Şəhid
soydaşlarımızın ruhları bizi işğal
olunmuş torpaqlarımızı azad etməyə
çağırır
Düz 19 ildir ki, nahaq qan tökülən
Xocalıda otlar öz rəngini qana bələyərək
qırmızı bitir, bahar müjdəçisi
haçaquyruq qaranquşlar xocalıların evində yuva
qurmaq istəyir, ancaq yad nəfəsi hiss edərək
doğma yuvalarından didərgin düşüb başqa yerə,
yad bir ocağa uçur. Öz nəğmələrində
xocalıları haraylayır: Gəlin birgə yuva quraq, -
deyir! Amma...
Erməni katalikosları arasında ilk dəfə Stepan Salmaslı 1547-ci ildə "Böyük Ermənistan" ideyasını irəli sürür, amma böyük xristian dövlətləri ermənilərin müstəqil dövlətləri və əraziləri olmadığı üçün onun bu xülyasını rədd edirlər. Təxminən 154 ildən sonra 1701-ci ildə erməni katalikosları İtaliyada, Vatikanda, Almaniyada İohan Vilhelmin və Fransada XIV Lüdovikin yanında olur, onlardan müsbət cavab almayaraq xülyalarının puça çıxmasını hiss edirlər.
Nəhayət, ermənilərin bu xülyasını bəyənən, Zaqafqaziyada İslam dövlətinin Rusiya üçün təhlükəli olduğunu hesab edən Pyotr erməni nümayəndəsi İskail Ormanini qəbul edərək, onun çəkdiyi "Böyük Ermənistan" xəritəsini nəzərdən keçirir və polkovnik rütbəsi verərək onu Qafqaza göndərir. Bu casus erməni Qafqazda olan hərbi obyektlərin planını gizli yolla çəkərək Rusiyaya göndərir.
Bundan sonra Pyotr tərəfindən xüsusi qayğı görən ermənilər İran və Türkiyədə sabitliyi tez-tez pozmağa başlayırlar. 1769-1774-cü illərdə rus-türk müharibəsində ermənilər Türkiyənin daxilində müxtəlif ixtişaşlar törədərək rusların köməkliyi ilə "Ararat krallığı" qurmaq xülyasına düşürlər. Türkiyənin bacarıqlı adamlarına qarşı müntəzəm terror əməliyyatları aparırlar. Ermənilərin bu "əzmkar" fəaliyyətini qiymətləndirən Yekaterina Peterburq ermənilərinin qaldırdıqları məsələyə dəstək verərək Qafqazda "bic Ermənistan" yaradılmasını qərarlaşdırdı və yekun sözünü belə tamamladı: "Əminəm ki, belə bir dövlət yalnız Rusiyanın himayəsində yaradıla bilər".
Mesopatomiyada, Dəclə və Fərat çayları vadisində kölə halında yaşayan ermənilərə qahmar çıxan çar Rusiyası onlardan bir alət kimi istifadə edərək Şərqdə (Zaqafqaziyada) müsəlman dövlətinin varlığına ciddi zərbə vurmaq istəyirdi. XIX əsrin əvvəllərində İranla müharibə aparan Rusiya 1827-ci il oktyabr ayının 1-də İrəvan qalasını zəbt etdi. 1828-ci il fevral ayının 10-da (22-də) Rusiya Təbriz xanlığındakı Türkmənçay kəndində müqavilə bağlayaraq Rusiya-İran müharibəsinə son qoydu. Bununla da iki hissəyə parçalanan Azərbaycanın Qərbi Azərbaycan, Ordubad, Naxçıvan, Qarabağ bölgələrinin qara günləri başlandı. İrandan və Türkiyədən 120.000 erməni köçürülərək bu ərazilərdə azəri türklərinə məxsus xüsusi evlərdə məskunlaşdırıldı və yerli əhali doğma ocaqlarından qovulub çıxarıldı. Beləliklə, çar Rusiyası tərəfindən erməni mühacirlərinə qarşı təzyiq edənlər doğma diyardan sürgün edilirdilər. 1936-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının nəşr etdiyi "Kalonialnaya politika Rossiyskoqo çarizma v Azerbaydjane" kitabında qeyd olunub (№ 27, 1 vərəq 482-ci iş): "Dərələyəz mahalının Almalı kənd sakini Məmməd Sadıx bəy İrandan gələn mühacirə qarşı təzyiq göstərdiyi və onlara mane olduğu üçün sürgün edilsin".
