Sabunçu
rayonu: inkişaf dinamikası yüksələn xətlə irəliləyir
Azərbaycan
Respublikası sabaha doğru inamla addımlayır. Ölkənin
bütün regionlarında quruculuq və abadlıq işləri
davam etdirilir. Şəhərlərimiz gözəlləşir,
yeni magistral yollar çəkilir, qaçqın və məcburi
köçkünlər üçün yeni
yaşayış massivləri tikilir, parklar, xiyabanlar
salınır. Bir sözlə, həyatımız ildən-ilə
gözəlləşir, sabahın xoşbəxt günlərinin
əsası qoyulur.
Doğma
Bakımız isə öz ətraf qəsəbələri ilə
birgə tamamilə yeniləşir. Paytaxtımızın ayrı-ayrı
rayonlarında həyat öz axarını dəyişir.
Elə
Sabunçu rayonunun ayrı-ayrı qəsəbələrinə
ayaq basan hər kəs bu quruculuq işlərinin şahidinə
çevrilir. Maştağa, Bakıxanov, Bilgəh,
Sabunçu, Ramana, Pirşağı və s. qəsəbələrin
əvvəlki görünüşləri tamamilə yeniləşib.
Bu gün qəsəbələrdə yaşayan insanların
problemləri əsasən həll olunub, sosial-iqtisadi vəziyyət
tamamilə yaxşılaşıb. Sabunçu Rayon İcra
Hakimiyyətinin ötən ilin sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasında bu barədə ətraflı söhbət
açıldı.
İclası
açan Sabunçu Rayon İcra Hakimiyyətinin
başçısı Əlibaba Əliyev 2010-cu ilin
yekunları ilə bağlı hesabat məruzəsi ilə
çıxış etdi. O bildirdi ki, intibah yolunda olan hər
bir xalq çağdaş dünya reallıqlarına nəzərən
gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək
üçün, ilk növbədə, konkret zaman və məkan
daxilində keçdiyi yolun uğurlu nəticələrindən
bəhrələnməyə çalışır. Bu həqiqət
işığında bir daha aydın görünür ki,
respublikamız cəmi 20 illik müstəqillik tarixi ərzində
çox ağır sınaqlardan üzüağ çıxmış,
bir çox inkişaf etmiş dövlətlərin onilliklər
boyu qət etdiyi inkişaf mərhələlərini geridə
qoymuşdur. 90-cı illərin əvvəllərində xaos,
anarxiya, iqtisadi tənəzzül dövrünü yaşayan
Azərbaycan bu gün Cənubi Qafqaz regionunun ən sürətlə
inkişaf edən, qlobal enerji-kommunikasiya layihələrinin
lokomotivinə çevrilən, bütün sahələrdə
sürətlə modernləşən dövlət kimi
tanınır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
14 yanvar tarixli iclasında dövlətimizin
başçısı geniş nitqlə
çıxış edərək ötən il bütün
sahələrdə görülmüş işləri təhlil
edib, 2011-ci ildə və sonrakı illərdə
qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
bölgələrə müntəzəm səfərləri
dövlət siyasətinin yerlərdə həyata
keçirilməsinə effektiv nəzarət mexanizminin tərkib
hissəsi, şəxsi idarəçilik nümunəsidir. Cənab
Prezident 2010-cu ildə 170-dən çox, o cümlədən
3 dəfə Sabunçu rayonunda yeni müəssisənin
açılışı və təməlinin qoyulması mərasimlərində
iştirak etmişdir. Təbiidir ki, respublikamızın digər
rayonlarında olduğu kimi, Sabunçu rayonunda da 2010-cu il ərzində
həm Dövlət Proqramları çərçivəsində,
həm də müxtəlif maliyyə mənbələri
hesabına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin
icrası, yolların tikintisi, əhalinin elektrik, qaz, su təchizatının
yaxşılaşdırılması, təhsil, səhiyyə
ocaqlarının və digər obyektlərin tikintisi, təmiri,
onların müasir tələblərə uyğun olaraq yenidənqurulması
üzrə xeyli işlər görülmüşdür. Belə
ki, 2010-cu il ərzində rayonun sənaye müəssisələri
və idarələri tərəfindən 136,5 milyon
manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu
da əvvəlki ilin müvafiq dövründəkinə nisbətən
5,9 faiz çoxdur.
