənclərinin mədəniyyət, idman sahələrində qazandığı uğurlara da xüsusi yer ayırdı, cinayətkarlığa qarşı mübarizədən danışdı.

Hesabat məruzəsi ətrafında çıxış edənlər də keçən il qazanılmış uğurları sadalamaqla yanaşı, 2011-ci ildə ucarlıların da böyük uğurlar qazanacaqlarını xüsusi qeyd etdilər. Bildirdilər ki, Ucar bu gün sözün həqiqi mənasında inkişaf yolundadır.

Prezident Administrasiyasının məsul işçisi Rəhim Məmmədov və Milli Məclisin deputatı Elton Məmmədov yığıncağın işində iştirak və çıxış etdilər.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 23 fevral.- S. 5.