Tovuz: inkişaf və quruculuq dövrü

 

Bu gün qazanılmış uğurlar gələcək nailiyyətlərin etibarlı təməlidir

 

Bütövlükdə Tovuz rayonunda gedən işlər məni çox sevindirir. Bilirsiniz ki, mən dəfələrlə Tovuz rayonunda olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm. Son illər ərzində burada görülən işlər Azərbaycanda gedən işlərin bir hissəsidir. Ölkəmizdə hər bir bölgədə, hər bir rayonda böyük quruculuq işləri aparılır və belə də olmalıdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Dünyadakı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan tərəqqi dövründədir. Bu inkişaf ölkənin hər tərəfində özünü göstərməkdədir. Azərbaycanın paytaxtından uzaqda yerləşən rayonlarımız böyük inkişaf dövrünə qədəm qoyub. Təbii ki, bu prosesə Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramları xüsusi təkan vermişdir. Azərbaycan dövlətinin və onun Prezidentinin iqtisadi islahatlar kursu Tovuz rayonunda uğurla həyata keçirilmişdir.

 

Kənd təsərrüfatının inkişafı üçün çox böyük imkanlar vardır

 

2010-cu ildə rayonda məhsul buraxılışının və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 7,4 faiz artmışdır. Bu artım tikintidə 72,4 faiz, nəqliyyatda 7,2 faiz, rabitədə 8,7 faiz, ticarətdə 13,7 faiz olmuş, pullu xidmətlərin artımı 23,7 faiz təşkil etmişdir. Müqayisəli dövrdə rayonda əsas kapitala yönəldilən investisiyalar 90,5 faiz artmışdır.

Aqrar sahədə və onun başlıca bölmələrindən olan heyvandarlığın inkişafı sahəsində xeyli iş görülmüşdür. 2009-cu illə müqayisədə ət istehsalı 11 faiz, süd istehsalı 5,8 faiz artmış, 531 min ədəd çox yumurta, 7 ton çox yun istehsal olunmuş, heyvanların baş sayı, eləcə də ana heyvanların sayı xeyli artmışdır. Heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədilə keçən il fərdi və fermer təsərrüfatlarına Almaniya və Avstraliyadan gətirilmiş yüksək məhsuldar cins inəklər verilmişdir və onların artımı nəzarətdə saxlanılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir. Ümumiyyətlə heyvandarlıqda damazlıq və süni mayalama işlərinin təşkilinə, mal-qara xəstəlikləri ilə mübarizədə baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsinə müntəzəm diqqət yetirilir. Ötən il rayon baytarlıq laboratoriyası və baytarlıq idarəsi üçün yeni bina tikilmiş, Qovlar qəsəbəsində sahə baytarlıq məntəqəsi istifadəyə verilmişdir.

Rayonda heyvandarlığın yem bazasının möhkəmləndirilməsi məsələsinə xüsusi diqqət yetirilir. Ötən il yonca əkini sahələri xeyli artırılmış, 10766 ton çox məhsul istehsal edilmişdir. Xatınlı kəndində saatda 1,6 ton qarışıq yem üyüdən dəyirmanın tikintisi başa çatmaq üzrədir.

2010-cu təsərrüfat ili bitkiçilik məhsulları istehsalı üçün heç də əlverişli olmamışdır. Yağmurlu günlərin çox olması dənli bitkilərin mayalanmasına təsir göstərmiş və məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Müqayisə olunan dövrdə dənli bitkilərin əkin sahəsi də azalmışdır. Bunun başlıca səbəbi əvvəlki ildə bazarda məhsulun qiymətinin aşağı olmasıdır. Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ilin məhsulu üçün taxıl əkini sahəsi 1121 hektar artırılmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində xeyli nailiyyətlər əldə olunmuş, dən üçün qarğıdalı, kartof, tərəvəz, meyvə istehsalı artırılmışdır. Üzüm bağlarının hər hektarından 158 sentner məhsul götürülmüş və əvvəlki ildəkinə nisbətən 128 ton çox məhsul istehsal edilmişdir.

