Xocalı
soyqırımı - ermənilərin vicdanına
yazılmış vəhşiliyin görünməmiş təzahürü
1992-ci
il fevralın 25- dən 26-na keçən gecə ermənilərin
törətdikləri Xocalı soyqırımından 19 il
keçir. XX əsrin əvvəllərində 1905-ci və
1918- ci illərdə də Xocalıda dəhşətli faciələr
törədilmiş, gəlmə ermənilər
havadarlarının köməyi ilə türklərin (azərbaycanlıların)
dədə-baba torpağı olan bu qədim yurd yerini
darmadağın etmiş, xarabalığa çevirmişlər.
Lakin hər dəfə sağ qalmış xocalılılar
ana torpağa, doğma Vətənə sədaqət nümunəsi
göstərərək öz yurd yerlərinə
qayıtmış, hər şeyə yenidən
başlamalı olmuş, bu torpaqların əsl sakinləri
olduqlarını tarixin yaddaşına əbədi həkk
etmişlər.
Ermənilər
1992- ci il soyqırımını hələ 1988-ci ildə həyata
keçirmək istəmişdilər. Onlar Dağlıq
Qarabağı Ermənistana birləşdirmək və
"Böyük Ermənistan" yaratmaq xülyası ilə
1988- ci ilin fevral ayının 13- də ilk çoxminli mitinqə
başladıqdan 7 ay sonra - sentyabr ayının 18-də
Xocalıya hücum etmiş, xocalılıları
qırmağa, öz torpaqlarından qovub çıxartmağa
çalışmışdılar. Lakin o vaxt onların bu məkrli
niyyətləri baş tutmamış və xocalılılar
yadelli işğalçı ermənilərlə əlbəyaxa
döyüşdən qalib çıxaraq, az qüvvə ilə
ermənilərin çoxminli kütləsini geri qaytara
bilmişdilər. O vaxtlar SSRİ-nin tərkibində yaşayan
Azərbaycan əhalisi, o cümlədən Xocalı sakinləri
ağıllarına belə gətirməzdilər ki,
dünyanı vahimə içərisində saxlaya bilən
SSRİ-nin "ailə üzvlərindən" biri digərinə
qarşı soyqırımı törədə bilər. Bir
vaxtlar başqa ölkələrdən Azərbaycan
torpaqlarına köçürülmüş ermənilər
bunu nankorluqla etdilər.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin 200 illik bir tarixi var. Belə ki, Azərbaycanın və onun əhalisinin arzusu, istəyi nəzərə alınmadan zor gücünə məcburi qaydada bağlanan Kürəkçay (1805), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirilməsi reallaşdı. Bu köçürülmənin əsasını isə I Pyotr qoymuş, II Yekaterinanın vaxtında praktik olaraq tədricən yerinə yetirilməyə başlanmışdı. I Pyotrun Cənubi Qafqaz barədəki vəsiyyətlərinə sadiq qalan rus imperiyası Qriboyedovun köməyi ilə ermənilərin İrandan və başqa ölkələrdən qədim Azərbaycan torpaqlarına köçürülmələrini və orada məskunlaşmalarını təmin edir, qeyd edilən müqavilələrlə Azərbaycanın gələcək fəlakətlərinin, yəni məqsədyönlü şəkildə onun ərazilərinin itirilməsinin təməlini qoyurdular.
1801- ci ildə Gürcüstan Rusiyaya birləşdirildikdən sonra 1803- cü ildə Rusiya ayrı - ayrı Azərbaycan xanlıqları ilə müharibəyə başlamışdı. 1803- cü ilin mart ayında rus ordusu Gəncəyə hücum etmişdi, lakin Gəncə xanı Cavad xan rus ordusu ilə 9 ay vuruşduqdan sonra qəhrəmancasına həlak olmuş və Gəncə ruslar tərəfindən işğal edilmişdi.
Rus ordusunun komandanı general Sisianov 1804- cü il yanvarın 4-də Gəncəni işğal etdikdən sonra mayor Lisaneviçi Qarabağa - İbrahim xanın yanına göndərmiş və onun əyalətləri ilə birlikdə "könüllü" olaraq Rusiya təbəəliyinə keçməsini tələb etmişdir. Bu ultimatumdan sonra 1805- ci ilin may ayının 14- də İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və kürəkəni, Şəki xanlığının hökmdarı Səlim xanla birlikdə general Sisianovun Kürəkçay çayı yaxınlığında lövbər saldığı düşərgəyə getmiş, tələb olunan müqaviləni imzalamaq məcburiyyətində qalmışdı. Bundan bir həftə sonra, 1805- ci il mayın 21-də Şəki xanlığı da Rusiya təbəəliyinə daxil edilmişdi. Göründüyü kimi, Qarabağ xanlığının Rusiya təbəəliyinə daxil edilməsində heç bir erməni izi yoxdur və ola da bilməzdi. Ermənilər isə iddia edirlər ki, guya 1805-ci ildə Qarabağa ermənilər nəzarət edib və Qarabağı Rusiyaya birləşdirən ermənilər olub. Tarix bu iddianı inkar edir. O vaxtlar Azərbaycanın, o cümlədən Qarabağın hakim dairələrində heç bir erməni yox idi və onlar ümumiyyətlə belə səlahiyyətə malik deyildilər.
