FORMASİYA
Artıq
bir neçə əsrdir ki, bəşər tarixi ibtidai icma,
quldarlıq, feodalizm və kapitalizm ictimai-iqtisadi
formasiyalarının cəmi kimi qəbul edilir. Kapitalizm yerinə
hansı ictimai-iqtisadi formasiyanın gələcəyi XIX əsrin
ortalarından bu günə qədər ciddi mübahisə
mövzusudur. Yəni, bu gün bəşəriyyətin
sabahı, ümumiyyətlə gələcəyi haqqında
dialektikanın qanunlarına əsaslanan heç bir fəlsəfi
konsepsiya mövcud deyildir. Sürətlə yaxınlaşan
ekoloji fəlakətin fonunda kompassız və sükansız gəmini
xatırladan bəşəriyyətin gələcəyinə
işıq sala biləcək elmi-nəzəri əsasların
yaradılması fəlsəfə və sosiologiya elmləri
qarşısında duran ən aktual məsələdir.
Formasiya
sözü ən azı iki yüz ildir ki, əsasən
"ictimai-iqtisadi formasiya" söz birləşməsi
şəklində fəlsəfə, sosiologiya, politologiya elmlərinin
leksikonunda geninə, boluna işlədilir. Bu söz birləşməsi
bəşər həyatının mərhələlərini
təşkil edən dövrlərə əlavə edilməklə
onları səciyyələndirir: İbtidai icma, quldarlıq,
feodalizm, kapitalizm-ictimai-iqtisadi formasiyalar. Əfsuslar olsun ki, bəşər
tarixinin ayrı-ayrı dövrlərini səciyyələndirmək
üçün onlara verilən bu terminlər heç bir
elmi, fəlsəfi, məntiqi araşdırma aparılmadan, əsassız
surətdə ortaya qoyulmuşdur. Nəticədə bəşər
tarixi elmlə əlaqəsi olmayan, qondarma bir şəkildə
ifadə edilmişdir; ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm
və X-izm. Şübhə yoxdur ki, elə ona görə də
kapitalizmi əvəz etməli olan X-izm iki əsrdən
artıqdır ki, öz yerinə gəlmir ki, gəlmir. XIX əsrin
ortalarında K.Marks və F.Engels X-izmi iki mərhələli
sosializm və kommunizm kimi əsaslandırmağa
çalışdılar. Onların tədqiqatlarının
dialektikanın qanunları ilə heç bir əlaqəsi
olmadığı üçün qondarma idi və ona görə
də iflasa uğradı. Bu iflas yüz ildən çox
çəkdi, üstəlik də bəşəriyyəti
iki düşmən cəbhəyə ayırdı. Kortəbii
də olsa öz təbii inkişaf yolu ilə irəli getməli
olan bəşəriyyət, onu xoşbəxt gələcəyə
aparan yoldan azdı və ekoloji fəlakətlə
üz-üzə duran bu günkü vəziyyətə gəlib
çıxdı.
Sağlam
məntiq deyir ki, əgər quldarlıq, feodalizm və kapitalizm
doğrudan da ictimai formasiyalar olsa idi, onda, kapitalizmin yerinə
gəlməli olan X-izm ictimai formasiyası nəinki bu gün,
hətta iki əsr bundan əvvəl proqnozlaşdırıla
bilərdi. Belə çıxır ki, quldarlıq, feodalizm və
kapitalizm ictimai formasiya deyildir və ona görə də
kapitalizmi əvəz edəcək ictimai formasiya gəlmir, nə
də onu proqnozlaşdırmaq mümkün olmur. Əgər
quldarlığın ictimai formasiya olmadığını
sübut edə bilsək, feodalizm və kapitalizmin də
formasiya olmadığı aydın olar.
Kainatda
olan bütün hadisə və proseslər kimi insan cəmiyyətinin
də dialektikanın üç qanununa tabe olan ibtidaidən
aliyə təkamül yolu keçməli olduğu heç
bir şübhə doğura bilməz. Quldarlığın
ictimai formasiya olduğunu sübut etmək istəyən hər
bir kəs, hər şeydən əvvəl, ibtidai icma
dövründə ibtidai icmanı və quldarlığı təmsil
edən qüvvələrin varlığını, onların
vəhdətdə və mübarizədə olduğunu
aşkarlamalıdır. Sonra, o, bu mübarizədə
quldarlığın üstünlüyünü ortaya
çıxaran kəmiyyət dəyişkənliyinin keyfiyyət
dəyişkənliyinə gətirdiyini, beləliklə də
inkarı-inkar yolu ilə quldarlıq ictimai formasiyasının
ibtidai icma formasiyasını inkar etdiyini sübut etməlidir
ki, quldarlıq ictimai formasiya kimi qəbul edilə bilsin.