Yeni üzümlüklərin salınması istiqamətində işlər davam etdirilir.

Kənd təsərrüfatı istehsalının artırılması üçün torpaqların daha səmərəli istifadə olunması, ondan yüksək gəlir əldə edilməsi ilə əlaqədar əhali ilə müntəzəm iş aparılır.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi, onlara normal fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılır, müxtəlif tədbirlər görülür, vaxtaşırı iş adamları ilə görüşlər keçirilir, qaldırdıqları problemlər öyrənilir və həll edilir.

Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi getdikcə artmaqdadır.

2010-cu ildə banklar və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı üçün 14 milyon 854 min 800 manat kredit verilmişdir. Bu 2009-cu ildəkinə nisbətən 20 faiz çoxdur.

Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2010-cu ildə rayonda istehsalçılara yanacaq və motor yağlarına, gübrələrin güzəştlə satılmasına, buğda əkininə və sairəyə görə xeyli vəsait ayrılmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin tikmək, qurmaq, yaratmaq şüarı illərdir ki, ölkənin bütün regionlarını qaynar quruculuq işinə qoşmuşdur. Mərkəzlə bölgələrin inkişafı arasında hələ keçmiş sovet dövründən illərlə mövcud olan çox ciddi disproporsiyalar, uyğunsuzluqlar qısa müddət ərzində aradan qaldırılıb.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bütün rayonlar kimi Tovuz rayonunun da sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm layihələr nəzərdə tutulmuşdur.

Proqrama uyğun olaraq keçən il rayonda tutumu 2 min ton olan soyuducunun və tutumu 10 min ton olan taxıl anbarının tikintisi başa çatdırılmış, Qaraxanlı kəndində 15 min başlıq quşçuluq binasının, Xatınlı kəndində 50 tonluq soyuducunun, 80 çarpayılıq rayon mərkəzi xəstəxanasının, Axınca çayı üzərində avtomobil körpüsünün və digər obyektlərin tikintisi davam etdirilir.

Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən il rayonda 1548 iş yeri açılmışdır ki, bunun da 463-ü daimi iş yerləridir. Ümumiyyətlə son 7 ildə rayonda 16087 iş yeri açılmışdır ki, bunun da 7789-u daimi iş yerləridir.

 

Abadlıq və tərəqqi yoldan başlanır

 

Əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də yol infrastrukturunun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir.

Sərhəd bölgəsində yerləşən Qoşa və Qaralar kəndləri arasında 20 kilometr uzunluğunda strateji əhəmiyyətli yeni yol çəkilmiş, dağ kəndlərimizdə ümumilikdə 180 kilometr yollar hamarlanmış, çınqıl tökülərək təmir edilmiş və genişləndirilmişdir. 2010-cu ildə göstərilən ərazilərdə 3 avtomobil körpüsü tikilmiş, 9 körpüdə əsaslı təmir işləri aparılmışdır.

"Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 7 oktyabr tarixli sərəncamının icrası müvəffəqiyyətlə təmin olunmuş, Tovuz-Böyük Qışlaq-Qaralar yolunun yenidən qurulması başa çatdırılmışdır. Ölkə başçısı cənab İlham Əliyev həmin yolun açılış mərasimində iştirak etmişdir.

Yol bölgəyə böyük maraq oyatmış, orada əsaslı sosial-iqtisadi dəyişikliklər üçün möhkəm zəmin yaratmışdır.

İndi Tovuzun əsrarəngiz təbiəti, dağları, meşələri, çayları kimi, insanları bu gözəlliklərə qovuşduran rahat yolu da var. Bu yerlərdə çoxlu istirahət guşələri yaradılmış və daha yaxşıları yaradılmaqdadır.

Bu il rayonda müasir standartlara cavab verən mehmanxananın tikintisi başa çatdırılacaqdır. İndi turist marşrutu üzərindəki qədim tarix yadigarı olan abidələrin bərpası məsələsi günün vacib məsələlərindəndir.

