Göygöllülər
bu il daha böyük uğurlar qazanacaqlarını bildirirlər
Göygöl Rayon İcra Hakimiyyətində
2010-cu ilin sosial-iqtisadi yekunlarının, bu ilin mühüm vəzifələrinin
müzakirəsinə həsr olunmuş hesabat
yığıncağında görülmüş işlərə
qiymətləndirildi, məsul şəxslərə konkret
tapşırıqlar verildi. Hesabat məruzəsi ilə
çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin
başçısı Arif Seyidov əvvəlcə ötən
il ölkəmizdə qazanılmış uğurlar, Prezident
İlham Əliyevin regionlar qarşısında qoyduğu
prioritet vəzifələr barədə məlumat verdi.
Hesabat məruzəsində daha sonra bildirdi ki, respublikada əldə olunan nailiyyətlər Göygöl rayonunun da sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmişdir. Prezident İlham Əliyevin regionların hərtərəfli inkişafına diqqət və qayğısının nəticəsi olaraq 2010-cu il ərzində rayonda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması, uzun illər yığılıb qalmış mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Son yeddi il ərzində 5236 yeni iş yeri yaradılmışdır, onun 4194-ü daimidir. 2010-cu ildə isə 218-i daimi olmaqla, 288 iş yeri açılmışdır.
2009-ci ilin yekunlarına dair şəhər, qəsəbə və kənd üzrə icra nümayəndələrinin və rayon icra hakimiyyəti başçısının hesabat yığıncaqlarında səslənmiş 103 rəy və təklifdən 84-nün icrası ötən il həyata keçirilən tədbirlər sırasında öz həllini tapmışdır. Keçən il aparılan tikinti-quruculuq işlərindən söz açan başçı bildirdi ki, 2010-cu ildə 41 milyon 454,5 min manatlıq əsas kapitala investisiya qoyulmuşdur. Bunun 39 milyon 873,4 min manatlığı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Müasir standartlara cavab verən 1903,7 kvadratmetrlik olan 11 sahibkar obyekt və 15832,5 kvadratmetrlik 117 fərdi yaşayış evi inşa edilmiş, vaxtilə almanlar tərəfindən tikilmiş qəza vəziyyətində olan 17 yaşayış evinin dam örtüyü təmir olunmuşdur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Göygöl şəhərində, Çaykənd, Çaylı, Aşıqlı və Şəhriyar kəndlərində poçt şöbələri üçün yeni binalar tikilmişdir. Hacıməlik qəsəbəsində, Quşqara, Xaqani və Üçtəpə kəndlərinin hər birində artezian quyusu qazılmışdır. Rayon mədəniyyət evi, Topalhəsənli Kənd İcra Nümayəndəliyinin, Toğanalı və Çaylı kənd orta məktəblərinin, Topalhəsənli kənd uşaq bağçasının binaları əsaslı təmir olunmuşdur. Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə Kürəkçaydan 25 kilometrlik su kəmərinin çəkilişinə başlanılmışdır. Hazırda işlər davam etdirilir.
Göygöl şəhərində 3, Nadil və Göyçəkənd kəndlərinin hər birində 1 Qarabağ müharibəsi əlili üçün həyətyanı torpaq sahələrində fərdi yaşayış evləri tikilmişdir. Yanğından Mühafizə Bölməsi və Polis Şöbəsi üçün inzibati binaların tikintisi başa çatdırılmışdır. Olimpiya idman kompleksinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış evinin tikintisinə başlanılmışdır. Kardiorevmatoloji Sanatoriyanın təmiri davam etdirilir. Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Yerli əhəmiyyətli avtomobil yollarının təmiri və bərpası ötən il də davam etdirilmişdir. Göygöl şəhərinin Tofiq Quliyev, Dadaş Bayramov, Fərman Kərimzadə və Xudu Məmmədov küçələri təmir edilərək 27074 kvadratmetr, Azay Kazımov küçəsinin yuxarı hissəsindəki dairəvi yol yenidən qurularaq 3000 kvadratmetr asfalt örtük salınmış, 2798 metr səki daşları düzülmüşdür. Aşıq Ələsgər küçəsinin yarğandan ibarət olan hissəsində uçqunun qarşısını almaq məqsədilə tikinti işlərinə başlanılmışdır. Göygöl şəhərinin yeni yaşayış massivində 15 küçəyə, Hacıməlik qəsəbəsinin, Şəhriyar, Mollacəlilli, Aşıqlı, Topalhəsənli kənddaxili, Qırıqlı-Sərkərli-Haçaqaya, Mixaylovka-Göyçəkənd kəndarası yollara çınqıl örtük tökülmüşdür. Rayon ərazisinə yağan aramsız leysan yağışlarının təsiri nəticəsində dağılmış Yalqışlaq - Danayeri kəndarası və Danayeri kənddaxili yol, Sərkərli - Haçaqaya kəndarası yolun üzərindəki körpü bərpa edilmişdir. Bakı - Qazax magistral avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 38 km hissəsinin tikintisi davam etdirilir. Rayon ərazisindən keçən respublika əhəmiyyətli Gəncə - Kəlbəcər, Gəncə - Daşkəsən, Bakı - Qazax magistral avtomobil yollarının ətrafında təmizlik-abadlıq işləri aparılmış, 1170 ədəd ağac əkilmişdir. Bakı - Qazax avtomobil yolunun yenidən qurulması ilə əlaqədar 339 ağac xüsusi texnika vasitəsilə başqa əraziyə köçürülmüşdür.
