Səbaildə
anım mərasimi
Xocalı
faciəsinin 19-cu ildönümü Bakı şəhərinin
Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Rayon
icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq
idarə və təşkilatlarda, orta və ali məktəblərdə
faciə qurbanlarının xatirəsi dərin hüzn və
ehtiramla yad edilir.
Faciənin
ildönümü ərəfəsində Səbail Rayon
İcra Hakimiyyətində Xocalı şəhərindən
köçkün düşərək rayonda məskunlaşmış
23 ailənin nümayəndələri ilə görüş
keçirilmişdir. Mərasimdə çıxış edən
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı
olan Xocalı faciəsi, ermənilərin zaman-zaman
soydaşlarımıza qarşı törətdikləri vəhşiliklər
və Xocalı soyqırımının dünyada
tanıdılması üçün görülən və
zəruri olan işlər barədə ətraflı məlumat
vermişdir.
Bildirilmişdir
ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Milli Məclisdə ilk dəfə bu məsələyə
siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin
nəzərinə çatdırılması məqsədi ilə
ciddi işlərə başlanmışdır. Hər il faciənin
ildönümü respublikamızda və onun
hüdudlarından kənarda geniş qeyd olunur, soyqırım
qurbanlarının xatirəsi yad edilir, misilsiz erməni vəhşiliyinin
mahiyyəti dünya ictimaiyyətinə göstərilir.
Bu
gün xalqımızda Prezident İlham Əliyevin
apardığı məqsədyönlü siyasət nəticəsində
Xocalının, həmçinin işğal altında olan
bütün Azərbaycan torpaqlarının düşməndən
azad ediləcəyinə, ölkəmizin ərazi
bütövlüyünün bərpa ediləcəyinə dərin
əminlik var. Lazım gələrsə ölkə
başçısı, Ali Baş Komandanın əmri ilə
oğullarımız silaha sarılaraq müharibə yolu ilə
torpaqlarımızı azad edəcəklər.
Qeyd
olunmuşdur ki, fevral ayının 26-da rayondakı
bütün təhsil müəssisələrində ilk dərslər
Xocalı faciəsinə həsr olunacaq, kollektivlər
"Xocalı harayı" abidəsini ziyarət edəcəklər.
Rayondakı məscidlərdə Xocalı faciəsi zamanı
şəhid olmuş soydaşlarımızın ruhuna dualar
oxunacaq, "Bibiheybət" və İçərişəhər
"Cümə" məscidlərində ehsanlar veriləcək.
Tədbirdə
çıxış edən Xocalı şəhər icra
nümayəndəsi Yavər Əzimov və başqaları
ölkə rəhbərliyinin səyləri ilə
Xocalının azad olunacağı günü səbirsizliklə
gözlədiklərini və bu günün tezliklə gələcəyinə
əmin olduqlarını bildirmişlər.
Sonda
Səbail rayonunda məskunlaşmış Xocalı
köçkunlərinə rayon icra hakimiyyətinin
yardımları çatdırılmışdır.
R.TAHİR
Xalq qəzeti.- 2011.- 25 fevral.- S. 4.