Lakin bu
günə qədər heç bir filosof tərəfindən
belə bir tədqiqat aparılmamışdır. Əvvəla,
ibtidai icma quruluşunun daxilində, xüsusən onun
sonlarında, belə bir vəziyyət olsa idi o mütləq
filosofların diqqətini cəlb edərdi. İkinci tərəfdən
deyilən proseslər ibtidai icmanın daxilində baş versə
idi o mütləq ibtidai icmanın daxilində daha ali, daha həyati,
daha uzun ömürlü bir ictimai formasiyanı yetişdirərdi.
Məlumdur ki, quldarlıq adlandırılan dövr bu
üstünlüklərin heç birinə malik deyildi və
buna görə də ictimai formasiya adlandırıla bilməz
(P.A.Qurbanov. "İcma", "Xalq qəzeti", № 212
(25977), 21 sentyabr 2008-ci il).
Bu məsələyə
başqa bir cəhətdən də aydınlıq gətirmək
mümkündür. Məsələ burasındadır ki,
quldarlıq dövrünü ictimai formasiya adlandırmağa
imkan verən əsaslı bir dəyişiklik baş verməmişdi.
Hər hansı qəbilədə, təzə-təzə
formalaşmağa başlayan ölkədə, dövlətdə
əhalinin çox az bir hissəsi quldara və qula
çevrilmişdi. Əhalinin əsas hissəsi, ovçular, əkinçilər,
maldarlar, sənətkarlar əvvəlki kimi öz işlərində
idilər və icma öz əvvəlki mövcudluq tərzini
davam etdirirdi. Bu mənzərə feodalizm və kapitalizm
dövrlərində də dəyişməz olaraq qaldı.
İbtidai icmanın sonlarından bu günə qədər
keçən, yəni quldarlıq, feodalizm və kapitalizm
dövrlərini əhatə edən, ən çoxu iyirmi min
ilə bərabər olan bu dövr bəşəriyyətin hər
tərəfli tərəqqi etməsi ilə diqqəti cəlb
edir.
Qeyd etmək
lazımdır ki, insan bir bioloji varlıq kimi öz
xromosomlarının diktəsi və imkanları daxilində
mövcudluq tapır. Belə ki, o, öz xromosomlarının ən
qiymətli xassəsinin diktəsi ilə yalnız icmada
yaşaya bilər. İcmaya, qəbiləyə daxil olan
insanlar öz DNK tərkibinə görə bir-birindən fərqləndiyi
üçün icmada öz DNK təbiətinə uyğun fəaliyyətə
meyl edir və təbii olaraq əmək bölgüsü
yaranır. Bu da öz növbəsində icma həyatının
harmonik inkişafını təmin edir. Bu qayda icma həyatında
həmişə mövcud olmuşdur və bu gün də
saxlanır.
Yuxarıda
qeyd etdiyimiz kimi, insan cəmiyyətində hökmran olan
ibtidaidən aliyə təkamül yolu dialektikanın
qanunlarına rəğmən baş verir. Yuxarıda qeyd
etdiyimiz, xüsusən son iyirmi min il ərzində baş verən
tərəqqi icma daxilində əvvəldən mövcud olan
və getdikcə güclənən əksliklərin vəhdəti
və mübarizəsi nəticəsində meydana
çıxa bilərdi. Bizə yalnız o əksliklərin təbiətini
təyin etmək qalır. Biz onu təyin edə bilsək bu
mübarizənin nə ilə nəticələnəcəyini
də aydınlaşdıra bilərik.
Məlumdur
ki, insan başqa canlılar, xüsusən məməlilər
arasında öz baş beyninin çəkisinin ümumi bədən
çəkisinə nisbətinə görə yüksək
olmasına, yəni şüur imkanına görə liderdir.
Buna baxmayaraq o öz ömrünün əksər hissəsini
yarım-vəhşi halda, əsasən instinktiv olaraq
yaşamışdır. Yalnız ən çoxu son iyirmi min
il ərzində onun şüuru sürətlə inkişaf
etmiş, həyatına hakim kəsilmiş və instinkti əsaslı
surətdə sıxışdırmışdır. Bu o deməkdir
ki, insan icması daxilində, onun lap əvvəlindən vəhdətdə
və mübarizədə olan instinktlə şüurdur
(P.A.Qurbanov. "Şüur", "Ekspress" qəzeti, №
179 (2829), 3-5 oktyabr 2009-cu il). Bəşəriyyət öz
tarixinin ən azı iki milyon ilini instinktin şüurdan
üstünlüyü şəraitində, "insan
insanın dostudur" prinsipi üzrə, instinktin qoruduğu ədalət
şəraitində yaşamışdır. Belə demək
olar ki, bu insanın xromosom təbiətindən gələn
ikinci qiymətli xassəsidir.
