Astara: hər ilin tarixdə öz izi
qalır
Bu gün
inamla demək olar ki, Astara respublikamızın sürətlə
inkişaf edən ən gözəl rayonlarındandır.
Regional inkişaf üzrə Dövlət Proqramının
icrası sayəsində rayonun siması başdan-başa dəyişmiş,
əhalinin yaşayış şəraiti
yaxşılaşmışdır. İndi Astaraya baxanda
adamın ürəyi açılır. Çünki
bütün işlər yüksək zövqlə həyata
keçirilir, keyfiyyətə xüsusi diqqət yetirilir. Elə
illik hesabat yığıncağında da bu fikir xüsusi
vurğulanmış, yaxşı işlər təqdirini
tapmışdır.
Yığıncaq
iştirakçıları öncə ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət etdilər,
qarşısına çiçək dəstələri
düzdülər. Rayonda istehsal olunan məhsulların sərgisi
və sosial-iqtisadi inkişafı səciyyələndirən
sənədli filmlə tanışlıq zəngin təəssürat
yaratdı.
İcra
hakimiyyətinin başçısı Mahir Quliyevin hesabat məruzəsi
maraqla dinlənildi. O, ölkəmizin inkişaf
dinamikasını konkret faktlarla diqqətə
çatdırdı, bu tərəqqinin fonunda bölgələrin,
o cümlədən Astaranın dirçəlişini əsaslandırdı.
Rayonun əsl tikinti meydanını
xatırlatdığını bildirən məruzəçi
dedi ki, təkcə 2010-cu ildə inşaat işlərinin
aparılması üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 34 milyon 358,1 min manat məbləğində vəsait
yönəldilmişdir. Bu da keçən ilin müvafiq
dövrü ilə müqayisədə 6 dəfəyədək
çoxdur. İnvestisiyanın 83 faizə qədəri istehsal
təyinatlı obyektlərin inşasına sərf
edilmişdir.
İlin əvvəlindən
rayonda ümumi sahəsi 7122 kvadratmetr olan 55 fərdi
yaşayış evi tikilmişdir. Magistral Qaz Kəmərləri
idarəsi, Qaz İstismar Sahəsi üçün inzibati idarə
binalarının, şəhər 5 saylı, Kakalos kənd 1
saylı, Vaqo kənd orta və Siyətük ibtidai məktəblərinin,
Kijəbə qəsəbə və Suparibağ kənd
uşaq bağçalarının əsaslı təmiri
başa çatdırılmış, yeni Qaz Kompressor
Stansiyasının, Xəzər dənizinin sahilində turizm-istirahət
obyektlərinin, Olimpiya İdman Kompleksinin tikintisi davam
etdirilmişdir. Mühüm strateji obyekt olan Astara
gömrük keçid məntəqəsi beynəlxalq
standartlara uyğun olaraq yenidən qurulmuşdur.
Məruzəçi
bildirdi ki, uzun illərdən bəri narahatlıq doğuran məsələlərdən
biri Astara-Bala Şahağacı yolunun bərbad hala
düşməsi idi. Rayon əhalisinin müraciətlərini
nəzərə alan Prezident İlham Əliyevin 21 aprel 2010-cu
il tarixli sərəncamı ilə həmin yolun yenidən
qurulmasına 3,5 milyon manat vəsait ayrılmışdır.
19 kilometr məsafəni əhatə etməklə Olimpiya
İdman Kompleksi, Dəmiryol stansiyası, digər mühüm
obyektlər, neçə-neçə yaşayış məntəqəsi
üçün müstəsna əhəmiyyət
daşıyan yol qısa müddətdə yenidən qurulub
istifadəyə verilmişdir. 2010-cu ildə Astara şəhəri
ərazisində 22 min kvadratmetrdən artıq asfalt döşənmiş,
ayrı-ayrı küçə və səkilərdə
narın asfalt-beton qarışığı ilə təmir
işləri aparılmışdır.
Şəhərin
Heydər Əliyev prospektində 65 metrlik qüllədə
Dövlət Bayrağının dalğalandığı
meydan salınmışdır. Azərbaycan və R.Axundov
küçələrində yolun hər iki tərəfinə
səki daşları düzülmüş,
yaşıllaşma işləri aparılmış,
işıqlandırma sistemi yenidən qurulmuşdur. Astara
Gömrükxanasının ətrafındakı ticarət və
iaşə obyektləri müasir tələblərə
uyğun qurulmuş, fasad hissələri alkopanla üzlənmiş,
yola asfalt döşənmişdir. Astara şəhərində
16 mənzilli, 4 mərtəbəli yaşayış
binasının tikintisinə başlanmışdır. Vaqo kəndində
Qarabağ müharibəsi əlili üçün fərdi
yaşayış evi tikilmişdir.
