Ağsuda silsilə tədbirlər

 

Ağsu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, rayonun təhsil ocaqlarında faciəyə həsr olunmuş bülletenlər hazırlanmış, ədəbi-bədii gecələr keçirilmişdir.

 

Fevralın 25-də rayonun təhsil ocaqlarında keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş və şagirdlər erməni işğalçılarının xalqımıza qarşı törətdikləri genosid siyasəti barədə məlumatlandırılmışlar. Rayon Mədəniyyət və Turizm Şöbəsində Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilmiş, ehsan süfrəsi hazırlanmış, orada soyqırım şəhidləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Heydər Əliyev Mərkəzində "Xocalı fəryadı" adlı anım mərasimi keçirilmiş, Mərkəz tərəfindən hazırlanmış və internetdə yayımlanmış "Xocalı qətliamı" adlı film də nümayiş olunmuşdur.

Tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, yaşayış məntəqələrində anım mərasimləri keçirilmişdir. Anım mərasimlərində Xocalı sakinlərinə qarşı erməni quldurlarının törətdikləri vəhşiliklərin miqyası yada salınmış, Xocalı şəhərinin müdafiəsində qəhrəmanlıq göstərən insanların adları hörmətlə çəkilmişdir.

Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri rayona pənah gətirmiş bu insanlarla görüşlər keçirmiş, onlara mənəvi dəstək olmuş və maddi köməkliklər göstərmişlər. Dünən Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə geniş yığıncaq keçirilmişdir. Yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbirdə iştirak edən Xocalı sakinlərinə başsağlığı vermişdi. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda və Xocalıda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən natiq bildirmişdir ki, 19 il əvvəl ermənilər keçmiş sovet hərbiçilərinin köməyi ilə Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri soyqırım bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri kimi qiymətləndirilmiş, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı cinayətə siyasi hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır.

Sonra "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda məruzə dinlənilmiş, yığıncaq iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.

Tədbir rayon ictimaiyyətinin iştirakı ilə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış "Qəhrəmanlar kompleksinin" ziyarət edilməsi ilə davam etdirilmişdir.

 

 

İ. MUSAOĞLU

 

Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 4.