Silahlı Qüvvələrimiz xalqın güvənc yeridir

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən yüksək döyüş hazırlığına malik bir hərbi qurum olduğunu xarici ölkələrin ekspertləri də etiraf edirlər. Bununla belə, dünyanın bütün ordularında olduğu kimi, bizim ordumuz da ehtimal olunan cinayət hadisələrindən sığortalanmayıb. Axı ordu müxtəlif xarakterə və dünyagörüşünə malik insanların cəmləşdiyi məkandır və bu məkanda hər hansı nizamnamədənkənar hərəkətlərin qarşısını tamamilə almaq mümkün deyil. Bu tip hadisələr ABŞ, Türkiyə və Rusiya kimi böyük ölkələrin Silahlı Qüvvələrində də qeydə alınır.

 

Bu günlərdə "N" hərbi hissəsində baş verən qanlı olay hamıdan, xüsusilə ictimaiyyət və KİV nümayəndələrindən səbr və obyektivlik tələb edir. Silahlı Qüvvələrimizdə baş verən bu olayla əlaqədar bir sıra kütləvi informasiya vasitələrində dərc olunan yazıların və verilən şərhlərin həqiqətə uyğun olmaması isə təəssüf doğurur . Hadisə ilə əlaqədar ölkə başçısının göstərişinə əsasən Müdafiə Nazirliyinin rəhbərliyi istintaq qrupu ilə birgə dərhal hadisə yerinə yollanmış, intizam pozuntuları ilə əlaqədar ilkin tədbirlər həyata keçirmiş və obyektiv istintaq işinə başlanılmışdır. Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatlarda da bu haqda ətraflı bəhs olunur və xüsusi vurğulanır ki, hadisəyə hüquqi qiymət verilmədən bəzi üzdəniraq qüvvələrin ordumuzu nüfuzdan salmaq məqsədilə tələm-tələsik verdiyi bəyanatlar əslində düşmən dəyirmanına su tökür.

Bu günlərdə Azərbaycanda müdafiə və təhlükəsizlik, hərbi vətənpərvərlik, əlil və veteranlarla iş sahəsində fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatlarının hadisə ilə bağlı ölkə ictimaiyyətinə və media nümayəndələrinə ünvanladığı müraciətdə də bu haqda ətraflı danışılır: "Hadisədən dərhal sonra ən yüksək səviyyədə atılan addımlar, dövlət başçısı, Ali Baş Komandanımız tərəfindən görülən təxirəsalınmaz tədbirlər bir daha subut edir ki, ordu quruculuğu, Silahlı Qüvvələrin inkişafı və möhkəmləndirilməsi Azərbaycan Prezidentinin diqqət yetirdiyi ən vacib məsələdir. Biz vətəndaşlarımızı, ölkə ictimaiyyətini diqqətli olmağa, cəmiyyətdə xüsusi rola malik media qurumlarını, KİV təmsilçilərini Azərbaycanın dövlət mənafeyini, milli maraqlarını daha ciddi şəkildə nəzərə alaraq fəaliyyət göstərməyə dəvət edirik".

Hərbi ekspertlər də "N" hərbi hissəsində baş verən insidenti şişirtməyin əleyhinədirlər. Hərbi ekspert İldırım Məmmədzadə Azərbaycan qanunvericiliyini əsas götürərək bildirdi ki, ordu, silahlı qüvvələr siyasətdən kənar institutlardır. Bundan kiminsə öz siyasi məqsədləri üçün istifadə etməsi yol verilməzdir. Bizim əsgərlərimiz soyuqda, çətin bir şəraitdə öz borclarını yerinə yetirərək, vətənimizin keşiyində dayanırlar. Orduda baş verən hansısa cinayət hadisindən heç bir ordu sığortalanmayıb. Lakin bu, heç bir halda, siyasi məqsədlər üçün istifadəyə əsas vermir. Ən azı ona görə ki, Azərbaycan Silahlı Qüvvələri ilbəil güclənir, peşəkarlığı artır və istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

"Tərxis Olunmuş Hərbçiləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənlinin fikrincə, Azərbaycan ordusunun güclənməsi Azərbaycanı istəməyən bütün qüvvələri narahat edir. Bir məqamı hamı anlamalıdır ki, ordu nə iqtidarın, nə də müxalifətindir. Ordu bütövlükdə ölkəmizin, xalqımızındır. Ordu mövzusuna münasibət həssas olmalıdır.

Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev isə qeyd etdi ki, hər hansı bir hərbi hissədə baş verən qanunsuzluğu, tələfatı ümumi ordunun adına yazmaq olmaz. Bizim Fərid kimi, Mübariz kimi yüzlərlə oğullarımız var. Son hadisədə günahkarlar məhz yerlərdəki komandirlərdir ki, onlar da öz layiqli cəzalarını aldılar. Sağ olsun cənab Prezidentimiz ki, bu məsələyə dərhal reaksiya verdi və lazım olan tədbiri gördü. Dövlətimiz bu sahədə bütün əziyyətləri çəkir, ona görə də bu hadisə ordumuzun adına yazılmamalıdır.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev də həmkarlarının fikirləri ilə şərikdir. O bildirdi ki, bu gün Azərbaycan Ordusunun istər texniki təchizatı, istərsə də şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Bunu gözü götürməyənlər də var. "N" hərbi hissəsində baş vermiş qanun pozuntusu, təbii ki, bizim hamımızı kədərləndirir. Amma bunu əlində bayraq edib, düşmənin xeyrinə fikir bildirənlər də az deyil. Elə Ermənistanın özü də bu barədə müxtəlif şayiələr yayır ki, öz ordusunun xeyrinə bizim ordunu gözdən salsın. Amma əslində hansısa bir cinayətin baş verməsi orduya ləkə yaxmaq üçün şərait yaratmamalıdır. Hər şeyi unudub bircə faktdan yapışmaq lazım deyil. Ən azı ona görə ki, ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir, şəxsi heyətdə ruh yüksəkliyi vardır.

Son illər ordu quruculuğu sahəsində əldə olunan uğurlar, həyatımızın dinamik inkişafı fonunda kifayət qədər böyük ümidlərə əsas verir. Bu mənada Silahlı Qüvvələrimizə münasibətdə hər bir kəs səbr, təmkin və obyektivlik nümayiş etdirməlidir. Unutmaq olmaz ki, ölkənin ən böyük Silahlı qurumu olan Azərbaycan ordusu dövlətin və xalqın inam və güvənc yeridir.

 

 

İbrahim RÜSTƏMOV,

Əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 25 fevral.- S. 7.