Rayonun turizm məkanı kimi özünü təsdiq etməsi üçün ən ümdə məsələlərdən biri də ekoloji problemlərin həlli, ətraf mühitin sağlamlaşdırılması, təbiət abidələrinin qorunması, yaşıllıqların artırılmasıdır.

"Ekologiya ili" çərçivəsində rayonda 53 mindən çox ağac, gül kolları, şəhərin şərq tərəfindən giriş yoluna 500 ədəd palma əkilmişdir.

Hazırda rayonun ekoloji pasportunun hazırlanması məsələsi gündəmdədir. Bu, rayonun özünü turizm məkanı kimi təqdim etməsi üçün əhəmiyyətli olacaqdır.

Möhtərəm Prezidentimiz 2011-ci ili ölkədə "Turizm ili" elan etmişdir. Tovuzlular çox çalışırlar ki, bu il Azərbaycanın turist panoramında Tovuzun da yeri görünsün. Rayonun şəhər, qəsəbə və kəndlərində abadlıq-quruculuq və təmir-tikinti işləri fasiləsiz olaraq davam etdirilməkdədir.

Heydər Əliyev meydanının ətrafındakı köhnə, yararsız binalar sökülərək ərazi abadlaşdırılmış, meydanın işıqlandırma sistemi yenidən qurulmuş, meydanın ətrafında yerləşən binaların fasadlarına müasir memarlıq üslubunda yeni dizayn verilmişdir.

Tovuz şəhərinin giriş qapısının tikintisi tamamlanmış, şəhərə dövrələmə giriş yolundakı 2 dairə müasir dizaynla yenidən qurularaq işıqlandırma sistemi ilə təchiz edilmişdir.

Bir il ərzində rayon ərazisində yol kənarlarında insanların zövqünü oxşayan 13 dayanacaq tikilmişdir. Tovuz şəhərində yeraltı avtomobil keçidi də əsaslı təmir olunmuşdur.

Ötən il Tovuz şəhərində, Qovlar qəsəbəsində, Alakol və Bozalqanlı kəndlərində küçə və yollara 63650 kvm asfalt-beton örtük salınmışdır.

2010-cu ildə Tovuz şəhərində 4 ictimai yaşayış binasında 4295 kvm dam örtüyü dəyişdirilmiş, bir beşmərtəbəli binanın fasadına alkapon üzlük vurulmuşdur.

"Azərbaycan Respublikasının monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Prezident sərəncamına müvafiq olaraq hesabat dövründə Şəhidlər Xiyabanı vahid kompleks kimi tamamilə yenidən qurulmuşdur. Kompleksin yeniləşdirilməsi zamanı dövlət başçısının tövsiyələrinə uyğun olaraq, azərbaycançılıq fəlsəfəsi əsas götürülüb, xalqımızın milli-mənəvi dəyərlərinə və milli memarlıq ənənələrinə xüsusi diqqət yetirilmişdir.

Yaşayış məntəqələrinin elektrik enerjisi, qaz, su təchizatı məsələləri ilə müntəzəm məşğul olunmuşdur. Artıq bir neçə ildir ki, əhali elektrik enerjisi ilə fasiləsiz təmin olunur.

Keçən il Tovuz şəhərinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin icrasına başlanılmış, 2273 abonentin evinə qaz çəkilişi bərpa olunmuş, Əlimərdanlı və Yuxarı Öysüzlü kəndlərinə qaz verilişinin bərpası istiqamətində işlər aparılır, Lakin bu xidmət sahələrində hələ subyektiv amillərə söykənən nöqsanlar da var və sahənin rəhbərləri bundan ciddi nəticə çıxarmalıdır.

Qeyd olunan sahələrdəki vəziyyət icra hakimiyyəti başçısı yanında və yerlərdə yaradılmış qərargahların daimi nəzarətində olmuş, qarşıya çıxan problemlərə operativ münasibət göstərilmişdir.