Çayçılığı
inkişaf etdirmək məqsədilə 204 hektar sahədə
aqrotexniki qulluq işləri həyata keçirilmiş, 334,2
ton yaşıl çay yarpağı
yığılmışdır. Çayçılıq
üçün əlverişli şəraiti olan Şüvi
ərazi nümayəndəliyindən 200 hektardan çox sahə
əkin üçün hazırlanmış, bu məqsədlə
tingçilik təsərrüfatı
yaradılmışdır.
Sitrus və
meyvə bağlarından 23 min tonadək məhsul
yığılmışdır. İl ərzində sahələrdən
11274 ton kartof, 44535 ton tərəvəz və 9292 ton bostan məhsulu
toplanmışdır. Rayonda taxıl biçini vaxtında
başa çatdırılmış, qarğıdalı da
daxil olmaqla sahələrdən 5208 ton taxıl götürülmüşdür.
Diri
çəkidə 3276 ton ət, 21108 ton süd, 5960 min ədəd
yumurta, 20 ton yun istehsal olunmuşdur. Qaramalın sayı 45 min
512 başa, o cümlədən xırda buynuzlu mal-qaranın
sayı 28 min 873 başa çatmışdır.
Son səkkiz
ildə rayonda 4543 iş yeri açılmışdır ki,
bunun da 4228-i daimidir. Ötən il açılan iş yerlərinin
sayı 403-dür.
Əvvəlki
illə müqayisədə ümumi məhsul
buraxılışı 15,5 faiz artmış, 115577,5 min manata
çatmışdır. Ümumi məhsul
buraxılışının dörddə-üçü
istehsal, qalanı isə xidmət sahəsinə aid olmuşdur.
Rayonda
sahibkarlığın inkişaf etdirilməsi daim diqqətdə
saxlanılır. Belə ki, 269 nəfər fermer və fiziki
şəxsə 513 ton həcmində mineral gübrə
güzəştli şərtlərlə satılmış,
811 nəfərə isə 75417 manat dəyərində
subsidiya verilmişdir. Sahibkarlığa Kömək Milli Fondu
tərəfindən 36 nəfərə 420 min manatlıq kredit
ayrılmışdır. Bununla da sahibkarlar kənd təsərrüfatının
inkişafı üçün konkret tədbirlər
görmüşlər.
Astara
sahibkarları Bakının satış-yarmarkalarında fəallıq
göstərmiş və il ərzində 657 ton müxtəlif
kənd təsərrüfatı məhsullarını
satışa çıxarmışlar.
Arıçılıq məhsullarının sərgi-satış
yarmarkasında rayonun 150 arıçısı iştirak
etmiş, 30 ton bal və digər arıçılıq məhsulları
satmışlar.
Son illər
rayonda soyuducu anbarların və saxlama kameralarının
tikintisinə xüsusi önəm verilir. Taxılın qəbulu,
saxlanması və satışı üçün 3 min
tonluq məntəqənin və gücü 2500 ton olan soyuducu
kameranın tikintisi başa
çatdırılmışdır. Siyəkü kəndində
isə sitrus məhsullarının saxlanması
üçün 350 tonluq soyuducu anbarın tikintisi davam
etdirilir.
Sonra məruzəçi
əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
poçt-rabitə, elektrik, su və qaz təchizatının
yaxşılaşdırılması üzrə görülən
işlərdən bəhs etdi.
Bildirdi
ki, 2010-cu ildə 1549 evə qaz xətti çəkilmiş,
müxtəlif diametrli qaz xətlərində təmir-bərpa
işləri aparılmış, abunəçilər
üçün 1549 ədəd məişət qaz
sayğacı quraşdırılmış, 178 ədəd
qaz tənzimləyici təmir edilərək işlək vəziyyətə
gətirilmişdir. Beş kəndin qaz təchizatı bərpa
edilmiş, üç kəndin qazlaşdırılması
üçün aparıcı xətlər çəkilmişdir.
Digər kəndlərin qaz xətlərinin bərpası
üçün hazırlıq işləri davam etdirilir.
Rayon üzrə quraşdırılmış
sayğacların ümumi sayı 9706-dır.
