Xocalı
soyqırımı - xalqımızın qan
yaddaşının ən dəhşətli səhifəsi
İnsanlığa
qarşı öz vəhşiliyinə və qəddarlığına
görə ən dəhşətli kütləvi terror hadisələrindən
biri kimi tarixə düşmüş Xocalı
soyqırımının törədilməsindən on doqquz
il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan
Silahlı birləşmələri Sovet İttifaqı
ordusundan qalmış 366-cı alayın köməyi və
iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli
soyqırımı aktı törətmişlər. Misli
görünməmiş vəhşiliklə həyata
keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli
faciələrindən biridir. Dinc, silahsız xocalılara bir
gecənin içində amansız divan tutulmuşdur.
Soyqırımı nəticəsində yüzlərlə
xocalılı qadın, kişi, yaşlı, cavan, körpə
uşaq həlak olmuşdur. Yüzlərlə insan
yaralanmış, xəsarət almış, şikəst
olmuş, əsir düşmüşdür.
Əslində,
Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər
bu faciəyə Dağlıq Qarabağ münaqişəsi
başlandıqdan sonra hazırlıq görmüşdülər.
Onlar Qarabağın digər ərazilərində də belə
faciələr törətməyə çalışsalar
da, bunun ən dəhşətlisini Xocalıda həyata
keçirdilər. Xocalı faciəsinə gedən yolun
başlanğıcı isə Dağlıq Qarabağ
münaqişəsinin daha aydın şəkildə meydana
çıxdığı dövrə təsadüf edir. Elə
həmin vaxtdan da Xocalı qətliamının əsası
qoyulurdu.
Bu
faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan
müharibəsi dövründə vurulmuş ən
ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə,
qəhrəmanlıqla qarşılamışlar. Öz evini,
şəhərini, ailəsini qəhrəmancasına
müdafiə edənlər şəhid olmuşlar. Vəhşi
ermənilər tərəfindən şəhəri qana bələnmiş,
yer üzündən silinmişdir.
Faciəni
törətməkdə erməni şovinistlərinin məqsədi
xalqımızı qorxutmaq, vahimə içində saxlamaq,
onun mübarizə əzmini qırmaq, işğal faktı ilə
barışmasına nail olmaq idi. Lakin düşmən öz
məkrli niyyətlərinə çata bilmədi.
Xocalının qəhrəman müdafiəçiləri təpədən
dırnağa qədər müasir silahlarla təchiz
olunmuş düşmən qarşısında
özünü itirmədi, əyilmədi, qəhrəmanlıq
və rəşadət nümunələri göstərdi. Onlar
qeyri-bərabər döyüşdə igidliklə
vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik
nümunəsi göstərdilər.
Xocalı
qətliamı Azərbaycan xalqının tarixində erməni
faşistlərinin insan təfəkkürünə
sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən
bir neçə gün sonra cəsarətli
reportyorlarımızın od içində çəkdikləri
kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri
iliyinədək sarsıdır. Meşələrdə əli,
ayağı, burnu, qulağı donan, əsir və girov
düşən qoca və uşaqların bizim
könüllü milli müdafiə əsgərlərinə
təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən
möhkəm iradəli insanları belə sarsıdacaq,
yandırıb-yaxacaqdır. Körpələri meşələrdə
donan, çöhrələrinə ölümün rəngi
çökən zavallı anaların ağrılara dönən
fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.
Əsrlər
boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara
qarşı daim kin, nifrət və intiqam hissi bəsləyən
erməni anaları öz dığalarını da həmin
ruhda tərbiyə edirlər. Azərbaycan anası isə qəlbi
saf, humanist, mərhəmətli olduğundan
övladlarını insansevər böyüdür. Əslində,
bu, bəşəri alicənablıqdır. Lakin
analarımız heç vaxt unutmamalıdırlar ki,
övladlarının kürəyinə tuşlanmış
gavur xəncəri var. Övladını o yağı xəyanətindən
ehtiyatlandırmaq üçün ona dostu düşməndən
seçməyi öyrətməlidir. Analarımız
övladını düşmən tərəfindən əzilən,
döyülən, öldürülən, müdafiə
olunan, məzlum, fağır yox, düşmən üzərinə
gedən, intiqamını almağı bacaran mərd, cəsarətli,
mətin ruhda tərbiyə etməlidirlər.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.
Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq. Mən əminəm ki, tutduğumuz yol şərəfli, doğru yoldur. Xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol ilə gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə arxalanır, onun mətanətinə inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən çıxaracaqdır.
Natiq ABDULLAYEV,
Azərbaycan
Respublikası
Ədliyyə
Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin
əməkdaşı
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 5.