Keçən il yeni tikilmiş 153 yaşayış evinə elektrik sayğacları qoyulmuş, 485 abonentin sıradan çıxmış sayğacları yenisi ilə əvəz olunmuşdur.

Ötən il əhali tərəfindən istehlak olunan elektrik enerjisinin, təbii qazın və içməli suyun dəyərinin ödənilməsində 2009-cu ilə nisbətən artım olmuş, ödəniş müvafiq olaraq 97,3 faiz, 97,9 faiz və 79 faiz təşkil etmişdir.

2010-cu ildə rayonda 2720 ailənin 12974 üzvünə 3 milyon 797 min 322 manat ünvanlı sosial yardım verilmişdir. Yardımın aylıq məbləği 29200 manat təşkil etmişdir. Bu 2009-cu ildə olduğundan 13796 manat çoxdur.

Əhalinin aztəminatlı təbəqəsinin, əlil və şəhid ailələrinin pensiya və müavinətlərinin vaxtında çatdırılması, artırılmasının hesablanması təmin olunmuşdur.

Əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə vakant iş yerləri haqqında məlumatların toplanması, işləməyən əhalinin uçotunun aparılması, əmək yarmarkalarının səmərəliliyinin artırılması üçün müəyyən işlər görülür. 2009-cu illə müqayisədə işsizlik statusu alanların sayı 120 nəfər, müavinət alanların sayı 25 nəfər azalmışdır.

Ötən il əhalinin pul gəlirlərində də xeyli artım olmuş, orta aylıq əmək haqqı əvvəlki ildəki 102,4 manatdan 160 manata çatmışdır.

Rayonun 2010-cu il üçün yerli gəlirləri üzrə proqnozu 27 milyon, 540 min manat, o cümlədən vergidən daxilolmalar 5 milyon 471 min 100 manat proqnozlaşdırılmış və 100,4 faiz yerinə yetirilmişdir. Büdcə təşkilatlarında əmək haqqı, əmək haqqına üstəlik və onlara bərabər tutulan xərc maddələri üzrə heç bir borc qalmamışdır.

 

Tovuzlular dövlət qayğısına əməli işlə cavab verirlər

 

Dövlətin sosial siyasətində əsas yer tutan təhsil sistemində səmərəliliyin artırılması üçün rayonda müntəzəm iş aparılır. A.Hüseynov adına Yanıqlı kənd orta məktəbi üçün yeni bina tikilmiş, E.Bayramov adına Aşağı Ayıblı kənd orta məktəbinin binası əsaslı təmir olunaraq inventar və avadanlıqlarla təmin edilmiş, digər bir sıra məktəblərin də texniki təminatı xeyli yaxşılaşdırılmışdır. Məktəblərin kompüter texnikası ilə təchizatına da diqqət artırılmışdır. Indi rayon üzrə hər 29 şagirdə bir kompüter düşür. Keçən il 7 məktəb mərkəzləşmiş internet şəbəkəsinə qoşulmuşdur.

2010-cu ildə təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən irəliləyişlər olmuş, ali məktəblərə qəbul olunanların sayı 5 faiz artmışdır. Eyni zamanda 600-dən yuxarı bal toplayanların sayı 2 dəfə, 500-dən yuxarı bal toplayanların sayı isə 27 nəfər çox olmuşdur.

Artıq bir neçə ildir ki, məktəblərimizdə xarici dillərin tədrisi, eləcə də gənclərin ali hərbi məktəblərə və hərbi liseylərə hazırlanması sahəsində məqsədyönlü iş aparılır. Bunlar öz nəticələrini hər il olduğu kimi hesabat ilində də göstərmiş, 60 nəfər tovuzlu ölkənin ali hərbi məktəblərinə və hərbi liseylərə qəbul olunmuşdur. Ümumiyyətlə, 2007-2010-cu illərdə 185 nəfər gənc öz taleyini hərbi məktəblərə bağlamışdır.

