Bu qan yerdə qalmayacaq!
Bu günlər
xalqımız ən yeni tariximizə
Xocalı soyqırımı adı ilə daxil
olmuş qanlı faciənin 19-cu ildönümünü qeyd
edir. Torpaqlarımıza on doqquzuncu əsrin əvvəllərində
köçürülmüş ermənilərin
sonralar xalqımıza qarşı törətdiyi
saysız-hesabsız cinayətlərin ən dəhşətlilərindən
biri olan bu faciə ilə bağlı ölkəmizin
hər yerində anım tədbirləri keçirilir,
1992-ci ilin fevralında qanlarına qəltan
edilmiş günahsız və məsum
insanların xatirələri yad edilir.
Belə
bir gündə susmaq, haqq səsimizi ucaltmamaq ən azı
günahdır. Çünki Xocalı soyqırımı bəşəriyyət
əleyhinə törədilmiş ən amansız faciələrdən
biridir. Bu tarix ümumiyyətlə sirli məqamlarla doludur.
Maraqlıdır, necə olurdu ki, Azərbaycan ərazisindəki
ən qədim yaşayış məskənlərindən
biri olan Xocalı şəhəri aylarla ermənilərin
mühasirəsində qalaraq böyük əzab və məhrumiyyətlərə
düçar olur, ancaq Azərbaycan ictimaiyyətinin uzun zaman
bundan xəbəri olmur?! Bu necə mümkün olub ki, Azərbaycan
Respublikası özünün Xocalı kimi strateji bir məntəqəsini
bu qədər nəzarətsiz və müdafiəsiz qoyub, hətta
insanlar bir neçə ay ərzində çörək
tapmaqda çətinlik çəkib?! Yəni Azərbaycanın
o zamankı rəhbərliyi, doğrudanmı, bu qədər
aciz və etinasız olub?! Başa düşmək çətindir.
Nəhayət,
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
quldurları Xankəndindəki 366-cı motoatıcı
alayın köməyi ilə şəhərə hücuma
keçib, 7 minlik əhalisi olan şəhər yerlə-
yeksan edilib. Dinc şəhər sakinlərinə amansız
divan tutulub, ağlasığmaz qəddarlıq törədilib.
Erməni quldurları hətta qaçıb canını
qurtarmağa çalışan qocalara, qadınlara və
uşaqlara belə aman vermədən güllədən
keçiriblər. Amma Bakıda bundan heç kəsin xəbəri
olmayıb. Azərbaycanın o vaxtkı rəhbərləri
hara baxırmışlar? Tarix hələ də bu suallara
lazımınca cavab verməyib.
Ən
dəhşətlisi isə budur ki, Xocalı qətliamı ermənilərin
insanlığa qarşı nifrətini, bəşəriyyətə
qarşı hər cür amansız cinayət törətməyə
hazır olduqlarını göstərdiyi bir vaxtda nəinki
dünya ictimaiyyətinə, heç ölkə əhalisinə
belə doğru-dürüst məlumat verilməyib. O zaman
respublika televiziyası ilə cəmi iki nəfərin ölməsi
barədə məlumat yayılıb. Xalqa əsil həqiqətlər
isə bu qanlı cinayətin üstündən xeyli müddət
keçəndən sonra çatdırılıb.
Bir
gecə ərzində yer üzündən silinmiş, viran
qoyulmuş Xocalıda ermənilər 613 nəfəri vəhşicəsinə
qətlə yetiriblər. Onlardan 63 nəfəri uşaq,
106-sı qadın, 70-i isə
ahıl insanlar olub. 1275 nəfər əsir götürülüb.
Bu insanlara qarşı
insanlıq tarixində
görünməmiş işgəncələr
verilib. Ermənilər 8 ailəni tamamilə
məhv edib, 130 uşaq valideynlərindən
birini, 230 ailə isə başçısını
itirib.
Respublikanın o zamankı rəhbərliyi
iyirminci əsrin ən dəhşətli cinayətlərindən olan
bu hadisəni sükutla ötüşdürməyə
çalışıb. Tərəqqipərvər bəşəriyyət bundan
xəbərsiz qalıb.
Hadisəyə uzun zaman siyasi-hüquqi qiymət verilməyib. Nə yaxşı
ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə
qayıtdı və yalnız bundan sonra təkcə Xocalı soyqırımı
deyil, xalqımızın
bütün iyirminci əsr boyu yaşadığı
faciələr öz layiqli qiymətini aldı. 31 mart günü Azərbaycanlıların
Soyqırımı Günü
elan edildi. Ermənilərin torpaqlarında yaşadıqları
Azərbaycan xalqına
qarşı törətdikləri
bütün tarixi cinayətlərə qiymət
verildi.
Hazırda Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə dünyanı başına
almış erməni
yalan və böhtanlarına qarşı
hücum siyasəti aparılır. Azərbaycanın dövlət
başçısı, hökuməti və ictimaiyyəti erməni
faşizminin bu qanlı cinayətinin bütün dünyada
etiraf olunması və pislənməsi, canilərin cəzalanması
istiqamətində son dərəcə böyük işlər
görür. Heydər Əliyev Fondunun və onun prezidenti, millət
vəkili Mehriban xanımın səyləri xüsusilə
böyük miqyas alıb. İrəliləyişlər var və
bu günlər biz görürük ki, dünyanın əksər
ölkələrində rəsmi şəkildə olmasa da, bu
fakta insani münasibət bildirilir. Bu da faciənin bəşəri
cinayət olduğunu təsdiqləyən fakta çevrilir.
Bu
uğurlu strateji xətt artıq öz bəhrəsini verməkdədir.
Bütün dünya erməni faşizminin iç üzü
ilə yaxından tanış olmaqdadır. Bu isə ümid
etməyə əsas verir ki, Xocalı da, işğal
altındakı digər torpaqlarımız da tezliklə
düşmən tapdağından azad ediləcək. Eyni
zamanda, Xocalı faciəsini törədənlər, dinc əhaliyə
divan tutanlar məhkəmə qarşısında cavab verəcəklər.
Biz gənclər
də öz əməli fəaliyyətimizlə
çalışmalıyıq ki, xalqımızın
qanına susamış erməni caniləri layiqli cəzalarına
çatsınlar və xocalılıların qanı yerdə
qalmasın. Bütün Azərbaycan gəncliyi bu yolda səfərbər
olmalıdır.
Günel MƏLİKLİ,
Xarkov Dövlət Universitetinin
sosiologiya fakültəsinin politologiya
ixtisası üzrə magistri
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 4.