1806- cı ildə İran ordusu Şuşaya yaxınlaşanda İbrahim xan və onun Xankəndidə yerləşmiş bütün ailə üzvləri, hətta qadınlar və uşaqlar da (Mehdiqulu ağadan başqa) general Sisianovun və Paskeviçin göstərişi ilə mayor Lisanoviç tərəfindən qətlə yetirildi. Bu da bağlanmış müqavilənin İbrahim xanın və onun yaxınlarının toxunulmazlığını və təhlükəsizliyinin təmin ediləcəyi haqqındakı şərtlərinin formal xarakter daşıdığını sübut edir. İbrahim xanın qətlindən sonra onun sağ qalmış yeganə varisi olan oğlu Mehdiqulu xan formal olaraq Qarabağın xanı təyin edildi. 1813- cü ildə imzalanan Gülüstan müqaviləsindən sonra Rusiya Şimali Azərbaycandakı mövqeyini daha da möhkəmləndirdi.
Rus imperiyası 1819-cu ildə Şəki xanlığını, 1820-ci ildə Şirvan, 1822-ci ildə isə Qarabağ xanlığını ləğv etmişdir. 1828- ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin Qarabağa-Şimali Azərbaycana köçürülmələri daha da sürətləndirilmişdir. Bu prosesə general Paskeviç və erməni Lazarev rəhbərlik etmişdir. 1828-ci il fevralın 29- da general Paskeviçin əmrinə əsasən ermənilər əsasən İrəvan, Naxçıvan və Qarabağda yerləşdirilmişdir. Bəzi müsəlman kəndlərinin sakinləri digər yerlərə köçürülmüş və boşalmış kəndlərdə ermənilər yerləşdirilmişdir.
Bolşevik işğalından sonra yaradılan SSRİ imperiyası Leninin, Mikoyanın, Stalinin, Orconikidzenin, Şaumyanın və başqalarının sayəsində əzəli Azərbaycan torpaqları olan İrəvan xanlığı, Vedi, Göyçə, Zəngəzur, Dərələyəz mahalları hesabına Ermənistan dövləti yaratmışlar. Bu dövrdə rus - erməni birləşmələrinin apardıqları mənfur siyasətin acı nəticələrindən biri də ondan ibarət oldu ki, onlar Qarabağın dağlıq hissəsini - Şuşa, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Mehdikənd, Seyidkənd, Malıbəyli, Quşçular, Meşəli, Xanbağı, Kərkicahan, Kosalar, Şırlan, Əsgəran, Kətik, Pircamal, Daşbulaq, Zarıslı, Qaybalı, Cəmilli, Həsənabad, Şuşakənd, Daşaltı və s. bölgələrini aran Qarabağdan ayıraraq ona Dağlıq Qarabağ Muxtar Vilayəti statusu verdilər, Xankəndinin adını dəyişib qaniçən Stepan Şaumyanın adına uyğunlaşdırıb Stepanakert adlandırdılar və onu vilayətə mərkəz etdilər. Ermənilər Xankəndinin tarixində erməni izi tapıb onu saxtalaşdıra bilmədiklərinə görə şəhərə qondarma ad verdilər. Bundan sonra Azərbaycanın şəhər və kəndlərinə köçürülmüş ermənilərin sıx yaşadıqları yerlərə Stepanakert, Mardakert, Martuni, Noraguğ (Yenikənd), Hadrut kimi adlar verib toponimləri dəyişdirdilər, onları iqtisadi cəhətdən inkişaf etdirdilər. Azərbaycanlıların sıx yaşadıqları kəndlərə isə diqqət yetirilmədi. Həmin illərdə diqqətdən kənarda qalan kəndlərdən biri də Xocalı-Gədəbəy mədəniyyəti incilərinin mərkəzi olan, qədim türkçülük ənənələrini qoruyub saxlayan Xocalı idi. Xocalıda aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən tarixi nümunələr Stepanakertə aparılır, orada təşkil edilmiş diyarşünaslıq muzeyində ermənilərin adına nümayiş etdirilirdi. Bu, hələ sovet dövründə Xocalının tarixinin, o cümlədən Azərbaycanın tarixinin "işğalı" demək idi. Bu yolla ermənilər özlərinə saxtalaşdırılmış tarix yaradırdılar.
