Xocalı faciəsi
dünyanın gözü ilə
Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan xalqı zaman-zaman erməni
şovinistlərinin etnik təmizləmələrinə,
soyqırımı və təcavüzkarlıq siyasətinə
məruz qalmış, öz doğma torpaqlarından, dədə-baba
yurdlarından, ev-eşiklərindən didərgin
salınmışdır. XX əsrin 80-ci illərinin ikinci
yarısından başlayaraq ermənilər Azərbaycana
qarşı ərazi iddialarını yenidən davam etdirməyə
başlamış və bunun da nəticəsində bir
milyondan artıq soydaşımız qaçqın və məcburi
köçkünə çevrilmişlər.
"Böyük Ermənistan" ideyasını
reallaşdırmağa can atan erməni şovinistləri
keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ermənilərə
açıq himayədarlığından yararlanaraq ölkəmizə
qarşı hərbi təcavüzkarlığını davam
etdirirdilər. Ermənistan silahlı qüvvələri Azərbaycan
ərazilərini işğal edir, yaşayış məntəqələrini
viran qoyur, dinc əhalini misli görünməmiş qəddarlıqla
qətlə yetirirdilər.
1988-ci
ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinə ərazi iddiasında olan Ermənistan rəhbərliyi
azərbaycanlılar yaşayan ərazilərə hərbi təcavüzə
göstəriş verdi. Qısa müddət ərzində azərbaycanlılar
yaşayan kəndlər, rayonlar boşaldılmış, 200
mindən artıq soydaşımız öz doğma
yurd-yuvalarından didərgin salınmışdır. Ermənilər
öz çirkin niyyətlərini davam etdirərək Azərbaycan
ərazisinin 20 faizini işğal etmiş, həmin ərazilərdəki
tarixi mədəni abidələri dağıtmış, evləri
yandırmış, insanları vəhşicəsinə qətlə
yetirmişlər. Minlərlə qadın, qoca, uşaq misli
görünməmiş tərzdə
öldürülmüş, onların meyitləri təhqir
olunmuşdur. 1988-ci illərdə Ermənistanın hərbi təcavüzü
nəticəsində 20 mindən çox soydaşımız
həlak olmuş, 50 mindən çoxu isə
ömürlük şikəst olmuşdur.
Ermənistan
silahlı qüvvələrinin həyata keçirdiyi
işğalçılıq siyasəti kütləvi
qırğınlar, dağıntılar və
yanğınlarla nəticələnmişdir. Planlı şəkildə
həyata keçirilmiş Xocalı soyqırımı isə
dünyada analoqu olmayan soyqırımı hesab olunur. Ermənilər
bu dəhşətli faciəni törədən zaman Azərbaycanın
qədim yaşayış məskəninin yer üzündən
silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki
Xocalı Azərbaycanın qədim dövrlərinə malik
olan ərazilərdən biri kimi tarixi və mədəniyyət
abidələri ilə seçilirdi.
...19
il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun
366-cı motoatıcı alayın zirehli texnikası və hərbi
heyətinin köməyi ilə Xocalı şəhərini
işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i
axşam toplardan və ağır artilleriyadan şiddətli
atəşə tutulan Xocalı fevralın 26-sı səhər
saat beş radələrində tam alova büründü. Mühasirəyə
alınmış şəhərdə qalan təqribən
2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə
çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma
bir günün içərisində yer üzündən
silinən şəhəri tərk edən 2500 Xocalı
sakinindən 613-ü düşmən gülləsinə
tuş gəlib qətliamın qurbanı oldu. Bu
soyqırımı nəticəsində 63-ü uşaq,
106-sı qadın və 70-i qoca olmaqla - 613 nəfər qətlə
yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər
iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən
gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən
76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 nəfər
isə itkin düşdü. Dövlətin və əhalinin əmlakına
1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl
dəyərində ziyan vurulmuşdu.
Göründüyü
kimi, dünyanın heç bir ölkəsində belə dəhşətli
faciə törədilməyib. Diqqətlə fikir verin, ermənilər
bu faciəni törədəndə - 1992-ci ildə Ermənistan
BMT-nin Soyqırımı Konvensiyasının
iştirakçısı idi. Təəssüf ki, həmin
dövrdə ölkəmizdə hakimiyyət uğrunda
mübarizə getdiyindən Azərbaycanın beynəlxalq
konvensiyalara qoşulması yada düşmürdü. Yalnız
1996-cı ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətdə
olduğu dövrdə Azərbaycan BMT-nin Soyqırım
Konvensiyasına qoşuldu. Üstəlik Xocalıda baş verən
hadisə barəsində xalqa tam məlumat verilmirdi. Xatın,
Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə
bir sırada dayanan Xocalı soyqırımı əslində
daha dəhşətli idi. Ermənilər bu qəddarlıqları
ilə bir daha təsdiqlədilər ki, onlar faşistlərdən
də zülmkar və amansızdırlar.