Ötən
il əhalinin elektrik təchizatını
yaxşılaşdırmaq məqsədilə 30 yeni
transformator məntəqələri
quraşdırılmış, rayon üzrə 263 KTM cari təmir
edilmiş, 555 KTM-də isə profilaktik yoxlama işləri
aparılmışdır. Rayonda əhalinin qaz təchizatını
daha da yaxşılaşdırmaq üçün bir sıra
işlər görülmüşdür. İl ərzində
rayonun qəsəbələrində yerləşən EATS-lərin
nömrə tutumu 582 nömrə artırılmış və
hal-hazırda rayon üzrə ATS-lərin ümumi tutumu 65856
nömrəyə çatdırılmışdır. Su təchizatını
yaxşılaşdırmaq məqsədilə 2930 metr müxtəlif
diametrli su boruları dəyişdirilmiş, 20 ədəd su
nasosu, 5 ədəd elektrik mühərriki təmir edilmiş,
5 nasos və 5 elektrik mühərriki yenisi ilə əvəz
edilmiş, 25 siyirtmə dəyişdirilmiş, 840 ünvanda su
xətləri bərpa edilmiş, 30 suvurma məntəqəsi
təmir edilmişdir.
Rayon mənzil
fondu üzrə 2010-cu il ərzində 30 min kvadratmetr məhəllədaxili
yola və həyətlərə yeni asfalt örtüyü
vurulmuş, 10 min kvadratmetrə yaxın dam örtüyündə
cari, 6270 kvadratmetr dam örtüyündə isə əsaslı
təmir işləri aparılmışdır.
Əlibaba
müəllim qeyd etdi ki, il ərzində Bakı-Aeroport yolunun
rayon ərazisinə düşən hissəsində yolun yenidənqurulması
və genişləndirilməsi davam etdirilmişdir ki, burada da
icra hakimiyyəti tikinti təşkilatlarına üzərinə
düşən bütün zəruri köməklikləri
göstərmişdir. Həmin yolun kənarında əsrin əvvəlində
tikilmiş binalar bərpa edilərək nəfis tərtibat
işləri aparılmışdır.
Respublika
Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu
ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar
Ekologiya və Təbii Sərvətlər Nazirliyində birgə
komissiya yaradılaraq, həmin komissiya tərəfindən
rayon ərazisində 10 yerdə salınacaq yeni
yaşıllıq sahələri müəyyənləşdirmiş
və işlərin icrası təmin edilmişdir.
Rayon ərazisində
il ərzində müxtəlif mənbələr hesabına təqribən
10 km yola və məhəllədaxili sahələrə 62 min
kvadratmetrə yaxın asfalt örtüyü
salınmışdır. Maştağa qəsəbəsində
14 nömrəli Polis Bölməsi üçün 2 mərtəbəli
yeni inzibati binanın tikintisi başa çatdırılaraq,
lazımi avadanlıqlarla təchiz olunaraq may ayının 9-da
istifadəyə verilmiş və orada Milli Təhlükəsizlik
Nazirliyi rayon idarəsinin Maştağa bölməsi
üçün yeni iki mərtəbəli inzibati binanın
da tikinti işləri başa çatdırılmaq üzrədir.
Eyni
zamanda, Bakıxanov qəsəbəsində Sabunçu Rayon
Polis İdarəsinin yeni 4 mərtəbəli inzibati
binasının, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Sabunçu Rayon Mərkəzinin 3 mərtəbəli
inzibati binasının tikintisi başa
çatdırılmış, Dövlət Sosial Müdafiə
Fondunun rayon şöbəsi üçün yeni inzibati binanın
inşasına və qəsəbənin dəmiryol
stansiyasının qarşısındakı Abbasqulu ağa
Bakıxanovun heykəli qoyulacaq parkda yenidənqurma, abadlıq
işlərinə başlanmışdır və
hal-hazırda davam etdirilir.