2010-cu il mədəniyyət sahəsində bir çox obyektlərin təmiri, yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması, əvvəlki illərdən fərqli olaraq bir çox uğurlu mədəniyyət proqramlarının reallaşması ilə yadda qalmışdır.

Rayonda bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi, idmanın maddi texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində olmuş, il ərzində idmanın əksər sahələri üzrə çoxsaylı maraqlı yarışlar keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və qayğısı ilə ölkədə inşa olunan olimpiya idman komplekslərindən birinin bu günlərdə Tovuzda istifadəyə verilməsi möhtərəm Prezidentimizin idmançılarımıza, gənclərimizə, rayonun bütün əhalisinə növbəti töhfəsi olmuşdur.

Gənclərin potensialından səmərəli istifadə, onların asudə vaxtlarının səmərəli təşkili, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, onların vətənpərvərlik tərbiyəsi istiqamətində də məqsədyönlü tədbirlər hazırlanıb həyata keçirilmişdir.

Rayonda gənclərin ordu sıralarına hazırlanması və göndərilməsi yüksək mütəşəkkilliklə və təntənəli tədbirlərlə müşayiət olunur.

Rayonda keçən il səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində önəmli işlər görülmüşdür. Mərkəzi rayon xəstəxanasının tikintisi davam etdirilmiş, Girzan və Cilovdarlı kəndlərində tibb məntəqəsi tikilib istifadəyə verilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Rayonun 6 kəndinə icra hakimiyyətinin balansında olan və həkim məntəqəsinin yerləşdiyi binalar əvəzsiz olaraq mərkəzi rayon xəstəxanasının balansına verilmişdir. Səhiyyə müəssisələrinin texniki təminatı da xeyli yaxşılaşdırılmışdır.

2010-cu ildə rayonda ideoloji işin təşkili istiqamətində xeyli iş görülmüşdür. Təşviqat qrupları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin əhali arasında fəal təbliği təşkil edilmişdir. Əhalinin müxtəlif təbəqələri arasında azərbaycançılığın əsas atributlarının təbliği və izahı istiqamətində aparılan işlər davam etdirilir.

Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanmış konsepsiyaya uyğun olaraq orada yaradılmış tədqiqat qruplarının fəallıqları artırılmış, keçirilən tədbirlərin sistemliliyi təmin olunmuş, həyatı, fəaliyyəti və şəxsiyyəti bütövlükdə bir azərbaycançılıq məktəbi olan ulu öndərimiz Heydər Əliyevin gənc nəslə daha dərindən öyrədilməsi üçün aparılan işlər gücləndirilmişdir.

Siyasi partiyaların rayonda fəaliyyət göstərən yerli təşkilatları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri haqqında informasiya bazası daim təkmilləşdirilir və təhlil olunur.

2010-cu il bələdiyyə seçkilərində formalaşmış bələdiyyə orqanlarının fəaliyyəti müsbət dönüşlə xarakterizə olunur. Rayonun ictimai həyatında bələdiyyələr yaxından iştirak etməyə başlamış, "Ekologiya ili" tədbirlərində fərqlənmişlər. Bələdiyyələrin vəsaiti hesabına ötən il 67 kilometr uzunluğunda kəndlərarası və daxili yollar təmir olunmuşdur. Yerli problemlərin həlli ilə bağlı əksər bələdiyyələr layihələr üzərində işləyirlər.

 

Bu il Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü dövlət başçısının sərəncamına əsasən təntənə ilə qeyd ediləcəkdir. Heç şübhəsiz ki, qədirbilən tovuzlular da Azərbaycanın müstəqillik konsepsiyasının banisi, Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev ideyalarını rəhbər tutaraq onun göstərdiyi yolla daha inamla irəliləyəcəklər. Bu yol isə gərgin əməkdən, quruculuqdan, mənəvi saflıqdan, bir sözlə, Tovuzun hər bir sadə əmək adamının, eləcə də hər bir tovuzlunun qəlbindən keçir.

 

 

Namiq QƏDİMOĞLU

 

Xalq qəzeti.- 2011.- 25 fevral.- S. 5.