Rus qoşununun Qərbi Azərbaycanı zəbt etməsindən ruhlanan Eçmiədzin monastrının arxipastrı Neras var gücü ilə çığırmışdı: " I Nikolay etibarına və alicənablığına görə ilk çardır. Yaşasın Rusiya imperatoru! Yaşasın "Ermənistanın" hökmdarı və padşahı I Nikolay!"
Əlahiddə Qafqaz korpusunun komandiri, infonteriya generalı, general-adyutant Paskaeviçin və köçürməyə rəhbərlik edən polkonik Lazarevin köməkliyi ilə "əzabkeş" ermənilərin İrandan köçürülməsi üçün "köçürməyə" İran 14.000 manat qızıl pul, 400 manat gümüş pul vermişdi. Ödənilən puldan başqa İrana 32 milyon manat zərər də vurulmuşdu.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-07-ci illərdə Azərbaycanda azəri türklərinə qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. 1918-20-ci illərdə isə erməni daşnaklarına rəhbərlik edən Şaumyanın rəhbərliyi ilə Andranikin, daşnak polkovnikləri Sumbat, Karo, Martiros, Dro, Nijdeh, Yapon və başqalarının qaniçən quldur dəstələri Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Lənkəranda, Qərbi Azərbaycanın bütün bölgələrində azəri türklərinə qarşı insanlıqla bir araya sığmayan soyqırımı törətməyə başladılar. Qadınlar, uşaqlar süngülərə taxıldı, insanlar damlara doldurularaq yandırıldı. Bu, çar Rusiyasının rəhbərliyi ilə ermənilər tərəfindən müsəlman türklərə qarşı törədilən soyqırımı idi.
Çar Rusiyasında insanları "qardaş" edən, bütün proletarları bir bayraq altında birləşdirən yeni bir Sovet Sosialist Respublikaları İttifaqı yaradıldı. Lenin siyasəti tarixi Azərbaycan ərazilərində dünya xəritəsində izi olmayan, bic bir "Ermənistan Respublikası" yaratdı və burada yaşayan azəri türklərinin qara günləri başlandı. 1937-ci ildə xəbis və nankor ermənilərin əli ilə ruslar tərəfindən bacarıqlı, qabiliyyətli, işgüzar, savadlı insanlarımız, şair və yazıçılarımız represiya edildi, bəziləri güllələndi, bəziləri isə Sibirə sürgün edildilər. 1948-53-cü illərdə Qərbi Azərbaycanda ("Ermənistan"da) yaşayan azərbaycanlılar dövlət səviyyəsində öz ata-baba torpaqlarından, isti ocaqlarından kütləvi surətdə deportasiya edildilər.
Nəhayət, 1988-ci il. "Türksüz Ermənistan". Bir bayraq altında millətləri qardaş edən Kommunist Partiyası və onun baş katibi Mixail Qorbaçovun rəhbərlik etdiyi güc qurumları ermənilərə himayədarlıq edərək qışın sərt soyuğunda minlərlə azəri türkünü ata-baba yurdundan - Qərbi Azərbaycandan ("Ermənistan"dan) zorla qovaraq didərgin saldı. Ermənilər 216 nəfər soydaşımızı qətlə yetirdi. Əmlaklarını müsadirə edərək insanları dağa-daşa saldılar. Erməni qaniçənləri 1989-cu ilin sentyabrında Xankəndində, Həsənabadda, Daşbulaqda və Tuğda yaşayan azərbaycanlıları doğma ocaqlarından qovaraq didərgin saldılar. Azərbaycan Respublikasının o zamankı rəhbərləri isə oturduqları kürsüdən tərpənmədilər. Baş verən hadisə xalqdan gizli saxlanıldı.