Natiq
bildirdi ki, əvvəlki illərdə olduğu kimi, Heydər Əliyev
Fondu öz ənənələrini davam etdirərək
Pirşağı qəsəbəsindəki 34 saylı
poliklinikanın və təcili yardım stansiyasının
yenidənqurulması işlərini başa çatdırmaqla
müasir avadanlıqlarla təchiz etmişdir. Bildiyiniz kimi
Maştağa qəsəbəsindəki 21 saylı "Təbəssüm"
uşaq sanatoriyası da həmin fondun vəsaiti hesabına
yenidən qurulmuş və müasir avadanlıqlarla təchiz
olunaraq 21 yanvar 2010-cu il tarixdə Mehriban xanım Əliyevanın
iştirakı ilə istifadəyə verilmişdir.
İcra
başçısı qeyd etdi ki, ötən
yığıncaqlardakı bir sıra iradlar tədricən
aradan qaldırılsa da, hələ də rayonda, xüsusilə
kommunal xidmət sahələrində sakinlərin haqlı
narazılıqlarına səbəb olan bir çox
çatışmazlıqlar da mövcuddur. Bunlar əsasən
özünü yerlərdə məişət
tullantılarının vaxtında daşınmamasında,
sanitar-təmizlik işlərinin zəif aparılmasında, su
və kanalizasiya xətlərində baş verən qəzaların
vaxtında aradan qaldırılmamasında, elektrik, qaz və su
haqlarının ödənişi üzrə bir sıra
anlaşılmaz hallarda göstərir. Bu və digər
çatışmazlıqlar, o cümlədən də pensiya
və sosial yardımların ödənişi sahəsindəki
neqativ hallar barədə son aylar ərzində yerlərdə
keçirilmiş görüşlərdə sakinlər
öz narazılıqlarını bildirmişlər. Yerlərdə
keçirilən görüşlər zamanı sakinlər tərəfindən
irəli sürülmüş bütün rəy və təkliflər,
tənqidi qeydlər ümumiləşdirilərək
onların həyata keçirilməsi üzrə əlavə
tədbirlər görüləcək.
Son vaxtlar
icra hakimiyyəti və rayon Polis İdarəsi tərəfindən
rayon ərazisində qeyri-qanuni küçə ticarəti və
ət kəsilib-satılmasına qarşı mübarizə tədbirləri
xeyli gücləndirilmişdir.
Əhalinin
su, qaz, elektrik enerjisi və istiliklə təchizatının
yaxşılaşdırılması üzrə xeyli işlər
görülmüş, yeni qaz və su xətləri çəkilmiş,
qəzalı vəziyyətdə olan sahələrdə
vaxtında təmir işləri aparılmışdır ki,
bunun da nəticəsində rayonun qəsəbə və yeni
yaşayış massivlərində minlərlə ailə
içməli su, qaz, elektrik enerjisi və istiliklə müntəzəm
olaraq təmin edilir. Lakin onu da qeyd etmək lazımdır ki,
bir sıra hallarda, xüsusilə də yeraltı qaz, su,
elektrik, istilik xətləri çəkildikdən sonra
qazılmış küçə və yollar vaxtında bərpa
edilmir və ya bu işlər keyfiyyətsiz aparılır ki,
bu da yolların yararsız vəziyyətə düşməsinə,
keçidlərin çətinləşməsinə, sakinlərin
çoxsaylı şikayət və narazılıqlarına səbəb
olur.
Bundan əlavə,
o da qeyd edilməlidir ki, 2007-ci ildə rayonun bütün mərkəzi
və daxili yolları akt əsasında "Azəryolservis"
ASC-nin balansına verilmişdir ki, bununla bağlı həmin
yollarda təmir-bərpa işləri də uyğun olaraq bu təşkilat
tərəfindən həyata keçirilməlidir. Lakin təəssüflər
olsun ki, bir çox hallarda bu sahədə də
anlaşılmazlıqlar olur, zəruri yerlərdə
vaxtında təmir-bərpa işləri aparılmır.
Güman edirəm ki, bununla bağlı müvafiq tədbirlər
görülməlidir və biz bir daha öz tərəfimizdən
konkret tələb və təkliflərimizi aidiyyatı qurumlara
göndərəcəyik.