Məruzəçi göstərdi ki, Göygöl şəhərinin elektrik şəbəkəsinin yenidən qurulmasına başlanılmış, hazırda 15 kilometr hava elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunmuşdur. Toğanalı kəndi ərazisində 35/10 kv-luq yarımstansiyanın tikintisi və Xanlar qəsəbəsində yerləşən 35/10 kv-luq Göygöl-2 yarımstansiyasının yenidən qurulması işləri davam etdirilir. Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə Quşqara kəndində 3600 metr, Mollacəlilli kəndində 1000 metr, Üçtəpə kəndində 1022 metr Qızılqaya qəsəbəsində 652 metr olmaqla, cəmi 6274 metr qaz xətti çəkilmişdir. Quşqara kəndində 47, Mollacəlilli kəndində 36, Üçtəpə kəndində 54, Qızılqaya qəsəbəsində 91, Hacıməlik qəsəbəsində 24, Balçılı kəndində 18, Aşıqlı kəndində 38, Yeni Zod kəndində 23 olmaqla, cəmi 331 abonent təbii qazla təmin edilmişdir. Göstərilənlərə baxmayaraq qaz təsərrüfatı mövcud olan Çaykənd, Çaylı, Pənahlılar, Dozular kəndlərinə və Göygöl şəhərində, Qızılqaya qəsəbəsində, Üçtəpə, Quşqara kəndlərində yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi mümkün olmamışdır. 21 kənddə isə qaz təsərrüfatı mövcud deyildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə bağlı şəhər, qəsəbə və kəndlərdə park və xiyabanlarda, yol kənarlarında 22 min ədəd müxtəlif cins ağac və bəzək kolları əkilmişdir. 2011-ci ildə ağac əkmə kompaniyasını davam etdirmək üçün əlavə hazırlıq işləri görülür. Göygöl şəhərinin sanitar təmizliyinə xüsusi diqqət yetirilərək küçələrdən məişət tullantılarının vaxtlı-vaxtında daşınması təmin edilmişdir. Bu sahədə işin səmərəliliyini daha da artırmaq üçün əlavə 4 ədəd xüsusi təyinatlı kommunal texnika gətirilmişdir.
2010-cu ildə rayon büdcəsinin mədaxil və məxaric hissəsi üzrə proqnoz tapşırıqlarının icrası, vəsaitin təyinatına görə səmərəli istifadə olunması, maliyyə intizamına riayət edilməsindən söz açan başçı bildirdi ki, 2010-cu il ərzində rayon büdcəsinin gəlirləri 3 milyon 225 min manata qarşı, 3 milyon 362,3 min manat və ya 104,2 faiz, xərcləri 11 milyon 643,2 min manata qarşı 11 milyon 88,1 min manat və ya 95,2 faiz icra edilmişdir. 2009-cu illə müqayisədə gəlirlər 918,7 min manat və ya 37,5 faiz, xərclər 16,5 min manat və ya 1,5 faiz çox olmuşdur.
Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil etmişdir. Sahibkarlar sinfinin formalaşması üçün hüquqi bazanın yaradılması, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi, rayonda sahibkarlığın inkişafına təkan vermişdir. İqtisadi sahədə uğurlardan danışan məruzəçi məlumat verdi ki, hazırda rayon üzrə 469 hüquqi, 1254 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 82 kollektiv kəndli fermer təsərrüfatı, 54 məhdud məsuliyyətli cəmiyyət, 197 kiçik müəssisə, 7 səhmdar cəmiyyət vardır. Ümumdaxili məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 61,7 faiz təşkil etmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 35 hüquqi və fiziki şəxsə 465 min manat güzəştli kredit verilmişdir.