M.Qorbaçov Bakıya qoşun yeritdi və 20 Yanvar faciəsi törədildi, günahkarlar yenə cəzasız qaldı. Bundan sonra Qarabağın dağlıq hissəsində yaşayan azərbaycanlıların acı taleyi başlandı. Erməni quldurları kəndlərə od vurur, insanları qətlə yetirir, əhali doğma ocaqlarından didərgin düşürdü. Erməni təcavüzkarlarının törətdikləri qanlı hadisələr, kəndlərin yandırılması, körpə uşaqların, qocaların öldürülməsi, insanların ah-naləsi haqqında heç yerdə danışılmadı.
SSRİ DİN Daxili Qoşunlarının ağır artilleriyası, vertolyotları, yüzlərlə zabit və saysız əsgəri ermənilərin köməyinə gəldilər. Azərbaycan vətəndaşlarının Qarabağın kəndlərinə getməsinə isə icazə verilmirdi. Əsgəran rayonu ilə Ağdamın sərhədində, Qarağac qəbiristanlığının yanında düzəldilmiş postda SSRİ DİN Daxili Qoşunlarının əsgər və zabitləri ilə yanaşı dayanan erməni saqqallıları Xocalıya, Şuşaya, Laçına gedən maşınları ciddi yoxlayır, həmin yerlərdə yaşamayan azərbaycanlıları isə maşınlardan düşürüb geri göndərirdilər.
Xankəndində fəaliyyət göstərən Təşkilat Komitəsinin fəaliyyəti hələ də qaranlıq qalmaqdadır. V.Polyaniçkonun həmkarları polkovnik Muradov və polkovnik Seyranın əsas işi ermənilərin törətdikləri hadisələri gizlətmək idi. Onlar ermənilərin hər hansı cinayətindən sonra dərhal hadisə yerinə gəlir, zərər çəkmiş azərbaycanlıların susmalarını xahiş edirdilər.
1990-cı il sentyabrın əvvəllərində V.Polyaniçko öz iqamətgahında Elman Məmmədova, Əlif Hacıyevə və mənə xüsusi tapşırdı ki, sabah Əsgəran Rayon Partiya Komitəsinin binasına gələk. Saat 16 radələrində iki rus zabiti (polkovniklər), sahə müvəkkili leytenant Vəliyev, Əsgəran Rayon Partiya Komitəsinin ikinci katibi Ələkbər müəllim və Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının iki nümayəndəsi ilə birlikdə gəldik. Bizim təhlükəsizliyimizi isə SSRİ DİN Daxili Qoşunlarının Əsgəran rayonundakı hissəsinin, polkovnik İvanovun rəhbərlik etdiyi şəxsi heyət təmin etməli idi. Bu vaxt gözlənilmədən məktəblilər, qadınlar və əli dəyənəkli saqqallı ermənilər ikinci mərtəbəyə yürüş edərək bizi mühasirəyə aldılar və müxtəlif bədən xəsarətləri yetirdilər. Uzun illər Əfqanıstanda müharibəyə başçılıq edən general-mayor Polyaniçkonun "uğurlu əməliyyatı" bu cür başa çatdı.
Xocalı şəhəri beş aydan çox idi ki, mühasirədə qalmışdı. Əhali işıqsız, qazsız və çörəksiz qaldığı bir vaxtda Bakıdan Xankəndinə (ermənilərə) doqquz vaqon dizel yanacağı, bir vaqon un göndərmişdilər. Vaqonların qarşısı Xocalı stansiyasında kəsilərək geriyə - Ağdama göndərildi. İkinci dəfə ermənilərə yardım edilməsinə cəhd etdilər. Xocalılar vaqonların qarşısını kəsib üç ton un götürdülər. Sabahı isə Gəncədən bir nəfər milis mayoru gələrək faktla bağlı cinayət işi qaldırdı. On gündən sonra eşitdik ki, Təşkilat Komitəsinin əməkdaşları SSRİ DİN çevik polis alayının 30 nəfərlik dəstəsinin köməyi ilə xocalılara işgəncə verə-verə yanacağı və unu aparıblar.
