Binəqədidə anım mərasimi

 

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı "dəyirmi masa" keçirilmişdir. Tədbirdən əvvəl iştirakçılar "Xocalı harayı" sərgisinə baxmışlar.Daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev "dəyirmi masa"nı giriş sözü ilə açaraq demişdir ki, "Böyük Ermənistan" xülyasını Azərbaycan torpaqları hesabına reallaşdırmaq istəyən ermənilər tarix boyu xalqımızın başına olmazın müsibətlər gətirərək, saysız-hesabsız faciələrə bais olmuşlar. Azərbaycan xalqı 19 il bundan əvvəl, 1992-ci il fevralın 26-da bu faciələrdən ən dəhşətlisi ilə üzləşdi. 366-cı motoatıcı alayın köməyi ilə Dağlıq Qarabağda azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edən erməni silahlı birləşmələri 613 nəfərin həyatına vəhşicəsinə son qoydular...

Xocalı Şəhər Təhsil Şöbəsinin müdiri ,faciənin şahidi Məhəmməd Şükürov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır.Ulu öndərimiz hər il faciənin ildönümündə keçirilən matəm mərasimlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ümummilli liderimiz hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir.

"Dəyirmi masa"da çıxış edən "Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova göstərmişdir ki, o müdhiş fevral gecəsi Ermənistan silahlı qüvvələri Sovet İttifaqı ordusunun 366-cı alayının köməyi və iştirakı ilə Azərbaycanın gözəl bir diyarı olan Xocalının sakinlərinə qarşı dəhşətli soyqırımı etmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılılara bir gecənin içində böyük zərbələr vurulmuşdur...

"Dəyirmi masa"da Milli Məclisin deputatı Rafael Cəbrayılov qeyd etmişdir ki, Xocalı faciəsi XX əsrdə "Böyük Ermənistan" və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər...

"Dəyirmi masa"da rayon gənclər və idman idarəsi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Müharibə uşaqların gözü ilə" müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Sonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən " Xocalı qətliamı" filminin nümayişi olmuş, 32 Xocalı şəhid ailəsinə maddi yardım edilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 6.