2010-cu ildə iqtisadiyyatın əsas sahələrində
istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi
faktiki qiymətlərlə 111 milyon 60,3 min manata
çatmışdır. Bunun 83 milyon 771 min manatı (75,4 faiz) istehsal, 27 milyon
289,3 min manatı (24,6 faiz) xidmət sahələrinin payına
düşür. Rayonda mövcud olan 28 sənaye müəssisələrində
9 milyon 540,2 min manat dəyərində məhsul istehsal
edilmiş, sənaye məhsulunun həcmində qeyri-dövlət
sektorunun xüsusi çəkisi 61,6 faiz olmuşdur.
2010-cu ildə
sənaye müəssisələrində
çalışanların orta aylıq nominal əmək
haqqı əvvəlki illə müqayisədə 9,6 faiz
artaraq 137 manat, rayon üzrə adambaşına düşən
pul gəliri 1901 manat təşkil etmişdir. Orta aylıq əmək
haqqı 2009-cu ilə nisbətən 22,2 manat (12,7 faiz) artaraq
197 manata çatmışdır.
2010-cu ildə
34 milyon 357,4 min manat dəyərində kənd təsərrüfatı
məhsulları istehsal edilmişdir ki, bunun da 99,6 faizi
qeyri-dövlət sektorunun payına düşür. Əkin
sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə
170 subartezian quyusu, qapalı boru şəbəkəsinin 6 km
hissəsi təmir edilmişdir. Çay məcrasında 250
min kubmetr təmizləmə işləri
görülmüşdür.
Rayonda
heyvandarlıq inkişaf etmiş, qara malın sayı 19 min 966
başa, davarın sayı 155 min 46 başa
çatmışdır. Ötən ilin müvafiq dövrü
ilə müqayisədə süd istehsalı 147,5 ton, ət
24,5 ton, yun 3 ton, yumurta 340,5 min ədəd artmışdır.
Hüquqi və fiziki şəxslərə dəyərinin 50
faizini ödəməklə 13 baş cins mal
satılmışdır. Aparılan baytarlıq profilaktiki tədbirlər
nəticəsində rayon ərazisində heyvanlar arasında
kütləvi yoluxucu xəstəliklər baş verməmiş,
epizodik vəziyyət sabit olmuşdur.
Ötən
il 1300 istehsalçıya 388 min 654 manat, 713 buğda
istehsalçılarına isə əlavə olaraq 188 min 929
manat vəsait ödənilmişdir. 23 toxumçuluq təsərrüfatına
dövlət büdcəsindən 286 min 380 manat məbləğində
subsidiya verilmişdir. İstehsalçılara
"Aqrolizinq" yolu ilə güzəştli qiymətə
64 min 232 manat dəyərində 181 ton mineral gübrə
satılmışdır. Aqrotexservis xidmətini daha da
yaxşılaşdırmaq üçün 4 taxılbiçən
kombayn və 3 aqreqat alınmışdır. Verilən
yardımların nəticəsində 2010-cu ilin məhsulu
üçün taxıl əkilmiş sahə 10846 hektar, o
cümlədən buğda əkilmiş sahə 8488 hektar
olmuş, 14 min 374 ton taxıl tədarük edilmişdir.
2011-ci ilin məhsulu üçün 9102 hektar sahədə payızlıq
taxıl əkilmişdir, bunun da 6079 hektarı buğdadır.
Məruzədə
sosial sahənin uğurları da yer aldı. Qeyd olundu ki,
ötən il Yeni Qızılca kəndində mövcud olan
elektron ATS-in tutumu 272 nömrə artırılmış,
Haçaqaya, Sərkərli, Yeni Qızılca kəndlərində
124 telefon çəkilişi aparılmışdır.
Aşıqlı kəndində 384 nömrəlik, Şəhriyar
kəndində 272 nömrəlik, Pənahlılar kəndində
256 nömrəlik və Zurnabad kəndində 128 nömrəlik
müasir elektron ATS istismara verilmişdir. Göygöl şəhərində
yeni salınmış yaşayış massivlərini telefonlaşdırmaq
məqsədilə elektron ATS-in tutumu 704 nömrə
artırılmış, kənd avtomat telefon
stansiyalarının mərkəzi ATS-ə daha keyfiyyətli
qoşulması üçün 510 kanal tutumlu avadanlıq
quraşdırılmışdır. 2010-cu ildə
telefonların sayı 7800-ə, internet xidmətindən istifadə
edən abunəçilərin sayı 493-ə yüksəlmişdir.
İl ərzində əhaliyə 22 növ poçt xidməti
göstərilmiş, tarif planı 136,9 min manata qarşı,
141,3 min manat yerinə yetirilmişdir.