Rusiya ilə İran və Rusiya ilə Türkiyə arasında nifaq toxumu səpən, müharibələrə rəvac verən ermənilər həmişə böyük silahlı dəstələr yaradaraq arxadan bu dövlətlərə ağır zərbələr vurmuşlar. Ərazisində yaşadığı dövlətə xəyanət edən ermənilər külli miqdarda qətllər törətmiş, günahsız insanları qırıb məhv etmişlər.
Özləri böyük soyqırımları törətmiş ermənilər bütün dünyaya heç vaxt mövcud olmayan 1915- ci il "erməni soyqırımı" deyilən uydurma bir bəyanat yaymaqda davam edirlər. Bir sıra xarici ölkə parlamentləri heç bir əsasa söykənməyən uydurma "erməni soyqırımını" tanımaq haqqında qətnamələr qəbul edir, üzdəniraq qərarlar çıxarırlar. Tutarlı dəlillərlə, inkaredilməz faktlarla sübuta yetirilən Xocalı soyqırımı barədə isə özlərini eşitməzliyə, görməzliyə vururlar.
Bu baxımdan Xocalı soyqırımı həqiqətlərini dünya xalqlarına çatdırmaq, tanıtmaq yolunda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva planlı surətdə ardıcıl olaraq çox mühüm işlər görür və bunun müqabilində dünyanın əksər ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimləri keçirilir.
Heydər Əliyev Fondunun Rusiya təmsilçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq miqyasda "Xocalıya ədalət" kampaniyasının həyata keçirdiyi uğurlu fəaliyyət də təqdirəlayiqdir.
Son 8 ildə ölkə Prezidenti möhtərəm İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda apardığı işlər xalqımızda ruh yüksəkliyi yaradır, nikbin duyğular aşılayır. Cənab Prezident öz çıxışlarında birmənalı şəkildə bütün dünyaya bəyan edir ki, "Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcəkdir".
Xocalılılar qanlarını, canlarını Vətən uğrunda qurban vermiş qəhrəmanlardır. Belə qəhrəmanlar bu gün də var, gələcəkdə də olacaqdır. Ölkə başçımız və xalqımız Azərbaycan torpağı uğrunda, Xocalı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əlif Hacıyevin, Araz Səlimovun, Aqil Quliyevin, Tofiq Hüseynovun, Ələsgər Novruzovun, Hikmət Nəzərlinin, İnqilab İsmayılovun, Füzuli Rüstəmovun, Mövsüm Məmmədovun, Şöhrət Həsənovun, Mikayıl Səlimovun, Ziyadxan Allahverdiyevin və bütün digər şəhidlərimizin xatirəsini daim əziz tutur.
Bu günümüzün qəhrəmanlarından Mübariz İbrahimovun, Fərid Əhmədovun və başqa oğullarımızın igidlikləri hamımızı səfərbərliyə, döyüşə, əsirlikdə olan torpaqlarımızı azad etməyə, hər kəsi vətəndaşlıq borcunu şərəflə yerinə yetirməyə səsləyir.
Hər kəsin bu dünyada ali, ülvi borcları var. Belə borclara valideynlik, övladlıq, müəllimlik, həkimlik, ziyalılıq, alimlik, insanlıq və s. borclar aiddir. Bu qəbildən olan borcları yerinə yetirməklə bərabər, hər kəs öz vətəndaşlıq borcunu da uca tutmalı, onu özünə ən ali, ən ülvi borc hesab etməlidir. Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq da hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Hamı çalışmalıdır ki, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymət verilsin. Bu baxımdan "Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin fəaliyyəti örnək olmalıdır.
Ulu öndər
Heydər Əliyev xocalılıların
göstərdiyi yenilməz igidlikdən, onların qəhrəmanlığından
danışarkən demişdir: "Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində
Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir
ki, bir tərəfdən
bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə
sədaqətliliyinin nümunəsidir. İkinci
tərəfdən də
Ermənistanın millətçi, vəhşi qüvvələri
tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır
- vəhşiliyin görünməmiş təzahürüdür".
Vaqif ŞADLİNSKİ,
ATU-nun insan anatomiyası
kafedrasının müdiri, əməkdar
elm xadimi, professor
Mübariz ALLAHVERDİYEV,
insan anatomiyası
kafedrasının
professoru, tibb elmləri doktoru
Xalq qəzeti.- 2011.- 25 fevral.- S. 4.