Təəssüf edirik ki, belə dəhşətli soyqırımına siyasi qiymət verilməsi nə Ayaz Mütəllibov, nə də ondan sonra hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün rəhbərləri tərəfindən zəruri hesab edildi. Yalnız ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyindən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu faciəni bəşər tarixində misli görünməmiş vəhşilik adlandıraraq demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Xocalı soyqırımı öz amansızlığına və tükürpərdici qəddarlığına görə bütün dünyanı dəhşətə gətirmişdi. Mən 1992-ci ildə - faciə baş verəndən sonra dünya mətbuatında dərc olunmuş bir neçə məlumatı diqqətə çatdırmaq istərdim.
"BBC Morninq Nyus", 3 mart 1992-ci il: "Hadisə yerindən çəkilmiş görüntülər dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər".
"Vaşinqton
Tayms", Brayn Gillen, 3 mart. 1992-ci il: "Dağlıq
Qarabağda onlarla insan meyitləri səpələnmişdir və
bu, mübahisəli ərazi uğrunda 4 ildən bəri
törədilmiş ən dəhşətli
soyqırımın sübutudur. Bu şəhərdən yenicə
qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3
uşaq meyiti gətiriblər və onların
başlarının arxa hissəsi tamamilə
dağıdılıb.Yerli məsciddə daha 6 meyit var idi.
Onların əlləri və ayaqları donmuş, üzləri
isə soyuqdan qaralmışdı.Ötən həftə ermənilərin
işğal etdiyi Xocalıya vertolyotla qısa səfərdən
qayıdanlar arasında olan bir rus jurnalistinin dediyinə görə
o, 50 metrlik sahədə 30 meyit
saymışdı.Dağlıq Qarabağın ikinci
böyük Azərbaycan şəhəri olan Xocalının
təpədən-dırnağadək silahlanmış erməni
hərbçiləri tərəfindən ötən çərşənbə
axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların
soyqırımını inkar etdilər".
"İndependent",
London, 12 iyun 1992-ci il: "Azərbaycanlıların Xocalı
şəhərində törədilmiş fevral
soyqırımı nəticəsində təxminən 600
kişi, qadın və uşaq
öldürülmüşdür. Dövlət ittihamçısı
Aydın Rəsulov 15 nəfərdən ibarət olan istintaq
qrupu ilə azərbaycanlıların "Xocalı
qırğını" adlandırdıqları hadisəni
araşdırmaqla məşğuldur. Cənab Rəsulov
bildirdi ki, 600 nəfər ilkin axtarışlar zamanı
tapılmış meyitlərdir. Xocalı meri Elman Məmmədov
da oxşar rəqəm söylədi.
Beynəlxalq
Qırmızı Xaç Komitəsinin Bakıdakı
nümayəndə heyətinin rəhbəri Fransua Zen Rufinin
bildirdi ki, Ağdam şəhərinin müsəlman
imamının ona dediyinə görə, onun məscidinə
Xocalıdan 580 meyit gətirilmişdi və onlar dinc əhali
idi".
Britaniyalı
jurnalist Tomas de Vaal, rusiyalı jurnalist Anatoli Liven, alman
jurnalisti Elen Bomak, ABŞ-dan olan jurnalist Tomas Qolds və digərləri
Azərbaycanın Xocalı şəhərində ermənilər
tərəfindən törədilmiş dəhşətli
faciə barədə müxtəlif kütləvi informasiya
vasitələrində məlumat vermişlər. Britaniyalı
jurnalist Monas de Vaal baş verən bu dəhşətli hadisəyə
Ermənistanın indiki prezidenti Serj Sarkisyanın rəhbərlik
etdiyini yazırdı. O, "Black Qarden" kitabında Serj
Sarkisyandan aldığı müsahibəni dərc etməklə
bu faktı təsdiqləmişdi. S.Sarkisyan Monas de Vaala verdiyi
müsahibəsində deyib: "Xocalıdan əvvəl azərbaycanlılar
fikirləşirdi ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdi
ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən
bir xalqdır. Biz bu stereotipin öhdəsindən gələ
bildik".
Ermənilərin
törətdikləri faciə o qədər dəhşətli
idi ki, hətta onların özlərini də sonradan heyrətləndirmişdi.