1991-ci il dekabrın 31-də Gəncədən 4-cü ordunun 23-cü diviziyasından Xankəndinə, 366-cı alaya yeni hərbi qüvvə - 4 BTR, 2 "Ural", 1 UAZ maşını, hərbi sursat və canlı qüvvə (rus) göndərmişdilər. Leytenant Aqil Quliyevin, köməkliyi ilə bu hərbi texnika və silah-sursatı götürdük.
Erməni quldurları həm də Qarabağın səmasında uçan təyyarə və vertolyotları atəşə tuturdular. 21 oktyabr 1991-ci ildə Xocalıdan Yevlaxa uçan AN-2 təyyarəsini Əsgəranın üstündə atəşə tutmuşdular. 7 nəfər həlak olmuşdu. 20 noyabr 1991-ci ildə Mİ-8 vertolyotunda Vətənin qeyrətli övladları generallar, deputatlar, jurnalistlər erməni qaniçənləri tərəfindən qəddarcasına qətlə yetirildilər. "Qara qutu" bu günə qədər də Moskvada saxlanılır, hadisənin baş vermə səbəbi gizli saxlanılır. Şuşaya uçan Mİ-8 vertolyotu Xankəndinin üstündən uçarkən vuruldu, 30 nəfər uşaq, qadın, qoca şəhid oldu, Bakı yenə susdu.
Qarabağın dağlıq hissəsində azərbaycanlı kəndləri oda qalanmış, insanlar şəhid olmuşdular. 12 fevral 1992-ci il. Malıbəyli, Quşçu, Aşağı Quşçular kəndlərinin alovu Qarqar çayının ətrafını şölələndirmişdi. İnsanların ah-naləsi Şuşada aydın eşidilirdi. Şuşa gedərsə başına güllə çaxacağını deyən Rəhim Qazıyev yanan kəndlərin alovuna isinirdi. Onunla telefon əlaqəsinə girdim:
- İnsanların ah-naləsini eşitmirsiniz? Niyə bir tədbir görmürsünüz?
- Mən nə edə bilərəm?
- Bakıya zəng edin, qoy göstəriş versinlər, insanların köməyinə gəlsinlər!
- Yaxşı, Bakı ilə indi əlaqə saxlayıram.
Yarım saatdan sonra Rəhim Qazıyevə zəng etdim.
- Bakıda heç kəslə əlaqə
saxlaya bilmədim. Heç
nə edə bilmərəm - dedi.
Ağdamda
Fəhmin Hacıyevin göstərişi ilə atılan
"Alazan", "Qrad" mərmiləri Əsgərana
deyil, Xocalının əkin sahəsinə və Qarqar
çayına tökülürdü. Xocalı şəhəri
tənha qalmışdı. Fəhmin Hacıyev "bu gün,
sabah yol açılar" deyərək insanları
aldadırdı.
Qanlı-qadalı,
ayazlı-şaxtalı bir qış axşamı. Fevral
ayının 25-dən 26-na keçən gecə 366 alay və
erməni qaniçənləri tərəfindən Xocalı
soyqırımının törədildiyi gecə idi. Bu gecə
613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir
düşdü.
Həmin
gün Xocalı soyqırımı gizli saxlanıldı.
"Günün ekranı" xəbərlər
proqramında: "Xocalıda atışma olub, iki nəfər
həlak olub, bir neçə nəfər isə
yaralanıb" dedilər. Amma Xocalı
soyqırımını səbirsizliklə gözləyən
F.Hacıyev daxili qoşunların komandanı, Şuşa gedərsə
başına güllə çaxacağını deyən
R.Qazıyev isə müdafiə naziri oldu.
Kamil DƏRƏLƏYƏZLİ
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 5.