Son iyirmi
min illik bəşər tarixi şüurla instinktin mübarizəsinin
kəskinləşdiyi dövr kimi səciyyələndirilə
bilər. Milyon illər boyu instinktin qoruduğu "bizim"
prinsipi ilə şüurun ortaya gətirdiyi "mənim"
prinsipinin mübarizəsi bəşər həyatının
rəvanlığını pozmuşdur. Bu dövrü
keçid dövrü, qeyri müəyyənlik dövrü də
adlandırmaq olar (P.A.Qurbanov. "Keçid", "Xalq qəzeti",
№ 82 (26432), 18 aprel 2010-cu il).
Bizim
günlərdə şüurun mövqelərinin əhəmiyyətli
dərəcədə möhkəmləndirməsi, onun bəşər
həyatında həlledici rol oynaması mübahisəsizdir.
Bəşər həyatının ibtidai icma, yəni
qızıl dövrünün rəvanlığını
pozan şüur onu daha yüksək səviyyədə bərpa
etməyə məhkumdur. Bu o deməkdir ki, şüurun
mövqelərindəki kəmiyyət üstünlükləri
keyfiyyət dəyişkənliyi yaratmaq səviyyəsindədir
və inkarı-inkar üçün vaxt yetişmişdir.
Yaxın illərdə insan cəmiyyətinin instinktin idarə
etdiyi İbtidai İcma fazasını şüurun idarə
etdiyi Ali İcma fazası əvəz edəcəkdir. Əslində
Ali İcmanın sadə, ilkin formaları artıq
mövcuddur. Bu, Amerika Birləşmiş Ştatları və
Avropa Birliyinin timsalında özünü biruzə verir. O
qurumların hər ikisi kor-koranə yaransa da şüurla idarə
edildiyi üçün yalnız tərəqqi edə bilər.
Min illər boyu düşmənçilik edən 27 Avropa
dövlətinin bir qurumda uğurla birləşə bilməsi
bütün dünyanın vahid qurumda, Ali İcmada birləşməsini
mümkün və labüd edir. Bu proses kortəbii də olsa
başa çatasıdır. Lakin ekoloji fəlakətin bəşəriyyətin
qapısını döyməsi bəşəriyyəti məcbur
edir ki, Ali İcmanın qurulmasını şüurlu surətdə
sürətləndirsin.
Deyilənlərdən
belə çıxır ki, bəşər tarixi, ən
azı iki milyon il davam edən İbtidai İcma, ən
çoxu iyirmi min il davam edən keçid dövrü və əbədiyyətə
qədər davam edəcək Ali İcmanın cəmi kimi
başa düşülməlidir. Yəni, bəşəriyyət
öz ibtidai və ali fazalarına malik olan həyatının
birinci, İbtidai İcma fazasını başa vurur və Ali
İcma fazasını yaşamağa hazırlaşır.
Keçid dövrü hər iki faza ilə müqayisədə
o qədər kiçikdir ki, onu nəzərə almamaq olar.
Ali icma
fazasında cəmiyyət şüurla idarə ediləcəkdir.
O da öz növbəsində insanın xromosom təbiətinin
tələb etdiyi "insan insanın dostudur" prinsipinin daha
ali əsasda və daha yüksək səviyyədə həyata
keçməsinə şərait yaradacaqdır.
* * *
İnsanın
xromosom təbiətindən irəli gələn "alın
yazısı"nı belə səciyyələndirmək
olar:
-
İnsan icmada mövcud ola bilər.
-İnsan
yalnız "insan insanın dostudur" prinsipi ilə
yaşaya bilər.
-İcma
ibtidai və ali fazalara malik olmalıdır.
-
İbtidai İcmanın ömrü Ali İcma gələnə
qədər, Ali İcmanın ömrü əbədi ən
azı yerdə həyatın mümkünlüyü qədər
olacaqdır.
Yerdə
həyat, Yerin nüvəsi soyuyub donana qədər ən
azı bir milyard il çəkəsidir. Bəşəriyyət
yaxınlaşan ekoloji fəlakətdən yan keçə bilsə
yaxın gələcəkdə Yeri kosmik kataklizmlərdən
qorumaq imkanına malik olacaqdır. Ali İcma quran bəşəriyyət
mütləq demokratiya, ədalət və azadlığa
doğru yol alacaqdır; mütləq demokratiya, ədalət və
azadlığa isə çatmaq qeyri-mümkündür.
Onlara yalnız sonsuz yaxınlaşmaq olar. Ona görə də
Ali İcmanın ömrü əbədi hesab edilə bilər.
* * *
Onu da qeyd
edək ki, formasiya sözü, xüsusən "ictimai
formasiya" söz birləşməsi şəklində bəşər
həyatında heç bir ictimai formasiya olmadığı
üçün lüzumsuz yerə araya gəlmişdir və
ona görə də unudulmağa məhkumdur.
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 8.