Məsələn, Beyrutdan olan - soyqırımının
iştirakçılarından biri erməni - David Xeyriyan
sonradan çap etdirdiyi "Xaç naminə" kitabında
yazırdı: "Martın 2-də meyitlərin
yandırılması işini həyata keçirən
"Qaflan" adlı erməni qrupu yüzdən çox azərbaycanlı
meyiti toplamışdı. Həmin meyitləri Xocalıdan təxminən
1 kilometr aralıda yandırdılar... Bir anlıq yanan meyitlərin
içindən birinin
çığırdığını eşidər kimi
oldum, sanki biri yardım və mərhəmət diləyirdi...
Mən bunlardan sonra daha irəli gedə bilmədim, geri
döndüm. Digərləri isə xaç naminə
savaşlarına davam etdilər".
"Eveneman"
jurnalı (Paris), "Sandi Tayms" qəzeti (London), "Faynenşnl
Tayms" qəzeti (London), "Tayms" qəzeti (London),
"İzvestiya" qəzeti (Moskva), "Le Mond" qəzeti
(Paris) və digər kütləvi informasiya vasitələri
Xocalıda törədilmiş erməni vandalından bəhs
edən məqalələr dərc etmişlər. Həmin məqalələrdə
bildirilirdi ki, ermənilər qətlə yetirdikləri
günahsız insanların meyitlərini tanınmaz hala
salmışdılar. Qeyd edilirdi ki, körpə qızın
ancaq başı qalmışdı, uşaqların
qulaqları kəsilmişdi, qadınların dırnaqları
çıxarılmış, digər qadın, uşaq və
qocaların meyitlərinin görüntüsü də
onların xüsusi qəddarlıqla
öldürüldüyünü əks etdirirdi.
"Fant
men Nyus" (İngiltərə) teleşirkətinin jurnalisti
R.Patrik hadisə yerində olarkən gördüklərini belə
təsvir etmişdir: "Xocalıdakı vəhşiliklərə
dünya ictimaiyyətinin gözündə heç nə ilə
haqq qazandırmaq olmaz".
Bütün
bunlar Ermənistanın Cenevrə Konvensiyasının
protokollarını pozaraq, müharibə qaydalarına zidd
olaraq dinc sakinlərə qarşı həyata keçirilən
soyqırımı olduğunu təsdiqləyir. Bunu rus,
gürcü, ingilis, fransız, alman, amerikalı və digər
ölkələrin vətəndaşı olan jurnalist və
publisistləri də öz yazılarında açıq
şəkildə bəyan edirlər.
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı misli görünməmiş qəddarlığı Cenevrə Konvensiyasının, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci ilin 10 dekabrında qəbul edilib) bir neçə maddəsinə tamamilə ziddir.
...Xocalıda baş vermiş dəhşətli faciədən 19 il keçir. Bu illər ərzində dəhşətli soyqırımı barəsində dünya ictimaiyyətinə dolğun məlumatlar verilməsi üçün bütün imkanlardan istifadə olundu. Dünya əsl həqiqəti bilməli, erməni xalqının necə qəddar, amansız olması barədə tam məlumatlandırılmalıdır. Bu kampaniyada dövlət başçımızın apardığı düşünülmüş siyasətlə yanaşı, Heydər Əliyev Fondu, xüsusilə də fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətə layiqdir. Fondun dəstəyi və təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər Xocalı soyqırımı barədə ətraflı məlumatın yayılmasında böyük rol oynamışdır.
İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası təsis edilmiş və hazırda dünyanın 40-a yaxın ölkəsində bu kampaniya uğurla davam etdirilir. Kampaniyanın təşkilatçıları və üzvləri ayrı-ayrı ölkələrdə tədbirlər, etiraz aksiyaları, konfranslar keçirməklə Azərbaycanda törədilən terror aktları, ermənilərin qəddarlığı və xüsusilə də Xocalı soyqırımı barədə məlumat yayırlar. Onu da qeyd edək ki, xarici ölkələrdə yaşayan azərbaycanlılarla bərabər yerli gənclər də bu beynəlxalq kampaniyada fəal iştirak edirlər.
...Prezident İlham Əliyev öz doğma ev-eşiklərindən, ata-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın həyat səviyyəsinin yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Xocalı sakinləri üçün də Goranboy rayonu ərazisində hər cür infrastruktura malik mənzillər tikilib istifadəyə verilib. Dövlətimizin başçısı bu günlərdə Goranboy rayonunda məskunlaşmış xocalılılarla görüşərkən deyib: "Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir. Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki, ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir. Mən şübhə etmirəm və əminəm ki, siz də Xocalıya qayıdacaqsınız".
Rüstəm XƏLİLOV,
Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 3.