Neft
Akademiyasında Xocalı soyqırımı
qurbanlarının xatirəsi anıldı
Azərbaycan
Dövlət Neft Akademiyasında Xocalı faciəsinin 19-cu
ildönümü ilə bağlı anım mərasimi
keçirildi. Tədbir iştirakçıları əvvəlcə
1992-ci ilin fevralında erməni silahlı birləşmələri
tərəfindən həyata keçirilmiş Xocalı
soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik
sükutla yad etdilər.
Mərasimdə
çıxış edən akademiyanın rektoru, akademik
Siyavuş Qarayev bildirdi ki, Xocalı soyqırımı
insanlıq tarixində bəşəriyyət əleyhinə
törədilmiş ən amansız və qanlı faciələrdən
biridir. Azərbaycan ərazisindəki ən qədim
yaşayış məskənlərindən biri olan Xocalı
şəhərinin sakinləri bir neçə ay ermənilərin
mühasirəsində qalaraq böyük əzab və məhrumiyyətlər
yaşamışlar. Fevralın 25-dən 26-na keçən
gecə isə erməni quldurları SSRİ Silahlı Qüvvələrinin
Xankəndindəki 366-cı motoatıcı alayının
köməyi ilə gözlənilmədən şəhərə
hücuma keçmiş, 7 minlik əhalisi olan şəhəri
yerlə yeksan etmişlər. Qarlı-boranlı qış gecəsində
dinc şəhər sakinlərinə amansız divan
tutulmuş, günahsız insanlara qarşı
ağlasığmaz qəddarlıq törədilmişdir. İnsanlar
diri-diri yandırılmış, başlarının dərisi
soyulmuş, gözləri çıxarılmışdır.
Hətta ən müasir hərbi texnika və silahların atəşləri
altında qaçıb canını qurtarmağa
çalışan qocalara, qadınlara və uşaqlara belə
aman verilməmişdir.
Rektor qeyd etdi ki, Xocalıda törədilmiş dəhşətli qətliam ermənilərin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı nifrət ruhunda kökləndiyini, bəşəriyyətə qarşı hər cür amansız cinayət törətməyə hazır olduqlarını göstərir. Dinc sakinlərə qarşı törədilmiş bu qırğın beynəlxalq hüquqi sənədlərdə soyqırım cinayəti kimi qiymətləndirilsə də, hələ beynəlxalq ictimaiyyət bu faciəni soyqırım kimi tanımamış, viran qoyulmuş bu şəhərin günahsız sakinlərinin insan haqları bərpa edilməmişdir. Xocalıda ermənilər 613 nəfəri vəhşicəsinə qətlə yetirmişlər. Onlardan 63 nəfəri uşaq, 106-sı qadın, 70-i isə ahıldır. Əsir və girov götürülmüş günahsız insanların sayı isə 1275 nəfər olmuşdur. Bu insanlara qarşı insanlıq tarixində görünməmiş işgəncələr verilmiş, qəddarlıq törədilmişdir. Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərindən birini, 230 ailə isə başçısını itirmişdir.
Rektor təəssüf hissi ilə bildirdi ki, respublikanın o zamankı rəhbərliyi iyirminci əsrin ən dəhşətli cinayətlərindən olan bu hadisəni tərəqqipərvər bəşəriyyətin diqqətinə çatdırmaq üçün özündə güc tapmamış, faciəyə siyasi-hüquqi qiymət verilməsinə səy göstərməmişdir. Yalnız ümummilli lider, türk dünyasının böyük oğlu Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Xocalı soyqırımı öz layiqli qiymətini almışdır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi üçün səylərini davam etdirir. Aparılmış uzunmüddətli siyasi iş nəticəsində artıq bütün dünya erməni faşizminin iç üzü ilə yaxından tanış olmuşdur. Bu isə ümid etməyə əsas verir ki, Xocalı da, işğal altındakı digər torpaqlarımız da tezliklə düşmən tapdağından azad ediləcək. Prezident İlham Əliyev də təsadüfən deməmişdir: "Mən əminəm ki, gün gələcək, Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər".
Akademiyanın dosenti, YAP ADNA ilk təşkilatının sədri Tamilla Naibova bildirdi ki, Xocalı faciəsini soyqırım kimi qəbul etmək üçün erməni yazıçılarının, xüsusən Zori Balayanın kitablarına baxmaq kifayətdir. Bu kitablarda erməni faşizmi və qəddarlığının hər üzünü görmək mümkündür. Dosent Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun apardığı böyük iş nəticəsində Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırım kimi tanınacağına ümid etdiyini bildirdi.
Sonda ADNA tələbələrinin ifasında "Kimdir müqəssir?" adlı tamaşa və ədəbi-bədii kompozisiya təqdim olundu.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 7.