2010-cu il ərzində
elektrik təsərrüfatında 94,9 min manat, qazda 39 min manat
dəyərində təmir-bərpa, quraşdırma işləri
aparılmışdır. Əhali elektrik enerjisi və təbii
qazla fasiləsiz təmin edilmişdir.
Ümumtəhsil
məktəblərinin tikintisinə və maddi-texniki
bazanın müasir tələblərə uyğun möhkəmləndirilməsinə
xüsusi diqqət yetirilmişdir. Dövlət Proqramına əsasən
və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
"Yeniləşən Azərbaycana-yeni məktəb"
devizi altında 3484 şagird yerlik 12 məktəb binası,
455 şagird yerlik 26 əlavə sinif otağı inşa
edilmişdir. 19 məktəb binası əsaslı təmir
olunmuşdur. Yeni Qızılca kəndində 360 şagird
yerlik yeni məktəb binasının tikintisi hazırda davam
etdirilir.
Ümumtəhsil
məktəblərində XI sinfin buraxılış
imtahanları mərkəzləşdirilmiş qaydada
keçirilmiş, imtahanda iştirak edən 669 şagirddən
502 nəfəri orta təhsil haqqında attestat
almışdır. 2009-cu ildə ali məktəblərə
iş verən 370 məzundan 116-sı, 2010-cu ildə isə
393 məzundan 124-ü qəbul olmuşdur. Onlardan 6 nəfəri
600-dən, 24 nəfəri 500-dən çox bal
toplamışdır.
Ötən
il Çaykənd kənd sahə xəstəxanası, Pənahlılar
tibb məntəqəsi təmir edilmişdir. İmtiyazlı xəstələrə
200 min manat dəyərində pulsuz dərman verilmişdir.
Hazırda fəaliyyət göstərən 23 tibb məntəqəsindən
15-nin təmirə ehtiyacı vardır, 5 tibb məntəqəsi
isə bina olmadığından şəxsi evlərdə
yerləşir.
Rayonda 48
kitabxana, 15 klub, 15 mədəniyyət evi fəaliyyət
göstərir. 2010-cu ildə Quşçu kənd mədəniyyət
evinin dam örtüyü və Mollacəlilli kənd
kitabxanası əsaslı təmir olunmuşdur.
Heydər
Əliyev mərkəzində təmir işləri
aparılmış, 20 nəfərdən ibarət tədqiqatçılar
qrupunun fəaliyyəti genişləndirilmişdir. Mərkəzdə
vaxtaşırı olaraq əhalinin müxtəlif təbəqələrinin
iştirakı ilə tədbirlər həyata
keçirilmişdir. Şagirdlərin ekskursiyaları təşkil
edilərək yetişməkdə olan gənc nəslə
Heydər Əliyev irsi geniş təbliğ olunmuşdur.
Rayon icra
hakimiyyətində 331, yerlərdə keçirilən səyyar
qəbullar zamanı 219 vətəndaş qəbul
edilmişdir. Səyyar qəbullarda kəndlərarası və
kənddaxili yolların, su, qaz, elektrik xətlərinin, səhiyyə
və mədəniyyət obyektlərinin təmiri, içməli
və suvarma suyuna olan tələbatın ödənilməsi,
rabitə sisteminin yaxşılaşdırılması, təmizlik-abadlıq
işlərinin aparılması məsələlərini əhatə
edən 179 təklif irəli sürülmüş, 170-nin
icrası təmin edilmişdir.
Sonda Arif
Seyidov bildirdi ki, göygöllülər əhalinin
rifahının yaxşılaşdırılması,
ictimai-siyasi fəallığının daha da yüksəldilməsi,
rayonun sosial-iqtisadi cəhətdən yüksək inkişaf
etmiş bir bölgəyə çevrilməsi istiqamətində
həyata keçirilən tədbirləri bu il daha da sürətləndirəcək,
Prezident İlham Əliyevin dövlət orqanları qarşısında
qoyduğu vəzifələri dəqiq və ardıcıl
yerinə yetirəcəklər. Toplantıda
çıxış edən idarə və müəssisə
rəhbərləri ayrı-ayrı sahələrdə
qazanılmış uğurları təhlil etdilər, regional
inkişaf proqramından irəli gələn yeni vəzifələr
üzərində dayandılar. Natiqlər Göygöl
rayonuna göstərilən yüksək qayğısına
görə Prezident İlham Əliyevə həmyerlilərinin
minnətdarlığını dönə-dönə səsləndirdilər.
Azərbaycan
Prezidenti Administrasiyasının məsul işçisi Rüfət
Əliyev yığıncaqda iştirak edirdi.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 6.