Təhsil
müəssisələrinin əsaslı təmiri, tikintisi,
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə
xeyli iş görülmüşdür. Dövlət və
yerli büdcə vəsaiti hesabına yeni məktəb
binaları tikilmiş, mövcud məktəblər əsaslı
təmir olunmuş, yeni inventar və avadanlıqlar alınaraq
təhsil müəssisələrinə
paylanılmışdır. Keçən il sənəd verən
300 məzundan 124-ü yüksək bal toplayaraq ölkənin
müxtəlif ali məktəblərinə daxil olmuşdur.
Onlardan iki nəfəri 600-dən, 10 nəfəri 500-dən
yuxarı bal toplamışdır. Şəhər 5 saylı
orta məktəbin məzunu Fərid Məmmədəliyev 685
bal topladığına görə Prezident təqaüdünə
layiq görülmüşdür.
Astara Pedaqoji
Kolleci rayonda yeganə orta ixtisas təhsili müəssisəsidir.
Burada tədris prosesini təkmilləşdirmək və
pedaqoji kadr hazırlığını yüksəltmək
istiqamətində müntəzəm işlər
aparılmış, kollecin müəllimləri həm
respublika, həm də xarici ölkələrdə
keçirilən beynəlxalq elmi konfranslarda aktual mövzularda
məruzələrlə çıxış etmişlər.
Əhaliyə
səhiyyə xidmətinin yüksəldilməsi sahəsində
görülən işlərdən danışarkən məruzəçi
qeyd etdi ki, bu sahədə müəyyən uğurlar var. Amma
problemlər də yox deyil. Məsələn, indiyədək
müasir diaqnostik avadanlıq alınmayıb.
Astaranın
mədəni həyatı daha da canlanmışdır. Ənənəvi
"İstedad-2010" rayon festivalı keçirilmişdir.
Uşaq muğam ifaçılarının 5-ci Respublika
müsabiqəsinin yekun turu növbəti dəfə Astarada təşkil
edilmişdir. Ölkənin 50 rayonundan gəlmiş 150 gəncin
iştirak etdiyi müsabiqədə Astara təmsilçisi
Şəhram Əliyev mükafata layiq yer tutmuşdur.
İdmançılar
da mühüm qələbələr qazanmışlar. Sərbəst
güləş üzrə ölkə yığma
komandasının üzvü Cəbrayıl Həsənov
Moskvada keçirilən dünya birinciliyində bürünc,
Bakıda keçirilən "Qran-Pri" beynəlxalq
turnirində isə qızıl medal qazanmışdır.
Rayon ictimaiyyətinin Avropa çempionları C.Həsənov və
S.Əhmədli ilə görüşləri yaddaqalan
olmuşdur.
"Ekologiya
ili" və "Turizm ili" ilə bağlı məlumat
verən natiq dedi ki, ötən il rayonda 28 min ağac əkilmiş
və mühafizəsi təşkil edilmişdir. Bundan
başqa, 380 hektar sahədə meşə bərpası tədbirləri
görülmüşdür. Coğrafi baxımdan əlverişli
sayılan Astarada turizmin inkişafı üçün
münbit şərait var. Rayonda dördulduzlu
"Şindan" hoteli, "Abşeron" turizm-istirahət
mərkəzi və digər obyektlər inşa edilib.
Hazırda Xəzərin sahilində müasir turizm mərkəzi
tikilir. Bununla bərabər, turizm potensialından tam səmərəli
istifadə olunmur. Məsələn, müalicəvi əhəmiyyətli
nadir suları olan İstisu ərazisində beynəlxalq səviyyəli
pansionat, sanatoriya və istirahət obyektləri tikilsə,
yaxşı olar.
Daha sonra
məruzəçi rayonda fəaliyyət göstərən
siyasi partiya, ictimai birlik və qeyri-hökumət təşkilatları,
dini qurumlarla iş təcrübəsindən danışaraq
ictimai-siyasi sabitliyin bərpası, korrupsiyaya qarşı
mübrizə tədbirlərinə də diqqəti cəlb
etdi. Vətəndaş müraciətləri ilə
bağlı həyata keçirilən işləri nəzərə
çatdırdı. Cari ildə qarşıda duran vəzifələrdən,
Astaranın daha da abadlaşdırılması naminə
görüləsi vacib işlərdən danışdı.
Məruzə
ətrafında müzakirələrdə idarə və təşkilatların
rəhbərləri iştirak etdilər.
Yığıncaqda
Milli Məclisin deputatı Aslan Cəfərov və Prezident
Administrasiyasının məsul əməkdaşı
Mikayıl Hüseynov da çıxış etdilər.
Sonda dövlətimizin
başçısı İlham Əliyevə müraciət qəbul
olundu.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 25 fevral.- S. 6.