Əlibaba
müəllim bildirdi ki, yuxarıda adı çəkilən
xidmət sahələrinin rəhbərləri bugünkü tənqiddən
düzgün nəticə çıxaracaq, bu
nöqsanların tez bir zamanda aradan qaldırılması
üçün zəruri tədbirlər görəcəklər.
Bundan
başqa, mərkəzi istilik sistemlərində
aparılmış bir çox yenidənqurma, təmir işlərinə
baxmayaraq, qış mövsümündə 201
yaşayış binasından yalnız 139-na, 15 uşaq
bağçasından 8-nə istilik verilməsi mümkün
olmuşdur ki, bunları da qənaətbəxş hesab etmək
olmaz.
Azərbaycanın
işğal olunmuş ərazilərindən Sabunçu
rayonunun müxtəlif sosial obyektlərində, şəxsi və
qohum evlərində 4500-dən çox ailə və ya 20 mindən
artıq məcburi köçkün məskunlaşmışdır
ki, onların və eləcə də şəhid, Qarabağ əlilləri
və digər bu qəbildən olan ailələrin sosial
müdafiəsinin gücləndirilməsi, mənzil-kommunal
şəraitinin yaxşılaşdırılması rayon icra
hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həll edilməsi, torpaqlarımızın düşmən
tapdağından azad olunması, ərazi
bütövlüyümüzün bərpası,
köçkün soydaşlarımızın doğma
yurdlarına dönəcəyi gün uzaq deyil.
Rayonun təhsil
və səhiyyə sahələrində də müəyyən
nailiyyətlər əldə olunmuşdur. Hazırda
Sabunçu rayonunda 46 ümumtəhsil orta məktəbində
4 mindən çox pedaqoji və min nəfərə yaxın
texniki işçi çalışır. Bu təhsil
ocaqlarında 45351 şagird təhsil alır. Təhsil sistemində
müasir metod və texnologiyaların, mütərəqqi
iş təcrübəsinin öyrənilməsi və tətbiqi
sahəsində başlanmış işlər davam
etdirilmiş, yeni yanaşmalar, yeni düşüncə tərzinin
təşəkkülü genişlənmişdir.
2009-2010-cu tədris ilində rayonda 2494 nəfər orta məktəbi bitirmiş və ali məktəblərə sənəd verən 2073 nəfərdən 831 nəfəri və ya 40 faizi ali və orta ixtisas məktəblərinə daxil olmuşdur ki, bu da əvvəlki ildəkindən 1,5 faiz çoxdur. Rayonun abituriyentlərindən 20 nəfəri 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinin tələbəsi olmuş, onlardan 3 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür.
Rayon üzrə 4 mindən çox səhiyyə işçisinin çalışdığı 25 müalicə-profilaktika müəssisəsi tərəfindən 10 qəsəbənin ərazisində 200 min nəfərdən artıq əhaliyə, 20-yə yaxın idarə, müəssisə və təşkilatların fəhlə və qulluqçularına, həmçinin rayonda müvəqqəti məskunlaşmış 25 minə yaxın məcburi köçkün soydaşlarımıza 12 profil üzrə tibb xidməti göstərilir.
Ötən il ərzində rayonun hüquq-mühafizə orqanları rayonda ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmişlər.
İcra başçısı son olaraq bildirdi ki, rayona göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə rayon ictimaiyyəti adından öz dərin minnətdarlığımızı bildiririk. Cənab Prezidentimizi əmin edirik ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı ideyalarının reallaşması üçün bundan sonra da bütün qüvvələrimizi səfərbər edəcək və ölkə başçısının siyasətini dəstəkləyəcək, Azərbaycanımızın daha da qüdrətlənməsinə öz töhfəmizi verəcəyik.
Sonra rayon prokuroru Ceyhun Şirinov, icra hakimiyyəti başçısının müavini Cəmilə Ramazanova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abdullayeva, "Şirin" MMC-nin sədri Tahir Əliyev, Mənzil- Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, Sabunçu bələdiyyəsinin sədri Eyvaz İbrahimov çıxış edərək rayonda ötən il görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
İclasın işində Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Eldar Quliyev, Fazil Mustafa, Qabil Salahzadə də iştirak edirdilər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 25 fevral.- S. 6.