Sumqayıt hadisələrinə həsr olunmuş kitabda erməni təxribatları dünya ictimaiyyətinə faktlarla çatdırılır

 

Tolerantlığı, humanistliyi, sülhsevərliyi ilə seçilən Azərbaycan xalqı və onun qızıldan qiymətli torpağı tarix boyu xarici düşmənlərin hədəfində olub. Bu ölkəyə sahib çıxmaq, onu nəzarətdə saxlamaq istəyənlər isə ən azı özləri qədər acgöz və qaniçən xalqdan - ermənilərdən dəyənək kimi istifadə ediblər. Xəstə təfəkkürlü bu millət isə tarix boyu "Böyük Ermənistan" qurmaq həvəsi ilə yaşamış, ancaq buna nail ola bilməmişdir. 1980-ci illərin ortalarından başlayaraq ermənilər himayədarlarının köməyi ilə yenidən özlərinin çirkin məqsədlərini həyata keçirmək üçün fəaliyyətə başladılar. Əsas hədəfləri isə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Ancaq məsələnin miqyasını genişləndirmək üçün, necə deyərlər, nəyisə bəhanə etməyə ehtiyac var idi. Bu, Sumqayıt hadisələri oldu.

1988-ci ilin fevral ayında Sumqayıtda iğtişaşlar törədildi. Hədəf kimi bu şəhərdə yaşayan ermənilər seçilmişdi. Aranı qızışdıranlar arasında da məhz erməni - Qriqoryan Eduard Robertoviç "fəallığı" ilə seçilmişdi. O, öz millətindən olan insanlara divan tutmuş, onları baltayla, metal boru parçalarıyla vurmuş, kütləvi qarətlərin təşkilatçısı olmuşdur. Maraqlı burasıdır ki, Sumqayıt hadisələri hələ baş verməmişdən əvvəl Sovet hakimiyyəti dövründə SSRİ-də akkreditə edilmiş xarici jurnalistlərin hamısı Moskvadan bu şəhərə gəlmişdilər. İğtişaşlar başlayanda isə onların kameraları sanki "ssenarini bilən rejissorun göstərişi ilə" hadisələri lentə alırdı.

Bu hadisələr zamanı Artaşes Qabrielyan adlı erməni də öz videokamerası ilə bərabər, Sumqayıtda sərbəst gəzişir, şəhərdə baş verənləri sakitcə lentə çəkirdi. Daha sonralar Qabrielyan çəkdiyi görüntülər əsasında "Bizi xilas edin" adlı "sənədli" film hazırlayır və erməni lobbisi bunu bütün dünyaya yayırdı. Məqsəd məlum idi: Ermənilərlə "vəhşi" azərbaycanlıların birlikdə yaşamasının mümkün olmadığını göstərmək və bundan sonra Dağlıq Qarabağda yaşayan bir ovuc erməninin "təhlükəsizliyi naminə" muxtar vilayətin Ermənistana birləşdirilməsinə zəmin hazırlamaq.

Ermənilər həmin dövrdə Sumqayıt hadisələrindən öz çirkin mənafeləri üçün çox istifadə etdilər. Bu gün də özlərinin törətdiyi həmin olaylardan faydalanmağa çalışırlar. Müxtəlif ölkələrin mətbuat orqanlarında dərc edilən və ermənilər tərəfindən hazırlandığı şübhə doğurmayan məqalələrdən də görünür ki, onlar Sumqayıt hadisələrini 1915-ci ildə regionda baş verən olayların davamı kimi təqdim etməyə cəhd göstərirlər. Ermənistanın qəbul etdiyi Hərbi Doktrinada isə "Sumqayıt soyqırımı" üçün ayrıca yer ayrılıb. Buna görə də həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün faktlara söykənən əsərlərin işıq üzü görməsi xüsusi əhəmiyyətə malikdir. Bu mənada Aslan İsmayılovun "Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı" adlı kitabın ingilis, rus, türk dillərinə tərcümə olunaraq çap olunması ümumi işimizə öz töhfəsini verəcəkdir.

"Park inn" oteldə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən müəllif Aslan İsmailov da bildirdi ki, kitabın müxtəlif dillərdə çap olunması Sumqayıt hadisələrində ermənilərin xüsusi rol oynadığını göstərmək baxımından faydalıdır: "Kitabdakı materiallar o zamanın cinayət işi və məhkəmə materialları əsasında hazırlanıb. O zaman Azərbaycan Ali Məhkəməsində Sumqayıt hadisələri ilə bağlı cinayət işində dövlət ittihamçısı olmuşam. Birmənalı şəkildə deyə bilərəm ki, bu hadisələr SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin planına uyğun olaraq, ermənilər tərəfindən törədilib".

Onun sözlərinə görə, hadisənin ermənilər tərəfindən törədilməsi həmin dövrdəki sovet rəhbərliyi, xüsusən də Mixail Qorbaçov tərəfindən ört-basdır edilib. Qorbaçov açıqlamalarının birində deyib ki, Sumqayıt hadisələrini bir qrup xuliqan şəxs törədib. İstintaq nəticəsində Eduard Qriqoryanın mütəşəkkil dəstənin başçısı olması sübuta yetirilsə də, ona 12 il azadlıqdan məhrumetmə cəzası, hadisələrin iştirakçısı Əhməd Əhmədova isə ölüm hökmü çıxarılıb. Məhkəmədən qısa müddət sonra Ə. Əhmədov Moskvada güllələnib.

Kitab barədə fikirlərini bildirən ekspertlər qeyd etdilər ki, Sumqayıt hadisələri barədə faktlarla zəngin olan əsərin müxtəlif dillərdə çap olunması ölkəmizin haqq işinə dəstək xarakteri daşıyır. Çünki hadisələrə dair cinayət işini SSRİ Prokurorluğu, rus, ukraynalı və digər millətlərin nümayəndələri olan müstəntiqlər aparıb və işin özəyini təşkil edən istintaq hərəkətləri İrəvanda SSRİ və Ermənistan prokurorluqlarının erməni, rus, ukraynalı müstəntiqləri tərəfindən keçirilib. Məhz bu istintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın aktiv rolu öz əksini tapıb. Bu kitabda həmin faktlara da yer verilib. Belə olan halda ermənilər heç bir şəkildə deyilənləri qərəzli adlandıra bilməyəcəklər.

Tədbirdə www.sumqayit1988.com saytının təqdimat mərasimi də keçirildi. Bu saytda Sumqayıt hadisələri barədə həqiqətlər Azərbaycan, ingilis və rus dillərində oxuculara çatdırılır.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2011.-25 fevral.- S. 7.